Dövlət Bayrağı Meydanı ilə tanışlıq
naxçıvanlı məktəblilərdə zəngin təəssürat yaradıb
“Ölkəmizi tanıyaq” tur-aksiyasının Naxçıvan Muxtar Respublikasından Bakıya gələn iştirakçıları martın 17-də Dövlət Bayrağı Meydanı ilə tanış olublar.
Əvvəlcə tur-aksiya iştirakçılarına Prezident İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair verdiyi tapşırıqlar əsasında bu ərazidə həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Məlumat verilib ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif yerlərindən görünməsinə imkan yaradır. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib.
Qeyd olunub ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılıb. Burada inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Diqqətə çatdırılıb ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.
Tur-aksiya iştirakçıları Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olublar.
Bildirilib ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ali dövləti vəzifəyə seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Vurğulanıb ki, dünyada bu cür nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş edilir. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş olunur. Muzeydə multimedia qurğusu da vardır.
Tur-aksiya iştirakçıları Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılıblar.
Dövlət Bayrağı Meydanı ilə tanışlıqdan sonra naxçıvanlı şagirdlər bulvarda gəziblər.
Bakı məktəbliləri Naxçıvan şəhərində
ali təhsil və sənaye müəssisələri ilə tanış olublar
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları - Bakı məktəbliləri martın 17-də Naxçıvan Dövlət Universiteti və Naxçıvan şəhərində fəaliyyət göstərən sənaye müəssisələri ilə tanış olublar.
Naxçıvan Dövlət Universitetinin kampusu ilə tanışlıq zamanı ali təhsil ocağının tədris işləri üzrə prorektoru Surə Seyid şagirdlərə ali təhsil ocağı barədə ətraflı məlumat verib. Bildirilib ki, universitetin 108 hektarlıq ərazisində 16 tədris korpusu, elektron kitabxana, konservatoriya, sosial xidmət mərkəzi, universitet xəstəxanası, baytarlıq klinikası, olimpiya idman mərkəzi, 2 stadion, müasir tipli tələbə evi yerləşir.
Qeyd olunub ki, hazırda ali təhsil ocağında 12 fakültədə 57 ixtisas üzrə 6 min nəfərə yaxın tələbə təhsil alır. Bu gün dünyanın 12 ölkəsindən 350-dən çox xarici tələbə universitetdə təhsilini uğurla davam etdirir. Bu ali məktəb 80-dən çox tanınmış dünya universiteti ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi isə Azərbaycan ali məktəbləri üzrə ən irihəcmli layihədir. Ali təhsil ocağı Azərbaycanda elektron sənəd dövriyyəsinə və elektron idarəetmə sisteminə malik yeganə universitetdir.
Diqqətə çatdırılıb ki, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinin nəticələrinə əsasən, Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində birinci yer tutub. Universitet möhkəm milli əsaslara malik, dövlətçilik təmayüllü və dünyaya inteqrasiya etmiş müasir tipli ali təhsil ocağıdır. Dünya birliyində və ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan universitet daim yeniləşmək və inkişaf etmək istiqamətində tarixi yolunu davam etdirməkdədir.
Naxçıvan Avtomobil Zavodunda qonaqlara məlumat verilib ki, zavod 2010-cu ildən fəaliyyətdədir. Burada Almaniyadan, İtaliyadan və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Bu ilin sonunadək Naxçıvan Avtomobil Zavodunda əlavə 7 “NAZ-Lifan” modelinin istehsalına başlanması planlaşdırılır. Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Hazırda zavodda 10 modeldə “NAZ-Lifan” avtomobili istehsal olunur. Respublikada sifarişlərin artması nəzərə alınaraq, zavod model sırasını genişləndirir.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq “Badamlı” zavodundan başlayıb. Burada bildirilib ki, muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarıb, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılıb. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat verib. Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetr olan yeni istehsal müəssisəsi 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Vurğulanıb ki, zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət edilir. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. Bunun nəticəsidir ki, “Badamlı” mineral suyu beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. “Gəmiqaya Mineral Sular” MMC-də bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə uyğun qurulub. Bu baxımdan iqtisadi əlaqələr daha da genişləndirilib, cari ilin ötən dövründə istehsal edilən “Badamlı” mineral süfrə suyunun 27 faizi muxtar respublika ərazisində, 70 faizi Bakı şəhərində və müxtəlif regionlarda satışa çıxarılıb, 3 faizi isə Rusiya Federasiyasına ixrac olunub. Mineral suyun digər xarici ölkələrə ixracı istiqamətində işlər davam etdirilir.
Həmin gün “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya iştirakçıları Naxçıvan şəhərindən füsunkar təbiəti, tarixi abidələri ilə diqqət çəkən Ordubad rayonuna yola düşüblər.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.