“Xarici pasport almağın bu qədər asan və rahat olduğunu təsəvvür etmirdim...”

Bu sözləri indi vətəndaşların dilindən tez-tez eşitmək olur

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkə vətəndaşlarının ən müxtəlif səbəblər üzündən xarici ölkələrə qısa və uzun müddətə səyahət etməsi prosesi günbəgün, aybaay sürətlənir. Lakin hər bir vətəndaş – bir yaşlı körpədən tutmuş ahıl insana qədər xaricə yalnız müstəqil Azərbaycanın vətəndaşı olduğunu hüquqi cəhətdən təsdiq edən əsas sənəd – pasportla gedə bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırda ölkəmizdə vətəndaşların fərdiləşdirmə və eyniləşdirməsini müəyyən edən yeni, yüksək keyfiyyətli biometrik pasportların ən qısa müddət ərzində hazırlanaq verilməsi kütləvi şəkildə təmin olunur. 2013-cü ilin sentyabr ayından başlayaraq Azərbaycanda  heç bir yaş məhdudiyyəti olmadan İCAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatının) standartlarına uyğun olaraq pasportların verilməsi həyata keçirilir.

Bu mühüm və məsuliyyətli vəzifəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (BPQMİ) kollektivi yerinə yetirir. Qeyd edək ki, bu işgüzar kollektiv öhdəsinə düşən mühüm vəzifəyə dərin məsuliyyət hissi ilə yanaşaraq, çağdaş dövrdə dünyanın qabaqcıl təcrübəsini dərindən öyrənmiş, yüksək peşəkar kadrların hazırlanmasına, müvafiq texniki avadanlıqların alınaraq gətirilməsinə nail olmuşdur. Məhz geniş və hərtərəfli hazırlıq işlərindən sonra Azərbaycanda biometrik  pasportların hazırlanması və verilməsi işinə başlanılmışdır. 

Bir neçə il bundan əvvələ qədər BPQMİ tərəfindən xarici pasportlar yalnız paytaxtda verilirdi və çoxlarının yadındadır ki, o zaman olduqca böyük növbələr yaranırdı. İndi Bakıda və əlavə doqquz  regional mərkəzdə belə pasportların verilməsi ən yüksək səviyyədə təşkil olunub. Uğurlar, təbii ki, bu, dövlətimizin başçısının tələb etdiyi kimi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, ən müasir texnoloji avadanlıqlardan geniş və səmərəli istifadə olunması, yüksək peşəkar kadrların hazırlanması və onların hər birinin tapşırılan işə məsuliyyət hissi ilə yanaşmasının təmin edilməsi hesabına mümkün olub.

Fakt budur ki, son illər vətəndaşlar çox sadə  və asan şəkildə xarici pasportlarla təmin olunurlar. Necə deyərlər, keyfiyyət dəyişiklikləri göz qabağındadır. Bu mühüm sahədə çalışan insanların fəaliyyətini işıqlandırmaq, onları ölkə ictimaiyyətinə təqdim etmək məqsədilə BPQMİ-nin redaksiyamızdan çox da uzaqda olmayan, Rəşid Behbudov küçəsindəki ofisinə gəldik.

BPQMİ-nin rəisi, polis general-mayoru Ərziman Əliyev bizi səmimi qəbul etdi və idarənin həm özündə, həm də regional mərkəzlərində ictimaiyyəti məlumatlandırmaq, bu sahədə şəffaflığı təmin etmək üçün KİV-lə hər zaman əməkdaşlıq etməyə hazır olduqlarını bildirir. Eyni zamanda, məsləhət görür ki, yazıda kollektivin sadə, sıravi işçilərinin, xüsusilə də qadın polis əməkdaşlarının fəaliyyətini işıqlandırmağa çalışaq.

BPQMİ sistemində işləyənlər öz peşələrinə  ürəkdən bağlı olan və vəzifələrini dərin məsuliyyət hissi ilə yerinə yetirməyə çalışan qadınlardır. İdarədə hər şeyin saat mexanizmi kimi dəqiq işlədiyi aşkar hiss olunurdu. Bir neçə dəqiqədən sonra Pasport İdarəsi rəisinin müavini, polis polkovnik-leytenantı Nərgiz Məhərrəmova ilə birlikdə vətəndaşların qəbul otağına yollanırıq.

Novruz bayramı ərəfəsi idi. Küçədə adamın üz-başına  çırpılan soyuq küləyin ardınca idarənin olduqca təmiz və səliqəli dəhlizlərində yerimək həqiqətən xoş idi. Buradakı masa və pəncərələrdəki iri nimçələrdə səliqə ilə qırmızı lentlərlə haşiylənmiş səmənilər düzülmüşdü. Həm əməkdaşların, həm də pasport almağa gələn vətəndaşların çöhrələrindən bayram əhvali-ruhiyyəsi  hiss olunurdu.  

Nərgiz Məhərrəmova iş yoldaşları ilə çox səmimi görüşür, ayaqüstü də olsa, onların bayramlarını təbrik edir. Təbii ki, biz də bu təbriklərə qoşuluruq. Macal tapan kimi, Nərgiz xanımdan, qısa da olsa, özü barədə danışmasını xahiş edirik. Deyir ki, polisdə işləmək onun uşaqlıq arzusu olub. 1997-ci ildən DİN sistemində çalışır. Əvvəllər İstintaq İdarəsində katibliyin rəisi olub. 2008-ci ildən isə BPQMİ-də Pasport İdarəsində  çalışır: “Burada sırf vətəndaşlarla işləyirəm. Dövlətimə, vətəndaşlara  xidmət etməkdən böyük şərəf duyuram”, deyir. 

Həmsöhbətimiz bizi vətəndaşların qəbulu otağında işin təşkili ilə tanış edir. Həmin gün xarici pasport almaq üçün gələnlərin sayı o qədər də çox deyildi. Yəni vətəndaşların otağa daxil olaraq bir-bir şəxsiyyət vəsiqələrini monitora yaxınlaşdırıb növbə tutmalarına ehtiyac yox idi. Onlar, sadəcə, müvafiq dövlət rüsumunu ödəyib geniş zalda əyləşən inspektorlardan birinə yaxınlaşır və aidiyyəti sənədlərini təqdim edirdilər. Yeri gəlmişkən, vətəndaşlar  rüsumu onlayn, kart, bankomat yolu ilə də ödəyə bilərlər.

Bu dəfə biz də burada çalışan inspektorlardan birinə – polis mayoruna yaxınlaşırıq. Bu, baş inspektor Jalə İsmayılovadır. Gördüyü işlər barədə məlumat verir. İzah edir ki, vətəndaşın aidiyyəti sənədlərini – yaşa uyğun olaraq şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməni yoxladıqdan sonra onların surətini çıxarır və bu informasiyaları xüsusi məlumat bazasına ötürür. Mövcud qanunvericiliyə görə, 18-35 yaşarası kişilər həqiqi hərbi xidmət keçmələrini təsdiq edən sənədi – hərbi bileti və ya hansısa səbəblər üzündən hərbi mükəlləfiyyətdən azad olunmaları barədə müvafiq sənədi də təqdim etməlidirlər.

İnspektorlar sənədləri yoxlayıb məlumat bazasına yerləşdirdikdən sonra elə oradaca vətəndaşın  fotosu çəkilir və onun barmaq izləri götürülür. Bu proses cəmi bir neçə dəqiqə çəkir. Jalə İsmayılova növbəti vətəndaşı qəbul edib, onun və yaxın qohumlarından birinin əlaqə telefonunu öyrənərək, ödədiyi rüsuma uyğun pasportun ardınca gələcəyi günü nəzərinə çatdırır.

O gün vətəndaş Ramil Quliyev həyat yoldaşı Nigar xanım və üç yaşlı qızı Ayanla xarici pasport almaq üçün qəbula gəlmişdi. Çox razı halda getməyə hazırlaşırdılar. Bu mehriban ailə ilə də görüşüb söhbət edirik.  Məlum olur ki, Nigar xanım bu il  Bakıda Tibb Universitetini əla qiymətlərlə bitirdikdən sonra imtahan yolu ilə İstanbul Universitetinin tibb fakültəsinin rezidenturasına qəbul olunub. Bu günlərdə isə bir müddət ailəvi ora yola düşəcəklər.

Ramil və həyat yoldaşı burada bu gün, həqiqətən, onlara yüksək səviyyədə xidmət göstərildiyini vurğulayırlar. Söhbət əsnasında onu da öyrənirəm ki, Ramil Qahirə Universitetinin məzunudur, Misirdə Şərq hüququnun əsaslarını mükəmməl öyrənib. İşi ilə bağlı olaraq tez-tez xarici ölkələrdə olur. O, dərin məmnunluq hissi ilə bildirir ki, xarici ölkələrin sərhəd xidmətlərinin əməkdaşlarına öz  pasportunu təqdim edərkən dəfələrlə əcnəbi gömrük xidməti işçilərindən Azərbaycanda biometrik pasportların ən yüksək beynəlxalq standartlara uyğun hazırlandığı barədə xoş rəylər eşidib.

Qeyd edək ki, Bakı Regional Mərkəzi (Baş İdarə regional mərkəz rolunu oynayır) ilə yanaşı, ölkəmizin doqquz bölgəsində o cümlədən, Naxçıvan, Gəncə, Bərdə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Quba və Şamaxı şəhərlərində regional mərkəzlər fəaliyyət göstərir. BPQMİ regional mərkəzləri şənbə və bazar günləri, hətta bayram günlərində belə işləyirlər. 

Regional mərkəzlərdə vətəndaşların tam rahatlığını təmin etmək məqsədilə səyyar xidmətlər təşkil olunur. Belə ki, Qazaxda yaşayan sakinin 120 kilometr yol qət edərək Gəncə Regional Mərkəzinə gəlməsinə ehtiyac qalmır. Səyyar xidmətin əməkdaşları faktiki olaraq hər gün pasportların hazırlanaraq verilməsini təmin edirlər.

Qeyd edək ki, Azərbaycan vətəndaşının xarici pasportu dövlət əmlakı sayılır və onun istifadə müddəti başa çatdıqdan sonra dövlətə qaytarılmalıdır. Hər bir vətəndaş öz pasportunu təmiz və bütöv saxlamağa borcludur.Yeri gəlmişkən, pasportu itirənlər və qəsdən korlayanlar inzibati qaydada cərimə olunurlar. Lakin belə xoşagəlməz hallara çox nadir hallarda təsadüf edilir. 

Bizə idarədə məlumat verirlər ki, fərdiləşmə, çap olunma, eyniləşdirmə, yəni verifikasiya işləri də Baş İdarə və regional mərkəzlərdə yerləşdirilib. İdarənin əməkdaşları, eyni zamanda, “ASAN-xidmət” mərkəzlərinə ezam olunurlar. Orada vətəndaşlardan müvafiq sənədləri qəbul edir, zəruri informasiyalar məlumat bazasına ötürülür, burada yoxlanılır, eyniləşdirilib, çap olunaraq “ASAN-xidmət”ə çatdırırlar.

 BPQMİ rəhbərliyi ictimaiyyət ilə əlaqələrini daim genişləndirməyə çalışır. İdarənin “Facebook” səhifəsi və saytında vətəndaşlar onları maraqlandıran bütün suallara cavab tapa bilərlər. Hətta, sadə, çox primitiv təsir bağışlayan sual və müraciətlər, belə bir qayda olaraq, cavablandırılır.

...Bəli, BPQMİ-də, sözün həqiqi mənasında yüksək peşəkarlar çalışırlar. Onlar öz işlərini sevir və bunu məsuliyyətlə yerinə yetirməkdən  zövq alırlar.

İdarədən çıxarkən üç övlad anası polis polkovnik-leytenantı Nərgiz Məhərrəmovanın qürurla dediyi: “Mən bir polis zabiti olaraq, çiyinlərimdə dövlətimin atributlarını gəzdirdiyim üçün qürur duyuram”,  – sözləri bir daha yadıma düşür.

Nərgiz xanım həm də deyir ki, evinin kandarına qədəm basanda o, xanım kimi ailə qayğıları ilə məşğul olur. Bu günlərdə isə hər bir ananın ən əsas arzusu gözəl bayram süfrəsi açmaqdır. Nərgiz xanıma, bu mehriban kollektivin bütün üzvlərinə səslənərək deyirik: Novruz bayramınız mübarək!

Məsaim ABDULLAYEV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında