Horadiz şəhərində Novruz tonqalı

Cəhbə xəttində yerləşməsinə, atəşkəs rejiminin, demək olar ki, hər gün pozulmasına, atışma və hücumlara baxmayaraq, füzulililər bolluq, bərəkət, yenilik və gözəllik bayramı olan Novruzu böyük coşğu, öyünc və fərəh hissi ilə, sabaha dərin inam və ümidlərlə qarşılayırlar.

Güc- qüvvət və yeniləşmə bayramı cəhbə xəttinə yaxın olan yaşayış məntəqələrində daha böyük təntənə ilə qeyd edilir. Bu, heç də təsadüfü deyil. Məkrli və namərd erməni kəmfürsətliyi burda da özünü göstərir. Onlar hər dəfə Novruz bayramı günlərində atəşkəs rejiminin tələblərini daha intensiv pozur, atışma saatlarla davam edir. Düşmən xalqımızın ən əziz bayramını dinc keçirməsinə imkan vermək istəmir, insanlığa zidd xislətini daha qabarıq sərgiləyir.

Ancaq bütün bunlar qəhraman füzulililərin bayram əhval- ruhiyyəsini poza bilmir. Bu il də belə oldu. Ən böyük bayram təntənəsi isə Horadiz şəhərinin mərkəzi meydanında keçrildi. Tədbirdə yüzlərlə rayon sakini – ağsaqallar, ziyalılar, gənclər, o cümlədən hərbi hissələrin əsgər və zabitləri iştirak edirdilər.

“Novruz gəlir, yaz gəlir” adlı şənliyi giriş sözü ilə açan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev toplaşanları və rayon əhalisini bayram münasibətilə səmimi təbrik etdi, hamıya xoşbəxtlik və uğur arzuladı. Rayon rəhbəri Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində öz simasını tanınmaz dərəcədə dəyişmiş Horadiz şəhərində, digər yaşayış məntəqələrində son illər həyata keçirilən əsaslı bərpa-quruculuq layihələrindən, birgə səylərlə əldə edilmiş uğurlardan danışmışdır.

Milli Məclisin sədr müavini Bahar Muradova həmyerlilərini Novruzun gəlişi ilə bağlı salamlamış, onlara möhkəm cansağlığı və səadət diləmişdir. Vitse-spiker bildirmişdir ki, ölkə rəhbərinin apardığı qətiyyətli və uzaqgörən daxili və xarici siyasət nəticəsində yaxın vaxtlarda məcburi köçkünlərin didərginliyinə son qoyulacaq, Novruz tonqalları Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə və işğal altında olan digər rayonlarımızda da yandırılacaqdır.

Bahar rəmzləri ilə bəzədilmiş meydanda qızlar- gəlinlər bir tərəfdə nehrə çalxalayır, yun darayır, bir tərəfdə cəhrə əyirir, bir tərəfdə isə qovurqa qovurur, şəkərbura, paxlava, kətə bişirirdilər. Kosa ilə Keçəlin gəlişi  bayrama özgə ovqat və şirinlik gətirdi. Pəhləvanların, kəndirbazların çıxışı da böyük maraqla qarşılandı, iştirakçıları dədə-babalarımızın zamanında olduğu kimi ürəkdən əyləndirdi. Rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri şənlikdə rəngarəng proqramlarla çıxış etdilər.

Bayram tədbiri davam etdikcə doğma Azərbaycanımıza, yurdsevər xalqımıza, bərəkətli torpağımıza, igid döyüşçülərimizə, yaxınlaşan qələbəmizə həsr olunmuş mahnıların gür sədaları dalğa-dalğa ətrafa yayılır, sanki, ildən- ilə artan uğurları, tükənməyən nikbinliyi ilə düşmənə gözdağı olan Füzulinin bugünkü xoş güzəranını, od- ocağına möhkəm bağlı olan adamların sabaha yönəlik sonsuz arzu və ümidlərini çatdırırdı....

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında