Doğma torpaqlarımıza qalib əsgər nidaları ilə qayıdacağıq

Hər ağacın öz kökü olduğu kimi, hər insanın da öz Vətəni – doğma yurdu var. Kimi öz Vətənindən didərgin, kimi isə xoşbəxtdir. Bəşəriyyət xəlq olunandan bu günə kimi müharibələr bitməmiş, hələ də davam etməkdədir. Vətənindən ayrı düşən yaşlı nəsillər hələ də bir gün Vətənə dönmək ümidi ilə yaşamaqdadırlar. Vətən ana qədər əziz, ana qədər doğmadır. Doğulduğu torpaqdan ayrı düşənləri Vətən həsrəti  için-için göynədir. Bir gün doğma yurda qayıtmaq ümidi ilə yaşayır insan, dünyasını dəyişəndə də yurd, Vətən sevgisini ürəyində özü ilə aparır...

Mənim vətənim qədim oğuz yurdu İrəvan şəhəridir. Tarixi sənədlərdə öz təsdiqini tapmış bəlli bir həqiqətdir ki, ata- babalarımız Azərbaycanın qərb bölgəsində – indi Ermənistan adlandırılan ərazidə məskunlaşmış min illər boyu bu ərazinin sakinləri və əsl sahibləri olmuşlar. İrəvan xanlığının adına gəldikdə isə belə bir fakt da var ki, Azərbaycan Səfəvi dövlətinin qurucusu, böyük fateh Şah İsmayıl Xətainin Rəvanqulu xan adlı çox güvəndiyi sərkərdələrdən biri olmuşdur. O indiki İrəvan şəhərinin qədim hissəsinin yerləşdiyi yerdə müdafiə qalası tikir və onu Səfəvi dövlətinin alınmaz istehkamlarından birinə çevirir. Sonra Rəvanqulu xanın adı ilə adlandırılan bu istehkam Rəvanqala adlanır. Daha sonrakı illərdə isə xalqın ləhcəsinə uyğunlaşaraq İrəvan şəklini alır.

Nadir şahın ölümündən sonra Azərbaycanda xanlıqlar dövrü başlayır və bu kiçik şəhər – dövlətlərin arasında  ən qüdrətlilərindən biri də məhz İrəvan xanlığı olur. XIX əsrin əvvəlindən Azərbaycanın çar Rusiyası tərəfindən işğalı başlanır. Xanlıqlarımız—Gəncə, Şamaxı, Şəki, Qarabağ, Lənkəran, Quba, Bakı bir-birinin ardınca  çar qoşunları tərəfindən işğal olunur. Ən gec təslim olan xanlıqlardan biri İrəvan xanlığı olur. Hətta qalaya həmlə edən işğalçı qoşunlar dəfələrlə məğlubiyyətə uğrayırlar. Nəhayət, qala mühafizəçilərinin qüvvəsi tükənir. Qeyri-bərabər döyüşdə İrəvan xanlığı işğal olunur. İşğal nəticəsində şəhərin azərbaycanlı əhalisi ciddi təzyiqlərə, işgəncələrə məruz qalır.

Ermənilərin çar hökuməti tərəfindən dəstəklənməsi və 1829-cu ildə Türkiyədən və İrandan yüz mindən çox erməninin İrəvana köçürülməsi əhalinin tərkibini xeyli dəyişdi. Getdikcə azərbaycanlılar ermənilərlə müqayisədə azlığa çevrildilər. Şəhərin tarixi abidələrinin çoxu ermənilər tərəfindən dağıdıldı. Çar Rusiyası bu bölgədə “erməni vilayəti” yaratdı. Daha sonra elə bir vəziyyət yarandı ki, Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı ermənilərə güzəştə getməyə məcbur oldu. Lakin tarix unudulmur. Gənc nəsil olaraq İrəvanımızı görməsək də, ailədə, məktəblərdə aldığımız təhsil, tərbiyə bizim torpaqların həmişəlik əlimizdən getməməsinə dair ürəyimizdə bir ümid hissi oyadır. Bu barədə möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev də dəfələrlə çıxışlarında bildirmişdir.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışarkən hər zaman itirilmiş Zəngəzur, Göyçə, Dərələyəz və İrəvan torpaqlarına xüsusi olaraq toxunur. Bu torpaqla genetik bağlılığı olan hər kəs inanır ki, İrəvan Göyçə, Zəngəzur və digər torpaqlarımız bir gün mütləq özümüzün olacaq və biz hökmən həmin torpaqlarımıza, doğma yurd-yuvalarımıza qayıdacağıq. Bütün bu itkilər çar hökumətinin məkrli siyasəti nəticəsində baş tutdu. Azərbaycanı işğal edəndən sonra çar hökuməti bu ölkənin Qərb bölgəsində – indiki Ermənistanda  gəlmə erməniləri yerləşdirdi. Bu proses ötən əsrin 80-ci illərinin sonlarınadək davam etdirildi. Son köçürülmə zamanı mən də Vətənimdən didərgin düşmüşəm. Mərhələ- mərhələ öz etnik tarixi torpaqlarımızdan silah gücünə çıxarılmış soydaşlarımız bu gün də Vətənə qayıtmaq ümidi ilə yaşayırlar. Mən Vətənimin daşını torpağını görməmişəm. Ancaq gözümü açandan böyüklərimizdən Vətənimin gözəllikləri – dilbər guşələri, buz bulaqları, başı qarlı dağları, səfalı yaylaqları haqqında çox eşitmişəm. Suyunu içməsəm də, dağında meşələrində, gözəl guşələrində gəzməsəm də öz ata yurdumu sevirəm. Təbii ki, bu həsrət, niskil və sevgi bütövlükdə Azərbaycana aiddir. Çünki, bu ağrı-acını, param-parça olmuş böyük torpaq dərdini tək irəvanlılar deyil bütün azərbaycanlılar yaşamaqdadır. Çünki, Azərbaycan torpaqlarının bir qismi işğal olunmuşdur.

Vətən tarix salnaməmizdə qan yaddaşımızda xüsusi yer tutur. Tarixdə qalan silinməyən izlərimizdir.  Bu gün bütün qərbi azərbaycanlılar, bütün qarabağlılar vətənlərindən ayrı düşmüşlər. Azərbaycanın hər yeri, hər bölgəsi  bizim üçün əzizdir, lakin insan düşünəndə ki, bütün keçmişin, ata-babaların məzarları istəkli şairimiz Sücaət demiş “o dağların o üzündə qalıbdır”, – bax onda insan tən yarısını itirdiyini dərk edir. Bu hiss onu titrədir, göynədir.  Vətən yaman qəribsəyib, Vətən çağırır bizi. Mən də istəyərdim ki, orada yaşayıb-yaradım. Qan ağlamasın körpələr, fəryad edib imdad diləməsinlər, vəhşi düşmənlərin işgəncəsilə günahsız qanlar tökülməsin...Vətənimin agacları da, çiçəkləri də quruyub, torpağım düşmən tapdağı altında cadar-cadar olub... Başı qarlı dağlar hələ də günahsız insanların ah naləsilə silkələnir, paralanır sanki. İllər keçsə də, buz bulaqlardan Vətən uğrunda zülmə, ağlasığmaz işgəncələrə məruz qalan insanların göz yaşları axır... Ağaclar qan ağlayır, yaşıl örtüklü təbiət qış-yay demədən qaranlığa zülmətə bürünür. Sanki öz qədim sakinlərini tələb edir. Onların gəlişini gözləyir, yollara dikilib gözləri . Yox Vətən, biz səni unuda bilmərik. Səndən ayrı olsaq da səni unutmayacağıq, unutdurmayacağıq gələcək nəsillərə. Bu gün dünyaya gələn uşaqların əksəriyyəti baba-nənələrinin göz açıb böyüdüyü doğma yurdun suyunu, havasını, gözəlliklərini görməkdən məhrumdur. Bir gün böyüyüb Vətən uğrunda canlarından da keçməyə hazır olacaqları gün gələcək. Kiçik dünyalarının tarixinə boylananda qan yaddaşlarını, öz şanlı babalarını görəcəklər. Bir gün mütləq biz o torpaqlara qalib əsgər nidaları ilə qayıdacağıq. O gün uzaqda deyil!

Fatimə MÖVSÜM


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında