Yurdumuzun hər dərəsini, hər uçurumunu, zirvəsini təbiət elə yaratmışdır ki, sanki, Laçın dağları insanlar üçün möhtəşəm qala idi. Vətən torpağının hər daşı qəhrəmanlıq tariximizin bir sirrini özündə yaşadır. Xalqın qazandığı qələbələr də, dücar olduğu fəlakətlər də bir çox yurd yerlərində, adlarında əbədiləşmiş və canlı tarixə çevrilmişdir.
İyirmi dörd ildir ki, bir gözümüz ağlayır, bir gözümüz yol çəkir, el-oba həsrətli laçınlıların gözləri yollara dikili qalıbdır. Hər bir azərbaycanlının borcudur ki, heç olmasa, Vətəndən gətirdikləri adət-ənənələrini qoruyub saxlasın, gənc nəsillərə çatdıra bilsin. Adət-ənənələri yaşatmaqla yurdumuzun ruhunu yaşadırıq.
Bir ilin dörd fəsli vardır, hər bir fəslin özünə görə, öz xüsusiyyətləri olduğu kimi, bir-birindən fərqlənir. Gərək, fəsilləri – yazı, yayı, payızı və qışı yaşayasan və ona şahid olasan ki, bir il tamam olsun, Qış olmasa, yaz olmaz; yaz olmasa, yay olmaz; yay da olmasa, payız olmaz deyiblər.
Qış fəsli tən yarı olanda, fevral ayının 5-7-nə təsadüf edən həmin günü əlamətdar gün kimi qeyd etməklə Xıdır Nəbi bayramını keçirirdilər. Bu bayrama ona görə çox sevinirdilər ki, qış yarı olmuşdur. Xıdır Nəbi bayramında su dəyirmanında üyüdülmüş buğda unundan qoca nənələr xəşil bişirərdilər. Ocağın üstünə mis qazan qoyardılar. Su qaynara düşəndən sonra ailədə nəfər sayına görə un əlavə olunardı. Qazanı oxlovla qarışdırmağa cavanlar növbə ilə köməyə gələrdilər.Yeməkdən unun iyi gəlməyənə qədər, yəni, bişənə kimi qarışdırardılar, hazlır olanda xəşili mis sinilərə, dövrələrə çəkər, ortasını cala edərək, oraya ərimiş nehrə yağı, bəhməz tökərdilər, yeməklə doymaq olmazdı. Xəşil qış fəslində tez-tez bişirilən yeməklərdən biridir. O, adamları sərt soyuqlu havada, şaxtalı, qarlı havada dözümlü edər, müalicə əhəmiyyətli, güclü yemək hesab olunur.
Xıdır Nəbi bayramı üç gün davam edirdi. Həmin günlər el arasında qodu-qodu oyunu da təşkil olunardı, bu barədə deyimlər də olmuşdur. Kənd yerlərində Xıdır Nəbi bayramında “qodu-qodu” gəzdirmək bir adət – ənənə idi. Bunu üçün səriştəli, hörmətli, hazırcavab, bəməzə adamlar seçilərdi. Qodu adama bənzər müqəvva formasında düzəldilər və bəzədilərdi. Havaların isti keçməsi üçün qodu-qodu qapı-qapı, ev-ev gəzdirilər, pay, nəzir-niyaz yığılardı. Toplanan nəzir-niyazı kənddə-obada ən kasıb yaşayan, imkansız ailələrə pay verərdilər.
Qırx gün böyük çillə, iyirmi gün kiçik çillə günləri tamam olandan sonra otuz günlük boz ay başlayır. Boz ay bozara-bozara, günlərini saymağa başlayır, bir gündə beş təbə düşür.
Hər həftənin çərşənbə axşamı günləri düzülməyə başlayır. Birinci çərşənbə – Su çərşənbəsidir. Fevral ayının son həftəsinə təsadüf edir, çayların, bulaqların buz bağlayan yerləri əriməyə, havalar get-gedə isinməyə başlayır. Təzə gəlinlər, nişanlı qızlar bulaq başına su gətirməyə gedərdilər. Durna qatarı kimi düzülən qızları gözaltı edənlər də olardı. Oğlanlar tamaşaya, sevgi “ovuna” çıxardılar...
İkinci – Od çərşənbəsidir. Artıq baharın qoxusu hiss olunmağa başlayır. Günəş yavaş-yavaş ətrafı, torpağı isitməkdədir. Od çərşənbəsi günü hər bir ailədə toy, bayram kimi qeyd olunardı. Hər bir ailə üzvünün adına, şam yandırılar, axşam süfrə açılar, xonça bəzədilərdi.
Üçüncü – Yel çərşənbəsidir. Təbiət oyanmağa başlayır. Torpaq isindiyindən bitkilər cücərməkdədir. Yazda ilk cücərən xıncılovuz bitkisi yığılar, kətə bişirilərdi. Novruzgülü çiçəyi ilk dəfə acardı. Nişanlı oğlanlar Novruzgülünü sevgilisinə hədiyyə edərdilər. Ağaclar tumurcuqlayardı. İlk çiçək açan zoğal ağacı idi.
Dördüncü çərşənbə – Torpaq çərşənbəsidir. Ana təbiətin oyanmasını görən əkinçilər cütü, kotanı əkin sahəsinin kənarına sürərdilər. İlk yaz əkinini gecikdirənlər heyfslənərdilər ki, bu il məhsuldarlıq az ola bilər. Ona görə də yaz əkinini gecikdirmək olmazdı. Nənələr buğda isladıb, səməni qoyardılar ki, bolluq olsun. Əkin-biçin bərəkətli olsun deyə, – dodaqaltı oxuyardılar: “Səməni, saxla məni, ildə göyərdərəm səni.” İnanca görə, axırıncı çərşənbə gecəsi kim nə yuxu görsəydi, çin olardı. Deyimlərə görə, həmin axşam su arxı kənarında bitən söyüd ağacının budaqları əyilərək arxdan su içir.
Novruz bayramı günü Yeni ilin gəlişi kimi qəbul olunardı. Novruz bayramı mərasiminin yaranma tarixi çox gədimdir. Bu mərasim qışın sona çatması və yazın gəlişi ilə bağlıdır. Mərasim qədim insanların təbiət hadisələrinə münasibəti, etiqadı, həmçinin əmək fəaliyyəti ilə əlaqədar yaranmışdır. Odur ki, qışın başa çatmasını səbirsizliklə gözləyir, yazın gəlişini sevinclə qarşılayırdılar.
Laçın tərəflərdə Novruza bir ay qalmışdan bayrama hazırlıq işləri görülməyə başlanardı. Məhəllələrdə, həyətlərdə, evlərdə ciddi təmizlik, abadlıq işləri görülərdi.
Axırıncı çərşənbə günü gənclər bir yerə toplaşıb şənlik qurardılar. Subay qızlar üzük falına baxmaq üçün iynələri suya atar, iynələr bir-birlərinə yaxın gələndə qoşalaşanda, sevinərdilər ki, ürəklərində tutduqları oğlanların da onlara meyli var. Qızlar duzlu könbə bişirər və yeyərdilər, su içməzdilər ki, gecə yatanda yuxuda hansı oğlan ona su versəydi, deməli, onların bir-birinə eşq-məhəbbəti vardır.
Oğlanlar qonşu qapısına gedərdilər, astadan qapıları açar və papaq atardılar, sonra da qaçıb gizlənərdilər. Ev sahibi də hazırlanmış bayram payından onların papağına pay qoyardı.
Qızlar ürəyində niyyət tutaraq qonşu qapısına qulaq falına gedərdilər. Evdəkilər bayramda pis söz danışmazdılar ki, heç kəsin qulaq falı nəhs gəlməsin. Qulaq asanlar da xoş sözlər eşidəndə sevinərdilər.
Çərşənbələrdə hər bir evin qarşısında tonqal yandırılardı. Tonqalın başına toplananlar növbə ilə odun üstündən atılar, “Ağırlığım uğurluğum odda yansın” deyərdilər.
Hər çərşənbə gününün axşamı ləziz, dadlı bayram aşı bişirilərdi. Plov hazır olanda ailə üzvləri bir süfrə başına toplaşardı, bayram yeməyindəm yaxın, əziz adamlara, qonşulara pay verərdilər. Bayram süfrəsində ailə üzvlərindən kimsə uzaqda, səfərdədirsə, birinci həmin adam yad olunardı. Övladlar bayramqabağı ata-anasına, qocalara baş çəkməyə, onları təbrik etməyə borcludurlar.
Bayram axşamına kimi yaxın qohumlarda, qonşularda, küsülü adamlar olsa idi, onları mütləq barışdırardılar. Küsülü qalmaq olmazdı.
Novruz bayramı günü Keçəl və Kosanın məzəli oyunları, zarafatları adamların yaddaşında silinməz iz buraxardı. Onların atmacalı sözləri, Novruz bayramına, yaz fəslinə aid maraqlı söhbətləri, oxuduqları mahnılar yaddaqalan olardı.
Hər bir xalq öz adət-ənənəsi ilə tanınır. Biz də xalqımızın milli adətlərini unutmamalı, onları yaşadıb yeni nəsillərə çatdırmalıyıq. Novruz bayramının bütün milli xüsusiyyətləri nəzərə alınmalı, bayram tamaşaları təşkil olunmalı, milli paltarlar geyilməli, məclislərdə milli musiqi alətlərində xalq havaları ifa olunmalı, süfrələrə milli yeməklərimiz düzülməlidir.
Bayramın təntənəli və canlı keçməsi üçün Laçın rayonunda, kəndlərdə fəaliyyət göstərən mədəniyyət evlərinə, klublara, mağazalara, məktəblərə bu barədə göstərişlər veriilir, bayrama ciddi hazırlıq işləri aparılırdı. Xalqımızın adətlərini qoruyub saxlamaq hər birimizin borcudur. Xalqın adət-ənənəsini yaşatmaq, xalqın özünü yaşatmaq deməkdir.
Nemət BƏXTİYAR,
Laçın rayonundan məcburi köçkün
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.