“Elimə, obama şöhrətdi Gəncə”

Yetməzmi qəribə
                     verdin işgəncə,

Cəfanın hüdudu
                  olmazmı, səncə?!

Demişdin: Gəncədə
                   kamə yetərsən,

İndi bu mən, bu sən,
                  bax, bu da Gəncə!..

Məhsəti Gəncəvinin 850 il qabaq sevgilisi, daha sonra həyat yoldaşı Gəncə Xətibinin oğlu Əmir Əhmədə yazdığı bu beytdə təkcə verilən vəd xatırlanmır, həm də Gəncənin adı iftixarla, qürurla çəkilir, qədim şəhərin əzəməti bildirilir. Bu bir misra şeir Gəncənin bu günü ilə nə dərəcədə həmahəng səslənir, – deyə bilmərəm. Amma onu dəqiq bilirəm ki, indi Gəncənin hər bir sakini öz şəhəri ilə haqlı olaraq fəxr edir, sözün əsl mənasında, öyünür. Təsadüfi deyil ki, son 4- 5 ildə Gəncə ilə bağlı yazılan şeirlərin, mahnıların, digər bədii əsərlərin sayı son 50- 60 ildə yazılanlardan çoxdur. Bir görün Gəncədəki 30 nömrəli məktəbin direktoru İlham Musaoğlu nə yazır:

Dövrün çiçəklənən
                         bu gözəl vaxtı

Keçir ömrümüzün
                        ən xoş saatı

Olduq Avropanın
                    Gənclər paytaxtı,

Artıq dünya ilə

                     vəhdətdi Gəncə,

Elimə, obama,
                     şöhrətdi Gəncə.

Bəli, Gəncə 2016- cı il Avropanın “Gənclər paytaxtıdır”. Bu titulun özü qədim Nizami yurdunun son illər necə inkişaf etdiyinin parlaq nümunəsidir. Özünüz fikirləşin, abad, gözəl, qədimiliyi qorunmaqla müasirliyi olmasaydı, kim idi Gəncəni Avropanın bu qədər şəhərləri içində gənclər paytaxtı seçən?!

Gəncə heç vaxt bu qədər füsunkar, abad, müasir şəhər olmayıb. Xüsusilə, son 5 ildə qədim şəhər hamının gözü qarşısında bu yüksəlişə, gözəlliyə qovuşub. Sonuncu dəfə 6 il qabaq Gəncədə olmuş yaxın qohumlarımdan birini hava limanında qarşılayıb evə aparırdım. Tez- tez sağa- sola boylanan qonaq yarıyolda maşını saxlatdırıb diqqətlə üzümə baxdı:

 – Doğrudan bura Gəncədir? – deyə təəccübünü gizlədə bilmədi.

Mən də zarafatımdan qalmayıb “Yox, təyyarənin salonunda eşitməyibsən yəqin, hava şəraiti pis olduğundan  Dubaya eniş etməli olubsunuz”, – dedim...

Zarafat bir yana, Gəncəni nə Dubaya, nə Parisə, nə də Bakıya bənzətmək olar. Gəncənin öz siması var və Gəncə elə Gəncədir: qoşa minarələri, and yerimiz İmamzadəsi, özünəməxsus məhəllələri , uca, müasir binaları, Nizamisi, Məhsətisi, Cavad xanı ilə. Burada tarixiliklə müasirlik elə gözəl çulğaşıb ki, digər şəhərlərdən seçilir.

Nəyə görə son beş ili xüsusi vurğuladım? Bu son 5 ildə, yerli sakinlərin özlərinin dedikləri kimi, “gəncəlilərin ən böyük dostu” Prezident İlham Əliyev 5 dəfə Gəncəyə səfər edib. Bir qədər aşağıda adlarını çəkəcəyimiz obyektlərin, demək olar ki, hamısının həm təməlqoyma, həm də açılış mərasimlərində iştirak edib, xeyir- dua verib, sakinlərin arzularını öyrənib, təkliflərini eşidib... Bu günlərdə ilin yekunlarına həsr olunan fəallar yığıncağında şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirdi: Cənab Prezident Filarmoniyada işlərin gedişi ilə tanış olarkən dedi ki, “bu mədəniyyət ocağına nə qədər vəsait lazım olacaqsa, müvafiq sərəncam imzalayacağam”. Bu zaman zalda əyləşənlərin minnətdarlıq hisslərini və sevincini sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Gəncəni bu yüksəlişə ölkə  Prezidenti qovuşdurub. Bu faktdır və onu heç kim dana bilməz. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da heç vaxt Gəncəyə və gəncəlilərə laqeyd qalmayıb. Məktəb , uşaq bağçalarının, mədəniyyət obyektlərinin, park və xiyabanların bir çoxu məhz ölkənin birinci xanımının təşəbbüsü və köməyi ilə ərsəyə gəlib.

Gəncənin bugünkü mənzərəsi olduqca ürəkaçandır və təbii ki, burada şəhərin ən adi sakinindən tutmuş onun rəhbərinə kimi, hamının zəhməti var. Amma bir məsələni  xüsusi vurğulamaq istəyirəm.  Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bu ötən beş ildə açıq demək lazımdır ki, əsl nümunə göstərib. İşləmək, təşkilatçılıq, şəhəri sevmək, məsuliyyət və ən başlıcası dövlətə və dövlətçiliyə, öz Prezidentinə sədaqət nümunəsi. Yuxarıda adını çəkdiyim fəallar yığıncağında hörmətli professor, AMEA- nın müxbir üzvü İbrahim Cəfərov  çox səmimi şəkildə dedi ki, Elmar müəllim, sizin səfərbər etmək bacarığınız, nizam- intizama yüksək meyilliyiniz bizim hər birimizin də özümüzə inamımızı artırdı, bu şəhərin bütün işlərində yaxından, həm də həvəslə iştirak etməyə ruhlandırdı. Hərçənd E.Vəliyev “mən öz vəzifə borcumu yerinə yetirirəm, icraçıyam” deyərək çıxışı başqa səmtə yönəltsə də, fakt faktlığında qalır. Gəncə məhz ölkə Prezidenti İlham Əliyevin beş il əvvəl,  18 fevral 2011- ci il tarixli sərəncamından sonra öz görkəmini tamamilə dəyişdi. Bəzi bədxahlar, gözügötürməyənlər, şər- böhtan atmağı özlərinə peşə edənlər nə qədər yazıb-pozsalar da Gəncənin bu günü göz qabağındadır. Hətta şəhərdə hər hansı bir nöqsan olanda belə, bu sətirlərin müəllifi də yalnız xeyirxah, ürəkaçan işləri qələmə alıb. Çünki həlli mümkün olan xırda- para işlər Gəncədə görülən nəhəng işlərin kölgəsində qalır və necə deyərlər, “dəryada damlaya bənzəyir”. Ona görə də Azərbaycanın ikinci bu böyük şəhərində gedən işlərə kölgə salmaq, ən azı, insafsızlıqdır.

 

“NİZAMİNİN QİYMƏTİNİ HEÇ NƏ İLƏ ÖLÇMƏK OLMAZ”

 

Heç yadımdan çıxmır. Elmar Vəliyev ilk görüşlərinin birində Nizami Gəncəvinin məqbərəsində və onun ətrafında görüləcək işlər barədə danışdı və sonra da ayrı- ayrı təşkilat rəhbərlərinin, ziyalıların fikrini öyrənmək istədi. Kimsə “bu material olduqca bahadır” dedikdə başçı “Nizaminin qiyməti heç nə ilə ölçülmür, o, bu  xalqın söz xəzinəsidir” deyə öz mövqeyini elə ilk günlərdən göstərdi.

İndi bu məqbərə və onun ətrafı tamam bambaşqadır. Məqbərə şəhər sakinlərinin müqəddəs məkanına çevrilib.Yeni salınmış yaşıllıqlar, hamar yollar, səkilər, istinad divarları, “Xəmsə”yə həsr olunmuş kitabələr, fəvvarələr, rəngbərəng işıqlar, yaxınlıqdakı müxtəlif tikililər, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Nizami Muzeyi və adını sadalamadığımız saysız- hesabsız obyektlər bu yerlərin simasını dəyişib. Ümumiyyətlə, dahi şairin məqbərəsinin də yerləşdiyi və  şəhərin qərbi ilə şərqini birləşdirən 12 kilometrlik Nizami Gəncəvi prospekti başdan-ayağa yenidən qurulub. Yolboyu bütün yaşayış binalarının dam örtükləri mansard formasında düzəldilib, fasadlara gözəl üzlüklər çəkilib, digər obyektlər, səkilər qaydaya salınıb, park və xiyabanlar salınıb. Maraqlıdır ki, bütün prospekt boyu addımbaşı böyük şair xatırlanır, müxtəlif elementlər gözəlliyə – gözəllik qatır. Vaxtilə baxımsızlıq ucbatından qəzalı vəziyyətə düşən “Xəmsə” kompleksi yenidən həyata qaytarılıb. Hündürlüyü 110 metrə çatan Bayraq kompleksi və ölkə Prezidentinin bu günlərdə açılışında iştirak etdiyi Bulvar kompleksi də Nizami Gəncəvi prospektindədir. Artıq Gəncənin özünün də gözəl bir bulvarı var. Onun indiki vəziyyətə gətirilməsində nə qədər əziyyət çəkilib, bunu bütün şəhər sakinləri bilir. Bulvarın ikinci növbəsinin də tezliklə istifadəyə verilməsi üçün geniş işlərə başlanılıb. Gəncəçay boyunca yaradılan park- bulvar öz orijinallığına görə seçilir. Uzunluğu 1,2 kilometr, ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hər şərait yaradılıb. Burada 15 fəvvarə və 10 heykəl var. “Əli və Nino” kompleksi, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altı və yeddimərtəbəli yaşayış binaları, kafelər, restoran, kinoteatr, attraksion,  digər sosial obyektlər...

 Gəncəlilərin daha bir sevimli istirahət parkı— 460 hektar ərazisi olan Heydər Əliyev park kompleksi də Nizami Gəncəvi prospektinə baxır. Bu yerlər əvvəllər boş düzənlik idi. Cəmi iki ildə burada daha nələr yaradılmadı?! Heydər Əliyev Mərkəzi, Zəfər tağı, süni göl, şəlalələr kompleksi, 7 hektar sahədə qeyri- adi attraksionlara malik ən müasir “GəncLand”, müxtəlif istirahət guşələri, idman meydançaları, velosiped yolları, “Amfiteatr” və bir çox obyektlər heyranedicidir. Adam inana bilmir ki, bütün bu işlər cəmi iki il ərzində başa gəlib. Təsadüfi deyil ki, ölkə başçısı park komplekslə tanış olarkən onu əsl möcüzə adlandırıb.

Bir sözlə, Nizami Gəncəvi prospekti öz əzəməti ilə hamını heyran edir.

 

TARİXİLİKLƏ MÜASİRLİYİN  QOVUŞDUĞU ÜNVAN

 

Gəncədə son illər diqqət çəkən məqamlardan biri də odur ki, burada, bir tərəfdən tarixi memarlıq abidələri qorunur, şəhərin dünəni ilə bağlı yaxşı nə varsa bərpa olunub saxlanılır, yeni çalarlar əlavə edilir, digər tərəfdən müasir binalar ucaldılır, infrastruktur müasirləşdirilir, gənclərin, bütövlükdə sakinlərin rahatlığını təmin etmək üçün bütün imkanlardan istifadə olunur. Elə təkcə Qala Qapıları- Arxeologiya və Etnoqrafiya Abidə Kompleksini göstərmək kifayətdir ki, Gəncədə tarixilik, eləcə də hərb tarixi, etnoqrafiya, süfrə mədəniyyəti, qədim sənət nümunələri haqqında məlumat almaqla şəhərin böyük mədəniyyətə malik olduğunu təsəvvür edəsən.

İmamzadə Tarixi- Dini Memarlıq Kompleksi də nəinki təkcə Gəncədə, bütövlükdə Azərbaycanda ən dəyərli memarlıq abidələrindən biri hesab edilməklə xüsusi diqqət mərkəzində olub. Hələ ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə el arasında “İmamzadə” kimi tanınan bu tarixi abidədə təmir- bərpa işləri aparılıb. Maraqlıdır ki, “İmamzadə” sovet dövründə dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah olub. Bu dini abidə Gəncənin qədimiliyini sübut edən çoxsaylı dəlillərdən biri olmaqla yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Ölkə rəhbərinin insanların inam və inanc yeri kimi üz tutduqları bu abidənin tamamilə yenidən qurulmasına göstərdiyi diqqət və qayğı hamının razılığına səbəb olmuş, minnətdarlıqla qarşılanmışdır. Kompleksdə yaradılan şəraitlə tanış olarkən ölkə başçısının dediyi “İmamzadə” abidəsi bizim ümumxalq sərvətimizdir. “İmamzadə” bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir" sözləri ölkəmizdə tarixi abidələrə münasibəti göstərən bir ölçü meyarıdır.

Şəhərdə bərpa olunan tarixi abidələr çoxdur və bütövlükdə onların sayı 150- ni keçib. Cavad xan küçəsinin elə özü açıq səma altında tarixi abidələr toplusu, zəngin muzeydir. Cümə məscidi, “Çökək hamam”, “Şərəfxanlı”,  “Hüseyniyyə”, “Zərrabi” və digər tarix- memarlıq abidələrinin əsaslı təmiri və bərpası son beş ilin payına düşür.

Şəhərdə, eyni zamanda, yeni müasir məktəb, uşaq bağçası, səhiyyə ocaqları, mədəniyyət obyektləri tikilir, köhnələr ən yüksək səviyyədə əsaslı təmir olunur, kommunikasiya, su, kanalizasiya, elektrik xətləri yenidən çəkilir, parklar, xiyabanlar salınır. İlin sonunadək Filarmoniya binası istifadəyə veriləcək. Ölkə rəhbəri burada tikintinin gedişi ilə tanış olan kimi əlavə vəsait ayırdı. Dövlət Dram Teatrının tikintisi davam etdiriləcək. Uşaq bağçalarının hamısı müasir şəkildə tamamilə yenidən qurulacaq. Hazırda daimi istiliyi olmayan uşaq bağçası qalmayıb. Hesabat yığıncağında Elmar Vəliyevin bundan sonra təmir olunacaq çoxsaylı bağçaların, məktəblərin, mədəniyyət ocaqlarının nömrələrinə kimi əzbər deməsi onu göstərir ki, bütün işlər şəhər rəhbərinin nəzarəti altındadır və o, necə deyərlər, hər daşın- kəsəyin düzülüşünə kimi bilir.

Yollar, səkilər, yaşıllıqlar, fəvvarələr, işıqlandırma qurğuları və diğər işlər öz müasirliyinə görə seçilir, diqqəti cəlb edir. Yeni yaradılan və ya əsaslı təmir olunan heç bir obyekt başdansovdu başa çatdırılıb istifadəyə verilmir. Ölkə Prezidentinin də açılışlarında iştirak etdiyi Aqrar Universitetin yataqxanasından, 39 nömrəli məktəbin yeni korpusundan və bütövlükdə məktəbin özündən bəlkə də bir çox Avropa ölkələrində yoxdur. Abbas Səhhət adına Birləşmiş Xəstəxana Kompleksi müasir tibbin bütün əlamətlərini özündə birləşdirib. Bütün bunlar şəhərdə hər bir işə zövqlə, məsuliyyətlə yanaşmanın göstəricisidir.

 

BURANI GÖRƏN BİR DƏ GÖRMƏK İSTƏYİR

 

Son illərdə şəhərə gələn qonaqların sayı həddindən artıqdır. Burada keçirilən beynəlxalq tədbirlər bir- birini əvəz edir. Təkcə şəhərin icra strukturları deyil, ayrı- ayrı təşkilatlar, ali məktəblər, səhiyyə orqanları, idman, mədəniyyət ocaqları da şəhərə xarici ölkələrdən qonaqlar dəvət edir, müxtəlif tədbirlər keçirirlər. Bu işləri ona görə həvəslə görürlər ki, Gəncə indi heç də Avropadan gələn həmin qonaqların şəhərlərindən geri qalmır. Gəzməli, görməli o qədər yerlər var ki...Digər tərəfdən ən müxtəlif tədbirlər – konfranslar, seminarlar, festivallar, müxtəlif yubileylər, qonaqların qarşılanması, yola salınması... şəhərdə elə yüksək səviyyədə keçirilir ki, onu görmək üçün gərək həmin məclislərdə iştirak edəsən. İclas, konfrans zalları, ayrı- ayrı mərkəzlər ən yüksək səviyyədə təmir olunub, yeniləri inşa edilib, park və xiyabanların, əyləncə yerlərinin sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Muzeylər, rəsm qalereyaları, yeni istifadəyə verilmiş uşaq yaradıcılıq mərkəzi və digər yerləri qonaqlar böyük həvəslə gəzirlər. Hətta qış aylarına baxmayaraq, az qala bütün şəhər sakinləri yuxarıda haqqında söhbət açdığımız Heydər Əliyev Park Kompleksinə axışır. Şəhərin Baş meydanı – icra hakimiyyətinin qarşısı, onun ətrafı, qarşıdakı bağ adamlarla dolu olur. Bir vaxtlar axşam saat 5-6 olmamış evə tələsən sakinlər indi gecədən xeyli keçənədək şəhərin park və xiyabanlarından çəkilmir. Şəhər o qədər işıqlıdır ki, bəzən gecə ilə gündüz seçilmir.

Yaşıllıqların sayı artıb. Hara baxırsan gül- çiçəklə, dekorativ ağaclarla qarşılaşırsan. Qulluq da ki, öz yerində. Hər kolun nazını çəkirlər. O gün baxıram, parklarda yerdə heç kibrit çöpü də yoxdur. Addımbaşı səliqəli məişət tullantıları qablarının yanındakı lövhələrə rast gəlinir: “Parklarımızı təmiz saxlayaq”. Amma, deyəsən tezliklə bu lövhələrə də ehtiyac qalmayacaq. Sakinlər özləri doğma şəhərlərini göz bəbəyi kimi qorumağa başlayıblar. Hətta bir- birinə irad tutanlar da tapılır.

Avropanın Gənclər paytaxtı olan Gəncə bu il daha çox qonaq qəbul edəcək. Bir çox xarici ölkələrdən gələcək qonaqlara Gəncə məhz paytaxt kimi təqdim olunacaq. Paytaxt sözünün özünün nə demək olduğu məlumdur. Dünyanın hər yerində paytaxtlara daha böyük, daha gözəl, mərkəz bir məkan kimi baxırlar. Deməli, Gəncə artıq öz hüdudlarından çox- çox uzaqlarda elə paytaxt kimi yaddaşlara köçəcək. Adın bir daha mübarək, Gəncə! 98 il qabaq da bu adın ilk sahibi idin. İndi onu bir daha qazandın. Amma bu dəfə Avropanın “Gənclər paytaxtı” kimi.

Hamlet QASIMOV,
“Xalq qəzeti” nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında