LƏNKƏRAN
IDEA ictimai birliyinin ölkədə ekologiya və ətraf mühitin qorunması, yaşıllıqların salınması ilə bağlı təşəbbüsləri Lənkəranda da geniş dəstəklənir. Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə mart ayı yaşıllaşdırma aylığı elan olunub.
Ötən şənbə günü rayonun idarə, müəssisə və təşkilatları kollektivlərinin, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə ilk ümumrayon iməciliyi keçirilib. Magistral yolların kənarında, hava limanı ərazisində, şəhərin park və bağlarında 1500 ədəd müxtəlif növ ağac əkilib, sıradan çıxmış ağaclar yenisi ilə əvəz olunub, aqrotexniki qulluq göstərilib. Eyni zamanda, şəhərin prospekt və küçələrində bütün ağacların gövdələri ağardılıb, qurumuş budaqları kəsilib. Şəhərin Sahil parkına bitişik boş ərazi təmizlənib və münbit torpaq tökülərək əkinə yararlı vəziyyətə gətirilib.
Bu günlərdə isə ikinci iməciliyə çıxan lənkəranlılar həmin ərazidə torpaq-hamarlama işləri apararaq kütləvi ağacəkmə aksiyası keçirib. Gün ərzində ərazidə 1000 ədəd küknar ağacı əkilib. Ağacəkmə aksiyasında Lənkəran ŞİH başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, əmək kollektivlərinin üzvləri, yüzlərlə könüllü iştirak edib. Görülmüş işlərin nəticəsində yaşıllıq zolağı bir neçə dəfə genişlənib, səliqə-sahman yaradılıb. Ümumiyyətlə, bu il IDEA ictimai birliyinin təşəbbüsünə dəstək olaraq Lənkəran rayonunda 20 min ağacın əkiləcəyi planlaşdırılır.
ASTARA
Rayonun Təngərüd kəndinin əhalisi 3600 nəfərdən çoxdur. 243 hektarlıq pay torpaqları 1050 təsərrüfatı əhatə edir. Kənddə sitrusçuluq, heyvandarlıq və arıçılıq inkişaf etdirilir.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Təngərüddə keçirdiyi görüşdə ərazi dairəsi üzrə nümayəndə son vaxtlar aparılan geniş abadlıq-quruculuq işləri, əhalinin bəzi problemləri barədə məlumat verib. Kənd sakinləri Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində qazanılan nailiyyətlərdən razılıq ifadə edib, yerlərdə səyyar qəbul və görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sakinlər mövcud problemlərlə də bağlı fikirlərini söyləyib, təkliflərini veriblər.
Rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayev qaldırdıqları problemlərin həlli ilə əlaqədar müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb. O bildirib ki, kəndin yuxarı məhəlləsində, Kijəbə, Maşxan, Təngərüd istiqamətində avtomobil yolunun asfaltlaşdırılması nəzərdə tutulur, suötürücü kanalların dərinləşdirilib təmizlənməsi, əhalinin içməli su ilə təmin olunması üçün tədbirlər görüləcək. İcra başçısı kənd sakinlərini istifadəsiz torpaq sahələrindən səmərəli istifadə etməyə çağırıb, əkinçiliklə intensiv məşğul olanlara hər cür yardım göstəriləcəyini bildirib.
CƏLİLABAD
Dövlət başçısının tapşırığına əsasən, Cəlilabad rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam edir.
Novruz bayramı ərəfəsində iki minə yaxın əhalisi olan Həziabad kəndinə də mavi yanacaq verilib. Kənddə 23548 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib, 366 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov kəndin sakinlərini təbrik edib. O deyib ki, son bir ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 42 kəndi təbii qazla təmin olunub. Rayon rəhbəri “mavi yanacağın” hər bir mənzilə sevinc və xeyir-bərəkət gətirməsini arzulayıb.
Tədbirdə çıxış edən sakinlər Novruz ərəfəsində kənddə təbii qazın verilməsinin bayram hədiyyəsi olduğunu söyləyib və göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər. Sonda rəmzi məşəl yandırılıb, evlərə təbii yanacaq verilib.
MASALLI
Rayonun Qarğalıq inzibati ərazi dairəsinin Eminli kəndində icra hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbul-görüş keçirib.
Qarğalıq ərazisi Qarğalıq, Eminli, Kürdəbaz, Şəhriyar, Xallıcallı, Qədirli və Dəlləkli yaşayış məntəqələrindən ibarətdir. Ərazinin 5830 nəfər əhalisi, 298 hektar ümumi torpaq sahəsi var. İcra hakimiyyətinin başçısı son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı, dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verərək regionlara göstərilən diqqəti konkret faktlarla nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib.
Kənd ziyalıları, ağsaqqallar çıxış edərək 500 metr Kürdəbaz, Xallıcallı və Eminli kəndlərinin yollarının təmir olunmasına və ərazinin həyətyanı sahələrinə keçidlərə 9 yerdə suötürücü borular qoyulmasına görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonra sakinlər müəyyən problemlərin həllində kömək göstərilməsini rayon rəhbərliyindən xahiş ediblər.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.