...Altı saata yaxın davam edən qəbuldan sonra fikirləşdim ki, adamların inamını, etibarını qazanmaq, sən demə, elə də asan məsələ deyilmiş. Əvvəla, xahişə gələn hər bir kəs özünün haqlı olduğunu zənn edir və qaldırdığı məsələnin mütləq müsbət həll olunmasını istəyir. İkincisi, sonadək təmkinini qorumaq, şikayətçiyə hər bir məsələni izah etmək, onu nəzakətlə yola salmaq, mən deyərdim, əsl fədakarlıq tələb edir.
Bəri başdan qeyd edim ki, həmin gün 90 nəfərədək şikayətçi qəbul edən rayon rəhbərinin hər həftənin cümə günləri oxşar mənzərə ilə qarşılaşdığını fikirləşəndə adam vəzifənin məsuliyyətini və ağırlığını yalnız onda başa düşür...
– Müəllim, atamla anam yola getmir. Biz üç uşağıq, bilmirik neyləyək, xahiş edirəm, köməklik göstərəsiniz...
Yeniyetmə bir oğlanın qəbula gəlməsi, özü də belə bir məsələ üçün müraciət etməsi hamını təəccübləndirdməklə yanaşı, həm də təsirləndirdi.
– Oğlum, sənin neçə yaşın var?
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının asta, mülayim səslə verdiyi sual adamların baxışlarını öz üzərində hiss edən oğlanı, sanki, gərginlikdən qurtardı.
– On altı, – dedi.
Kənd icra nümayəndəsi və bələdiyyə sədri məsələdən xəbərdar olduqlarını bildirdilər. Məlum oldu ki, yeniyetmə Muxtariyyat kəndində tanınmış, hörmətli bir ağsaqqalın nəvəsidir. Ailədaxili münaqişə xeyli vaxtdır davam edir və hətta baba da bir köməklik göstərə bilmir. Alimpaşa müəllim müvafiq qurumların rəhbərlərinə tapşırıq verdi və məsələni şəxsən öz nəzarətinə götürdüyünü bildirdi.
– Siz yenə gəlmisiniz? Səhv etmirəmsə, keçən dəfə iş üçün gəlmişdiniz. Kommunal Təsərrüfatı İdarəsində də işə düzəltdik. İndi xeyir ola?
Cavan oğlan bu dəfə atasının onu və həyat yoldaşını evdən çıxartdığını və qızı boşamayacağı təqdirdə evə gəlməməsini tapşırdığını dilə gətirdi və dedi ki, torpaq sahəsi versəniz özümüzə mənzil tikərik...
Qəbula yazılan başqa birisini, Tatarlı kəndindən gəlib rayon mərkəzində iş axtaran Dilman Məhərrəmovu da başçı səbr, təmkinlə dinlədikdən sonra soruşdu:
– Kənddə torpaq sahəniz var?
– Bəli, var.
– Elə isə niyə əkib becərmirsiniz, mal-qara saxlamırsınız? İstəsəniz kredit götürməyinizə də köməklik göstərərik. Axı gör Tatarlı hardadır, rayon mərkəzi harada... Burada alacağın maaş yol xərcini ancaq ödəyər. Bir fikirləş. Tezliklə o tərəfdə sizin su probleminizi də həll edəcəyik.
D.Məhərrəmov, sanki, birdən ayıldı, astadan: “Düz deyirsiniz, gedim kənddəkiləri də başa salım. Elə bilirlər şəhərdə daha yaxşıdır”, – dedi.
...Qəbula gələnlərin hamısının şikayətlərinin, xahişlərinin nədən ibarət olmasını bir yazıda göstərmək qeyri-mümkündür. Digər tərəfdən, iş, fərdi torpaq sahəsi almaq istəyən, ailə-məişət münaqişəsi, məhkəmə qərarlarını bir kənara qoyub özünün haqlı olduğunu sübut etmək istəyən və digər məsələlərlə bağlı o qədər müraciətlər var ki, bəzən onları məzmununa görə qruplaşdırmaq da çətindir. Amma nə yaxşı ki, Şəmkirdə adamların ərizə və şikayətlərinə, müraciətlərinə olduqca həssas yanaşılır, həm icra hakimiyyətindəki qəbullar, həm də səyyar qəbullar özünün forma və məzmununa görə seçilir. Bu qəbullarda, bir qayda olaraq, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra hakimiyyəti aparatının işçiləri, bələdiyyə sədrləri və yerli icra nümayəndələri iştirak edirlər.
RİH başçısı Alimpaşa Məmmədovun qəbulu bizdə belə bir təəssürat yaratdı ki, bütün hallarda şikayətçi ilə səbrlə, təmkinlə danışmaq lazımdır. Əslində, rayon rəhbərinin adamlarla davranışı, bəzən eyni məsələni yorulmaq bilmədən bir neçə dəfə izah etməsi, qanunları yaxşı bilməsi, rayonun perspektiv planlarından danışması, mövcud iş yerləri barədə söz açması, səmimiyyəti qəbulda iştirak edən digər məmurlara da bir növ təlimatdır, necə deyərlər, mesajdır. Hətta qəbulun gedişində icra nümayəndələrinə və bələdiyyə sədrlərinə irad tutdu ki, bəzən vətəndaşların müraciətlərinə quru, şablon cavablar yazırsınız, unutmayın ki, hər müraciətin arxasında canlı insan dayanır. O, hər cavabı da ümidlə, həsrətlə gözləyir. Bəlkə də rayon rəhbərinin işə bu cür prinsipial yanaşmasının nəticəsidir ki, keçən il birbaşa rayon icra hakimiyyətinə müraciət edənlərin sayında əməlli-başlı artım var. Başqa sözlə, yuxarıda qeyd etdiyimiz inam, etibar elə-belə yaranmır.
Rayon rəhbərinin qəbuluna gələnlərin bir çoxunun, nədənsə özlərinin dediyi kimi, “daha münasib” iş istəməsi bəzi hallarda təəccüb doğurur. Baxırsan ki, boylu- buxunlu gənc bir oğlandır, fiziki cəhətdən sağlamdır. Lakin kommunal təsərrüfatı idarəsində və ya ona təklif olunan hər hansı bir tikinti təşkilatında fəhlə işləməkdən imtina edir. Bir qədər keçir, yenə qəbula yazılır. Rayon məşğulluq idarəsinin rəhbəri məlumat verir ki, həmin boş yer gəlmədiyi üçün başqa birisinə verilib. Qeyd edək ki, Şəmkirdə adamların işə düzəldilməsi prosesi olduqca aşkarlıq, müvafiq qaydalara tam uyğun şəkildə keçirilir. Əslində, bu iş rayon icra hakimiyyəti başçısının tam nəzarəti altındadır. Bir dənə də olsun neqativ hala yol verilə bilməz. Boş yerlər haqqında əvvəlcədən məlumat verilir. Harada nə boş yer var, hamı bilir. Əmək yarmarkaları təşkil olunur. Təkcə keçən il sentyabrın 30-da təşkil olunan yarmarkada 57 nəfər bir gündə işlə təmin olunmuşdur. Bundan əlavə, vakant iş yerləri və işləməyən vətəndaşların uçotunun aparılması məqsədilə siyahı tərtib olunmuş, kadr bankı yaradılmışdır. Bugünədək icra hakimiyyəti aparatında 889 nəfərin adı ehtiyat kadr bankına daxil edilmiş və onlardan artıq 65 nəfəri işlə təmin olunmuşdur. Hətta məktəbəqədər təhsil müəssisələrində vakant iş yerlərinin müsabiqə yolu ilə tutulması praktikası yaradılmışdır. Bəzən bir yerə onlarca ərizə olur və yalnız ən yaxşılar, ən peşəkarlar seçilir. Məsələn, bu yaxınlarda müsabiqə komissiyasına 100 nəfər iş vermiş, onlardan yalnız 8 nəfəri seçilib işlə təmin olunmuşdur.
Amma bununla da rayon icra hakimiyyəti öz vəzifəsini bitmiş hesab etmir və nəyin bahasına olursa-olsun, yeni iş yerlərinin açılmasına çalışır, əksər hallarda da ona nail olur. Rayon rəhbərliyi yaxşı başa düşür ki, xüsusilə indiki vaxtda qətiyyən gözləmə mövqeyi tutmaq, bu işləri öz axarına buraxmaq olmaz. Digər tərəfdən, Şəmkir böyük rayondur və təkcə keçən il əhalisinin sayı 2800 nəfər artıb. Hazırda Şəmkirdə 209 min nəfərdən çox adam yaşayır.
Buna görə də yeni müəssisələr açmaqla iş yerləri yaratmaq məsələsi daim gündəmdədir. Ölkə rəhbərinin təməlini qoyduğu “Şəmkir Aqropark”a indiyədək 30 milyon manatdan artıq vəsait sərf olunub. Bu nəhəng kompleks tam işə düşdükdən sonra rayonda həm çox sayda iş yeri yaranacaq, həm də aqrar sahədə bir sıra problemlər tamamilə həll olunacaqdır. “Natural” su və konserv istehsalı zavodu, tikinti materialları istehsalı müəssisəsi, “Şəmkir səbəti”, Zəyəm texnologiyalar parkının yeni istehsal sahələri və adını çəkmədiyimiz neçə-neçə obyektin tezliklə işə düşməsi adamların problemlərini həll edəcək və onları bir çox qayğılardan qurtaracaqdır.
Amma vacib bir məsələyə də aydınlıq gətirmək istəyirik. Şəmkir, əsasən, iri kənd təsərrüfatı rayonudur və son illər burada tərəvəzçilik, meyvəçilik, kartofçuluq xeyli inkişaf edib. Əkinə yararlı 45 min hektara yaxın torpaq sahəsinin təxminən 38 min hektarı suvarma suyu ilə təmin olunub. Şəmkirçay su anbarının istifadəyə verilməsindən sonra rayonun əksər yaşayış massivlərində uzun illərdən bəri mövcud olan su çatışmazlığına son qoyulmuşdur. Doğrudur, su ilə bağlı hələ müəyyən problemlər var və bunu başçının qəbuluna gələnlərin söhbətlərindən bir daha hiss etdik.
İnsafla demək lazımdır ki, Alimpaşa Məmmədov bununla bağlı çox iş görür və hətta adamlarla söhbətlərində dəfələrlə qeyd edib ki, müvafiq nazirliklər, digər əlaqədar təşkilatlar lazımi köməklik göstərmək iqtidarında olmasalar belə, özümüz, öz daxili imkanlarımız hesabına bu işləri görəcəyik. Zəyəm çayının suyu ilə təchiz olunan Zəyəm qəsəbə, Zəyəm Cırdaxan, Düyərli, Sabirkənd, İrmaşlı, Şiştəpə və Bayramlı kəndlərinin suya olan tələbatının ödənilməsində bir sıra çətinliklər yaranıb. Məhz bu yaşayış məntəqələrinin müraciətləri nəzərə alınaraq, Zəyəm çayından götürülən suyun itkisiz olaraq kəndlərə çatdırılması və həmin yerlərdə əlavə subartezian quyularının qazılması ilə bağlı Meliorasiya və Su Təssərüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi qarşısında məsələ qaldırılmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, 2016-cı ildə Şəmkir rayonunda qazılacaq 8 subartezian quyusundan 5-nin adlarını çəkdiyimiz bölgədə qazılması nəzərdə tutulmuşdur. Suya nəzarət birliklərinin fəaliyyətinə də yenidən baxılır və tezliklə fərqli birliklər yaradılacaqdır.
Bu məsələyə ona görə toxunduq ki, şikayətə gələnlərin bir qismi, həqiqətən, su problemi ilə üzləşdikləri üçün torpağı buraxıb şəhərə işləməyə gəlmək istəyir. Lakin belələri azdır və yuxarıda qeyd etdiyimiz kimi, məsələ həll edildikdən sonra adamlar əkinlə-biçinlə məşğul olacaqlar. Təəssüf ki, tənbəllər də var. Qəbul zamanı fikir verirdim. Kənddə işləmək istəməyib şəhərə gəlməyi üstün tutanlara icra hakimiyyətinin başçısı elə arqumentlər sadalayırdı ki, onların çoxu həmin anda fikrini dəyişirdi.
Başqa bir məqama da biganə qala bilmərik. Qəbulda “xahiş edirik bizə ev tikməyə yer verin” müraciətini bir neçə nəfərin dilindən eşitdik. Çinarlıdan Zeynəb Ağayeva, Yeganə Rəcəbli, “Yeni həyat”dan Yunis Aslanov və başqaları bildirdilər ki, torpaq sahəsi olsa ev tikib, ailələrinin mənzil-məişət şəratlərini yaxşılaşdıra bilərlər. Sual oluna bilər. Məgər bir tərəfi Tovuza, digər tərəfi Gədəbəyə gedib çıxan Şəmkirdə torpaq yoxdurmu? Əlbəttə, var. Boş torpaqlar az deyil. Sadəcə olaraq, onların təyinatı dəyişdirilməlidir. Bunun üçün müvafiq qurumlar, ilk növbədə, Dövlət Əmlak Komitəsi əməli addımlar atmalıdır.
...Qəbula o adam yazılır ki, necə deyərlər, əli hər yerdən üzülür, gəlir çıxır rayon rəhbərinin yanına. Təbii ki, az qala, hər həftə qəbula gələn də var. Özünün dediyi kimi, işi düzəlməyincə, istədiyinə nail olmayınca gələcək, gedəcək. Amma fakt faktlığında qalır. Atalar yaxşı deyib ki, “uman yerdən küsərlər”. Küsməyə isə rayon rəhbəri imkan vermir. Eləsi var ki, son iki-üç aydır hər həftə gəlir, ürəyini boşaldıb, gedir. Alimpaşa müəllim isə onu elə qarşılayıb, yola salır ki, sanki, həmin adam birinci dəfədir qəbula gəlir. Halbuki, qadının əlində məhkəmənin qərarı var və hansısa məsələ onun xeyrinə həll olunmayıb. Bəs nə etməli? Məhkəmənin işinəmi qarışmalı? Qətiyyən. Qanunlarımız, təlimat ona yol vermir. Deməli, qalır qəbula gələnə izah etmək, onu xoş qarşılayıb yola salmaq.
Bilmirəm, bəlkə də elə bu münasibətin nəticəsidir ki, vətəndaşlardan bilavasitə rayon icra hakimiyyətinə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə 528 ədəd artmışdır. Əslində, çox yaxşı göstəricidir. Əgər yerdə vətəndaşın müraciətinə biganə qalınmırsa, yuxarı orqana şikayət etməyin mənası varmı? Təsadüfi deyil ki, hər həftənin cümə günü səhər saat 10-un yarısında başlayan qəbul çox nadir hallarda günortayadək başa çatıb.
Adamların yerli icra orqanına inam və etibarının artması Şəmkirdə hər cür neqativ hallara, korrupsiya və rüşvətxorluğa qarşı kəskin mübarizə aparılması ilə də bağlıdır. Bu məsələdə rayon rəhbərinin prinsipial mövqeyindən hamı xəbərdardır. Büdcəyə ciddi nəzarət var. İşə məsuliyyət, nizam-intizam, qaldırılan məsələlərə operativ müdaxilə, bütün sahələrdə aşkarlıq və eyni zamanda, nəzarət bu rayonda daha böyük işlərin həyata keçirilməsinə imkan yaradıb. İcra hakimiyyətinin “Facebook” səhifəsindən hamı yararlanır. Çox hallarda icra hakimiyyətinə heç getmək də lazım gəlmir. Çünki bura müraciət edən elə həmin an diqqəti, qayğını hiss edir. Rayon rəhbərinin özünün birbaşa bu məsələlərə ciddi nəzarəti adamların problemlərinin həllinə kömək edir.
...Axşam saat dördə qalıb. Artıq zalda aparat işçilərindən və müvafiq qurumların rəhbərlərindən başqa bir kimsə yoxdur. Alimpaşa müəllim “baxın görün, bəlkə, kimsə qalıb, ya indi gəlib, dəvət edin”, – deyə işçilərə müraciət edir. Heç kimin olmadığı bildirilir. İcra hakimiyyətinin başçısı pəncərədən yağan yağışı görüb evinin dam örtüyünün pis vəziyyətdə olması ilə bağlı bir az əvvəl qəbula gələn yaşlı qadını yada salıb: “Demişdim sabah gəlib baxarlar, yağış yağır, indi, elə bu dəqiqə gedin”, – deyə kiməsə göstəriş verdi.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.