Qadın - gözəllik və fədakarlıq rəmzi!

Qadınlar həyatımızın bəzəyidir, bizim analarımız, bacılarımız, həyat yoldaşlarımız, bir sözlə, dərin rəğbət, hörmət və ehtiram bəslədiyimiz insanlardır. Dünyanın bütün sivil, mədəni xalqları qadınlara böyük dəyər verir, onların ailədə, cəmiyyətdəki fədakar rolunu və əməyini yüksək qiymətləndirirlər.

Azərbaycan xalqı da hər zaman qadına layiq olduğu böyük dəyəri verməyi, onun adını, şərəfini uca tutmağı bacaran xalqlardandır. Bizim ədəbiyyat və mədəniyyətimizdə ana, qız və gəlinlərimizin isməti, sədaqəti, fədakarlığı, vətənpərvərliyi və başqa nəcib xüsusiyyətləri ilə bağlı çox sayda həyati və bədii nümunələr var.

Dahi Nizamidən tutmuş üzübəri xalqımızın bütün görkəmli mütəfəkkirləri Azərbaycan, türk qadınlarının gözəllik, fədakarlıq və qəhrəmanlıqlarını böyük məhəbbətlə təsvir və vəsf ediblər. Qadının bəşər tarixində ən böyük qiymətini Allahın sonuncu Peyğəmbəri Məhəmməd (s.ə.) verib: “Cənnət anaların ayaqları altındadır!”

Azərbaycanda, bütün Şərqdə olduğu kimi, analara və bütün qadınlara qayğı və hörmət ənənələri xalqımızın min illər boyu formalaşan milli-mənəvi,  əxlaqi dəyərlərindən qaynaqlanır. Həmin gözəl adət və ənənələr bu gün də yaşayır və davam edir, hər yerdə xalqımıza, millətimizə başucalığı gətirir. Anaya, qadına, xalqımızın gələcəyi olan uşaqlara  diqqət və qayğı müstəqil Azərbaycanın dövlət qadın siyasətinin əsas istiqamətlərindən biridir.

Ulu öndər Heydər Əliyev Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhid analarına, onların həyat yoldaşlarına xüsusi diqqət və qayğı ilə yanaşırdı, bu ailələrin övladlarının yaxşı təhsil almaları, layiqli işlə təmin olunmaları üçün hər cür şərait yaradırdı. Bununla bağlı çoxlu sayda misallar çəkmək olar. Bunlardan yalnız biri barədə qısa da olsa söhbət açmaq istəyirəm.

...1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə erməni silahlı dəstələri Sədərək şəhəri istiqamətində hücum etdilər. Çox ağır döyüşlər oldu. Bu qanlı qarşıdurmada Şərur rayon polis şöbəsinin əməkdaşı, leytenant Məhərrəm Seyidov böyük şücaət və qəhrəmanlıq göstərərək həlak oldu.

O dövrdə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyev Məhərrəmin hüzr məclisində iştirak etmək üçün Sədərəyə gəlmiş, şəhidin valideynləri, eləcə də dörd övladının anası Şəkər Seyidova ilə görüşərək onlara təskinlik vermişdi. Şəkər xanım xatırlayır ki, o zaman cəmi 24 yaşım vardı, mənə elə gəlirdi ki, bu ağır itkiyə dözə bilməyəcəyəm. Lakin məhz Heydər Əliyev kimi dahi bir insanın belə bir ağır vaxtda bizə həyan olması Məhərrəmin ata-anası üçün də, mənim üçün də böyük təsəlli oldu”.  

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə 1998-ci ildə Azərbaycan qadınlarının I qurultayı keçirildi. Ulu öndər qurultaydakı tarixi nitqində söylədi ki, bu qurultay başa çatmaqda olan əsrdə Azərbaycanın tarixində ən böyük hadisələrdən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda demokratik cəmiyyətin, qadın hərəkatının əsasını qoyurlar.

Qurultaydan keçən qısa dövr sübut etdi ki, ölkədə qadın siyasətinin daha yetkin və daha dolğun şəkildə təşkil edilməsi üçün tələbat yaranmışdır. Məhz həmin tələbatı əsas götürən ulu öndər 2000-ci il mart ayının 6-da “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzaladı. Fərmanın birinci bəndində göstərilirdi ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilsin.

Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyev tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılaraq onun uğurlu fəaliyyət göstərməsi  təmin olundu.

Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender bərabərliyi haqqında qanun qəbul olunmuşdur. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilmişdir.  

Prezident İlham Əliyev əmindir ki, savadı, yüksək intellekti, vətənpərvərliyi ilə seçilən Azərbaycan qadını bundan sonra da xalqımızın ailə dəyərlərinin qorunub saxlanması üçün var gücü ilə çalışacaq, ölkəmizin davamlı inkişafı və tərəqqisi naminə bundan sonra da bütün enerji və bacarığını səfərbər edəcək. Dövlətimizin başçısı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunda bu fikirləri bir daha vurğulayıb. 

Ölkəmizdə gender bərabərliyi siyasəti sözdə deyil, işdə, əməldə həyata keçirilir. “Xalq qəzeti”nin müxbiri olaraq Bakıda keçirilən müxtəlif nüfuzlu tədbirlərdə iştirak etmək üçün Azərbaycana xarici ölkələrdən  təşrif buyuran qonaqlarla tez-tez görüşməli oluram.  Onlar  dəfələrlə Azərbaycanda qadınların ictimai-siyasi həyatın bütün sahələrində bu qədər yüksək səviyyədə iştirakını təsəvvür etmədiklərini dilə gətirirblər və bundan çox mənun qaldıqlarını bildiriblər. Əcnəbiləri xüsusilə seçkilər prosesində azərbaycanlı qadınların  həm seçki məntəqələrinin işinə fəal cəlb olunmaları, həm də bir yetkin vətəndaş olaraq, özünün seçmək və seçilmək hüququndan geniş istifadə etmələri yaxşı mənada təəccübləndirir.   Bəli, Azərbaycan qadınları bu gün ölkəmizdə sivil, demokratik dövlət quruculuğu sahəsində fəal iştirak edirlər. Qadınlar ölkəmizin idarəetmə sisteminin, demək olar ki, bütün sahələrində geniş təmsil olunublar. Azərbaycanın ali qanunverici orqanı - Milli Məclisdə, mərkəzi və yerli icra hakimiyyəti strukturlarında, məhkəmə orqanlarında qadınların iştirakı kifayət qədər artmışdıır.  Bu qurumların rəhbər orqanlarında çalışan qadınların sayı da artır. Hazırda bütün şəhər və rayon   icra hakimiyyəti başçılarının müavinlərindən biri məhz qadınlar təyin olunurlar.

Azərbaycan dövləti son illər qadınların layiqli işlə təmin olunmaları, övladlarının və özlərinin sağlıq durumunun daim yaxşılaşdırılması, aztəminatlı ailələrin güzəranının yüksəldilməsi  üçün düşünülmüş və ardıcıl işlər həyata keçirir. Ana və uşaqlara verilən müavinətlər ilbəil artırılır, körpələr və uşaqlı analar üçün nəzərdə tutulan imtiyazlar mütəmadi olaraq genişləndirilir. 

Qadının cəmiyyətdə ən böyük missiyası sağlam, ağıllı, tərbiyəli övladlar tərbiyə edərək böyütməkdir. Taleyin qisməti ilə ata-analarını itirən uşaqlar da var. Bakının Yeni Günəşli qəsəbəsindəki 2 saylı uşaq evində məhz valideyn himayəsindən məhrum olmuş uşaqlar toplanıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva başqa uşaq müəssisələri kimi, bu uşaq evini də tez-tez ziyarət edir, buradakı hər bir uşağın qayğı və problemi ilə yaxından maraqlanır. Uzun illər həmin müəssisədə tərbiyəçi işləyən Zümrüd Yusifova deyir ki, Mehriban xanımın adı bu uşaqların dilindən bir an düşmür, onların çoxu ölkəmizin birinci xanımını özünə ana bilir.

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bu bayram sevgi, zəriflik, gözəllik rəmzi olan qadınların bayramıdır. Qoy hər bir ana bu gün bir daha körpə balasından “Sən ən yaxşı anasan!” sözlərini eşitsin. Qoy hər bir Azərbaycan gənci saf, ülvi məhəbbətlə sevdiyi qıza onun layiq olduğu böyük sevgini bəxş etsin. Qoy mərd, igid oğullarımız  doğma torpaqlarımızdan düşməni qovub narahat şəhid ruhlarını və onların fədakar analarını sevindirsinlər. Axı, bütün qadınlar ən böyük sevgiyə, qayğıya layiqdirlər. 

Böyük Hüseyn Cavid haqlı olaraq qadını bəşəriyyətin xilaskarı hesab edirdi:

Qadın gülərsə, bu  işsiz mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

O cəmiyyət ədalətli və xoşbəxtdir ki, orada hər bir qadının şərəf və ləyaqəti qorunur.  Müstəqil Azərbaycan xalqı və dövləti məhz belə bir cəmiyyət qurur. Azərbaycan qadını gözəl, ismətli olduğu kimi, ağıllı, işgüzar və kreativdir. O, Azərbaycanın tərəqqi və intibahında fəal iştirak etməyi özünün vətəndaşlıq borcu sayır və bundan haqlı olaraq böyük qürur duyur.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında