Bu gün Yer üzünün bütün qadınları üçün unudulmaz və əziz bir gündür: 8 Mart – Beynəlxalq Qadınlar Gününün digər bayramlardan fərqi ondan ibarətdir ki, həmin gün dünyanın bütün qadınlarının bayramıdır.
Fəxr və qürürla qeyd etmək istərdim ki, Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Azərbaycan qadınları hazırda dünyanın taleyüklü milli məsələlərinin həllinə sanballı töhfələr verirlər.
Dövlət quruculuğunda qadınların yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Sevindirici haldır ki, bu gün qadınlarımıza böyük etimad göstərilir. Onlar icra stukturlarında, Milli Məclisdə, eim, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Əldə olunan nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir.
Dövlət müstəqilliyimizin bərpasından sonra ötən iyirmi beş il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir.
Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan Beynəlxalq Qadınlar Günü indi hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Əvvəllər yalnız qadınlar günü kimi tanınan bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir. Azərbaycanda qadına - anaya daim böyük ehtiram və hörmət bəslənilmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanından irəli gələn məsələlərin həlli möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Bu gün Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nın xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də Vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz fəaliyyəti ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və respublikamızın qadınlarının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın beynəlxalq aləmdə həyata keçirdiyi misilsiz siyasi və mədəni fəaliyyəti ölkə qadınlarının adını daha yüksək zirvələrə qaldırmışdır.
Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə tutduğu mövqe, bərabər hüquqlar və imkanlar üçün göstərdiyi səylər, həmçinin mötəbər qurumlarda təmsil olunması fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdəndir. Qadın adı ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Qədim keçmişimizin hər bir səhifəsi Azərbaycan qadınının müdrikliyi, fədakarlıq və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrimizin bu günlərədək layiqincə yaşadılmasında qadınlarımızn misilsiz xidməti olmuşdur.
Əziz qadınlar! Bu əziz gündə hamınızı səmimi qəlbdən təbrik edirəm və hər birinizə xoşbəxtlik, ailə səadəti arzulayıram. Arzu edirəm ki, doğma yurdlarından didərgin düşmüş qadınlarımız tezliklə isti ocaqlarına qayıtsınlar və bu əziz bayramı ata-baba torpaqlarında böyük təntənə ilə qeyd etsinlər.
Bahar MURADOVA,
Milli Məclis sədrinin müavini
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.