Qəliblərdən uzaq Mahir Qabiloğlu

Yazıçı övladının yazıçı, bəstəkar övladının bəstəkar, rəssam övladının rəssam olmasına təəccüblənmir, olası bir iş kimi baxırıq: gözünü açıb evində kağız-qələm, kitab görüb, yaxud uşaqlıqdan qulaqları musiqi səsiylə dolub, rəsm əsərlərinin arasında böyüyüb və s.

Ailə mühiti, ata-ananın sənəti, maraqları, evdə gedən söhbətlər uşaq ürəyində silinməz izlər qoyur və çox vaxt sonrakı həyat yolunu bəlirləyir. Xoşbəxtlikdən, bizdə sənət adamlarının övladlarının və ya varislərin çoxunun inkaredilməz istedadı göz önündə olduğundan, heç kimin ürəyində “atan filan sahənin tanınmış adamıydı, vacib deyildi ki, sən də onun yolunu davam etdirib adını batırasan!” etirazı, əsasən, baş qaldırmır. Digər sənətlərlə işim yox, ədəbiyyat sahəsində nə yaxşı ki, belədir. Övladların əksəriyyəti atalarına hörmət qazandırmışlar. Kamal Talıbzadəni, Məsud Əlioğlu və Afaq Məsudu, Şamo Arifi, Çingiz Ələkbərzadəni, Araz Dadaşzadəni, Yusif və Vaqif Səmədoğlu qardaşlarını, Anarı və Günel Anarqızını, Elçin və Timuçin Əfəndiyevləri, Elçin Şıxlını, Orxan Fikrətoğlunu xatırlatmaq sözümüzü təsdiq üçün yetərlidir.

Xalq şairi Qabilin oğlu Mahir uzun müddət atasının yolunu davam etdirmək istəyindən uzaq görünürdü, yaşı qırxı keçmişdi, ədəbi mühitin cazibəsini yerli-dibli qırmaq üzrəydi ki, qəfildən ilham pərisi onun da qapısını döydü. Düzdür, Mahir də yazı-pozudan tam uzaq deyildi, Dədə Qorqud ensiklopediyasında, AzTV və “Speys” televiziya şirkətlərində, “Xalq qəzeti”ndə işləmişdi və zarafatla yazdığı kimi, çalışdığı bir neçə müəssisəni “ağ günə” çıxarmışdı. İş yoldaşları, dostları onun publisist qələminə, iti ağlına və yumoruna yaxşı bələd idilər. Ancaq televiziya jurnalistikası ayrıdır, bədii nəsr ayrı...

Və nəhayət, günlərin birində Mahirin də səbri tükəndi, “ənənə” çərçivəsindən kənarda qala bilmədi və bəlkə də bu yolla atasının “nigarançılığına” son qoymaq istədi; Qabilin ruhunu “niyə Səməd Vurğunun, Rəsul Rzanın, İlyas Əfəndiyevin ədəbi davamçıları var, mənim yox?” sualına cavab axtarmaq əziyyətindən qurtardı. Öncə Qabilin “Qəribə əhvalatları”, sonra öz roman və hekayələri bir-birinin ardınca dörd kitaba çevrildi. Bundan sonra, şeir tərcüməçiliyinə başladı...

Bu kitablar, eləcə də, Qabilin “O dünyadan məktublar”ı göstərdi ki, Mahir yazıçı övladlarının yaradıcılıq cəbhəsini zəiflətmək niyyətində deyildir... Allah yolunu açıq eləsin! Mənə elə gəlir, Mahirin qələmə sarılandan sonra öz böyük “mənəvi qohum-əqrəbalarını”, tanıdığı digər yazıçı övladlarını ərklə hədəf seçməsi də elə bu yola gecikməsinin hirsindən doğulmuşdur. Yoxsa, Mahir atasının həmin adamlara sayğıyla yanaşdığını, bəziləriylə yaxın dost olduğunu hamıdan yaxşı bilir... Mahirin oxumaq imkanı tapdığım bu türlü yazılarında ərk də var, mühitimizin nöqsanlarını söyləmək cəsarəti də, inciklik də, subyektiv yanaşmalarından doğan tələskənlik də... Amma bütün bunlarla yanaşı, həmin yazıların istedadlı və iddialı bir qələmin məhsulu olduğunu, təzə nəfəsini, ciddi ictimai-siyasi və mənəvi problemlərə toxunduğunu, maraqla oxunduğunu da ayrıca qeyd etməliyəm. Mahir Qabiloğlunun yazılarına və kitablarına marağımın, onun inkişafını izləməyimin ilkin səbəbi, şübhəsiz, atasına olan sayğım, onunla uzun illər davam edən dostluğumuz olmuşdur. Qabil gördüyüm ilk yaşayan, canlı şair olmuşdu. Onda on üç yaşım vardı, bizi məktəblilərin respublika bədii olimpiadasına gətirmişdilər. Qabilin qaynı, gözəl qarmonçalan, sonradan sinif yoldaşım və yaxın dostlarımdan biri olmuş Tofiq də bizimləydi. O, Qabilin bir çox şeirini əzbər bilirdi və qiyabən yeznələrini bizə sevdirmişdi. Şairi və onun Hüsü Hacıyev küçəsindəki ikiotaqlı balaca mənzilini o vaxt görmüşdüm.

Tale elə gətirdi ki, bundan səkkiz il sonra, yəni iyirmi bir yaşımda “Ədəbiyyat və İncəsənət” qəzetində işə qəbul edildim. Qabil qəzetdə şeir şöbəsinin müdiri idi. Qısa müddətdə dostlaşdıq və bu dostluq heç vaxt pozulmadı.

Bu günlərdə Mahirin “Sandıq” kitabını oxuyanda, nədənsə, ilk dəfə bir şair evinə gedən o uşaqların həyəcanı, orada utana-utana nahar yeməyimiz və bir də balaca balkonda qoyulmuş sandıq yadıma düşdü. Qabil müəllimin anası sağ idi, sandığın üstündə oturmuşdu və bizi dilə tuturdu ki, utanmayın, iştahla yeyin. Mahir dünyaya gələndə o sandıq qalırdımı, o sandığı görmüşdümü, deyə bilmərəm və bunun elə bir əhəmiyyəti də yoxdur. Sandıqlar köhnəlir, yeni mebellərlə bir araya sığmır, atılır. Ancaq azərbaycanlıların düşüncə sistemində heç vaxt köhnəlməyən, atılmayan bir sandıq da var - yaddaş və bilgi sandığı, rəmzi sandıq, xatirə dağarcıqlarının qorunduğu sandıq.

Mahir açıb sandığı, töküb pambığı. El arasında söz var: bağlı süfrənin bir eybi var, açıq süfrənin yüz eybi... Bunu sandıq haqqında da demək olar. Bağlıdırsa, ancaq açılmamasından narazılıq edə bilərsən. Açılandan sonra çox yöndən baxıb çox cür dəyərləndirəcəklər. Əsas kimin hansı gözlə baxmasıdır.

Mənə xoş gələn Mahirin öz “Sandığ”ını açmaqdan qorxmaması, xatirələrini sərbəst şəkildə paylaşmasıdır. Belə bir cəsarətin əsas səbəbi, məncə, onun adamlara və olaylara münasibətdə atasına çox bənzəməsidir; yəni səmimiyyəti, sözü açıq və şax demək bacarığı, özü kinsiz-küdurətsiz olduğundan kiminsə onun sözündən inciyəcəyini düşünməməsi, “düz sözü zarafatla deyərlər” prinsipini əsas götürərək, bir çox həqiqəti çəkinmədən dilə gətirməsidir. Sandıqdan çıxanları Mahir “Sandıq ədəbiyyatı” adlandırır: “Bütün bunlar Azərbaycan yazıçılarının sandıq ədəbiyyatıdır. Çox adamın gördüyü, heç kimin qələmə almadığı sandıq ədəbiyyatı. Düzdür, “sandıq ədəbiyyatı” başqa mənada işlənir. Amma siz bunu memuar kimi (?) adlandıra bilərsiniz. Siz elə bilirsiniz ki, mən yazdıqlarımı Anar, Elçin Əfəndiyev, Vaqif Səmədoğlu (Allah rəhmət eləsin – S.R.), Elçin Şıxlı və adını bilmədiyiniz neçə-neçə yazıçı-şair övladı görməyibmi, bilmirmi? Görüblər. Düzünü bilsəniz, məndən on qat, bəlkə yüz qat artıq bilirlər. Amma ki, yazmırlar. ...Onların yaradıcılığını oxuyub öyrənə bilirik, amma həyatlarına yaxın gedə bilmirik”.

Göründüyü kimi, Mahir “sandıq ədəbiyyatı” ilə memuarın fərqini nəzərə alır və istəyir ki, bu ədəbi növlərə aid kitablarımızın sayı artsın, böyük yazıçılarımızın öz dövrləri, tanıdıqları insanlar haqqında düşüncələri və o dövrdə yaşamış tanışların da həmin yazıçılarla bağlı xatirələri itib-batmasın və haqlı olaraq qeyd edir ki, bu işdə, ilk növbədə, övladlar fəallıq göstərməlidir.

Memuar ədəbiyyatımızın zənginləşməsinə olan ehtiyacla bağlı Mahirin qayğılarını paylaşmamaq mümkün deyil. Doğrudan da, bizdə memuar, yol qeydləri az və yazılanda da çox vaxt bəsit yazılır. Halbuki, Manaf Süleymanovun, Qılman İlkinin, Qəzənfər Paşayevin, Məmməd Aslanın adını çəkməyə ehtiyac olmayan məşhur kitablarının, Anarın “Sizsiz”inin, yaxud Nazim Hikmət haqqında xatirələrinin timsalında belə ədəbiyyatın uğurlu nümunələrinin necə maraq doğurduğunu görmüşük. “Sandıq ədəbiyyatı” isə tamam ayrı bir mövzudur; bizdə hətta sovet dövründə də sandıq üçün yazan, demək olar ki, olmamışdı və sandıqlar açılanda ordan gizli və ya gizlədilməyə layiq olan bir şey çıxmır. Xalq şairi Qabil də sandıq ədəbiyyatı yazmırdı. Yaşıl mürəkkəblə, iri hərflərlə yazdığı şeirləri boyata qoymadan, mürəkkəbi qurumamış bizə, əlinə keçən dostlarına oxuyar və çap etdirərdi. Sonra da zəng vurub həmin şeirlərin dərc olunduğu qəzet və ya dərgini görüb-görməməyimizlə maraqlanardı. Xalq arasında da yaxşı tanınırdı, hələ sağlığında başına gələn və bəzisinin şahidi olduğumuz məzəli əhvalatları dildən-dilə gəzirdi. Bununla belə, Mahirin sandığı açılandan sonra böyük dostumuzun “qəribəlikləri”, əslində isə yüksək insani keyfiyyəti, səmimiyyəti, ailəsinə və övladına diqqəti, milli məsələlərdə barışmaz mövqeyi barədə daha çox şey öyrənirik. Təkcə Qabili yox, onun yaxınlarını, qohumlarını, qonşularını, siyasi mühitdəki və ədəbiyyatdakı yaxın dostlarını daha yaxşı tanıyırıq.

Kitabda Qabilin xarakteri bütün maraqlı tərəfləri ilə göz önündə canlanır. Onunla ölkənin müxtəlif səviyyəli adamları, elm, mədəniyyət xadimləri, siyasi liderləri arasındakı münasibətlər haqqında maraqlı cizgilərdən, xatirələrdən xəbərdar oluruq; haqqında bildiklərimizə yeniləri əlavə olunur. Bütün bunlar atasını sevən, ona bağlı olan, bununla yanaşı, Azərbaycan ədəbi, siyasi, ictimai mühitindən məlumatlı, bilgili bir övladın diliylə deyilir, təsvir edilir. Burda bəzi dəqiq olmayan və ya birtərəfli, subyektiv məqamlar da ola bilər və olmalıdır. Ona görə ki, Mahir öz dünyasını, öz görüb—bildiklərini və ya eşitdiklərini yazır; öz mövqeyini göstərir. Düşüncələrini heç kimə düstur və ya bəhs edilən mövzunun tam şəkli kimi qəbul etdirmək niyyəti yoxdur.

Əslində, memuarın, xatirənin özəlliyi də elə bundadır. Hər kəs öz baxış bucağından gördüyünü yazır, öz mühakimələriylə çıxır ortaya və bu da fikir demokratizmini genişləndirməyin bir yoludur... Əsas odur ki, kitabdakı yazıların çoxu içdən gələn, oxucunu inandıran bir səmimiyyətlə yazılıb.

Kitabdakı bir sıra əhvalatın, xatirələrin qəhrəmanları həyatdadır, tanınan adamlardır. Bu, müəllifdən xüsusi məsuliyyət tələb edir. Mahir də atası kimi, adamlar haqqında daha çox sevgiylə, onların cəmiyyətdəki yerini, gördüyü işlərin dəyərini göstərə-göstərə danışır. “Sandıq”dakı yazıları fərqləndirən mühüm cəhətlərdən biri budur. Mahir şair oğlu olsa da, ədəbiyyatın şinelindən çıxmayıb, öz dediyi kimi, AzTV-nin şinelindən çıxıb; bu isə hər gün insanlarla canlı ünsiyyət, həyatı müxtəlif yönlərdən görüb məlumat toplamaq, daim hadisələrin qaynar nöqtələrində olmaq deməkdir. Buna görə də “Sandıq” həm də televiziya jurnalistikasına həsr edilmiş, jurnalistlərin başına gələn, onların dostluğu, çətin həyatı, müşahidələri, ölkədə gedən proseslərə verdikləri qiymət haqqında zəngin bir kitabdır. Mahirin müşahidələri bizə bir çox televiziya əməkdaşını daha yaxşı tanımaq imkanı verir. Bu baxımdan kitabda şair Qabilin yaxın dostları İsmayıl Şıxlıdan, Hüseyn Abbaszadədən, Xəlil Rza Ulutürkdən başlamış, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova, jurnalist dostu Eldəniz Elgünə qədər bir çox insanların xırda epizodlardan, xəsis cizgilərdən yaranmış, amma maraqlı portretləri var. Kitabın üslubu da televiziyanın xəbər tərzinə, canlı danışığa yaxındır: qısa süjet, az söz, geniş məlumat...

O, yıpranmış qəliblərdən uzaqdır. Bəzən mühakimələrində yaşına yaraşmayan bir uşaq sadəlövhlüyü duyulsa da, bu, onun məsələlərə sadəlövh yanaşması deyil, yazısını canlı ünsiyyət tərzinə yaxınlaşdırmaq istəyidir; müəllifin üslubudur. Mahir də atası kimi, kəndə bağlıdır, daha doğrusu, Qabil müəllimin arzusuna uyğun və öz istəyilə onu kəndə bağlamışıq... Qayınatası Yardımlının çox hörmətli ziyalılarından, qocaman maarif xadimlərindən biriydi və mənim də müəllimim olmuşdu. Böyük yazıçımız İsmayıl Şıxlı ilə birgə Mahirin elçiliyini eləmiş və hətta gəlin gətirməyə də getmişdik. İndi Mahir babadır. Yazılarında da baba müdrikliyinə çatmasını və Sandığının daim dolu olmasını arzulayıram.

Sabir RÜSTƏMXANLI,
Xalq şairi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında