Gəncə şəhərinin su təchizatı sistemi yenidən qurulur

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq  bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir.

Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı)  birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi xeyli sürətləndirilib. Xatırladaq ki, Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib.  Layihənin birinci mərhələsi üzrə işlərə 2011-ci ilin sentyabr ayında başlanıb. Ötən müddətdə Göygöl su mənbəyində yeni drenaj sistemi yaradılıb, Gəncə şəhərində həcmi 4 min kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,5 kilometr uzunluğunda magistral kəmər çəkilib. 2014-cü ilin sentyabr ayında Göygöl-Gəncə magistral su xətti istifadəyə verilib. Layihənin ikinci mərhələsində isə Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, 4 kilometr uzunluğunda magistral kəmər, ümumi tutumu 12 min  kubmetr  olan 3 ədəd anbar və 6,9 kilometr uzunluğunda anbarlararası xətt inşa edilib.

Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr layihələndirilən sutəmizləyici qurğudan təmin ediləcək. Bu məqsədlə 27,5 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq başa çatdırılıb.

Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir. Ötən müddətdə 855 kilometr paylayıcı su xəttinin 87 kilometrlik, 813 kilometr kanalizasiya şəbəkəsinin isə 74 kilometrlik hissəsinin çəkilişi başa çatdırılıb. Bundan əlavə, şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 7 minə yaxın “smart-kart” tipli sayğac quraşdırılıb.

Layihənin növbəti mərhələsində şəhərin su təchizatı və kanalizasiya şəbəkələrinin bir hissəsinin, eləcə də kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur.  Bu mərhələdə 15 kilometr magistral və 136 kilometr şəbəkə su xətləri çəkiləcək, tutumu 5 min kubmetr olan su anbarı inşa ediləcək. Eyni zamanda, Gəncə şəhərinin kanalizasiya sistemlərinin bir hissəsi də yenidən qurulacaq.  Bu mərhələ çərçivəsində həmçinin 108 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi və 44 kilometr uzunluğunda kanalizasiya kollektoru tikiləcək. Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək. Bütövlükdə isə  layihə üzrə tikinti-quraşdırma işlərinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında