Xaçmaz: Uğurlar göz qabağındadır

Bütün dövrlərdə hesabat vermək kimlər üçünsə asan, kimlər üçünsə çətin və arzuolunmaz iş hesab edilib. Təbii ki, günləri, ayları, illəri səmərəsiz  keçirənlər, qüvvə və imkanları vaxtında və düzgün səfərbər edə bilməyənlər hesabat  məqamı gələndə çətin duruma düşür, nəticələr barədə danışmaqdan daha çox bəhanələr uydurmaq məcburiyyətində qalırlar.

Amma o kəslərin, yaxud kollektivlərin ki, müəssisə və təşkilatların ki, işləri qaydasındadır, onlar  üçün  hesabat verməyə nə var?!  Bu  mənada Xaçmaz Rayon İcra Hakimiyyəti  rəhbərliyinin əvvəlki illərdə olduğu kimi, 2015-ci  ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə  qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat yığıncağında da deməyə kifayət qədər sözü var idi.

Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin hesabat  məruzəsində əvvəlcə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələr xatırlandı. Qeyd olundu ki, dövlət proqramı çərçivəsində Xaçmaz  rayonunda sənaye və  kənd təsərrüfatı   istehsalının genişləndirilməsi, yol təsərrüfatı, elektrik, təbii qaz, istilik və su təchizatı, təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin tikintisi,  mənzil  təsərrüfatı,  abadlıq-quruculuq və digər  istiqamətlərdə kifayət qədər irihəcmli  işlərin  həyata keçirilməsi  nəzərdə  tutulmuşdu. Bu sahədə qarşıda duran vəzifələr uğurla həyata keçirilmişdir.

Hesabat məruzəsində qeyd olunduğu kimi, 2015-ci ildə rayon üzrə ümumi  məhsul istehsalı 387,9  milyon manat,  sənaye  məhsulunun  həcmi 34,9 milyon manat,  kənd  təsərrüfatı  məhsullarının  ümumi həcmi 203,8 milyon manat, əhaliyə göstərilən pullu  xidmətlərin  həcmi 85,2  milyon manat, pərakəndə əmtəə  dövriyyəsinin həcmi 335 milyon manat,  əsas kapitala yönəlmiş investisiyaların  həcmi 29,9 milyon manat, adambaşına düşən pul gəlirləri  2238,6 manat, orta aylıq əmək  haqqı 309,9  manat  təşkil  etmişdir.  Nəqliyyat xidmətlərinin həcmi 6,2 milyon manat, rabitə  xidmətlərinin  həcmi 1,1 milyon manat olmuşdur. İl ərzində ümumi  sahəsi 28940 kvadratmetr olan  mənzil tikilib istifadəyə verilib.  Əhalinin maddi  rifahının yaxşılaşdırılması və əlavə iş yerlərinin açılması istiqamətində ölkə  rəhbərliyinin  tapşırığına əsasən bir sıra əhəmiyyətli tədbirlər görülmüşdür. Nəticədə rayonda 1424, o cümlədən rayon icra hakimiyyətinin tabeliyində olan müəssisələrdə 465 yeni iş yeri açılmış və bu  proses davam etməkdədir.

Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də rayonda  geniş  miqyaslı abadlıq-quruculuq işləri davam etdirilmiş, “Çənlibel” istirahət  parkında yenidənqurma işləri aparılmış, rayon ərazisindəki  körpülər təmir edilmiş,  Xaçmaz və Xudat şəhərlərinin görkəmini daha da gözəlləşdirən  müxtəlif memarlıq elementləri tikilmiş,  uşaqlar üçün yeni attraksionlar quraşdırılmışdır. “Şəxsiyyətlər  muzeyi” ərazisindəki müxtəlif təyinatlı  binalar milli  üslubda üzlənmiş, açıq səma altında  muzeydə  tanınmış  şəxsiyyətlərə aid yeni büstlər ucaldılmış, beləliklə də oradakı  abidə  və büstlərin ümumi sayı 55-ə çatdırılmışdır. Bunlardan əlavə, rayon rabitə evinin  fasadında yenidənqurma  işləri  aparılmış, H.Z.Tağıyev küçəsində bulaq  kompleksi  inşa  edilmiş,  ulu öndərin  adını  daşıyan  parkda  Heydər  Əliyev  Mərkəzinin yeni  ikimərtəbəli  binasının tikintisinə  başlanmış, çoxdandır ki, fəaliyyət göstərməyən “Xəzər” kinoteatrının  binası əsaslı təmir edilərək, yenidən qurulmuşdur.

2015-ci ildə  Xaçmazın  inzibati rayon kimi təşkil olunmasının 85 illiyi tamam  oldu.  Xatırladaq ki, 2005-ci ildə  Xaçmazın 75 və 2010-cu ildə 80 illik  yubileyləri də yüksək  səviyyədə  qeyd olunmuşdur. Ötən yubileylərdə olduğu kimi, bu dəfə də  Prezident İlham Əliyev rayonun ictimai-siyasi  həyatında  xidmətlərinə görə bir qrup sakini xüsusi  sərəncamla təltif etdi.

İl ərzində  abonentlərə 10364200 manat dəyərində  elektrik  enerjisi satılmış,  bunun  müqabilində 7829600 manat  vəsait  toplanmışdır ki,  bu, istehlak  edilən enerjinin cəmi 75,5  faizini  təşkil edir. Əlbəttə, bu  göstərici ilə heç cür razılaşmaq olmaz,  istehlak olunan enerjinin  dəyəri 100 faiz ödənilməlidir.

Rayon  əhalisinin  təbii  qazla  təchizatı, yaşayış  məntəqələrinin  qazlaşdırılması istiqamətində də  hesabat ilində  əhəmiyyətli işlər həyata keçirilmişdir. Belə ki,  il ərzində rayonun 23  kəndinə  qaz  çəkilmiş, hazırda  daha 2  kəndə  qaz  çəkilişi  davam edir. Beləliklə, rayon üzrə  qazlaşdırılmış  yaşayış  məntəqələrinin sayı 89-a, abonentlərin sayı isə 28583-ə çatdırılmışdır. İstehlak olunan  təbii qazın dəyəri 92,7 faiz ödənilmişdir.   Lakin  abonentlərə  təbii qazın  bərabər  qaydada  çatdırılmasında  hələ də müəyyən  problemlər  qalmaqdadır.

Ötən il  6 kəndi  birləşdirən və 10  kilometr  uzunluğu olan Qusarçay – Pirquluoba – Yeni  həyat avtomobil yolu  tikilib istifadəyə verilmiş, Müzəffəroba  kəndinə yeni  rabitə xətti çəkilmiş, kənd  telefonlaşdırılmış, Həsənqala, Yergüc, Müşkür, Seyidlikəndyeri yaşayış məntəqələrinə  yüksək  sürətli internet avadanlıqları quraşdırılıb istifadəyə verilmişdir. Rayonun ayrı-ayrı yaşayış məntəqələrində 6 yeni  elektron ATS  tikilib istifadəyə verilmiş, 188 abonentə  yeni  telefon, 625  abonent üçün isə internet çəkilmişdir.

2015-ci ildə Xaçmaz  şəhərinin  içməli su  təchizatı və  kanalizasiya  sistemlərinin yenidən  qurulması  layihəsi  həyata keçirilməyə  başlamışdır. Bu layihəyə  görə, rayon ərazisində 153  kilometr su, 151  kilometr kanalizasiya  xətlərinin  çəkilməsi nəzərdə tutulur. Podratçı  təşkilatlar tərəfindən ilkin olaraq  2 ədəd 3000  və 2  ədəd 2000 kubmetrlik  su  anbarları tikilmiş və  xətlərin  çəkilişinə başlanmışdır. Əhalinin  suvarma  suyu ilə  təchizatının yaxşılaşdırılması  məqsədilə   rayonun  7 kəndində subartezian  quyuları  qazılmışdır.

Hesabat məruzəsində  qeyd olunduğu  kimi,  Xaçmaz  iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı  təşkil edir.  Möhtərəm  Prezidentimiz  tərəfindən “Kənd  təsərrüfatı ili” elan  edilmiş 2015-ci il rayonun kənd əməkçiləri  üçün də  uğurlu olmuşdur. Belə ki,  il ərzində rayon üzrə ümumilikdə  203,8  milyon manat  dəyərində kənd  təsərrüfatı  məhsulları  istehsal edilmişdir. 31465  hektar sahədə əkilmiş  taxılın hər hektardan 33 sentner olmaqla 104000  ton  məhsul istehsal edilmişdir ki, bu da  Xaçmaz  üçün  rekord  göstəricidir. Ötən il 121,672  ton  tərəvəz, 100 min  tona yaxın meyvə, 11393 ton  kartof, 1301 ton bostan  bitkiləri, 32286  ton  yem bitkiləri  istehsal  edilmişdir.

2016-cı ilin məhsulu üçün 32590 hektar sahədə  dənli bitkilər əkilmişdir ki,  bu da  əvvəlki ildən 1200 hektar  çoxdur. İl ərzində 48640 ton  süd, 12255 ton ət, 209 milyon ədəd yumurta istehsal edilmiş, qaramalın  baş sayı 57275,  davarların  baş sayı 87274 olmuşdur.

Yalama Dövlət damazlıq  müəssisəsinin  bazasında  ən  müasir  texnologiyalara əsaslanan pilot heyvandarlıq – südçülük  müəssisəsinin – aqroparkın yaradılması  davam edir. Ümumi sahəsi 523  hektar olan aqroparkda  1000  başlıq  heyvandarlıq kompleksi, gücü saatda 5000 ton olan yem  zavodu  quraşdırılmış, təsərrüfatın fasiləsiz su təminatı  üçün  tutumu 50000 kubmetr olan  su hovuzu  tikilmişdir.  Növbəti  mərhələdə aqroparkda  gündəlik  emal gücü  50 ton olan süd zavodu, 10 hektar ərazidə  müasir istixana  kompleksinin yaradılması, 100 hektar sahədə isə meyvə  bağının salınması  nəzərdə tutulur.

Hesabat məruzəsində 2015-ci ilin yekunları  təhlil olunmaqla yanaşı, 2016-cı  ilin  vəzifələri barədə də  ətraflı  söhbət açıldı:

– Qarşıda  daha böyük vəzifələr  durur. Biz 2016-cı ildə  daha  səmərəli işləməli,  planlaşdırdığımız  layihələri  vaxtında  və  keyfiyyətlə başa çatdırmağa çalışmalıyıq. Bunu bizdən ölkəmizin  sürətli inkişafı,  möhtərəm Prezidentimizin yorulmaz fəaliyyəti  və  rayonumuza göstərdiyi yüksək diqqət  və  qayğı tələb edir.  İnanıram ki,  birgə  səylərimizlə biz bu il də  qarşımuzda  duran vəzifələrin öhdəsindən gəlməklə ölkəmizin inkişafına  öz  layiqli töhfələrimizi  verəcəyik.

Hesabat məruzəsi ətrafında işgüzar müzakirələr olmuşdur. Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev yığıncaqda çıxış etmişdir.

Yığıncaq iştirakçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Q. CƏFƏROĞLU,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında