Martın 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilib.
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev “İlin adamı” mükafatının ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond tərəfindən 2001-ci ildə təsis edildiyini bildirdi. Diqqətə çatdırdı ki, bu mükafata Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev hər il olduğu kimi, 2015-ci ildə də ölkədəki bütün proseslərin diqqətlə izlənildiyini, ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “İlin adamı” mükafatına ən layiqli şəxsin layiq görüldüyünü dedi. Bildirdi ki, hər zaman Prezident İlham Əliyevin yanında olan, ona daim dəstək verən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün ölkə vətəndaşlarının ən ağır şəxsi problemləri zamanı üz tutduğu təşkilatdır. Cəmiyyətdə mərhəmət standartlarını müəyyən edən Mehriban Əliyevanın fəaliyyəti nəticəsində bir çox insan öz arzusuna çata bilib.
2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarından danışan Vahid Mustafayev bu Oyunların ən yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. “Bu, Prezident İlham Əliyevin qərarı ilə yaradılan Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlər sayəsində mümkün oldu. Hər bir Azərbaycan vətəndaşı Avropa Oyunlarını müşahidə etdi və bundan qürur duydu”, - deyən ANS Şirkətlər Qrupunun prezidenti ilk Avropa Oyunlarının Azərbaycanı bütün dünyaya tanıtdığını vurğuladı.
Azərbaycanda multikulturalizm ənənələrinə toxunan Vahid Mustafayev diqqətə çatdırdı ki, bu dəyərlərin təbliği nəticəsində dünyada mövcud olan qarşıdurmalar öz həllini tapa bilər. Mehriban Əliyeva isə gördüyü işlərlə həm ölkə daxilində, həm də xaricdə multikulturalizm ənənələrini təbliğ edir.
Sonra Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “2015-ci ilin adamı” mükafatına Bakı-2015 birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərə, ölkədə multikulturalizm ənənələrinin qorunub saxlanmasına verdiyi töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.
Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu 2005-ci ildə də Mehriban Əliyevaya “İlin adamı” mükafatını təqdim etmişdi.
Mərasimdə Mehriban Əliyevaya “2015-ci ilin adamı” mükafatının diplomu və pul mükafatı təqdim olundu.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.
Mehriban Əliyevanın çıxışı
– Hörmətli qonaqlar, əziz dostlar!
İlk növbədə mən sizin hər birinizi Heydər Əliyev Fondunda salamlayıram. Sizi görməyimə, sizinlə tanış olmağıma çox şadam. Heydər Əliyev Fonduna xoş gəlmisiniz.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupuna fəaliyyətimi belə yüksək qiymətləndirib, məni “2015-ci ilin adamı” elan etdiklərinə görə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, mən bu mükafatı təkcə özümün yox, sadaladığınız nailiyyətlərdə əməyi olan hər bir insanın, bizim komandamızın hər bir üzvünün, Heydər Əliyev Fondunun hər bir əməkdaşının uğuru kimi qəbul edirəm.
Heydər Əliyev Fondunun bir çox gözəl ənənələri var və onların arasında ən vacibi, hesab edirəm ki, xeyriyyəçilik ənənələridir və bu ənənələrə əsaslanaraq mənə verdiyiniz pul mükafatını Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə keçirmək fikrindəyəm.
Bu gözəl videoçarxa görə sizə bir daha minnətdarlığımı bildirirəm.
Ötən ilin yaddaqalan hadisələri arasında, əlbəttə, ilk Avropa Oyunları xüsusi yer tutur və ölkəmiz üçün bu, artıq tarixdir. Ancaq bu tarixi bütün Azərbaycan xalqı yazıb. Əminəm ki, hər birimizin ürəyində o anlar bu günə qədər yaşayır.
Müstəqillik illərində addım-addım əldə etdiyimiz nailiyyətlər, uğurlar, müstəqil Azərbaycanın formalaşması, dövlət kimi möhkəmlənməsi nəticəsində belə bir dünya əhəmiyyətli tədbir məhz bizim ölkədə, Bakıda keçirildi. Avropa Olimpiya Komitəsi bu qərarı qəbul edərkən bir neçə amilə əsaslanmışdı – ölkəmizdə mövcud olan infrastruktura, idman infrastrukturuna, idmançılarımızın beynəlxalq arenada göstərdiyi nailiyyətlərə, dövlət tərəfindən idmana göstərilən böyük diqqətə və əlbəttə, ölkəmizin ümumi inkişafına. Mən Təşkilat Komitəsinin sədri kimi, çox xoşbəxtəm ki, biz hazırlığa ayrılan qısa bir zamanda - cəmi iki il yarım ərzində Oyunları ən yüksək səviyyədə hazırlayıb keçirə bildik. Biz ilk növbədə Azərbaycan xalqı üçün böyük, möhtəşəm idman bayramı təşkil etdik. Eyni zamanda, Avropanın 50 ölkəsindən gələn 6 mindən çox idmançı, minlərlə qonaq üçün dostluq, həmrəylik, qonaqpərvərlik mühitini yarada bildik. Həmin günlər, əminəm ki, hər birimizin ürəyində bu günə qədər yaşayır. Bizim idmançılarımız ən yüksək nailiyyətlər göstərərək komanda hesabında ikinci yeri tutdular. Bizim himnimiz səsləndi, bayrağımız dəfələrlə yüksəklərə qalxdı və biz bütün dünyaya Azərbaycanın birliyini, Azərbaycanın bacarığını göstərdik.
Siz tamamilə düz qeyd etdiniz ki, heç bir təzyiq, heç bir çətinlik, üzləşdiyimiz ədalətsizliklər Azərbaycan xalqının xoş niyyətini və birliyini sarsıda bilmədi. Əminəm ki, bundan sonra da sarsıda bilməyəcək. O günlərdə yaşadığımız unudulmaz hisslər üçün mən bu gün bir daha Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə, Oyunların yüksək səviyyədə hazırlanıb keçirilməsində Təşkilat Komitəsinin hər bir üzvünün böyük rolu var idi. Belə uğurlu Oyunların arxasında çox möhkəm, güclü, savadlı, bilikli və maksimum dərəcədə iş birliyi qurmuş bir komanda dururdu.
Mən Heydər Əliyev Fondunun əməyini xüsusi vurğulamaq istəyərdim. Siz yəqin xatırlayırsınız ki, biz Oyunların təqdimat mərasimini Avropanın bir çox paytaxtlarında keçirmişdik. Bu tədbirlərdə Azərbaycanın təkcə idman sahəsində olan nailiyyətləri haqqında yox, həmçinin tarixi, mədəniyyəti, keçmişi, bu günü haqqında danışırdıq. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanı dünyada təkcə böyük enerji resurslarına malik ölkə kimi yox, həm də zəngin tarixə və mədəniyyətə malik olan ölkə kimi tanıdaq. Biz bu tədbirlərdən bir fürsət kimi ölkəmizi dünyada tanıtmaq və təqdim etmək üçün istifadə edirdik. Bu sahədə Heydər Əliyev Fondunun əməyi çox böyükdür. Biz xaricdə, dünyanın müxtəlif ölkələrində və şəhərlərində 250-dən çox belə tədbir, Azərbaycanın mədəniyyət günlərini keçirmişik. Hər bir belə tədbirdə biz Azərbaycanın tarixi reallıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Mən bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon, ölkəmizin ərazisinin 20 faizinin işğal altında olması, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında hər zaman dəfələrlə danışıram. İşğal altında olan torpaqlarda bizim mədəni və tarixi irsimiz düşmən tərəfindən hədəfə götürülüb. Bildiyiniz kimi, bu ərazilərdə Azərbaycanın 900-ə yaxın mədəni, dini və tarixi abidəsi var. Onların əksəriyyəti məhv olub. Əlbəttə, bu fürsətdən istifadə edərək biz hər dəfə bu mövzunu gündəmə gətirir, hər dəfə bu barədə danışırıq. Dünya ictimaiyyətinin diqqətini yenidən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə yönəltməyə çalışırıq.
Siz bu gün fondun fəaliyyətindən danışdınız. Bu il fond 12 illik fəaliyyətini qeyd edəcək. Əlbəttə, bizim çoxşaxəli fəaliyyətimiz var. Təhsil, mədəniyyət, gənclərə yardım, ətraf mühitin qorunması və s. Bilirsiniz ki, demək olar bizim bir sıra layihələrimiz çox böyük uğurla qarşılanıb və artıq bitirilib. Misal üçün, 2005-ci ildə fond “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə start verdi və bu layihə çərçivəsində Azərbaycanın müxtəlif regionlarında, şəhərlərində fondun dəstəyi ilə 412 məktəb tikildi. Sonradan dövlət bu proqramı dəstəklədi, bu proqrama qatıldı və 10 il ərzində ölkədə 3 mindən çox məktəb təmir olundu, yenidən quruldu. Biz keçən ildən yeni proqrama start vermişik və bu proqram çərçivəsində ölkəmizin yenə də müxtəlif şəhərlərində, regionlarında 175 yeni uşaq bağçası tikiləcək. Onların 129-nun inşası artıq başlayıb, 41-i istifadəyə verilib.
Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək - bu proqram bizim üçün xüsusi yer tutur. İlk mərhələdə ölkəmizdəki 34 uşaq evində və internat məktəbində monitorinq apardıq və orada üzləşdiyimiz vəziyyət bizi dəhşətə gətirdi. Çünki uşaqlar dözülməz vəziyyətdə yaşayırdılar. Proqramın icrası nəticəsində bu gün bütün bu müəssisələr ən yüksək səviyyədə, əsaslı təmir edilib, lazımi avadanlıqla təchiz olunub. Biz bu müəssisələrdə tərbiyə alan uşaqlarla daim ünsiyyətdəyik, onların taleyində, həyatlarında iştirak edirik. Biz onların bayramlarını, asudə günlərini təşkil etməyə çalışırıq. Artıq bilirsiniz, bizim aramızda doğma bir ünsiyyət qurulub. Bunu fondun hər bir əməkdaşı sizə deyə, göstərə bilər. Mən bilirəm ki, orada uşaqlar bu görüşləri necə gözləyirlər, biz də gözləyirik. Çünki belə görüşlər onlara nə qədər lazımdırsa, bizə də lazımdır.
Bayaq dediyim kimi, fond bu il may ayında fəaliyyətinin 12-ci ildönümünü qeyd edəcək. Bu illər ərzində bizim əldə etdiyimiz ən böyük nailiyyət Azərbaycan xalqının hörmətini və inamını qazanmaq olub. Bilirsiniz, biz minlərlə məktub alırıq. Çox zaman bu məktublarda insanlar yazırlar ki, Heydər Əliyev Fondu bizim son ümid yerimizdir. Biz bu məsuliyyəti çox yaxşı dərk edirik və ilk gündən fəaliyyətimizə başlayanda bəyan etmişdik ki, respublika əhəmiyyətli irimiqyaslı layihələrlə yanaşı, bizə müraciət edən hər bir insanın, vətəndaşın yanında olmağa, onu eşitməyə və imkan dairəsində onun probleminin həllində iştirak etməyə çalışacağıq. Biz bu prinsiplə işləmişik. Mənə elə gəlir ki, qazanılan hörmət məhz buna görədir. Çünki biz heç bir məktubu cavabsız qoymuruq, insanları eşitməyə və onların yanında olmağa çalışırıq.
Bu illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə 50 mindən çox insan həm ölkəmizdə, həm xaricdə müalicə alıb və normal həyat tərzinə qayıdıb. Təkcə ötən il yenə də Heydər Əliyev Fondunun dəstəyi ilə 142 insanın üzərində ürək əməliyyatı aparılıb və bu insanların əksəriyyəti azyaşlı uşaqlardır. Adətən, biz fəaliyyətimizin bu tərəfindən danışmırıq, çünki yardım etməyi, xüsusən də belə ağır vəziyyətdə olan insanlara yardım etməyi öz vətəndaş borcumuz kimi qəbul edirik. Mən fikirləşirəm ki, imkanı olan hər bir insan belə çətin vəziyyətə düşmüş vətəndaşa yardım etməlidir.
Fondun fəaliyyətində, Vahid müəllim, siz düz qeyd etdiniz, ölkəmizi dünyaya multikulturalizm, tolerantlıq, dözümlülük məkanı kimi təqdim etmək çox vacibdir, xüsusən də müasir dünyada çox vacibdir. Biz hesab edirik ki, insanların, xalqların bir-birinə daha yaxın olması, bir-birini daha dərindən tanıması və doğru anlamasında ən gözəl vasitə məhz humanitar əməkdaşlıqdır, humanitar layihələrdir. Azərbaycan bu gün çoxkonfessiyalı, çoxmillətli ölkədir. Biz öz dinimizə, tariximizə və mədəniyyətimizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz mədəniyyət müxtəlifliyinə çox diqqətlə və böyük hörmətlə yanaşırıq. Heydər Əliyev Fondu bu illər ərzində ölkəmizdə 50 dini, tarixi və mədəni abidənin bərpasında iştirak edib. Eyni zamanda, biz dünyada, dünyanın müxtəlif ölkələrində və şəhərlərində 40-dan çox dini və mədəni abidənin bərpasında iştirak etmişik. Bu yaxınlarda Müqəddəs Taxt-Tacda xristian dininin ən vacib, ən dəyərli abidələrindən biri olan Müqəddəs Marçellinio və Pietro katakombalarının təqdimatı oldu. Bu katakombalar Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuşdu. O görüşdə kardinal Ravazi çıxış edərkən dəfələrlə vurğuladı ki, biz bir neçə dəfə xristian ölkələrinə müraciət etmişdik ki, bizə yardım edin və biz bu çox dəyərli abidəni bərpa edək. Amma əfsuslar olsun ki, heç bir cavab almamışdıq və ilk dəfə Heydər Əliyev Fondu ilə bu barədə danışan kimi biz saziş imzaladıq. Bu layihə 3 ilə başa çatdı və biz abidənin açılışında iştirak etdik. Əlbəttə, mən o anda böyük fəxr hissi duydum, çünki hesab edirəm ki, Azərbaycan xristian dinində öz tarixi və mədəni dəyəri ilə xüsusi yer tutan bir abidənin təmirində, bərpasında iştirak edib.
Eyni zamanda, bir neçə il bundan əvvəl Vatikana aid olan muzeylərin birində Azərbaycanın tarixini və mədəniyyətini, incəsənətini, qədim xalçaçılıq sənətini təqdim edən sərgi təşkil olunmuşdu. İlk dəfə idi ki, Müqəddəs Taxt-Tacın tarixində onlara aid olan muzeydə müsəlman ölkəsi ilə bağlı sərgi təşkil edilmişdi. Hesab edirəm ki, bütün bunlar bu gün dinlərarası münasibətlərin tam sağlam zəmində qurulmasının çox gözəl nümunəsidir və ölkəmiz bu barədə dünya üçün nümunə ola bilər. Biz Azərbaycanda hökm sürən bu multikulturalizm və tolerantlıq mühitini yenə də hər bir tədbirimizdə dünya ictimaiyyətinə çatdırmağa çalışacağıq.
Əziz dostlar, son illər, müstəqillik illərində digər sahələrdə olduğu kimi, jurnalistikada da böyük dəyişikliklər baş verib. Azad, peşəkar mətbuat olmadan əsl demokratik dövlətin qurulması mümkün deyil. Söz və mətbuat azadlığı, ən kəskin məsələlərə dair diskussiyalar, cəmiyyəti narahat edən problemlərin obyektiv işıqlandırılması - bütün bu sahələrdə medianın rolu əvəzsizdir. Hər bir mətbuat qurumu ilk növbədə obyektiv və qərəzsiz olmalıdır, xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutmalıdır və cəmiyyətdə mərhəmət, ədalət prinsiplərini təbliğ etməlidir.
ANS kanalının Azərbaycan jurnalistikasında xüsusi yeri var. Siz ölkəmizin ilk müstəqil telekanalısınız. İyirmi ildən çoxdur ki, fəaliyyət göstərirsiniz və öz peşəkarlığınız, prinsipial mövqeyiniz, milli ruhunuzla Azərbaycan xalqının inamını, dəstəyini və hörmətini qazanmısınız. Müharibənin ən ağır anlarında ANS-in cəbhə xəttindən hazırladığı reportajlar hamımızın yadındadır. Artıq bu görüntülər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi xronikasına çevrilib. Milli Qəhrəman Çingiz Mustafayevin həm yüksək peşəkarlıqla, həm də cəsarətlə hazırladığı videoreportajlar Xocalı faciəsinin əsl simasını bütün dünyaya göstərdi. Bilirsiniz ki, bu günə qədər fond bu sahədə böyük işlər görür və “Xocalıya ədalət!” adlı kampaniya keçirir. Biz bütün bu materiallardan istifadə edirik və yenə də dünya ictimaiyyətinə bu dərdi çatdırırıq. ANS kanalı ölkəmizin ən ağır anları - Qanlı Yanvar, Xocalı faciəsi, ölkəmizin işğal altında olan əraziləri haqqında dünya ictimaiyyətinə çox dolğun, düzgün informasiya verir və sizin rolunuz burada çox böyükdür.
Mən sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm. Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Bir daha mənim fəaliyyətimi belə yüksək qiymətləndirdiyinizə görə dərin minnətdarlığımı bildirirəm. Sizə və ailə üzvlərinizə xoşbəxtlik və cansağlığı arzulayıram. Çox sağ olun.
* * *
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun əməkdaşları ilə xatirə şəkli çəkdirdi.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.