QAZAX: Qarşıda daha böyük işlər var

Qazax rayonunda 2015- ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  yığıncaqda icra hakimiyyətinin başçısı Ayaz Əsgərov hesabat məruzəsi ilə çıxış edərkən bildirmişdir ki, son illər bu sərhəd rayonunda əldə edilmiş nailiyyətlər ölkə Prezidenti cənab İlham Əliyevin qazaxlılara göstərdiyi qayğının nəticəsidir.

Qeyd edilmişdir ki, rayonda  regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına  uyğun  olaraq təmir-tikinti, abadlıq-quruculuq işləri əvvəlki illərdə  olduğu  kimi,  ötən ildə də uğurla  həyata keçirilmişdir. İşıqlandırma sisteminin yenilənməsi işləri sürətləndirilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə cavab verən tarix-diyarşünaslıq və bayraq muzeylərinin tikintisinə başlanılmışdır.

Ayrı-ayrı küçə və prospektlərdə və N.Nərimanov yaşayış massivində 6800 kvadratmetr asfalt örtüyü təmir edilmişdir. Rayonun kəndlərində   40 kilometrdən çox daxili yollara qum-çınqıl  döşənmişdir.

Respublika Prezidentinin sərəncamına uyğun olaraq, 2015-ci ildə 9 subartezian quyusunun qazıntısı başa çatdırılmış və onlar yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bu il isə 5 subartezian quyusunun qazılması  nəzərdə tutulmuşdur.

Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına  uyğun olaraq Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni qəsəbənin tikintisi başa çatdırılmışdır.

Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart  2015-ci il tarixli sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailə üçün nəzərdə tutulan yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikintisinin sənədləşmə işləri aparılır.

Nazirlər Kabinetinin 30 dekabr  2012-ci il tarixli sərəncamına uyğun olaraq köhnə mərkəzi xəstəxananın yerində yeni 145 çarpaylıq yeni xəstəxana kompleksinin tikintisinə başlanılmışdır. Müvəqqəti olaraq  dayandırılan işlərə yaxın vaxtlarda yenidən start veriləcəkdir.

Yaponiya səfirliyinin dəstəyi ilə Daş Salahlı həkim məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün fərdi qaydada 13 yaşayış evinin tikintisi başa çatdırılmışdır. Həmin evlərdən 8-i istifadəyə verilmişdir.

Dövlət Proqramına uyğun olaraq, Qazax şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış və baxılmaq üçün Fövqəladə Hallar Nazirliyinə göndərilmişdir. Qazax-Kosalar avtomobil yolunun tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.

Konserv zavodunun 2014-cü ildə tikintisinə başlanılmış, yeni kartof anbarında işlər tamamlanmışdır. Hər biri 480  və 504 kvadratmetr olan 5 anbar sahəsi tikilmiş və avtomatik idarə olunan soyutma, havalandırma və isitmə sistemləri ilə təchiz edilmişdir. Son texnologiyalar əsasında tikilib istifadəyə hazır vəziyyətə gətirilmiş  bu anbarlar  5500 ton təzə kartofun  öz keyfiyyətini qoruyub saxlamasına imkan verəcəkdir.

İllik gücü 1 milyon ton, ərazisi 56 hektar olan sement zavodunun birinci hissəsində tikinti işləri başa çatdırılmış, ikinci hissədə klinker istehsalı üzrə tikinti işləri davam etdirilir. 

“Saloğlu” mebel firmasının ikinci hissəsi istifadəyə verilmiş və 153 nəfər işlə təmin olunmuşdur. 

Hər  birinin illik istehsal gücü 50 min ton olan “Mətanət A” şirkəti tərəfindən Daş Salahlı kəndində və “Carçıoğlu” şirkəti tərəfindən Xanlıqlar kəndində  2 yeni əhəng zavodunun tikintisinə başlanılmışdır. Həmin zavodlarda 300-ə yaxın  yeni iş yeri açılacaqdır.

Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş - gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişinə başlanılmışdır.

Bərpa Agentliyi tərəfindən hazırda Bala Cəfərli və Məzəm kəndlərində dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 428 metr istinad divarı inşa olunur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda yeni iş yerlərinin açılması da diqqət mərkəzindədir.  Belə ki, 2003-cü ildən bu günədək  rayon üzrə 290 müəssisə yaradılmış, 10 min 130-u daimi olmaqla, 12 min 498 yeni iş yeri,  2015-ci ildə isə 17 yeni müəssisə yaradılaraq, 753 yeni iş yeri açılmışdır.

2015-ci ildə Məşğulluq Mərkəzinə 464 nəfər müraciət etmiş, vətəndaşlardan 322 nəfər işaxtaran kimi qeydiyyata alınmış və 206 nəfər münasib işlə təmin olunmuşdur.

Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə əlaqədar qəbul edilmiş sərəncam və qərarların icrasının nəticəsidir ki, 2015-ci ildə biçilmiş 6 min 40 hektar sahədən 18 min 217 ton taxıl istehsal olunmuşdur. Orta hesabla hər hektardan məhsuldarlıq 4,6 sentner artırılaraq 30,2 sentnerə çatdırılmışdır. Mövcud şum traktorlarından və digər kənd təsərrüfatı texnikalarından səmərəli istifadə olunaraq kifayət qədər şum qaldırılmışdır. Bunun nəticəsidir ki, 2016-cı ilin məhsulu üçün 7 min 761 hektarda payızlıq taxıl səpilmişdir. Bunun 5 min 647 hektarı buğdadır.

Bununla yanaşı,  meyvə istehsalı 99 ton artırılaraq 14 min 284 tona, üzüm istehsalı 208 ton artırılaraq 3 min 822 tona, kartof istehsalı isə 2 min 460 ton artırılaraq 6 min 20 tona çatdırılmışdır.

Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq 2015-ci ilin iyun ayında 4 min 693 nəfər istehsalçının becərdiyi 12 min 738 hektar sahə üçün 636 min 905 manat yanacaq və mühərrik yağına görə yardım hesablanaraq verilmişdir. İl ərzində istehsalçılara güzəştli qiymətlə 242 ton azot gübrəsi satılmışdır.

Ötən ilin yaz və payızında rayon ərazisində 377 min 500 ədəd müxtəlif növ ağac  əkilmişdir. Əkilmiş ağaclara aqrotexniki xidmət işləri davam etdirilir.

Qaymaqlı kəndində yeni yaradılmış fermaya lizinq yolu ilə Almaniyadan məhsuldar  cinsdən olan 75 baş düyə gətirilmiş və onlardan 76 baş buzov alınmışdır. Buzovların hamısı sağlamdır.

Orta Salahlı kəndində 30 min başlıq quşçuluq sexinin tikintisi başa çatdırılmışdır. Hazırda isə  istehsal və kəsim sexlərinin, həmçinin saxlama kamerasının tikinti işləri davam edir. Burada 50 nəfər üçün daimi iş yerinin açılması nəzərdə tutulur.

Heyvandarlıq sahəsində zoobaytar tədbirlərin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı artmaqdadır. Belə ki, 2015-ci ildə əvvəlki ilə  nisbətən min tondan artıq süd istehsal olunaraq 30 min tona, 249 ton (diri çəkidə) artıq ət istehsal olunaraq 5 min 501 tona və 301 min ədəd çox yumurta alınaraq 11 milyon 200  min ədədə,   mal-qaranın baş sayı 207 baş artaraq 30 min 189 başa çatdırılmışdır.

Hesabat ilində əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Dövlət proqramında nəzərdə tutulan Qazax şəhərinin elektrik daşıyıcılarının SİP kabellə əvəz olunması işlərinə başlanılmışdır. Şəhərdə, həmçinin Birinci Şıxlı və Xanlıqlar kəndlərində istismar vaxtı keçmiş, dəfələrlə təmir olunmuş transformatorların əvəzinə 22 ədəd yeni müasir tipli qapalı transformatorlar quraşdırılmasına başlanılmışdır. Onlardan artıq 10-u  sxemə qoşulmuş, 16,6 kilometr uzunluğunda kabel çəkilmiş , 462 ədəd yeni metal dayaqlar quraşdırılmış, 823   evə giriş xətləri çəkilmişdir. Rayon üzrə qazlaşma 100 faiz başa çatdırılmışdır. Ümumillikdə, 2015-ci ildə 173 nəfər yeni abonent təbii qazla təmin edilmişdir. 

Qazax şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə  torpaqayırma və layihə sənədləri hazırlanmış, yaxın vaxtlarda tikinti işlərinə başlanılması nəzərdə tutulur.

Ötən il  831 nəfər  on birinci sinif məzunundan 520 nəfəri TQDK-ya sənəd vermiş, onlardan  290 nəfəri ali məktəblərə, 55 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Qəbul edilmiş məzunlardan 59 nəfəri 500-dən, 20 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Hüseynbəyli kənd  tam orta  məktəbinin 1 nəfər məzunu qızıl medal almış və  Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. Məzunlardan 19 nəfəri respublikanın ali hərbi və xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmuşdur.

Hesabat dövründə təhsil sisteminin informasiyalaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Hazırda hər 20 şagirdə bir kompüter düşür. Rayonun 26 məktəbi internet şəbəkəsinə qoşulmuşdur.

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayon icra hakimiyyətinin dəstəyi ilə 2015-ci ilin mart ayında 10 nəfər məktəblinin Naxçıvan, noyabr ayında isə 35 nəfərin Lənkəran-Astara bölgəsinə ekskursiyası təşkil olunmuşdur.

Ötən il 5 oktyabr – Müəllimlər Günü münasibətilə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Daş Salahlı kənd 1 saylı tam orta məktəbin xarici dil müəllimi S.Xəlilova “Tərəqqi medalı” ilə təltif olunmuş və “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olaraq 5 min  manat pul mükafatı almışdır.   2015-ci ildə Azərbaycan  Prezidentinin tapşırıq və tövsiyəsi əsasında rayon əhalisi kütləvi olaraq tibbi müayinələrə cəlb edilmiş və nəticədə 3 min 269 nəfərə ambulator, 427 nəfərə stasionar müalicə kursu təyin olunmuş, 59 nəfər isə Bakıya müalicəyə göndərilmişdir. Həmçinin rayonda keçirilmiş qanvermə aksiyasında 70 litr  qan tədarük olunaraq “Mərkəzi qan bankı”na göndərilmişdir.

Hesabat dövründə   beynəlxalq yarışlarda Qazax idmançıları 18, respublika yarışlarında isə 65 dəfə mükafata layiq yerlər tutmuşlar. İdmançılardan Qismət Vəkilov, İsrafil Məmmədov, Tapdıq Pənahzadə,  Mahir Əmiraslanov, Nemət Vəkilov, Sona Məmmədova, Günel Əlizadə, Həsən Həsənov, Elşən Eyyubov, Ceyhun Məmmədli, Fərid Məmmədov, Əsgər Məmmədəliyev və Elnarə Abbasova daha yaxşı nəticələr göstərmişlər.

Rayon icra hakimiyyətində vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi cari ilin may ayında yaradılmış və il ərzində icra hakimiyyətinə daxil olmuş 877 müraciət elektron informasiya sisteminə daxil edilmişdir.

2015-ci ildə rayon icra hakimiyyəti başçısı aparatına daxil olan müraciətlərin 17,5 faizi müsbət, 4,1 faizi isə qismən həll olunmuş, 1,2 faizi əsassız sayılmış, 77 faizinə müvafiq izahat verilmiş, 0,2 faizi aidiyyəti üzrə göndərilmişdir.

2016-cı ilin yanvar ayından başlayaraq, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində hesabat- seçki yığıncaqları keçirilmişdir. Hesabatlar şəhər və kənd sakinlərinin yüksək fəallığı ilə diqqət çəkmiş, bu yığıncaqlarda söylənilmiş təkliflər ümumiləşdirilərək icra hakimiyyətinin müvafiq şöbəsinə təqdim olunmuşdur.

2016-cı ildə qarşıda daha məsul vəzifələr dayanır. Belə ki, rayonun sosial- iqtisadi inkişafı sahəsində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Hamlet QASIMOV,
“Xalq qəzeti” nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında