2015-ci ilin sosial-iqtisadi inkişafının nəticələrini təhlil etməyə yığışan sabirabadlılar öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.
İctimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda geniş məruzə ilə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ötən ilin nəticələrini təhlil edərək bildirdi ki, respublikanın hər yerində olduğu kimi, Sabirabadda da bütün sahələrdə nailiyyətlər əldə olunmuş, infrastruktur layihələr, sosial obyektlərin tikintisi uğurla həyata keçirilmış, sənaye və kənd təsərrüfatı inkişaf etdirilmişdir. 2015-ci ildə istehsal olunan məhsulun həcmi əvvəlki illə müqayisədə 106 milyon 272 min manat və ya 35,3 faiz, əsas kapitala yönəldilən investisiya 2,3 dəfə, tikinti-quraşdırma işləri 17,4 faiz, sənaye məhsulu 25,3 faiz, kənd təsərrüfatı məhsulu isə 9,9 faiz artmışdır.
İl ərzində aparılan abadlıq-quruculuq işləri barədə məlumat verən natiq bildirdi ki, şəhərdə 5 beşmərtəbəli yaşayış binası əsaslı təmir olunmuş, 14 yaşayış binasının fasadı suvanaraq rənglənmişdir. Qeyd olundu ki, ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonuna sabirabadlılar da böyük həvəslə qoşulmuş, rayon ərazisində 80 mindən çox müxtəlif növ ağac və gül kolları əkilmişdir. Məruzəçi daha sonra bildirdi ki, 2015-ci ildə rayonda 66 yeni müəssisə yaradılmış, 1021-i daimi olmaqla 1133 yeni iş yeri açılmışdır. Həmçinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 67 layihənin yerinə yetirilməsi üçün iş adamlarına 859 min 300 manat güzəştli kredit verilmişdir.
Ötən il dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 20 min nəfərin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən 43 kilometrlik Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli- Əhməd- abad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisinə başlanılması və 16,2 kilometr uzunluğunda kəndarası yolların əsaslı təmiri rayon sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur.
Sabiradlıların torpağa bağlı olduğunu nəzərə çatdıran rayon rəhbəri dedi:
– Əvvəlki illə müqayisədə ümumi məhsul istehsalı 9,9 faiz artaraq 201 milyon manata çatmışdır. 22964 hektardan 3083 tondan çox taxıl məhsulu yığılmış, hər hektardan məhsuldarlıq 37,2 sentner təşkil etmişdir (əvvəlki ildən 2,7 sentner çox). Həmçinin 3295 hektardan 55044 ton tərəvəz, 4146 hektardan 85050 ton bostan, 1327 hektardan 16414 ton kartof, 1633 hektardan 1853 ton pambıq, 17020 ton meyvə, 1310 ton üzüm istehsal edilmişdir. Nar istehsalı da xeyli artaraq 11008 tona çatmışdır. 2013-cü ildə Bulaqlı kəndində istifadəyə verilmiş və 80-100 nəfərin işlədiyi 7 hektarlıq istixana kompleksində ötən il 1172 ton pomidor, 641 ton xiyar istehsal olunmuşdur. Məhsul istehsalçılarına 2 milyon 224,5 min manat yardım verilmiş, güzəştli qaydada 3230 ton mineral gübrə satılmışdır.
Hesabat ilində rayonda 1332,7 kilometr su kanalının və 459 kilometr dren-kollektor şəbəkəsinin lildən təmizlənməsinin sahələrin daha keyfiyyətli suvarılmasına şərait yaratdığını diqqətə çatdıran natiq qeyd etdi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 30 kilometrlik “H” kanalının çəkilişi Moranlı, Sarxanbəyli, Əliləmbəyli, Azadkənd və digər kəndlərin su problemini aradan qaldırmaqla yanaşı, həmin ərazilərdə 12 min hektarı əkinə yararlı vəziyyətə gətirəcəkdir.
2015-ci ildə kənd təsərrüfatı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində heyvandarlıq sahəsində bir sıra uğurlar əldə olunmuş, əvvəlki illə müqayisədə ət istehsalı 882 ton (106 faiz), süd istehsalı 4898 ton (105,3 faiz), yun istehsalı 20 ton (104,3 faiz) artmışdır.
6 kənddə yeni yarımstansiyaların qurulması, istismara yararsız dayaqların dəyişdirilməsi, “SİP” kabellərin çəkilməsi və “smart-kart” tipli sayğacların quraşdırılması elektrik enerjisi təminatını daha da yaxşılaşdırmışdır. Təbii qazla təminatı yaxşılaşdırmaq məqsədilə də xeyli iş görülmüşdir. Hacıqabul rayonunun Talış kəndindən çəkilmiş su xətti şəhər sakinlərinin içməli su ilə təminatını xeyli yaxşılaşdırmışdır. Bundan əlavə, 38 kənddə modul tipli su durulducular quraşdırılmış, 9 kənddə qurğu istifadəyə verilmiş, 2 kənddə bu işlərə başlanılmışdır.
460 şagird yerlik Çöl Beşdəli kənd tam orta məktəbi əsaslı təmir edilmiş, 432 şagird yerlik Moranlı və 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəblərin tikintisinə başlanılmışdır. 2015-ci ildə 140 yerlik şəhər 1saylı, hər biri 40 yerlik Axısxa və Çöl Beşdəli uşaq bağçaları əsaslı təmir olunmuş, 40 yerlik Qaraağac kənd uşaq bağçasının əsaslı təmiri davam etdirilmişdir.
Məruzəçi daha sonra bildirdi: – Möhtərəm dövlət başçısı İlham Əliyevin sərəncamı ilə rayon üzrə ilk dəfə olaraq Nizami Gəncəvi adına şəhər 5 saylı tam orta məktəbin ingilis dili müəllimi Ellada Mirzəyevanın “İlin ən yaxşı müəllimi” adına layiq görülərək 5 min manatla mükafatlandırılması təhsilin düzgün inkişafına əyani sübutdur.
2015-ci ildə Məmişlər, Bulaqlı, Qardaşkənd və Zalqarağac kəndlərində tibb və həkim məntəqələri istifadəyə verilmiş, mərkəzi xəstəxananın pediatriya şöbəsi əsaslı təmir olunmuşdur. Fevralın 2-dən mayın 1-nə qədər 109224 nəfər tibbi müayinədən keçirilmişdir. Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə Tibb Universitetinin 8 ixtisas üzrə həkim briqadası Qasımbəyli və Yolçubəyli həkim məntəqələrində 556 nəfəri müayinədən keçirmişdir. Ötən il nigaha daxil olmaq istəyən 1160 nəfər tibbi müayinəyə cəlb olunmuşdur.
Rayonun mədəni həyatında qazanılmış nailiyyətləri diqqətə çatdıran natiq 1976-cı ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə tikilmiş mədəniyyət mərkəzinin dövlət başçısının qayğısı nəticəsində müasir üslubda təmir olunmasının bu sahədə əsaslı dönüşə səbəb olduğunu bildirdi. Heydər Əliyev Mərkəzində ötən il 96 tədbir təşkil olunmuş, yeni ailə quran 67 gəncin nikah mərasimi keçirilmişdir. Turizmin inkişafı məqsədilə ötən il Heydər Əliyev prospektində 40 yerlik üçulduz “Muğan-park” oteli istifadəyə verilmişdir. Baş verən yenilik və hadisələr, rayonun sosial-iqtisadi inkişafının nəticələri nüfuzlu kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
2015-ci ildə Milli Məclisə seçkilər Sabirabadda da “Seçki Məcəlləsi”nin tələblərinə tam uyğun keçirilmişdir.
Ötən il 1385 nəfər rayon sakini qəbul edilmiş və qaldırılan məsələlərə qanunamüvafiq qaydada baxılmışdır.Ümumilikdə 5228 nəfərin iştirakı ilə keçirilən 41 səyyar qəbulda 120 nəfərin müraciəti qeydə alınmış, qaldırılan məsələlərə vaxtında və həssaslıqla yanaşılmışdır.
Qazanılan uğurlarla kifayətlənmək olmaz – deyə, icra hakimiyyətinin başçsı qətiyyətlə vurğuladı ki, bundan sonra biz işimizə daha da məsuliyyətlə yanaşmalı, özümüzə qarşı tələbkarlığı artırmalıyıq. Çünki bunu bizdən məhz möhtərəm Prezidentimiz İlham Əliyev və müasir dövr tələb edir.
Milli Məclisin deputatları akademik Əhliman Əmiraslanov, Rüstəm Xəlilov, Elçin Quliyev, Prezident Administrasiyasının məsul nümayəndəsi İbrahim Mustafayev ölkədə baş verən mühüm dəyişikliklər və sosial-iqtisadi inkişaf barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdilər. Qeyd olundu ki, xalqın dövlət başçısına sarsılmaz inamı qarşıdakı bütün çətinlikləri aradan qaldırmaq üçün ən güclü və təsirli vasitədir.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.