ŞAMAXI: Sosial problemlərin həlli uğurla davam etdirilir

Ölkənin hər yerində olduğu kimi, Şamaxıda da 2015-ci ilin  sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş ümumrayon toplantısı  geniş müzakirələr, tənqid və özünütənqid şəraitində keçdi. Ötən il görülmüş işlər barədə verilən hesabatda da, hesabat ətrafında aparılan müzakirələrdə də dönə-dönə səsləndirildi ki,  iqtisadi böhran və maliyyə problemləri ilə başa çatan 2015-ci ildən bizim ölkəmizin  minimum zərərlə çıxmasının səbəbi Azərbaycan rəhbərliyinin götürdüyü siyasi kurs və həyata keçirilən islahatlar olmuşdur. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin  səsləndirdiyi geniş hesabat məruzəsində bu arqumentin çoxsaylı əsaslarını gördük.

A. Ağayev qeyd etdi ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən müddət ərzində rayonun abadlaşdırılması və əsas sosial problemlərin həlli istiqamətində kifayət qədər  işlər görülüb.  Ötən il  Şəhriyar qəsəbəsinin ərazisində Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin Şamaxı Regional Şöbəsi üçün inzibati binanın tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Şəhərin Nəriman Nərimanov küçəsində yenidənqurma və abadlıq işləri davam etdirilib.  Müasir  layihəyə uyğun olaraq küçədə barılar və piyada səkiləri yenidən qurularaq xüsusi materiallarla üzlənib, küçə boyu yeni yaşıllıqlar salınıb.

Şamaxı-Pirqulu avtomobil yolunun Əngəxaran kəndinin girişində abadlıq və yenidənqurma işləri aparılıb. Belə ki, 500 metr məsafəyə bardür çəkilərək piyadalar üçün hazırlanmış  səkilərə asfalt-beton örtüyü vurulub, həmin ərazidə bütün evlərin fasad hissələri suvanaraq rənglənib, dam örtükləri yenisi ilə əvəz edilib, yeni küçə işıqları quraşdırılıb və mərkəzi yolun kənarına istinad divarı çəkilib. Rayonun Çuxuryurd kəndində də yeni layihəyə uyğun abadlıq və yenidənqurma işləri aparılır. Kənddə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda yenidənqurma və abadlıq işlərinə başlanılıb. Parkın ərazisində yerləşən mədəniyyət evinin fasad hissəsi və binanın dam örtüyündə təmir işləri aparılıb. Kəndin mərkəzi küçəsində piyadalar üçün səkilərin yenidən çəkilməsinə başlanılıb.

Rayonu Bakı-Qazax magistral yolu ilə birləşdirən 53 kilometrlik Şamaxı-Padarçöl avtomobil yolunun tikintisi 2015-ci ildə də davam etdirilib. Yolun 48 kilometrinə asfalt-beton örtüyü vurulub. Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin Muğanlı-Şərədil istiqamətində xeyli iş görülüb. Yolun sağ və sol çiyinlərində beton küveytlər tikilib, Ağsu rayonundan Şərədil kəndinə qədər yeni asfalt-beton örtüyü vurulub. Çuxuryurd-Qaleybuğurd və Pirqulu-Dəmirçi yollarında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Dəmirçi-Lahıc yolunun yenidən çəkilməsinə başlanılıb.

 Rayon rəhbəri qeyd etdi ki, 2015-ci ildə Şamaxıda 170,1 milyon manat dəyərində ümumi məhsul istehsal olunub.  Əsas kapitala yönəldilən investisiyaların həcmi 46,6 milyon, tikinti-quraşdırma işlərinin həcmi 45,7 milyon, sənaye məhsulunun həcmi 4,8 milyon manat təşkil edib.  Pərakəndə əmtəə dövriyyəsi 195,3 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 44,4 milyon manat olub. İl ərzində orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə  12,6 manat artaraq 274,4 manat təşkil edib, əhalinin pul gəlirləri, ilkin hesablamalara görə, ötən illə müqayisədə 14,6 milyon manat artaraq 296,4 milyon manata çatıb.

Qeyd edildi ki, Şamaxının iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Bu baxımdan heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Ötən ilin sonuna kimi rayonda iribuynuzlu  qara malın sayı 38171 başa, davarların sayı 192108 başa, quşların sayı isə 273670 başa çatdırılıb. Ötən il 2016-ci ilin məhsulu üçün 20037 hektar payızlıq əkin aparılıb. 2015-ci ilin məhsulu üçün əkilmiş dənli bitkilər sahəsindən  43793,3 ton məhsul istehsal olunub. Hər hektardan məhsuldarlıq 22,3 sentner təşkil edib. “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirləməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2014-cü ildə rayonda iri taxılçılıq təsərrüfatının yaradılması məqsədilə 2723 hektar torpaq sahəsi ayrılaraq Kürdəmir Süd Emalı MMC-yə icarəyə verilib.

Bundan əlavə, Sabir qəsəbəsi ərazisində 1200 başlıq heyvandarlıq kompleksinin inşasına başlanılıb. Bu da gələcəkdə süd və ət məhsullarının bolluğuna səbəb olacaqdır. Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda rayonda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olub. Hazırda rayonda üzüm bağlarının sahəsi 1632,4 hektara çatdırılıb. Keçən il isə 10 hektar sahədə yeni üzümlük salınıb. Bundan əlavə, Meysəri kəndinin ərazisində üzüm əkilməsi məqsədilə 330 hektar torpaq sahəsi ayrılıb və 40 hektar sahədə plantaj şumu çıxarılıb. Məruzəçi qeyd etdi ki, rayonda sahibkarlığın inkişaf etdirilməsi, dövlət tərəfindən bu sahəyə hərtərəfli dəstəyin göstərilməsi xüsusi diqqət mərkəzindədir.   Ötən il  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatının inkişafı məqsədilə aqrar sektorda çalışan 56 sahibkara əvvəlki illərdə verilmiş kreditlərin qayıdışı hesabına 757,5 min manat məbləğində güzəştli kreditlər verilib, bunun nəticəsində rayonda 92 yeni iş yeri yaradılıb. Təkcə ötən il  rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artaraq 2114 subyektə çatıb, rayon üzrə 1169 daimi iş yeri açılıb. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi artmaqda davam edir. Ümumiyyətlə, dövlət proqramlarının qəbulundan sonra Şamaxı rayonunda 12140 yeni iş yeri açılıb.

“Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 noyabr tarixli sərəncamı aqrar sahənin inkişafına müsbət təsir göstərib. Nazirlər Kabinetinin  qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq “Aqrolizinq” ASC tərəfindən rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına 139,2 min manat dəyərində 930 ton mineral gübrə güzəştli şərtlərlə satılıb.

Ötən il  əhalinin sosial müdafiəsinin gücləndirilməsi  də  diqqət mərkəzində olub. Belə ki,  rayonda sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi, onlara ünvanlı sosial yardımın verilməsi  məqsədilə  1148 ailənin 5190 üzvünə 172,2 min manat ünvanlı sosial yardım verilib. İl ərzində aztəminatlı təbəqələrə, əlil və şəhid ailələrinə daxili imkanlar hesabına kömək olunub, pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılıb.  2 nəfər Qarabağ müharibəsi əlili və 2 nəfər şəhid ailəsi rayon icra hakimiyyətində güzəştli mənzil növbəsinə götürülüb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 2013-cü ildə Şamaxı şəhərində Qarabağ muharibəsi əlilləri və şəhid ailələri üçün tikintisinə başlanılmış 36 mənzilli yaşayış binasının inşası 2015-ci ildə davam etdirilib. Binanın bu il istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, rayonun qəsəbə və kəndlərində bu kateqoriyadan olan insanlara dövlət tərəfindən fərdi mənzillərin tikintisi üçün torpaq sahələri ayrılıb.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar 2015-cü ildə həyata keçirilən tədbirlər nəticəsində əhalinin elektrik enerjisi, təbii qaz, istilik və içməli su təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb.

Ötən il təhsilin maddi-texniki bazası möhkəmləndirilib, onun infrastrukturu yenilənib. Belə ki, şəhər 2, 3 saylı tam orta, 8 saylı ibtidai, Məlhəm, Məlikçobanlı kənd tam orta, Sabirli kənd ümumi orta məktəblərində və Uşaq Gənclər Yaradıcılıq Məktəbində cari təmir işləri aparılıb. 380 şagird yerlik Mədrəsə qəsəbə tam orta və 80 şagird yerlik Şərədil kənd ümumi orta məktəblərinin tikintisi sona çatdırılıb.  Şəhriyar qəsəbəsinin ərazisində isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik 4 saylı uşaq bağçasında son tamamlama işləri aparılır. Bundan əlavə, 2015-ci ildə şəhərin Şirvan küçəsində 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni bina tikilərək istifadəyə verilib.

Dövlət başçısının “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatının təsis edilməsi haqqında sərəncamı ilə əlaqədar r şəhər 2 saylı tam orta məktəbin müəllimi Mehriban Eyyubova və şəhər 1 saylı tam orta məktəbin müəllimi İlahə Əmirova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri olublar. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həmin müəllimlər beş min manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıblar. Həmçinin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkə rəhbərinin sərəncamına əsasən M.Hadi adına şəhər 9 saylı tam orta məktəbin müəllimi Mətanət Daşdəmirova “Tərəqqi” medalı ilə, Şəhriyar qəsəbə tam orta məktəbin direktoru Rəsul Rzai “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Təhsilə göstərilən qayğı da öz nəticələrini verməkdədir. Belə ki, ötən il  ali məktəblərə qəbul olunan məzunların sayı 215 nəfər olub. Onlardan 9 nəfəri 600-dən, 45 nəfəri isə 500-dən çox bal toplayıb.

Son illər dövlət başçısının tapşırığına əsasən, ölkəmizin  hər yerində olduğu kimi, Şamaxıda  da səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasında əsaslı rol oynayır. Məsələn, ötən il  rayon əhalisinə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədirlər həyata keçirilib.

Rayonun mədəniyyət sahəsində də lazımi işlər görülür. Qeyri-maddi mədəni irsimizin təbliği və təşviqi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən 2010 – 2014-cü illər üçün “Xalq yaradıcılığı paytaxtları” Proqramının bölgələrə verdiyi müsbət töhfələrini nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi qərara alınıb. Proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın ədəbiyyat paytaxtı” elan edilmişdi. Bu münasibətlə martın 4-də Azərbaycan Xalça Muzeyində təqdimat mərasimi keçirilmiş, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən Şamaxı rayonuna kubok təqdim olunmuşdu. Bu təqdimatın davamı olaraq may ayının 14-də Şamaxının “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan olunması ilə əlaqədar rayonda təntənəli təqdimat mərasimi keçirilib.  Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxtdan bölgələrə” adlı Azərbaycan mədəniyyəti və incəsənətinin bütün sahələrini əhatə edən layihəsi çərçivəsində “Milli İncəsənət Muzeyinin kolleksiyasından Azərbaycanın ədəbiyyat korifeyləri” adlı sərgisi təşkil edilib.

Məlum olduğu kimi, bu gün  turizm sənayesi artıq dünyada ən gəlirli və perspektivli sahəyə çevrilib.  Ona görə də Şamaxının Pirqulu zonasında müasir standartlara cavab verəcək yeni turizm obyektləri tikilir. Hazırda rayonda 986 yerləşmə yeri olan 24 mehmanxana və mehmanxana tipli obyekt qeydə alınıb. Təsadüfi deyil ki, son illərdə rayona gələn turistlərin sayı sürətlə artmaqdadır. Belə ki, 2015-ci ildə rayona gələn turistlərin sayı 90420 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 5170 nəfər çox idi. Turistlərin 22402 nəfəri isə əcnəbi vətəndaşlar olub.

Ötən il  rayonda təbiətin mühafizəsi və ekologiyanın qorunması sahəsində xeyli iş görülmüşdür. İDEA İctimai Birliyinin təşəbbüsü ilə hesabat ilində “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə və yaşıllaşdırma işlərinin genişləndirilməsi kampaniyası çərçivəsində müxtəlif növdə 19740 ağac əkilib. Bundan əlavə, rayonun idarə və müəssisələrinin iştirakı ilə kütləvi iməciliklər keçirilib, geniş yaşıllaşdırma tədbirləri icra olunub.

Asif Ağayev məruzəsinin sonunda  rayonun bütün sakinləri  adından Azərbaycan  Prezidentini əmin etdi  ki, ulu öndər Heydər Əliyevin ideyalarına daim sadiq olan şamaxılılar bundan sonra da dövlət  başçısının ətrafında sıx birləşərək onun qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə maksimum səy göstərəcəklər.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış etdi.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında