Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin ötənilki fəaliyyətinin yekunlarına həsr olunmuş iclasda ilkin olaraq Xocalı soqırımı şəhidlərinin xatirəsi anıldı. Bildirildi ki, bu faciə Azərbaycan xalqına qarşı törədilən amansız soyqırımı hadisəsidir.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən cəmiyyətin sədri Səmyar Abdullayev ötən il görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, 2015-ci ildə maliyyə çətinliklərinə baxmayaraq Gözdən Əlillər Cəmiyyəti bir sıra layihələrin reallaşmasını təmin etmişdir. Ötən il cəmiyyətin Brayl İnformasiya Resurs Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar əsasında idman, incəsənət, xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi” layihəsinin davamlılığını təmin etmişdir. “Sərhədsiz incəsənət” layihəsi çərçivəsində 15 cizgi filmi və iki bədii film istehsal olunaraq gözdən əlil insanlar üçün nümayiş etdirilmişdir. Respublika Məşğulluq Xidmətinin maliyyə dəstəyi ilə “Əlil ziyalılar” İctimai Birliyi cəmiyyətlə birgə kompüter və ingilis dili kursları təşkil etmişlər.
Cəmiyyətin sədrinin sözlərinə görə Asiya Müsəlmanları Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə 250 min manat dəyərində poliqrafiya avadanlıqları alınması barədə müqavilə imzalanmış və yaxın vaxtlarda həmin avadanlıqlar cəmiyyətə təqdim olunacaq.
Qeyd olundu ki, bu yaxınlarda gözdən əlil insanlar üçün yeni 132 mənzilli binanın istifadəyə verilməsi dövlətin əlillərə göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasimində gözdən əlillər ölkə başçısına belə yüksək qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər. Həmin görüşdə cənab Prezident bildirmişdir ki, “Bu, gözdən əlillər üçün tikilmiş xüsusi bir binadır. Sizdən başqa burada heç kim yaşamayacaq. ”
Bir neçə il əvvəl də gözdən əlillər üçün belə bir yaşayış binası istifadəyə verildiyi diqqətə çatdırıldı. Hazırda həmin binada gözdən əlillər rahat yaşayırlar.
Təkcə gözdən əlillər üçün deyil, digər fiziki qüsurlu insanlara da qayğı dövlət siyasətinin prioritetlərindən biridir. Bu siyasətdə başlıca məqsəd fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onları cəmiyyətin fəal üzvlərinə çevirməkdir. Bu gün gözdən əlillər Paralimpiya oyunlarında, müxtəlif səviyyəli festivallarda uğurla iştirak edir, möhtəşəm qələbələr qazanırlar.
Cəmiyyətin rəhbərliyinin təşəbbüsü ilə respublikamızda tikilən və Qafqazda analoqu olmayan Reabilitasiya Mərkəzi bütün gözdən əlil vətəndaşların istifadəsinə verilmiş ən mükəmməl və məhz gözdən əlillər üçün xüsusiləşdirilmiş məkana çevrilmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Dilmanc” layihəsi çərçivəsində gözdən əlillər üçün işlənib hazırlanmış DİLMANC mini kompüteri də əlillərə ən yaxşı töhfədir.
Heydər Əliyev Fondunun layihəsi əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə regionlarda fiziki imkanları məhdud insanlar üçün informasiya resurs mərkəzləri tikilir. Digər tərəfdən, yol infrastrukturlarında, yeraltı keçidlərdə əlillər üçün də xüsusi şərait yaradılır. Səsli işıqforlar quraşdırılır. Şübhəsiz ki, bütün bunlar əlillərə xüsusi qayğıdır.
Cəmiyyətin sədri qeyd etdi ki, Heydər Əliyev Fondunun prezideni, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini bir daha vurğulamaq lazımdır. Diqqət çəkən məqamlardan biri də odur ki, əlillər, o cümlədən gözdən əlillər işlə təmin olunur, onlara yeni ixtisaslar öyrədilir. Gözdən əlillər üçün ali və orta ixtisas, peşə müəssisələrində spesifik fakültələrin yaradılması diqqət mərkəzindədir, tibbi kolleclərin birinin nəzdində gözdən əlillər üçün xüsusi masaj ixtisası üzrə fakültə yaradılmışdır. Burada gözdən əlillər müalicəvi və idman masajı ixtisasına yiyələnirlər. Bununla da onların işlə təminatında problemləri qismən aradan qaldırılır. Artıq beş yüzdən çox əlil müxtəlif özəl və dövlət tibb müəssisələrində, klinikalarda işlə təmin olunub. Rəhbərlik etdiyim cəmiyyətin üzvləri möhtərəm Prezidentimizin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyirlər. Xalqımızın cənab İlham Əliyevə olan ehtiram və inamı sonsuzdur.
Sonra çıxış edənlər əlillərə göstərdiyi qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.