Şirvan şəhəri 2015-ci ilə yekun vurdu. Bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, önünə tər çiçəklər qoydular. Sonra yığıncaq öz işinə başladı. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov geniş məruzə edərək 2015-ci ildə görülmüş işlər barədə danışdı.
Ölkə iqtisadiyatının davamlı iqtisadi inkişafının Şirvan şəhərinin də sosial-iqtisadi inkişafına müsbət təsir göstərdiyini və bu sahədə mühüm nəticələr əldə edildiyini bildirən başçı qeyd etdi ki, 2015-ci ildə 350,1 milyon manatlıq ümumi məhsul buraxılışının əsas hissəsi, yəni 254,3 milyon manatı və ya 72,6 faizi sənaye məhsulunun, 27,4 faizi isə digər sahələrin payına düşmüşdür. Sənaye sahələrində istehsal olunan məhsulun 53,2 faizi dövlət, 46,8 faizi özəl sektorun payına düşmüşdür. Ötən il ərzində şəhərdə 249,7 min ton əmtəəlik neft, 8,6 milyon kubmetr əmtəəlik qaz və 4,5 milyard kilovatsaat elektrik enerjisi istehsal edilmiş, tikinti müəssisələri tərəfindən 23,7 milyon manat həcmində tikinti-quraşdırma işləri görülmüşdür.
Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika” və “Araz” zavodlarında yeni istehsal sahələrinin yaradılması davam etdirilmişdir.
2015-ci ildə şəhərin qaz şəbəkəsində təmir və yenidənqurma işləri aparılmış, istismara yararsız qaz kəmərləri yenisi ilə əvəzlənmişdir. Naxçıvan, M.Mirzəyev küçələrində və digər ərazilərdə 7050 metr uzunluğunda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilmişdir. Bundan əlavə, 1228 ədəd “Sənayecihaz” istehsalı olan qaz sayğacı yenisi ilə əvəz olunmuş, 238 vətəndaşın mənzilinə qaz sayğacı quraşdırılmışdır.
2015-ci ildə 8600 metr müxtəlif diametrli kabel və naqil xətləri çəkilmiş, 120 dəmir və beton dayaq quraşdırılmışdır. Natiq bildirdi ki, içməli suya olan təlabatı yaxşılaşdırmaq məqsədilə 2015-ci ildə şəhər ərazisində mərkəzi və məhəllədaxili su-kanalizasiya xətlərində cari və əsaslı təmir işləri aparılmış, 500 poqonometr su xətti yenisi ilə əvəz olunmuşdur. 668 ədəd sayğac quraşdırılaraq istifadəyə verilmişdir. O, bildirdi ki, şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması (2014-2018-ci illər) Dövlət Proqramında nəzərdə tutulmuşdur. Həmçinin, “2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq 13 nömrəli tam orta məktəb əsaslı təmir edilmiş, 20 nömrəli tam orta məktəbdə isə əsaslı təmir və idman zalında bərpa-gücləndirmə işləri başa çatdırılmışdır.
Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq 2 fevral-30 aprel tarixləri arasında şəhər Mərkəzi Xəstəxanasında 18 yaşından yuxarı 58789 nəfər müayinə olunmuşdur.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2015-ci ildə şirvanlı sahibkarlara 89200 manat kredit verilmişdir. Bu da şəhərdə 17 yeni iş yerinin açılmasına zəmin yaratmışdır. “Aqrolizinq” ASC-nin Şirvan Regionlararası Təchizat Bazası tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 15765,8 min manat həcmində 1058 lizinq xidməti göstərilmişdir. İşsizlərin işlə təmin olunması istiqamətində də müyyən işlər görüldüyünü deyən şəhər icra hakimiyyəti başçısının məlumatına əsasən 2015-ci ildə Məşğulluq Mərkəzinin xətti ilə 854 nəfər işlə təmin olunmuş, 62 nəfərə işsiz statusu verilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə M.Ə.Rəsulzadə küçəsində 10 çarpayılıq körpələr evi-uşaq bağçası tikilmişdir. Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyin sifarişi ilə Bayramlı qəsəbəsində yerləşən 6 saylı körpələr evi-uşaq bağçasında bərpa-gücləndirmə işlərinə başlanılmışdır. Şəhərin müxtəlif ünvanlarında yerləşən 38 yaşayış binasının 10200 kvadratmetr sahəni əhatə edən dam örtüyü şüşə ruberoid materialı ilə təmir edilmişdir.
DSMF-nin Şirvan şəhər şöbəsinin yeni inzibati binasının tikintisi başa çatdırılmışdır. 5 saylı Ərazi Vergilər İdarəsinin yeni inzibati binasının tikintisi davam etdirilmişdir.
Şəhərin Cənub Sənaye Qovşağında 4,5 hektarlıq ərazidə Şirvan Tara zavodunun tikintisi başa çatdırılmışdır. Şirvan Bələdiyyəsinin xətti ilə bir neçə xeyir-şər evi əsaslı təmir edilmişdir.
Təbii relyefi quraqlığa meyilli olan Şirvan şəhərində yaşıllığın nə qədər əhəmiyyət daşıdığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Bunu şirvanlılar daha yaxşı bilirlər. Onlar həm də icra hakimiyyətinin başçısı Mərdan Camalovun şəhərin yaşıllaşdırılmasına necə xüsusi həssaslıqla və qətiyyətlə yanaşdığından da xəbərdardırlar. Məhz bu qətiyyətin nəticəsində şəhər ərazisində yaşıllıq sahələri hissolunacaq dərəcədə artmışdır. 2015-ci ildə 2340 ədəd ağac, 4710 ədəd mövsümi gül kolları, 1270 kvadratmetr çim çəmən örtüyü, 520 kvadratmetr çəmən otu toxumu əkilmişdir. Şəhər üzrə isə ümumilikdə 5100 ədəd müxtəlif növ ağac və dekorativ gül kolları əkilmişdir.
Şəhərin Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində işıq, qaz, texniki su təminatının normal olduğunu deyən M.Camalov bildirdi ki, bu qəsəbələrin sakinlərinə tam orta məktəb, ATS, poçt, həkim ambulatoriyası, uşaq bağçası və bankomat xidmət göstərir. Vətəndaşların müraciətlərinə diqqətlə yanaşıldığını deyən şəhər rəhbəri məlumat verdi ki, il ərzində şəhər icra hakimiyyəti başçısının aparatına vətəndaşlardan bilavasitə 301 ərizə, təklif və şikayət daxil olmuş, hər bir müraciətə baxılması axıradək izlənmiş, nəticəsi barədə vətəndaşlara əsaslandırılmış və dolğun cavab verilmişdir. Həmçinin, 2015-ci ildə icra başçısı 579 vətəndaşı fərdi qaydada qəbul etmiş, onların müraciətlərinə diqqət və qayğı ilə yanaşılaraq, qanunla qorunan hüquqlarının təmin olunmasına kömək göstərilmişdir.
2015-ci il ərzində Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 24 iclası keçirilmişdir. Şuraya çıxarılan məsələlər şəhərin bütün infrastrukturunu əhatə etmişdir.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov çıxışının sonunda dedi:
-Mən möhtərəm Prezidentimiz İlham Əliyevin 2016-cı ildə görüləcək işlər, həyata keçiriləcək layihələr barədə qarşımıza qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcəyimizə inanıram.
Digər çıxışçılar da ötən il ərzində şəhərdə görülmüş işlərdən danışdılar. Ümumi qənaət belə oldu ki, 2015-ci il Şirvan şəhəri üçün uğurlu olmuşdur.
Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov çıxışında qeyd etdi ki, son illər bütün dünyada yaşanan iqtisadi böhrana baxmayaraq, ölkə başçısı İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində 2015-ci ildə də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı uğurla davam etdirilmiş və xeyli mühüm layihələr həyata keçirilmişdir. O, xüsusi vurğuladı ki, bu inkişafı gözügötürməyənlərin əksinə, Azərbaycan xalqının öz rəhbərinə inamı sarsılmazdır və bu inam ölkəmizi bütün sınaqlardan və çətinliklərdən məharətlə çıxaracaq. Son illər, o cümlədən, 2015-ci ildə Şirvan şəhərinin hərtərəfli tərəqqi etdiyini bildirən administrasiya rəsmisi əminliyini ifadə etdi ki, həmişə olduğu kimi, şirvanlılar bundan sonra da ölkəmizin dinamik inkişafına öz layiqli töhfələrini verəcək və bu inkişafın ön cərgələrində olacaqlar.
Daha sonra yığıncaq iştirakçıları adından ölkə başçısı İlham Əliyevə müraciət ünvanlandı.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.