Hesabat yığıncağını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
O deyib ki, respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da 2015-ci il sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olub və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilib. Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz artaraq 562,3 milyon manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 3,9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,3 faiz artıb. 2015-ci ildə adambaşına düşən pul gəlirləri 2573 manat, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 281 manat olub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına 274 layihə üzrə 2 milyon 589 min 500 manat kredit verilməsi onların fəaliyyət dairəsinin genişlənməsinə təkan verib və 331 yeni iş yerinin açılmasına səbəb olub.
“Kənd təsərrüfatı ili”ndə rayonda aqrar sahənin inkişafı təmin edilib. Rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında 111,6 milyon manatlıq məhsul istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 milyon manat və ya 3,9 faiz çoxdur. Kənd təsərrüfatı müəssisələrində bir işçinin orta aylıq əməkhaqqı 176,6 manat olub.
Rayonda 11 891 hektar taxıl əkilib ki, ondan 8 143,5 hektarını buğda, 3 747,5 hektarını arpa əkini təşkil edir. Əkilmiş taxıl sahəsindən ümumilikdə 28832 ton məhsul götürülüb. Bundan əlavə, kartof, tərəvəz və digər sahələrdən on minlərlə ton məhsul götürülüb. Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına Masallı sahibkarları 41,7 ton kartof, 19 ton soğan, 5,9 ton kələm, 9,4 ton xiyar, və 24 150 ədəd yumurta göndəriblər. Yaxın xarici ölkələrə 15 min ton faraş kartof, 26 min ton tərəvəz məhsulları ixrac olunub. Hazırda əkilməyən 7 min hektara yaxın torpaq sahəsinin əkin altına salınması minlərlə yeni iş yerinin açılmasına və əhalinin rifah halının yüksəlməsinə səbəb olacaq. Qızılağac və Kolatan kəndlərinin ərazisində “Azərsun” Holdinq tərəfindən salınan 100 hektarlıq tərəvəz və 100 hektarlıq çay plantasiyasının salınması artıq bu istiqamətdə ciddi nəticələrin əldə olunacağından xəbər verir. Qızılağac kəndində salınan 100 hektarlıq tərəvəz sahəsində 300 daimi, 100 mövsümi iş yeri açılıb. Bu il əlavə əkin işlərinin aparılması üçün “Azərsun” Holdinqə əlavə 40 hektar bələdiyyə torpağı icarəyə verilib və ümumi əkin sahəsinin həcmi 150 hektara çatdırılıb. Yaxın gələcəkdə rayon üzrə yeni texnologiya ilə əkilən tərəvəz sahələrinin ən azı 3 min hektara çatdırılması planlaşdırılır. Hazırda Masallıda 11 hektarlıq istilikxana təsərrüfatı fəaliyyət göstərir. Bundan əlavə Şərəfə kəndində 5 hektarlıq yeni istilikxana təsərrüfatının tikintisi başa çatdırılmaq üzrədir. Masallı şəhərində tədarük mərkəzinin - “Yaşıl market”in tikintisi ilə bağlı 3 hektar torpaq sahəsi ayrılıb.
Şəhərdə su-kanalizasiya xəttinin çəkilişi zamanı küçələrdə qazıntı işləri aparıldığından bərbad vəziyyətə düşmüş küçələrdə təmir-bərpa işlərinə başlanıb. Masallı şəhərinin əsas daşıyıcı küçələrinin asfaltlanması istiqamətində xeyli iş görülüb. Viləş park-bulvar kompleksinin tikintisinə start verilmiş və çay yatağının beton məcraya salınması işlərinə başlanıb. Bəndin üçdə-bir hissəsində işlər yekunlaşıb. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Ümumi sahəsi 11 min kvadratmetr olan Bayraq meydanının inşasına başlanıb. Artıq meydanın hasar çəkilib və 64 metr hündürlükdə bayraq dirəyi quraşdırılıb hazırda Bayraq muzeyində tikinti işləri davam etdirilir.
Bununla bərabər Masallı rayonlararası Mühafizə bölməsinin inzibati binası tikilib istifadəyə verilib, Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayon İnzibati-laboratoriya binasında isə son tamamlama işləri görülür. “ASAN HƏYAT” kompleksində tikinti işləri sürətlə davam edir. Birinci mərhələdə tikintisi nəzərdə tutulan “ASAN” xidmət mərkəzinin binasının beton konstruksiya işləri başa çatdırılıb və cari ilin birinci yarısında bu mərhələnin sona çatdırılıb istifadəyə verilməsi nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edək ki, “ASAN HƏYAT” kompleksinin Masallı şəhərində tikilməsi çox böyük bir hadisədir və bu xidmət bütün region üçün həyati əhəmiyyət daşıyır. Hesabat ilində Yaponiyanın Azərbaycandakı səfirliyinin köməkliyi ilə məişət tullantıları emalı poliqonu da istifadəyə verilib.
Rafil Hüseynov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Layihələrin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə son 3 ildə rayonda 60-a yaxın kəndin 173 km daxili yolları təmir edilib, Şərəfə, Türkoba kənd həkim məntəqələri, Əmirtürbə, Ləngan, Mololon kənd məktəblərində əlavə sinif otaqları, Sərçuvarda 40 yerlik yeni uşaq bağçası tikilib istifadəyə verilib, icmanın abadlaşdırılması, içməli su xətlərinin çəkilməsi layihələri həyata keçirilib.
Son illərdə Masallıda 47 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunub. Son dörd ildə isə 15 yeni məktəb binası tikilib, 3 məktəb və 5 uşaq bağçası isə əsaslı təmir olunub. Hazırda 4 məktəbin tikintisi aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə daxili imkanlar hesabına tikilən 100 yerlik Masallı şəhər 5 saylı, 60 yerlik şəhər 2 saylı və 40 yerlik Sərçuvar kənd uşaq bağçalarının binalarında son tamamlama işləri görülür.
Rayonda fəaliyyət göstərən səhiyyə müəssisələrinin maddi- texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüşdür. Son dörd il ərzində ümumilikdə 12 həkim məntəqəsi tikilib, iki sahə xəstəxanası əsaslı təmir edilib, Mərkəzi rayon xəstəxanasının isə əsaslı təmirinə başlanılıb. Hazırda Yeyənkənd, Xıl, Səmidxan, Gəyəçöl və Lürən kənd həkim məntəqələrinin tikintisi davam etdirilir. Prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına Masallı Tarix-Diyarşünaslıq muzeyində son tamamlama işləri aparılır, uşaq incəsənət məktəbinin tikintisi isə sürətlə davam etdirilir. Hər iki bina yaxın vaxtlarda istifadəyə veriləcək.
Masallı rayonunda Sənaye məhəlləsinin tikilməsi üçün hazırlıq işlərinə başlanıb. Artıq ilkin sənədləşmə və torpaq ayrılması işləri yekunlaşmaq üzrədir. 10 hektar sahəni əhatə edəcək yeni sənaye infrastrukturu Masallı iqtisadiyyatının sürətli inkişafına və təkmilləşməsinə güclü təkan verəcək.
Hesabat dövrü ərzində 2140 yeni iş yeri açılmışdır ki, onlardan 1780-i daimidir. 2015-ci ildə Masallı Rayon Məşğulluq Mərkəzinə 276 nəfər müraciət edib. Onlardan 197 nəfəri işlə təmin olunub. Cənab Prezidentin tapşırığı ilə yeni iş yerlərinin yaradılması barədə aidiyyatı üzrə göstərişlər verilib. Rayon MKTİB-nin sanitar təmizləmə sahəsində bir illik müqavilə bağlanması yolu ilə 100 yeni iş yeri yaradılıb. Bundan başqa, qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əməyə cəlb edilməsi məqsədilə şəhər ərazisindəki kommunal binaların dam örtüklərinin əsaslı təmir olunması işləri nəzərdə tutulur ki, bu zaman 5 ay müddətində 214 nəfər işçi işlə təmin olunacaq.
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Lənkəran RQİİ Masallı Xidmət Sahəsi üzrə 1 illik müqavilə şərtləri əsasında 245 yeni iş yerinin yaradılması tapşırığı verilmişdi. Artıq bu sahə üzrə işçilərin işlə təmin olunmasına başlanıb. Ümumilikdə bu proses çərçivəsində müxtəlif müəssisələrdə 1000 nəfərin məşğulluğu təmin olunacaq.
Əhalinin işıq və qaz təchizatının yaxşılaşdırılması gündəmdən düşməyən məsələdir. Artıq rayon üzrə ümumi qaz abonentlərinin sayı 32215-dir. Rayonun 103 yaşayış məntəqəsindən 80-i qazla təchiz olunub. Ötən il qazlaşdırılması nəzərdə tutulmuş 22 kənddən 7-sinə “mavi yanacaq” verilib. Qalan kəndlərdə podratçı şirkətlər tərəfindən qaz xətlərinin çəkilişinə və Ərkivan qəsəbəsində qaz xətlərinin əsaslı təmirinə başlansa da, işlər müvəqqəti dayandırılıb. Bu məsələ ciddi nəzarətə götürülüb.
Artıq 3 ildən çoxdur ki, Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanıb. Bu proses çərçivəsində görülən işlərdə uzunmüddətli gecikmələr və problemlər müşahidə olunsa da, son vaxtlar bu istiqamətdə müəyyən dönüş əldə edilib. Belə ki, 5000 kubmetr tutumu olan içməli və 15000 kubmetr tutumu olan çirkab su təmizləyici qurğuların tikintisində işlər sürətlə davam etdirilir. Cari ildə işlərin tamamlanması nəzərdə tutulur ki, bununla da şəhərin ən böyük problemi öz həllini tapacaq.
Eyni zamanda rayonun kəndlərində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılıb və “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə xətlərin çəkilməsinə başlanıb. Müəyyən maliyyə çətinliklərinin yaşanmasına baxmayaraq, hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 20 kilometrə yaxın magistral xətt çəkilib. İcra başçısı təhsil, səhiyyə və mədəniyyət sahələrində maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Bölgələrdən Paytaxta” layihəsi çərçivəsində Bakıda ilk dəfə məhz Masallı mədəniyyət ustalarının konsert proqramı keçirilib. Tədbirdə rayonun zəngin folklor nümunələrini, xalq sənətkarlığını, turizm potensialını, mətbəxini əks etdirən sərgi nümayiş olunmuşdur. Yeri gəlmişkən, turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daimi diqqət mərkəzində saxlanılır. İcra başçısının müvafiq sərəncamı ilə bağlı turist obyektlərində monitorinqlər keçirilib. Rayonda müasir müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Fərəhlidir ki, Masallının Avropa Termal şəhərlər Assosasiyası üzvlüyünə qəbul edilməsi üçün ilkin addımlar atılıb və assosasiyanın nümayəndələri bu məqsədlə Masallıya səfərə gəliblər. Hesabat dövründə rayonda ümumilikdə 23 mindən artıq turist istirahət edib ki, bunların da yarıdan çoxu xaricilər olub.
Tədbirdə çıxış edənlərdən Masallı Rayon Maliyyə İdarəsinin müdiri Azər Abdullayev, “ASAN Xidmət” Agentliyinin nümayəndəsi Ülvi Həsənzadə, sahibkar Fəxrəddin Baxışov, Türkoba inzibati ərazi dairəsi üzrə nümayəndə Leyla Əzizova, Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin sədri Hikmət Xəlilov, Mətbuat yayımı şöbəsinin müdiri Əbülfəz Nuriyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəsi Miryəhya Bədirov, Böyük Xocavar kənd tam orta məktəbinin müəllimi Həlimə Əhmədova, fermer Hadı İsmayılov, “Dəfinə” məktəb liseyinin müəllimi, “Tərəqqi” medallı Möhlət Abbasov, Qarğalıq kəndi dini icmasının sədri Rəbbi Kərimov və başqaları qazanılmış uğurlardan danışıb, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildiriblər.
Toplantıda Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Milli Məclisin deputatları Nəriman Əliyev, Fəzail İbrahimli və Musa Qasımlı çıxış edərək rayonda görülmüş işləri yüksək qiymətləndirib və 2016-cı ildə görüləcək işlərin uğurlu olacağına inam ifadə ediblər.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.