Fevralın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı humanitar fəlakət beynəlxalq hüquq müstəvisində” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, beynəlxalq hüquq sahəsi üzrə mütəxəssislər, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, icmaların, dövlət və qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
“Dəyirmi masa”nı açan Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarılması, əsir və girovların geri qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Komissiyanın yaradılması zərurətindən, Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısına qoyduğu vəzifələrdən danışıb. O, müharibə qurbanlarının, girov götürülmüş şəxslərin beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlarının təmin edilməsinin, Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.
İ.Axundov xatırladıb ki, müharibə zamanı əsir və girov düşmüş şəxslərin ölkəmizə qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 1993-cü il yanvarın 13-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, mart ayında isə müvafiq İşçi qrupu yaradılıb.
Vurğulanıb ki, erməni əsir-girovluğundan azad edilən vətəndaşlarımızın bir qisminin sonradan tibbi müayinəsi zamanı onlarda yoluxucu xəstəliklər aşkar olunub. Erməni vəhşiləri əsir və girov götürülmüş azərbaycanlıları insanlığa sığmayan işgəncələrə məruz qoyublar. Yaşlı, uşaq, qadın, yaralı olmasına əhəmiyyət qoymayaraq, dinc insanları vəhşicəsinə qətlə yetiriblər.
Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, araşdırmalar nəticəsində bütövlükdə münaqişə müddətində 6 mindən çox vətəndaşımızın itkin düşməsi, əsir-girov götürülməsi faktı müəyyən olunub. O deyib: “Ötən müddətdə 1435 vətəndaşı əsir və girovluqdan azad etmək mümkün olub. Hazırda Dövlət Komissiyasında 3860 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3162-si hərbçi, 698 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 60 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmayan, 249 nəfəri qadın, 303 nəfəri isə yaşlı şəxs olub. İtkin düşmüş 3860 nəfərdən 877 nəfərinin əsir-girov götürülməsi, yaşayış məntəqələri, kəndlər və şəhərlər işğal olunarkən öz evlərini tərk etməməsi və işğal olunan ərazilərdə qalması faktları müəyyən edilib”. E.Səmədov Ermənistan Respublikasının həmin faktları gizlətməsi barədə Dövlət Komissiyasında təkzibedilməz məlumatların olduğunu diqqətə çatdırıb.
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə İstintaq Qrupunun üzvü Ələkbər Xəlilov bildirib ki, ermənilərin azərbaycanlı girovlara insanlığa sığmayan dözülməz işgəncələr verdikləri mühasirədən qaçmış Xocalı sakinlərinin ifadələri əsasında müəyyən olunub. Hətta uşaqlara, qocalara, yaralılara da dözülməz, ağır işgəncələr veriblər. Bu işgəncələrə girovların başlarının dərisinin soyulması, burun və qulaqlarının, başlarının kəsilməsi, gözlərinin çıxarılması, diri-diri yandırılaraq öldürülməsi, onların üzərindən tırtıllı texnikanın keçməsi və başqa dəhşətli üsullar daxildir.
Birgə İstintaq Qrupunun digər üzvü Ülvi Əhmədov vurğulayıb ki, cinayət işi üzrə sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətdiyi müəyyən olunan 248, işgəncə faktları üzrə 35, terrorçuluq faktı üzrə 3, digər epizodlar üzrə 85 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə, qanunsuz silahsaxlama, cinayət barədə məlumat verməmə və sair cinayətlər törətmiş 48 nəfər olmaqla, ümumilikdə 296 şəxs barəsində məhkəmə qərarına əsasən həbs qətimkan tədbiri seçilib. Onların axtarışları ilə əlaqədar müvafiq sənədlər aidiyyəti orqanlara göndərilib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran belə əməllərin həmin işgəncələrə məruz qalmış insanların yaddaşlarında dərin izlər buraxdığını qeyd edib. Bildirib ki, müharibələrdə itkin düşmüş insanların yaxınları hər zaman müəyyən ümidlərlə yaşayırlar. Bu cür qeyri-müəyyənlik insanların psixologiyasına olduqca mənfi təsir göstərir. Həmçinin belə hallar ciddi iqtisadi, sosial, hüquqi çətinliklər yaradır. Deniz Duran təmsil etdiyi qurumun ölkəmizdəki fəaliyyətindən danışaraq diqqətə çatdırıb ki, BQXK itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı məlumatları toplayıb, Komitənin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları proses davam etdiyi müddətdə bu problemdən əziyyət çəkən ailələrə baş çəkiblər.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli “dəyirmi masa”nın əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, belə tədbirlər bu məsələ ilə bağlı faktların, məlumatların öyrənilməsi və çatdırılması baxımından əhəmiyyətlidir. O deyib: “Burada təqdim olunan faktların hamısı istintaq orqanları tərəfindən müəyyən olunan, dəqiqləşdirilən məlumatlardır və bunları danmaq qeyri-mümkündür. Bu faktlar ölkəmizə qarşı həyata keçirilmiş təcavüzkar siyasətin bütün detallarını aydın şəkildə göstərir. Eyni zamanda, ermənilərin nə qədər qaniçən, qeyri-insani xarakterə malik olduqlarını nümayiş etdirir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm və qətiyyətli addımların atıldığını söyləyən akademik deyib ki, məhz bu işlərin sayəsində ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ciddi nailiyyətlər əldə olunub.
Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxışında ermənilərin tarixən azərbaycanlılara qarşı insanlığa sığmayan qatı cinayətlər törətdiklərini qeyd edib. Bu cinayətləri əks etdirən mühüm faktlar və sənədlər var. Tarixi faktlar da təsdiqləyir ki, ermənilər azərbaycanlı uşaqları diri-diri yandıraraq qətlə yetiriblər. Ermənistan Respublikasının ərazisi azərbaycanlıların tarixən yaşadıqları torpaqlar olub. Bu gün isə bir nəfər də olsun azərbaycanlının qalmadığı Ermənistan monoetnik dövlətə çevrilib. Xocalıda azərbaycanlılara qarşı insanlığa sığmayan soyqırımı törətmiş cinayətkarlar bu gün Ermənistana rəhbərlik edirlər. Ancaq əfsuslar olsun ki, dünya ictimaiyyəti onların cəzasız qalmasına hələ də göz yumur.
Tədbirdə çıxış edən Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini Seymur Mərdəliyev və digərləri də ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında danışıblar. Natiqlər bu cinayətlərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə görülən işlərdən bəhs ediblər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.