Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin yaradıcılıq və istehsalat binası istifadəyə verilib

Muxtar respublikada məhkumluq həyatı yaşayan insanların  müxtəlif peşələr üzrə kurslara cəlbi və azadlığa buraxıldıqdan sonra öz peşələrinə uyğun işlə təmin olunması diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən  bildirilib ki, fevralın 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev çıxış edərək deyib ki, muxtar respublikada məhkumların hüquq və azadlıqlarının təmin olunması, saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, peşə vərdişlərinə yiyələnməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir. Məhkumların islah olunmasında əməyin böyük rolu vardır. Çünki peşə vərdişinə yiyələnmə məhkumun gələcəkdə cəmiyyətə uyğunlaşmasında mühüm rol oynayır. Müəssisənin istehsalat sahəsində bu günə kimi 64 məhkum kompüter istifadəçisi, misgərlik, ağac üzərində oyma və qazanxana maşinisti peşələri üzrə kurs keçib. Azad edilən məhkumlar öyrəndikləri peşələr üzrə fəaliyyətlərini davam etdirirlər. Suliddin Əliyev yaradılan şəraitə və göstərilən diqqətə görə şəxsi heyət adından minnətdarlıq edib.

Qeyd olunub ki, 2012-ci ildən etibarən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində istehsalat sahəsi yaradılmış, bəzi ixtisaslar üzrə peşələrin öyrədilməsinə başlanılmışdır. İstehsalat sahəsində hazırlanan əl işlərinin muxtar respublikada keçirilən müxtəlif sərgilərdə nümayişi və satışı təşkil olunmuşdur. Hazırda Naxçıvan şəhərində məhkumların əl işlərinin satışı mağazası fəaliyyət göstərir. Həyata keçirilən bu tədbirlər məhkumlara peşə öyrədilməsi ilə yanaşı, həm də onların ailə büdcələrinə kömək edəcək, vaxtları səmərəli keçəcəkdir.

Ali Məclisin sədri deyib: Məhkumlara peşə öyrədilməsi və onların cəmiyyətə sağlam vətəndaş kimi qaytarılması qarşıda duran əsas vəzifədir. Ona görə də məhkumluq həyatı yaşayan vətəndaşlarımıza qayğı ilə yanaşılmalı, onların yenidən həyata hazırlanmaları üçün lazımi tədbirlər görülməlidir. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlara peşə öyrədilməsi ilə yanaşı, həm də oxu günləri və digər mədəni-kütləvi tədbirlər keçirilməlidir. Məhkumlar cəmiyyətdən təcrid olunmamalı, azad olunduqdan sonra ölkəsi və ailəsi üçün yararlı vətəndaşa çevrilməlidirlər.

Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb və binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, iki mərtəbədən ibarət olan binada istehsalat və tədris otaqları, yeməkxana və nəzarətçi otağı vardır. Burada istehsalat prosesi ilə yanaşı, kompüter istifadəçisi, nəqqaşlıq və misgərlik, ağac, daş və duz üzərində oyma, dərzi, rəssam, ayaqqabı təmiri və bərbər peşələri üzrə kurslar da təşkil olunacaqdır. Bunun üçün tədris otaqları təyinatına uyğun avadanlıqlarla təmin olunub, kompüter otağında 8 kompüter dəsti quraşdırılıb, 29 məhkumun eyni vaxtda müxtəlif peşə fəaliyyəti ilə məşğul olması üçün şərait yaradılıb. Həmçinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların əl işlərindən ibarət mağaza da fəaliyyət göstərir.

Ali Məclisin sədri Naxçıvan şəhərində və rayon mərkəzlərində məhkumların əl işlərindən ibarət sərgi-satışların təşkili, müəssisədə toxuculuq peşəsi üzrə kursun açılması və burada keçirilən kursların müvafiq təşkilatlara hamiliyə verilməsi barədə tapşırıqlar verib, məhkumlara müvafiq peşələrin öyrədilməsində muxtar respublikada fəaliyyət göstərən sənətkarların iştirakının vacibliyini vurğulayıb.

Sonra Ali Məclisin sədri Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların yaşayışı, qidalanması və onlara göstərilən tibbi xidmətlə maraqlanıb, müvafiq tapşırıqlar verib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında