OĞUZ: Həyata keçirilən tədbirlər müsbət nəticələr verir

2015-ci iin sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısında səsləndirilən hesabat məruzəsində də, çıxışlarda da əminliklə ifadə edildi ki, böhran və iqtisadi çətinliklər ili olan ötən il də oğuzlular dövlətin qarşıya qoyduğu bütün tapşırıqların öhdəsindən bacarıqla gəliblər. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun tədbir iştirakçılarının nəzərinə çatdırdığı hesabatda təksə qazanılmış uğur və nailiyyətlərdən danışılmadı, həm də qarşıda daha mürəkkəb vəzifələrin dayandığı vurğulandı. Qeyd olundu ki, bütün işlər regionların sosial-iqtisadı inkişafına dair Dövlət Proqramında Oğuz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq həyata keçirilib.

Qeyd edildi ki, ötən il rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 80,3 milyon manat təşkil edib və ümumi məhsulun həcmi əvvəlki ilə nisbətən 1,7 faiz artıb. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 15 milyon manatlıq investisiya yönəldilib. 2015-ci ilin iyun ayında 4160 istehsalçıya 16873,26 hektar ərazidə əkib becərdiyi taxıl, kartof, bostan, tərəvəz, yem bitkiləri və yeni əkilmiş bağ sahələrinin becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə 843,7 min manat dövlət yardımı hesablanıb və həmin vəsaitin ödənişi təmin olunub.

Yerli əhəmiyyətli avtomobil yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri və körpülərin tikintisi davam etdirilir. Sincan-Xaçmaz-Filfilli avtomobil yolunun yenidən qurulması layihəsi üzrə işlər davam etdirilib. Rayonun elektrik enerjisi təminatının, istilik və qaz təchizatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər davam etdirilib. Oğuz şəhərində 6 ədəd, kəndlərdə isə 13 ədəd transformator quraşdırılıb. 155 ədəd yüksək gərginlikli elektrik dirəkləri yeniləri ilə əvəz edilib.

İlin əvvəlindən rayonun 11 kəndinə təbii qaz xəttinin çəkilişinə başlanılıb. Bayan, Yemişənli, Dəymədərə və Calut kəndlərində qaz xəttinin çəkilişi və sayğac quraşdırma işləri tamamilə başa çatdırılıb və kənd sakinlərinin istifadəsinə verilib. 7 kənddə isə qaz xəttinin çəkilişi işləri hazırda davam etdirilir.

Rayon rəhbəri sakinlərin içməli su ilə təminatı barədə danışarkən qeyd etdi ki, Malıx yaşayış sahəsində, Calut, Ərmənət, Xalxalqışlaq, Yaqublu və Tərkeş kəndlərində subartezian quyuları qazılıb və nasoslar qoyulub, quraşdırılmış transformatorlar xəttə qoşulub. Qumlaq, Padar, Qarabaldır, Sincan və Top kəndlərində subartezian quyularının qazılması başa çatdırılıb. Xaçmaz kəndini mühafizə edən daş-beton bəndlərində təmir işləri aparılıb. 9 kənddə suvarma arxları lildən təmizlənib. Oğuz şəhərinin qərb hissəsindən keçən Oğuz kənd arxının yuxarı hissəsində 65 metr mühafizə divarı tikilib, beton üzlük çəkilib. Xalxalçay sistemində Ərmənət kəndinin mühafizəsi üçün beton bənd quraşdırılıb.

Qeyd olundu ki, 2015-ci il ərzində Oğuz şəhərində 6 küçədə, 4 döngədə, 13 dalanda ümumilikdə 18 min 400 metr sahədə asfalt-beton örtüyün salınması üzrə tikinti işləri başa çatdırılıb. Yaqublu kəndində 220 yerlik tam orta məktəb binasının tikintisi başa çatdırılıb və istifadəyə verilib. Padar kənd körpələr evi-uşaq bağçasının təmiri üçün sənədləşmə işləri aparılıb. Təmir işləri həyata keçirilir.

Bundan başqa, xüsusilə yada salındı ki, Azərbaycan kənd investisiya layihəsi çərçivəsində Sincan kəndində uzunluğu 7850 metr olan yol təmir olunub, 7 ədəd su keçidi quraşdırılıb. Tərkeş kəndində layihəyə əsasən uzunluğu 6150 metr olan yol təmir olunub, 6 ədəd yeni su keçidi quraşdırılıb. Filfilli kəndində layihəyə əsasən 5785 metr uzunluğunda su xətti çəkilib, 1 ədəd su anbarı tikilib. Top, Zərrab kəndlərində layihəyə əsasən ümumi uzunluğu 6480 metr olan yol təmir olunub, 9 ədəd yeni su keçidi quraşdırılıb. Qarabulaq kəndində layihəyə əsasən ümumi uzunluğu 8250 metr olan yol təmir olunub. Astraxanovka kəndində layihəyə əsasən ümumi uzunluğu 7950 metr olan yol təmir olunub. Kərimli kəndində layihəyə əsasən körpələr evi-uşaq bağçasının inzibati binası təmir olunub. Qarabaldır kəndində layihəyə əsasən ümumi uzunluğu 8870 metr olan yol təmir olunub. Bütün bunlar yeni iş yerlərinin yaranmasına da səbəb olub. Oğuzda açılmış 457 yeni iş yerindən 344-ü daimi olub.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq sahibkarlar üçün imkanlar yaradılması, investisiyaların cəlb olunması sahəsində kifayət qədər işlər görülüb. Sahibkarlığa, özəl sektorun inkişafına, bu sahədə qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir. Respublikanın hər yerində olduğu kimi,Oğuzda da sahibkarlığa göstərilən qayğı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik mal-qara və quşların yetişdirilməsi sahəsində işlər davam etdirilir. Yeri gəlmişkən, 2002-2015-ci illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Oğuz rayonu üzrə 201 sahibkara 11,9 milyon manat, o cümlədən 2015-ci ildə 20 sahibkara 275 min manat güzəştli kreditlər verilib.

“Kənd təsərrüfatı ili”ndə respublikanın hər yerində olduğu kimi,Oğuzda da kənd təsərrüfatının inkişafı sahəsində bir sıra yüksək nəticələr əldə edilib. Rayonda 3 böyük fermer təsərrüfatı və 36 ailə – fermer təsərrüfatları fəaliyyət göstərir. Gələcəkdə bir neçə iri təsərrüfatın yaradılması istiqamətində mühüm işlər aparılır. İl ərzində rayona lizinq yolu ilə 48 adda kənd təsərrüfatı texnikası gətirilib.

 Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə dövr ərzində ünvanlı dövlət sosial yardım təyin olunması ilə əlaqədar 644 ailə müraciət etmişdi. 565 ailəyə komissiyanın qərarına əsasən ünvanlı sosial yardım təyin olunub. Hər bir ailəyə 155 manat, hər ailə üzvünə isə 34 manat ünvanlı sosial yardım düşür. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil növbəsinin uçotu RİH mənzil komissiyası tərəfindən aparılır. Hazırda 116 nəfər imtiyazlı şəxs mənzil növbəsinə götürülüb.

Nəqliyyat sektorunda faktiki qiymətlərlə məhsul buraxılışının həcmi 2,2 milyon manat olub. Bu, əvvəlki ilə nisbətən 4,9 faiz çoxdur. Rayonun sosial-iqtisadi həyatında mühüm rol oynayan aparıcı sahələrdən biri də rabitədir. Hesabat dövründə rabitəçilər tərəfindən müəssisə və təşkilatlara, habelə əhaliyə faktiki qiymətlərlə 429,4 min manatlıq informasiya və rabitə xidmətləri göstərilib. Xidmətlərin həcmi əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 8,8 faiz artıb.

Rayonda məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılmasında irəliləyiş əldə olunub. Belə ki, son 10 il ərzində Oğuz rayonunda 17 yeni məktəb binasının, 115 yerlik şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının tikilib istifadəyə verilməsi, 2 məktəb binasının əsaslı təmiri təhsil sahəsində infrastruktur layihələrin uğurla həyata keçirilməsinin bariz nümunəsidir. Bu gün rayonun təhsil müəssisələrində mövcud olan 323 ədəd kompüter, 58 ədəd noutbuk və 46 ədəd proyektor innovativ təlim metodlarından fəal istifadə sahəsində və tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm amilə çevrilməkdədir. 23 məktəb internet şəbəkəsinə qoşulub, rayon təhsil şöbəsinin rəsmi saytı fəaliyyətə başlayıb. Təsadüfi deyil ki, Oğuz rayonu TQDK-nın rayonlar üzrə statistik hesabatına əsasən ümumi orta təhsil səviyyəsi üzrə kənd rayonları arasında üçüncü, tam orta təhsil səviyyəsi üzrə isə kənd rayonları arasında 13-cü yeri tutub.

Eyvaz Qurbanov fəxrlə qeyd etdi ki, 2015-ci ildə rayonun ümumtəhsil məktəblərinin 195 məzunu tələbə adını qazanıb, qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanların sayı 41 nəfər, 600-dən yuxarı bal toplayanların sayı isə 8 nəfər olub. Müqayisə üçün bildiririk ki, 2014-cü ildə tələbə adını qazananların sayı 177 nəfər, 500-dən yuxarı bal toplayanların sayı 29 nəfər olmuşdu.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq 2015-ci ilin fevral ayının 2-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı, Oğuz Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayon ərazisində qeydiyyatda olan 17 yaşdan yuxarı 31002 nəfər əhalinin tibbi müayinədən keçirilməsi məqsədilə 11 nəfərdən ibarət komissiya yaradılmışdı. Tibbi müayinənin aparılması məqsədilə rayon mərkəzi xəstəxanasında 31 həkim müəyyənləşdirilmiş, iki səyyar briqada təşkil olunmuşdu. 2016-cı ildə də bu işin davam etdirilməsi nəzərdə tutulur.

Oğuz son illər respublikamızda turizm bölgəsi kimi tanınmaqdadır. Rayon günbəgün gözəlləşir və inkişaf edir. Hazırda rayonda 5 otel, 4 turizm istirahət mərkəzi, 20-dən çox ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Keçən il Oğuza 14000-ə yaxın turist gəlib. Bunlardan 520 nəfəri xarici ölkə vətəndaşları olub.

Rayon Gənclər və İdman İdarəsi il ərzində uşaq, yeniyetmə və gənclərin ideya-siyasi, vətənpərvərlik, hüquqi, mənəvi, dini, estetik tərbiyəsi və təhsili, sosial müdafiəsi, fiziki inkişafı məsələlərini əhatə edən ümumi və ayrı-ayrı sahələr üzrə konkret iş planları hazırlayaraq bu planlar əsasında fəaliyyət göstərib.

Hesabatda göstərildi ki, rayonda təbiətin mühafizəsi və ekologiyanın qorunması sahəsində bir çox işlər görülür. Şəhər və kənd ərazilərində, magistral yolların kənarlarında, parklarda ağaclar əkilir, təmizik, səliqə-sahman işləri aparılır. “İDEA” İB-nin təşəbbüsü ilə 2015-ci ilin mart-aprel və oktyabr-noyabr aylarında “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində ümumilikdə 10300 ədəd ağac əkilmişdir. Bu tədbirlərin 2016- cı ildə də keçirilməsi nəzərdə tutulub.

Eyvaz Qurbanovun daha böyük məmnunluqla yada saldığı başqa bir məlumat isə bizim tolerantlığımızın göstəricisi kimi qəbul edilə bilərdi: “1930-cu ildə yaradılmış Oğuz rayonunda müxtəlif millətlərin nümayəndələri mehriban, səmimi bir ailə kimi yaşayır, onlar Heydər Əliyev siyasi kursuna, azəbaycançılıq ideyalarına sadiq qalaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək rayonumuzun sosial-iqtisadi inkişafında fəal iştirak edirlər. Beynəlmiləl və çoxmillətli yaşayış bölgələrindən olan rayonumuzda milli-etnik azlıqlardan olan ləzgilər Qarabulaq, Astarxanovka, Filfilli kəndlərində, məhsəti türkləri, əsasən, Oğuz şəhərində, Böyük Söyüdlü, Calud kəndlərində, yəhudilər Oğuz şəhərinin cənub-qərbində, udinlər Oğuz şəhərinin şimalında, ruslar Böyük Söyüdlü kəndində kompakt şəkildə məskunlaşıblar. Rayonumuzda hazırda bütün etnik azlıqlar azərbaycanlıların malik olduqları bütün hüquqlardan istifadə edirlər. 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan olunması ilə əlaqədar bu sahəyə diqqət daha da artırılıb”.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev və Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı iştirak və çıxış etdilər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında