Cəbhə xəttinin Tərtər rayonu ərazisindən keçən hissəsi 48 kilometrdir. Qaradağlı, Qapanlı, Qaynaq, Qazyan, Yuxarı Qapanlı, Borsunlu, Həsənli kəndləri isə düşmənlə üz-üzədir. Əkin- biçin sahələri, örüş yerləri erməni silahlı qüvvələrinin, necə deyərlər, ikiaddımlığındadır. Adlarını çəkdiyimiz yaşayış məntəqələri, tez-tez düşmən hücumuna məruz qalır.
Son günlər belə namərd hücumların sayı daha da artmışdır. Cəbhə xəttində yaşayan tərtərlilər arasında ölənlər, yaralananlar var. Bir sıra kəndlərdə qoruyucu divarlar tikilməsinə baxmayaraq, evlərin əksəriyyətində güllə yerləri görünür.
Bəli, Tərtər rayonu artıq neçə ildir ki, bax, belə bir çətin, təhlükəli şəraitdə yaşayır. Ancaq bu, dəmir iradəli tərtərlilərin əlini işdən soyutmur, onları ruhdan salmır, sarsıtmır. Ötən hər gün adamları doğulub böyüdükləri bu müqəddəs yurd yerlərinə daha möhkəm tellərlə bağlayır. Tərtərlilər sabaha dərin inam və ümidlə baxır, tikir, qurur, bolluq, bərəkət yaradırlar. Son illər, xüsusilə 2015-ci ildə iqtisadi- sosial və mədəni sahələrdə əldə edilmiş uğurlar daha böyük olmuş, inkişaf və yüksəliş dinamik xətlə getmişdir. Bunu ötən ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağında səslənən fakt və rəqəmlər bir daha sübut etdi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun hesabat məruzəsində də qeyd edildiyi kimi, ötən il “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı”nın icrası istiqamətində rayonda əsaslı işlər görülmüş, sosial infrastrukturun, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, tikinti- quruculuq işlərinin aparılması sahəsində yeni naliyyətlər əldə edilmiş, bir sıra iri layihələr uğurla həyata keçirilmişdir.
Gənclər Mərkəzinin, Təhsil Şöbəsinin, Mədəniyyət evinin, YAP-ın və rayon icra hakimiyyətinin inzibati binalarının fasad hissələri gecə işıqlanma sistemi ilə təchiz olunmuşdur. Hazırda M.Əsədov və T.İsmayılov küçələrində istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri davam etdirilir. Qafur Məmmədov küçəsindəki beşmərtəbəli yaşayış binasının həyətində geniş abadlıq işləri aparılmış, ərazidə qanunsuz, pərakəndə və səliqəsiz tikililər sökülmüşdür. Hazırda həmin yaşayış massivində abad məhəllənin yaradılması işləri görülür. 100 yerlik uşaq bağçası-körpələr evinin və müasir tələblərə cavab verən Şahmat məktəbi üçün binanın tikintisi davam etdirilir.
Ümumiyyətlə, hesabat ilində rayonda ümumi məhsul buraxılışının həcmi 125,8 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 15,1 faiz çoxdur.Ümumi məhsul buraxılışının 5,6 milyon manatını sənaye, 48,1 milyon manatını kənd təsərrüfatı, 26,4 milyon manatını tikinti və quraşdırma işləri təşkil etmişdir. Tikinti-quraşdırma işlərinin həcmi 2,2 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 19,2 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 7,2 faiz çoxalmışdır. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 27,2 milyon manat olmuşdur ki, onun da 26,4 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Rayonda 6 milyon 653 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Müqayisə üçün onu da deyək ki, Tərtər rayonu da daxil olmaqla Yuxarı-Qarabağ iqtisadi rayonu üzrə 2015-ci ildə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 8,9 faiz azalmışdır. Bu iqtisadi regiona daxil olan 9 rayondan yalnız Tərtərdə 15,1 faiz artım müşahidə olunmuşdur. Ölkə üzrə ümumi məhsul buraxılışının həcmi 1,1 faiz artdığı halda, Tərtərdə 15,1 faiz artım əldə olunmuşdur.
Hesabat dövründə rayonda 415-i daimi olmaqla, 1195 yeni iş yeri açılmışdır. 2013-2015-ci illərdə isə 6507-si daimi olmaqla 16172 yeni iş yerləri yaradılmışdır.
Sahibkarlığın inkişaf etdirilməsinə Prezident İlham Əliyevin yaratdığı əlverişli şərait, dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən kömək nəticəsində rayonda 209 nəfər hüquqi, 1595 fiziki şəxs ticarət, iaşə və digər xidmət sahələrində özəl fəaliyyət göstərmişdir. Sahibkarlığa Kömək Milli Fondu il ərzində kənd təsərrüfatı məhsullarının istehsalına görə 34 sahibkara 359,2 min manat güzəştli kreditlər vermişdir. 2 bank filialı, 5 bank olmayan kredit təşkilat fəaliyyət göstərmişdir. Bank və kredit təşkilatları 8607 nəfər rayon əhalisinə 10 milyon 932,5 min manat müxtəlif növ kreditlər vermişdir.
Rayonda 48,1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 7,2 faiz çoxdur. Taxıl istehsalına görə rayon üzrə 1650 istehsalçıya 215,4 min manat, yanacaq və motor yağlarına görə 7688 nəfərə isə 1 milyon 213 min manat yardım verilmişdir.
2015-ci ilin məhsulu üçün 26,5 min hektarda əkin aparılmış, 10,8 min hektarda taxıl, 178 hektarda dən üçün qarğıdalı, 550 hektarda pambıq, 724 hektarda şəkər çuğunduru əkilmişdir. Ötən mövsümdə taxıl sahələrindən 38,9 min ton məhsul toplanmışdır. Məhsuldarlıq 2014-cü illə müqayisədə artaraq 34,5 sentner olmuşdur.
2015-ci ildə 2014-cü ilə nisbətən iri malın sayı 405 baş artaraq 26,6 minə, xırda malın sayı isə 1165 baş artaraq 73,1 minə çatmışdır. Ət istehsalı 55,1 ton, süd 3,1 min ton, yumurta 55 min ədəd artmışdır.
Süni qiymət artımının qarşısını almaq üçün Bakı şəhərində şənbə, bazar və bayram günlərində keçirilən yarmarkalara fermerlər, sahibkarlar il ərzində 342 ton meyvə-tərəvəz, 9,5 ton ət, 3,4 ton süd məhsulu, 12 min ədəd yumurta göndərmişlər.
2015-ci ilin iyun ayından uzun müddətdən bəri problem məsələ olaraq qalan Tərtər şəhəri və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Layihədə 110 kilometr içməli su xəttinin və kanalizasiya sisteminin çəkilməsi nəzərdə tutulmuşdur. Bu layihənin həyata keçirilməsi rayon sakinlərinin fasiləsiz, ekoloji cəhətdən təmiz su ilə təmin olunmasına imkan verəcəkdir. Hazırda Tərtər şəhərinin 13 küçəsində qazıntı və quraşdırma işləri aparılmışdır. 25974 metr magistral kanalizasiya xətti, 3627 metr su xətti, 25867 metr şəhərdaxili və məhəllədaxili su şəbəkəsi çəkilmişdir.
Hesabat ilində əhalinin və istehsalat sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması həyata keçirilmişdir. Tərtər, Dəmirçilər, Sarıcalı, İsmayılbəyli yarımstansiyalarında əsaslı işlər aparılmışdır. Tərtər şəhərində 10, Qapanlı kəndində 3 yeni transformator quraşdırılmışdır. Hazırda Hacıqərvənd və Yuxarı Qaradağlı kəndlərində kabelləşmə işləri davam etdirilir.
Hesabat ilində əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülmüşdür. Belə ki, 14 yaşayış məntəqəsində - İmamqulubəyli, Evoğlu, Təzəkənd, Hacıqərvənd, Kəngərli, Balakəngərli, Mamırlı, Poladlı, Borsunlu, Yuxarı Sarıcalı, Bayandurlu, Cəmilli, Qaradağlı Köçərli kəndlərinə qaz verilməsi təmin edilmişdir. Seyidimli, Sarov, Kəbirli, Xoruzlu, Dəmirçilər, Ağkənd, Azad Qaraqoyunlu, Aşağı Qapanlı, İlxıçılar, Bəyimsarov kəndlərində qazlaşma işləri sürətlə davam etdirilir və son tamamlama işləri aparılır.
2015-ci ildə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə 148,3 min manatlıq material, 64,8 min manatlıq kompüter avadanlığı, 37,4 min manat dəyərində idman avadanlığı, 16,6 min manat dəyərində yumşaq inventar alınmışdır. Qarağacı kənd tam orta məktəbində əsaslı, Əskipara kənd tam orta, Qazyan kənd ümumi orta, Kovdadıq kənd ibtidai məktəblərində cari təmir işləri aparılmışdır.
2014-2015-ci tədris ilində ali məktəbə sənəd vermiş 331 nəfər məzundan 181 nəfəri tələbə adını qazanmışdır. 6 nəfər 600-dən, 16 nəfər isə 500-dən çox bal toplamışdır. Bununla belə təəssüf doğuran haldır ki, rayonun Şıxarx 1, Mamırlı, Köçərli və Sarıcalı kənd tam orta məktəblərindən 1 nəfər də olsun məzun ali məktəbələrə qəbul olmamışdır.
Əhalinin sağlamlığının qorunması istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. 2015-ci ildə 323,7 min manat dəyərində dərman preparatları və sarğı materialları alınmışdır. Güzəştli imtiyazlarla tibbi xidmət almaq hüququna malik olan xəstələrə 222 min manatlıq pulsuz dərman preparatları verilmişdir. Təmas xəttinə yaxın məsafədə yerləşən Qapanlı kəndində yeni tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Bəyimsarov kənd sahə xəstəxanasında əsaslı təmir, Qazyan kənd həkim məntəqəsində və rayon mərkəzi xəstəxanasının yardımçı binasında cari təmir işləri aparılmışdır.
Rayon icra hakimiyyəti başçısı aparatı 2015-ci ildə vətəndaşların müraciətlərinə baxılmasını, onların qəbulunun təşkilini, qaldırılan problemlərin həll olunmasını və vaxtında cavab verilməsini daim nəzarətdə saxlamışdır. RİH-ə 679 müraciət daxil olmuş, 2105 nəfər vətəndaş qəbul olunmuşdur. Onlardan 971 nəfərini icra hakimiyyəti başçısı, 1134 nəfəri isə başçının müavinləri və şöbə müdirləri qəbul etmişlər. Rayon icra hakimiyyəti başçısının 2015-ci ildə yerlərdə keçirdiyi 42 səyyar qəbul-görüşdə 5220 vətəndaş iştirak etmiş, 374 nəfər müraciətlə çıxış etmişdir. Belə bir cəhət də xüsusi razılıq doğurur ki, 2015-ci ildə müraciətlərin sayı 2014-cü illə müqayisədə azalmışdır.
Yığıncaqda belə bir yekdil fikir ifadə edildi ki, bu gün Tərtərdə sağlam mənəvi- psixoloji mühit, təsəbbüşkar və yaradıcı ab-hava mövcuddur. Cəbhə xəttində yerləşməsinə, atəşkəs rejiminin hər gün pozulmasına, hücum və basqınlara baxmayaraq Tərtər sürətlə inkişaf edir, yenidən qurulur, düşmənin gözünə ox kimi batır. Tərtərlilər sabaha böyük inamla baxır, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən daxili və xarici siyasət xəttini ürəkdən bəyəndiklərini və müdafiə etdiklərini bəyan edirlər.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatları Ağalar
Vəliyev və Sahib Alıyev iştirak və çıxış etmişlər.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.