Goranboy Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon fəallar yığıncağında 2015-ci ildə ölkənin və rayonun sosial-iqtisadi inkişafının yekunları diqqət mərkəzində olmuşdur. Məclisi giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin illik iclasında və sonrakı toplantılardakı çıxışlarında səslənmiş başlıca müddəalar, qarşıya qoyulmuş vəzifələr barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Goranboy rayonunun sosial-iqtisadi həyatında son bir ildə baş vermiş yeniliklərdən bəhs edən videofilmin nümayişindən sonra rayon rəhbəri Goranboy RİH- in illik hesabatı ilə çıxış etmişdir. Başçı bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən üçüncü regional inkişaf proqramı ölkənin digər bölgələri kimi Goranboyun da dinamik inkişafını təmin etmişdir.
Məruzəçi qeyd etmişdir ki, 2015-ci ildə rayonun makroiqtisadi göstəricilərində müsbət dinamika müşahidə olunmuşdur. Ümumdaxili məhsulun həcmi 153,2 milyon manat olmuşdur. Sənayedə 8 milyon 784 min, kənd təsərrüfatında isə 77 milyon manatlıq məhsul istehsal edilmişdir. İl ərzində 11,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılmış, əhaliyə 51,7 milyon manatlıq ticarət, 3,3 milyon manatlıq nəqliyyat xidməti göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 3 faiz artmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 12 milyon 390,7 min manat olmuşdur.
İlin sonunda orta aylıq əmək haqqı 261,1 manata çatmışdır ki, bu da əvvəlki ilə nisbətən 3,2 faiz çoxdur. Əhalinin pul gəlirləri 250 milyon manat (əvvəlki illə müqayisədə 0,9 faiz çox) təşkil etmişdir. İl ərzində 937 yeni iş yerləri yaradılmışdır ki, bunun da 512-si daimidir. Ötən il 147 biznes layihəsinin icrası üçün Sahibkarlığa Kömək Milli Fondu və kredit təşkilatları iş adamlarına 2 milyon 27 min 200 manat kredit vermiş, bu hesaba 325 yeni iş yeri yaradılmışdır. Bütün bu tədbirlərin nəticəsidir ki, ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi ilbəil artır. 2015-ci ildə bu rəqəm 26 faiz təşkil etmişdir. Hazırda rayonda 7 sənaye müəssisəsi fəaliyyət göstərir, onların respublika iqtisadiyyatında xüsusi çəkisi var. Başçı daha sonra qeyd etmişdir ki, rayonun mövcud potensialı yeni sənaye müəssisələrinin yaradılması üçün əlverişlidir və bu sahədə görüləsi iş çoxdur. Prezident İlham Əliyevin sahibkarlığın inkişafına daim dəstək verməsinə uyğun olaraq, rayonda da özəl sahəyə ardıcıl diqqət və qayğı göstərilir. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə iş adamı Goranboy şəhərində 100 yerlik uşaq bağçası tikmiş, burada 10 nəfərə iş yeri açılmışdır. Sahibkarların istifadəyə verdikləri çörək zavodunda 12, “Qala” marketdə 6, ticarət mərkəzində 220, avtovağzalda isə 12 nəfər işlə təmin edilmişdir.
2015-ci ildə rayonda əsaslı tikinti işləri uğurla davam etdirilmişdir. “Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 20 oktyabr 2014-cü il tarixli Prezident sərəncamı ilə ayrılmış vəsait abadlıq-quruculuq işlərini daha da genişləndirməyə imkan yaratmışdır. Dövlət başçısının tapşırığına əsasən, hazırda Olimpiya İdman Kompleksinin tikintisi aparılır. Rayon Polis Şöbəsi üçün əlavə korpusun, Paylayıcı Elektrik Şəbəkəsinin inzibati binasının tikintisi başa çatmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Goranboy şöbəsinin inzibati binasının, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının tikintisi aparılır.
Hesabatda göstərilmişdir ki, yerli əhəmiyyətli problemlərin həllində bələdiyyələrin və yerli icmaların donor təşkilatlarının imkanlarından istifadəsi xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə rayonda müsbət iş təcrübəsi formalaşmışdır. Artıq yerlərdə aparılan abadlıq-quruculuq işləri, kəndarası yolların və körpülərin təmiri, içməli su xətlərinin çəkilməsi, sosial-mədəni obyektlərin inşası, təmiri və s. məsələlərlə bağlı reallaşan layihələr bunun bariz nümunəsidir. Bu layihələrin həyata keçirilməsində Yaponiya səfirliyi, “SEDA”, “Ümid”, AzKİL təşkilatları yaxından köməklik göstərmişlər. Kənd İnvestisiya Layihəsi çərçivəsində 2009-cu ildən bəri rayonda 51 layihə icra etmişdir. Son üç ildə isə 40, o cümlədən yolların təmiri üzrə 24 layihə reallaşmış, 183,8 kilometr yol yenidən qurulmuş, abadlıq işləri üzrə 11 layihə icra edilmişdir. İçməli su xətti üzrə 4 layihə icra edilmiş, 20,3 kilometr su xətti çəkilmişdir. Həmçinin bir uşaq bağçası əsaslı təmir edilmişdir. Keçən il təhsil müəssisələrinin maddi bazasının yaxşılaşdırılması istiqamətində də tədbirlər davam etdirilmişdir.
Ümumtəhsil məktəblərinin 80 faizi yenidən tikilmiş və ya əsaslı təmir edilmiş, bu təhsil ocaqlarında tədrisin normal təşkili üçün hər cür şərait yaradılmışdır. Ötən il Kələk, Qaramusalı və Borsunlu kənd tam orta məktəbləri əsaslı təmir edilmişdir. Qaradağlı kənd tam orta məktəbində və Xoylu kənd uşaq bağçasında yeni istilik sistemi quraşdırılmışdır. 10 yeni məktəb binasının tikintisi, 6-sının isə əsaslı təmiri ilə bağlı rayon rəhbərliyi Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə müraciət etmişdir.
Natiq demişdir ki, son illər məktəbəqədər tərbiyə müəssisələrinin maddi bazası da xeyli yaxşılaşmışdır. Ötən il Qaradağlı, Boluslu kənd uşaq bağçaları əsaslı təmir edilmişdir. Hazırda Ağamalıoğlu kənd uşaq bağçasının əsaslı təmirinə başlanmışdır. Şəhər 3 saylı uşaq bağçasında əsaslı bərpa və yenidənqurma işləri başa çatmaq üzrədir. Bu müəssisələrin inventar və avadanlıqlarla təminatı da xeyli yaxşılaşmışdır. Onların fəaliyyətinə müntəzəm nəzarət edilir.
Rayonun mədəniyyət müəssisələri milli-mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasıilə bağlı fəaliyyətini uğurla davam etdirir. Son illərdə bu sahənin də maddi bazası xeyli yaxşılaşmışdır. Tarix Muzeyində, Mərkəzi Kitabxana Sistemində, Goranboy şəhər, Hazırəhmədli, Sarov, Şəfəq, Nizami kənd mədəniyyət mərkəzlərində, Tap Qaraqoyunlu, Şəfəq, Borsunlu kitabxana filiallarında əsaslı təmir işləri aparılmışdır. Hazırda Rus Borisi kənd mədəniyyət mərkəzində və kitabxanasında əsaslı təmir işləri aparılır.
Mədəniyyət və Turizm Şöbəsinin təşkil etdiyi regional xalça sərgisi və Gül bayramı, 28 May Respublika Günü və rayonun yaradılmasının 85 illiyi ilə bağlı tədbirlər, Novruz şənliyi ötən ilin yaddaqalan mədəni tədbirlərindəndir.
Yığıncaqda daha sonra göstərilmişdir ki, keçən il Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir edilmişdir. Goranlı kəndində tibb məntəqəsi üçün yeni bina tikilmişdir. Əzizbəyov kəndində həkim məntəqəsi üçün binanın tikintisinə başlanılmışdır. 2014-cü il oktyabrın 18-də Prezident Goranboy rayonunda olarkən Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisi barədə tapşırıq vermişdir. Yaxın vaxtlarda tikintiyə başlanacaqdır.
Natiq kənd təsərrüfatının inkişafına mane olan məsələlər üzərində ayrıca dayanaraq qeyd etmişdir ki, rayonda təbii su mənbələri olduqca məhduddur. Son illərdə davam edən quraqlıqla əlaqədar çaylarda suyun səviyyəsi kəskin azalmışdır. Lakin Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə görülmüş operativ tədbirlər nəticəsində ötən il mövcud qurğularla 28 min hektar planlaşmaya qarşı, 36 min hektardan artıq əkin sahəsi suvarılmışdır. Artıq Şəmkir kanalının ikinci hissəsinin tikintisinə başlanmışdır. İşlər başa çatdıqdan sonra rayonda 17 min hektar əkinə yararlı torpaq sahəsinin su təminatı yaxşılaşacaqdır. Rayonda aqrar bölmədə xeyli sayda kiçik və orta fermer təsərrüfatı fəaliyyət göstərir. Onların inkişafına hər cür dəstək verilir. Artıq heyvandarlıq sahəsində iri təsərrüfatların yaradılmasına başlanmışdır. İri pambıqçılıq, taxılçılıq və heyvandarlıq təsərrüfatlarının yaradılması üçün potensial mövcuddur. Vaxtilə Goranboy rayonu taxılçılıq, pambıqçılıq, həm də heyvandarlıq rayonu kimi ad qazanmışdı. Bu ənənə davam etdirilməli, Goranboy rayonu ölkə iqtisadiyyatına yeni töhfəsini verməlidir. Bu, həm yeni iş yerləri, həm də əhalinin güzəranının yaxşılaşması deməkdir.
Hər il rayonda 20 min tona yaxın meyvə, 8 min tonadək tərəvəz istehsal edilir. Bir sözlə, hər iki sahədə emal müəssisələrinin, sexlərinin, tədarük məntəqələrinin yaradılması üçün kifayət qədər məhsul var. Ancaq belə müəssisələr olmadığından məhsul itkiyə gedir.
Goranboy şəhərində hər həftənin şənbə və bazar günləri təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkası əhalinin ucuz qiymətə ərzaq və kənd təsərrüfatı məhsuları ilə tələbatının ödənilməsində önəmli rol oynayır. Bakı şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına isə ötən il 8 adda 147 ton məhsul göndərilmişdir. Hazırda bu iş davam etdirilir.
Əhalinin enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Bütövlükdə rayon üzrə elektrik təsərrüfatı istismar müddətini başa vurduğundan enerji verilişində fasilələr yaranır. Ona görə də ilkin olaraq Goranboy şəhərində elektrik təsərrüfatının yenidən qurulmasına başlanılmışdır. 17 yeni transformator məntəqəsi quraşdırılaraq istismara verilmiş, 7800 metr SİB kabel çəkilmişdir və işlər davam etdirilir.
Ötən il rayonun Yolqullar, Şadılı, Azad, Dəyirmanlar, Baxçakürd, Əzizbəyov kəndləri və Veyisli kəndi yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivi qazlaşdırılmış, ümumilikdə 791 evə təbii qaz verilmişdir. Qaraçinar, Əhmədabad, Kələk və Xınalı kəndərində isə son tamamlama işləri aparılır və yaxın günlərdə həmin kəndlərə təbii qazın verilişi təmin ediləcəkdir. Hazırda Qaxtut, Qaramusalı, Səmədabad, Sarov, Yolpaq, Goranlı və Yəhərçi Qazaxlar kəndlərində təbii qazın çəkilişi davam etdirilir. Bu işlər başa çatdıqdan sonra rayon üzrə qazlaşma 94 faiz təşkil edəcəkdir.
Goranboy şəhəri və Murov-Goranboy su kəməri boyunca yerləşən kəndlər ekoloji cəhətdən təmiz içməli su ilə fasiləsiz təmin edilirlər. Bu il Şahməmmədli, Abbasqulular kəndlərinə içməli su xəttinin çəkilişi başa çatmalıdır. Su-kanal İdarəsi bu işlərin qısa müddətdə başa çatmasını, əhalinin içməli su ilə fasiləsiz təmin olunmasını nəzarətdə saxlamalıdır. Dəliməmmədli şəhəri və Qazanbulaq qəsəbəsində su təminatı məsələlərinə nəzarət gücləndirilməlidir.
Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi də yüksəlmişdir. Tatarlı kəndində 400 nömrəlik yeni Elektron ATS istifadəyə verilmiş, 165 evə telefon xətti çəkilmişdir. Hazırda rayon üzrə telefon abunəçilərinin sayı 15 min 352-yə çatmışdır. 41 EATS-dən 38-də yüksək sürətli internet avadanlıqları quraşdırılmış, internet istifadəçilərinin sayı 4562 nəfər olmuşdur. Nizaməddin Quliyev demişdir ki, rayonda iri fermer təsərrüfatlarının, yeni istehsal və emal müəssisələrinin, turizm-istirahət obyektlərinin yaradılması üçün böyük potensial var. Eyni zamanda, bu sahəyə dövlətin konkret dəstəyi var. Mən bir daha sahibkarlara müraciət edirəm ki, çəkinməsinlər, təşəbbüs göstərsinlər, onların arxasında dövlətimiz və Azərbaycan Prezidenti dayanır.
Hesabatda göstərildiyinə görə, 2015-ci ildə İcra Hakimiyyətinə 936 müraciət daxil olmuş (əvvəlki illə müqayisədə 273 az), onların 99,9 faizinə nəzarətə alınmaqla baxılmışdır. Bu gün əsas vəzifə ondan ibarətdir ki, rayonda daha çox iş yerləri yaradılsın, yeni investisiyalar cəlb edilsin. Hər şey ona yönəldilməlidir ki, insanlara diqqət və qayğı artırılsın, onların problemləri həll edilsin.
Məruzəçi sonda bildirmişdir:
– Biz 2015-ci ildə bütövlükdə rayonda görülmüş işləri təhlil etdik. Nəticələr göstərir ki, respublikanın hər yerində olduğu kimi, rayonumuzda da müsbət dinamika müşahidə olunmaqdadır. Heç şübhəsiz ki, böhranlı vəziyyətdə əldə olunmuş bu inkişaf ölkə başçısının düşünülmüş iqtisadi- sosial siyasətinin nəticəsidir. Möhtərəm Prezident 2016-cı ildə qarşıya çox ciddi vəzifələr qoymuşdur. Çalışmalıyıq ki, bütövlükdə cari ildə də qarşıda duran vəzifələri uğurla yerinə yetirək.
Məruzə ətrafında müzakirələrdə ayrı- ayrı sahələrdə qazanılmış uğurlardan və həllini gözləyən məsələlərdən daha geniş söhbət açılmışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Ağalar Vəliyev yığıncaqda iştirak və çıxış etmişlər.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.