Dünyanı bürüyən qlobal maliyyə-iqtisadi böhranı və neftin kəskin ucuzlaşması bir çox ölkələrin iqtisadiyyatına ciddi ziyan vurmuş, əksər iri şirkətlər tam gücü ilə işləyə bilməmiş və bunun da nəticəsində istehsalın həcmi azalmışdır. Əksər müəssisələr işçiləri ixtisar etməklə əvvəlki fəaliyyətini bərpa etmək istəsələr də, buna nail ola bilməmişdir. İnsanları ciddi narahat edən maliyyə böhranı Azərbaycan iqtisadiyyatına da öz mənfi təsirlərini göstərməkdədir. Lakin dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən antiböhran siyasəti və qabaqlayıcı tədbirlər ölkəmizin bu böhrandan da uğurla çıxacağına zəmin yaradıb. Bunu ötən ilin yekunları da təsdiqləyir.
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə geniş məlumat verilmişdir. Məlum olmuşdur ki, 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşməsi və neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi fonunda Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sektoru 8,4 faiz artmışdır. Bununla yanaşı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilmiş, pensiyalar, əməkhaqları, təqaüdlər və sosial müavinətlər artırılmışdır.
Respublikamızın iqtisadi qüdrətinin artırılmasında Yasamal rayonunun da payı az deyil. Yeni iş yerlərinin açılması, imkansız ailələrin sosial müdafəsinin gücləndirilməsi, əhalinin su, qaz və elekrtik enerjisi ilə davamlı təminatı istiqamətində həyata keçirilən tədbirlər məmnunluqla qarşılanmışdır. Rayonun iqtisadi göstəriciləri də yüksək olmuşdur. Sənaye məhsulunun ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 100,1 faiz, nəqliyyat sektorunda xidmətlərin həcmi 111 faiz, rabitə xidmətlərinin həcmi 102 faiz təşkil edərək müvafiq olaraq 92 milyon, 1 milyard 700 milyon və 600 milyon manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 1 milyard 860 milyon manat təşkil edərək 113,3 faiz artmışdır. Əsas kapitala yönəldilən investisiyalar 765 milyon, əhaliyə göstərilən pullu xidmətlər 616 milyon manat təşkil etmişdir . Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 592,8 manat olmuşdur.
Yeni iş yerlərinin açılması qarşıya qoyulan prioritet sahələrdən olmuşdur. Ötən il rayonda 4831 yeni iş yeri açılmışdır. Bunun 1521-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 220-si mövcud və bərpa olunmuş müəssisələrdə, 3090-ı isə fiziki şəxslərdən ibarət olmuşdur. Bununla yanaşı, rayonda əvvəlki illərlə müqayisədə daha çox irimiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmişdir.
Rayonda həyata keçirilən silsilə tədbirlər ötən il də diqqət mərkəzində olmuşdur. “1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyi və yubileyin qeyd olunması üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində işlərin icrası müharibə veteranları tərəfindən böyük razılıqla qarşılanmışdır. Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçin iştirakı ilə Yasamal Rayon İcra Hakimiyyətinin akt zalında veteranlarla keçirilən görüş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun sərəncamları ilə müharibə veteranlarına xatirə medallarının təqdim edilməsi ötən ilin yaddaqalan hadisələrindən olmuşdur.
Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 8 aprel 2015-ci il tarixli 91 nömrəli sərəncamına əsasən, Tədbirlər Planı təsdiq edilmişdir. Plana daxil edilmiş tədbirlərin, o cümlədən “Gül bayramı”nda mütəşəkkilliyin, kütləviliyin və məzmun dolğunluğunun təmin olunması məqsədilə rayonun bütün orta-ixtisas, orta ümumtəhsil və məktəbəqədər müəssisələri ilə hərtərəfli iş aparılmışdır.
Bakı-2015 ilk Avropa Oyunlarına hazırlıqla əlaqədar rayonda görülən abadlıq işləri, küçə və prospektlərə asfalt örtüyünün vurulması, səkilərin yenidən qurulması, yaşıllıq zolaqlarının salınması, binaların fasadlarına müasir görkəm verilməsi, yeni işıqlandırma sistemlərinin quraşdırılması rayonun simasını daha baxımlı etmişdir.
Avropada ilk dəfə keçirilən beynəlxalq idman yarışlarının Azərbaycanda reallaşdırılması böyük əhəmiyyət kəsb edirdi. Çünki Bakıya gələn çoxsaylı qonaqlar təkcə ölkəmizin idman sahəsində qazanılmış uğurları ilə deyil, eyni zamanda, ümumi və hərtərəfli inkişafı ilə də tanış olacaqdılar. Bu məsələ Yasamal rayon rəhbərliyi qarşısında da konkret vəzifələrin həyata keçirilməsi zərurətini yaratmışdı. Məhz bu baxımdan digər tədbirlərlə bərabər Yasamal rayonu ərazisində 31 yaşayış binasının fasadı üzlənmiş, müasir işıqlandırma sistemləri quraşdırılaraq dam örtükləri yenidən yığılmışdı. Qarşıya qoyulan vəzifələr planlı şəkildə təşkil olunduğundan müəyyən olunmuş vaxtda uğurla həyata keçirilmişdir.
Bakı-2015 Avropa Oyunlarına hazırlıqla əlaqədar bütün rayon ərazisinin təmizliyi və abadlığının xüsusi diqqət mərkəzində saxlanılması təmin edilmiş, yol yarışları marşrutunun keçirildiyi ərazilərdə görüləcək işlər vaxtında başa çatdırılmışdır. Bununla əlaqədar abadlıq və yenidənqurma işləri aparılmış, Nəriman Nərimanov prospekti boyunca sökülmüş ərazilərin qarşısında 1200 metr, Murtuza Muxtarov və Mirzəağa Əliyev küçələrinin kəsişməsində 155 metr uzunluğunda dekorativ hasarlar quraşdırılmışdır.
Beynəlxalq yarışlar ərəfəsində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər də diqqət mərkəzində saxlanılırdı. Həmin dövrdə şənbə günləri iməciliklər keçirilərək rayonun ayrı-ayrı yerlərində 2500 ağac və bəzək kolları əkilmişdir.
“Bakı - 2015 Avropa Oyunları” Təşkilat Komitəsinin tapşırıqlarına əsasən, yarışlarda mütəşəkkilliyin təmin olunması məqsədilə rayon icra hakimiyyəti, həmçinin, idarə, müəssisə və təşkilatlar xeyli sayda tədbirin təşkil olunmasında fəal surətdə iştirak etmişlər. Milli Olimpiya Stadionunda, Milli İdman Arenasında, Su Oyunları Kompleksində, Basketbol və Üzgüçülük arenalarında və digər idman qurğularında keçirilən yarışlarda minlərlə tamaşaçının iştirakı təmin edilmişdir.
İdmançılarımızın ümumi göstəricilər üzrə Avropada ikinci yeri tutması ölkəmizdə idmanın yüksəlişini bir daha sübut etdi. İlk Avropa idman yarışları möhtəşəm açılış və bağlanış mərasimləri ilə, unudulmaz təəssüratlarla yaddaqalan oldu. Yasamal rayonunun ali və orta-ixtisas təhsili müəssisələrindən 6000 nəfər I Avropa Oyunlarında könüllü olaraq iştirak etmişdir. Sevindirici haldır ki, qazanılan qızıl medallardan ikisi Yasamal rayon sakinlərinin payına düşmüşdür: rayonun 158 saylı məktəbinin məzunları – Ayxan Tağızadə taekvando, Elvin Mürsəliyev isə yunan-Roma güləşi idman növləri üzrə Avropa Oyunlarında qızıl medal qazanmışlar.
Ötən il dövlət proqramlarının icrası davam etdirilmişdir. Belə ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, Yasamal rayonu üzrə 17 tədbirin icrası nəzərdə tutulmuşdur ki, bunlardan 2-si artıq tam icra olunub, 8-i isə icra mərhələsindədir. Tədbirlər planına əsasən, fizika-riyaziyyat və informatika təmayüllü liseyin əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır. Ötən il sentyabrın 3-də liseyin təmirdən sonrakı açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir. Bunadək isə, iyunun 4-də dövlət başçısı və xanımı Mehriban Əliyeva rayonda daha bir açılış mərasimində iştirak edərək Azərbaycan Milli Konservatoriyasının inzibati-tədris kompleksinin yaxınlığındakı yeni parkda yaradılan şəraitlə tanış olmuşdular.
Ötən il yaddaqalan hadisələrdən biri də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi olmuşdur. Seçki ərəfəsində rayonda seçkilərlə əlaqədar bir çox çətinliklərin mövcud olmasına baxmayaraq, vaxtında həyata keçirilən və məqsədyönlü tədbirlər nəticəsində problemlər tam aradan qaldırılmış və son nəticələr ürəkaçan olmuşdur. 15 saylı Yasamal I seçki dairəsi üzrə 43569 seçicinin 21783 nəfəri, 50,3 faizi; 16 saylı Yasamal II seçki dairəsi üzrə 39852 seçicinin 22640 nəfəri, 56,81 faizi; 17 saylı Yasamal III seçki dairəsi üzrə 32433 seçicinin 14268 nəfəri, 43,99 faizi; 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 8 seçki məntəqəsi üzrə 11356 seçicinin 6119 nəfəri, 53,88 faizi seçkilərdə iştirak etmişdir. Bu, özlüyündə müsbət nəticə hesab edilə bilər.
Yasamal rayonunda ən problemli və çətin məsələlərdən biri Bakı şəhərinin Baş Planına əsasən, “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işlərinin icra olunmasıdır. Köçürmə prosesinin ikinci mərhələsində alqı-satqı prosesi və söküntü işləri hazırda davam etdirilir. Kiçik sahəli mənzillərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqamətində işlər icra olunmaqdadır. Artıq Nərimanov rayonu ərazisində 9 mərtəbəli, 2 bloklu tamamilə yenidən qurulmuş binada 2 otaqlı 104 mənzil hər bir kommunal şəraitlə təchiz edilərək kiçik sahəli mənzillərin sakinlərinə verilmişdir. Yaxın günlərdə 94 ailə yeni mənzillərə köçəcək. Bununla ən aktual problemlərdən biri, qismən də olsa, həllini tapacaqdır. Ötən il oktyabrın 1-dək 8759 ünvanda ölçü işləri aparılmış, 2766 ünvanda razılaşma protokolu imzalanmış, 2668 daşınmaz əmlak sahiblərinə vəsait ödənilmiş, 2320 ünvanda daşınmaz əmlakın sökülməsi başa çatdırılmışdır.
Bakı şəhərinin Baş Planının icrasının 2-ci mərhələsinin başa çatdırılması və yolların çəkilməsinə başlanması məqsədilə Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 nömrəli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan Yasamal Rayon İcra Hakimiyyəti müəyyənləşdirilmişdir. Bu qərardan sonra satınalma işləri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Nazirlər Kabinetinin qərarının icrasının təmin olunması məqsədilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2015-ci il tarixli sərəncamı verilmişdir. Daşınmaz əmlakın alınması qrupu təşkil edilmiş, elanlar verilmiş, dövlət əhəmiyyətli tədbirin məqsədi izah olunmuş və hər bir əmlak sahibinə rəsmi bildirişlər göndərilmişdir. Hazırda könüllü satınalma davam etdirilir, razılıq əldə olunmayan ünvanlarla əlaqədar məhkəməyə iddia ərizələri hazırlanır. Bu istiqamətdə işlərin operativ həllinin nəticəsidir ki, artıq çəkiləcək əsas yollarda tikinti işlərinə başlanılmışdır.
Nəriman Nərimanovun abidəsinin arxa tərəfindən Qurban Xəlilov küçəsi boyunca, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinə daxil olmadan Hüseyn Cavid parkına qədər 1 kilometrə yaxın yeni yolun istifadəyə verilməsi üçün işlər başa çatdırılmaq üzrədir. Paytaxtda tıxac probleminin aradan qaldırılmasında bu tədbirin böyük əhəmiyyəti vardır. Bu yolun inşası məqsədilə İsmayıl bəy Qutqaşınlı küçəsindən 200 ailənin, Mikayıl Müşfiq küçəsindən 16 ailənin köçürülməsi təmin edilmişdir. Yol kənarında sahəsi 7000 kvadratmetrdən böyük olan park yaradılmışdır. Yol kənarlarına 1850 paqometr uzunluğunda mərmər bardür düzülmüş, yeni işıqlandırma sistemləri yaradılaraq 80-ə yaxın işıq dirəyi quraşdırılmışdır. Yeni salınmış yola 11100 kvadratmetr asfalt örtüyü döşənmişdir. Yol kənarında piyadalar üçün səkilərə 1200 kvadratmetr üzlük plitələr vurulmuşdur. Parkda işıqlandırma sistemi yaradılmış, suvarma sistemi quraşdırılaraq abadlıq işləri görülmüşdür.
Ötən il imtiyazlı ailələrin mənzil-məişət problemlərinin həlli ilə əlaqədar həyata keçirilən tədbir hamını sevindirmişdir. Bilavasitə, Azərbaycan Prezidentinin göstərişlərinə əsasən 30 imtiyazlı ailə dövlət qayğısının daha bir təzahürü olaraq yeni tikilmiş binalarda mənzillərlə təmin edilmişdir. Gözdən əlil 9 ailə metronun Nəriman Nərimanov stansiyasının yaxınlığında, 20 Yanvar şəhidlərindən 5 ailə, 12 Qarabağ müharibəsi şəhid ailəsi və 4 Qarabağ müharibəsi əlili Mehdiabad və Məhəmmədi qəsəbələrində yeni inşa olunmuş binalarda mənzillə təmin olunmuşlar. Bu istiqamətdə işlər davam etdirilməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sosial problemlərinin həlli istiqamətində verdiyi tapşırıqlar və bu sahədə yaranmış problemlərin həlli daim rayon icra hakimiyyətinin nəzarətində olmuşdur. Mənzil fondunun, sosial obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin payız-qış mövsümünə hazırlığının lazımi qaydada təmin edilməsi məqsədilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə tədbirlər planı təsdiq olunmuşdur. Rayon sakinlərinin, eləcə də hüquqi və fiziki şəxslərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qazla təchizatı məsələsi demək olar ki, bütünlüklə həll edilmişdir.
Sakinlərin sağlamlığının qorunması rayon rəhbərliyinin diqqət mərkəzində saxladığı məsələlərdən olub. Dövlət başçısının tapşırığına əsasən, əhalinin icbari tibbi müayinədən keçirilməsi məqsədilə 18 yaşından yuxarı rayon əhalisinin 167 min 111 nəfəri, yəni 91,66 faizi tibbi müayinəyə cəlb edilmiş, onlardan 2718 nəfər ambulator, 287 nəfər stasionar müalicəyə göndərilmişdir
“Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2015-ci il tarixli 503 nömrəli fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti başçısının aparatında bir sıra tədbirlər görülmüşdür. Dövlət orqanlarında elektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri üzrə kargüzarlığın elektron formada aparılması məqsədilə aparatın əməkdaşları tələb olunan kompüter avadanlıqları ilə təmin edilmiş və qoşulma-quraşdırma işləri icra olunmuşdur. Yasamal RİH başçısının 12 may 2015-ci il tarixli 125 nömrəli sərəncamı ilə informasiya sisteminin məsul şəxsləri və sistem istifadəçiləri müəyyən edilmişlər. Adıçəkilən fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin göstəriş və tövsiyələrinin icrası təmin edilmişdir.
Vətəndaşların müraciətlərinə baxılması, onların rayon rəhbərliyi tərəfindən qəbul edilməsi, problemlərin yerində həlli prioritet sahələrdən biri olub. 2015-ci ildə rayon icra hakimiyyəti başçısının aparatına vətəndaşlardan 3695 müraciət daxil olmuşdur ki, bu da 2014-cü ildəkindən 636 müraciət və ya təqribən 15 faiz azdır. Təhlillər göstərir ki, 2014-cü il qaçqın və köçkünlərin kompakt yaşadıqları Bakı Dövlət Universitetinin yataqxanalarının və “Qanlı göl” ətrafındakı ərazidə qeyri-qanuni tikililərin sökülməsi və orada yaşayan sakinlərin həmin ərazilərdən köçürülməsi işinin başa çatdırılması ilə əlaqədar olaraq ötən il 2014-cü illə müqayisədə vətəndaş müraciətlərinin azalmasına səbəb olmuşdur.
Daxil olmuş 3695 müraciətdən 3575-nə baxılmış, 120-nin baxılma müddəti vardır. Rayon icra hakimiyyəti başçısının aparatda keçirilən qəbullarında 337 nəfər, səyyar qəbul-görüşlərdə isə 281 nəfər iştirak etmişdir.
Respublikamızda həyata keçirilən işlərin həcmi gündən-günə artmaqdadır. Bu il Bakıda mötəbər beynəlxalq tədbir – Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Artıq İslam Həmrəyliyi İdman Federasiyası ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyimiz barədə də müqavilə imzalanmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunması və digər tədbirlər, şübhəsiz ki, Yasamal Rayon İcra Hakimiyyəti rəhbərliyinin üzərinə düşən vəzifələrin sayını və həcmini daha da artırmışdır. Dövlət başçısının tövsiyə və tapşırıqlarının, habelə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi, abadlıq və yenidənqurma işlərinin daha da genişləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və sakinlərin qarşılaşdıqları problemlərin vaxtında aradan qaldırılması prioritet vəzifə kimi qarşıya qoyulub.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.