SALYAN: Əsas hədəf hərtərəfli inkişafa nail olmaqdır

“Dünyanı bürümüş iqtisadi böhranın yaratdığı çətinliklərə baxmayaraq möhtərəm Prezidentimiz İlham Əliyevin məharətlə yürütdüyü düzgün siyasət nəticəsində ölkəmiz 2015-ci ildə də mümkün iqtisadi inkişaf tempini saxlamağa nail olmuşdur. Ən başlıcası isə, vətəndaşların əmin-aman şəkildə yaşaması təmin edilmişdir”.

Bu sözləri 2015-ci ilin yekunlarına həsr olunmuş yığıncaqda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov söylədi. O, qeyd etdi ki, salyanlılar öz doğma rayonlarının timsalında  bu inkişafın canlı şahidi oldular. Bu ildə də Salyan rayonu sosial-iqtisadi sahədə irəliləyişlərə nail olmuşdur. Xüsusilə də abadlıq-quruculuq sahəsində əhəmiyyətli işlər görülmüşdür. Salyan şəhərinin küçələrinə 14110 kvadratmetr asfalt örtüyü döşənmiş, 2321 metr uzunluğunda küvet tikilmiş, 3248 kvadratmetr hörgü işləri aparılmış, 1404 kvadratmetr suvaq işləri görülmüş, su ötürücülərinə 860 metr polietilen boru quraşdırılmışdır. 8 kommunal binanın 4986 kvadratmetr dam örtüyü əsaslı təmir edilmişdir. Ümumilikdə 490 min manatlıq abadlıq işləri görülmüşdür.  Yanvar ayının 21-22-də yağan güclü qar nəticəsində ziyan dəymiş  Sarvan, Qızılağac, Seyidsadıqlı, Arbatan, Aşağı Noxudlu, Xalac, Seyidan kənd məktəblərinin ümumilikdə 2265 kvadratmetr dam örtüyü əsaslı təmir edilmişdir.

Şəhərin X.R.Ulutürk küçəsində yeni 5 mərtəbəli biznes mərkəzi,  Peyk kəndində 220  şagird yerlik yeni məktəb binası istifadəyə verilmiş, Seydan kəndində 132 şagird yerlik məktəb binasının tikintisinə başlanılmışdır.

Hazırda rayonun Qarabağlı və Kürqaraqaşlı kəndlərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 100 çarpayılıq uşaq bağçalarının, Ərazi kənd təsərrüfatı idarəsinin və rayon Prokurorluğunun inzibati binasının tikintisi davam etdirilir.

Natiq dedi ki, ötən il rayonda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Rayonda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində işlər aparılır. Kürqaraqaşlı kəndində “Nurgün Aqro” MMC-də 24 başlıq süd sağım sexinin tikintisi başa çatdırılmışdır. Əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 2015-ci ildə 579 daimi iş yeri yaradılmışdır.

2015-ci ildə rayonda məhsul buraxılışının həcmi müvafiq dövrə nisbətən 12 milyon 279 min manat yəni 5,3 faiz artaraq 246 milyon 158 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi müvafiq dövrə nisbətən 13 milyon 757 min manat, yəni 10,6 faiz artaraq 143 milyon 391 min manat, poçt və rabitə xidmətinin həcmi 19,9 min manat, yəni 3,7 faiz artaraq 564 min manat, pərakəndə satış dövriyyəsi  18 milyon 471 min manat, yəni 11,9 faiz artaraq 173 milyon 483 min manat, əsas kapitala yönəldilən investisiya 42 milyon 96 min manat, yəni 85,2 faiz artaraq 91 milyon 492 min manat, əhaliyə göstərilən pullu xidmət 2 milyon 294 min manat, yəni 5,2 faiz artaraq 46 milyon 711 min manat olmuşdur. Sənaye məhsulunun ümumi həcmi 38 milyon 736 min manat təşkil edir. Bir nəfərə düşən məhsul buraxılışının həcmi 1842 manat, adambaşına düşən orta aylıq əmək haqqı 296 manatdır.

2015-ci ildə rayonun yerli büdcəsinin gəlirləri 8 milyon 426 min manata qarşı, 8 milyon 575 min manat yəni 101,8 faiz olmuşdur. Rayonun büdcə təşkilatlarında çalışan işçilərin əmək haqqı, pensiya və müavinətlər vaxtında tam ödənilmişdir.

Kənd təsərrüfatı sahəsində görülən işlərdən danışan RİH başçısı qeyd etdi ki, 2015-ci  ildə  5 min 693  hektarda buğda, 14 min 43 hektarda isə arpa əkilmişdir. Məhsuldarlıq 31,9 sentner olmaqla 5 min 693  hektardan 18 min 155 ton taxıl, məhsuldarlıq 32,4 sentner olmaqla 14 min 43 hektardan 45 min 538 ton arpa istehsal olunmuşdur. 375 hektar qarğıdalı əkin sahəsindən 76,53 sentner məhsuldarlıq əldə etməklə 2859,4 ton qarğıdalı istehsal olunmuşdur. 421 hektar kartof əkin sahələrindən hektardan 120 sentner məhsul əldə etməklə 5051 ton, 1304  hektar təvəvəz əkin sahələrindən hektardan 106,2 sentner məhsul əldə etməklə 13852,5 ton, 1120,5 hektar bostan əkin sahələrindən hektardan 140  sentner məhsul əldə etməklə 15692 ton istehsal edilmişdir. 

2016-cı il yanvar ayının 1-nə olan məlumata görə rayonda iri buynuzlu heyvanların baş sayı 62 min 820 baş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4  faiz çox, o cümlədən inək və camışlar 33 min 351 baş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6  faiz çoxdur, qoyun və keçilər 186 min 508 baş olmuşdur. Ət istehsalı (diri çəkidə) 13071 ton, yumurta istehsalı 34 milyon 710 min ədəd, yun istehsalı 346,1 ton, süd istehsalı isə 45 min ton olmuşdur.

2015-ci ildə torpaq sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 620 kilometr kollektor dren şəbəkəsi, 1232 kilometr suvarma kanalı lildən təmizlənmişdir. 10081 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına əkib becərdikləri  31 min 191  hektar əkin sahələrinə görə  1 milyon 559 min 552  manat subsidiya verilmişdir.

Aqrar sahənin intensiv üsullarla inkişaf etdirilməsi, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası ilə əlaqədar bir sıra problemlər mövcudluğunu bildirən natiq qeyd etdi ki, əkin sahələrinin vegetasiya suvarma suyu ilə vaxtında və səmərəli təmin edilməsi üçün mövcud nasos stansiyaları rekonstruksiya edilməli, bəzi ərazilərdə suvarma kanalları və hidrotexniki qurğular bərpa olunmalı və mövcud kollektor drenaj şəbəkələri yenidən qurulmalıdır.

Salyanda 1354 ailənin 5869 nəfər üzvü sosial yardım alır. Bir ailəyə düşən sosial yardımın orta məbləği 156,15 manat, hər bir ailə üzvünə düşən sosial yardımın məbləği 36,02 manatdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda 17 şəhid ailəsinə və 1 Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikilmişdir. Rayon ərazisində 22 ədəd yeni müasir transformator yarımstansiyaları quraşdırılmış, texniki itkilərin azaldılması məqsədilə 11,2 kilometr SİP kabel çəkilmişdir. Salyan şəhərində ümumilikdə 1548 müasir “SMART kart” tipli  sayğac quraşdırılmışdır.

Hazırda rayonda yeni tipli transformatorlar quraşdırılır, təmir işləri sürətləndirilir. Salyan şəhərinin mərkəzi və ətraf kəndlərində quraşdırılmış qaz sayğaclarının  yeni çəkilmiş  qaz xəttləri üzərinə köçürülməsi işləri davam etdirilmiş, Ə.Quliyev və 20 Yanvar küçələrində 212 evdə qazlaşma işləri başa çatdırılmışdır. 

Bəydilli kəndində 88, Abadkənd kəndində 695, Sarvan kəndində 665 və  Kürqaraqaşlı kəndində 350 evə təbii qaz verilmişdir. Dayıkənd kəndinin qalan hissəsində əsaslı təmir işləri sona çatdırılmış, 75 evə qaz sayğacı quraşdırılmışdır. Yeni çəkilmiş qaz xətləri üzərinə 6 ədəd müasir tipli qaz tənzimləyici və 7 ədəd müxtəlif diametrli siyirtmələr quraşdırılmışdır.

Şəhər əhalisinin içməli su ilə təminatı istiqamətində Salyan Su-Kanal idarəsinin daxili imkanları hesabına müəyyən işlər görülmüş layihəyə əsasən 1000 millimetrlik   polad  boru  ilə Salyan şəhərində tikiləcək 2 ədəd anbar su ilə təmin ediləcəkdir. Hər birinin su tutumu 7500 kubmetr olmaqla tikiləcək 2 ədəd suanbarı üçün 3 hektar torpaq sahəsi ayrılmışdır.  Rayonda əhalinin genişzolaqlı internet xidmətinə olan tələbatı nəzərə alınaraq rayon telekommunikasiya qovşağında 1408 portluq, “Plasmass” yaşayış massivində əlavə 256 portluq “DESLAM” avadanlığı artırılmış, Qarabağlı kəndində 128 portluq, Çuxanlı kəndində 96 portluq, Noxudlu, Sarvan, Yenikənd, Marışlı, Şorsulu kəndlərində və Qaraçala qəsəbəsində 48 portluq,  Qalalı yaşayış massivində 96 portluq, Qızılağac kəndində 24 portluq, İnşaatçılar yaşayış massivində 72 portluq, Babazanlı yaşayış massivində 80 portluq,  Xalac kəndində 24 portluq,  Xurşud kəndində 24 portluq yeni “DESLAM”  avadanlığı quraşdırılmışdır. Qovşağın telefon şəbəkəsində 212 ədəd yeni telefon çəkilmiş, 5820 metr məsafədə iri tutumlu magistral kabellərdə, 6740 metr məsafədə kiçik tutumlu kabellərdə əsaslı təmir, 9850  metr məsafədə paylayıcı kabellərdə və hava rabitə xətlərində əsaslı və cari təmir işləri aparılmışdır. Şəhərin C.Cabbarlı küçəsində 50 ədəd yeni telefon çəkilmiş, abunəçilərin internet xidmətindən istifadə etməsi üçün şərait yaradılmışdır.

Ötən tədris ilində məzunlardan 344 nəfəri ali, 82 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə daxil olmuşdur. Buraxılış imtahanlarının nəticələrinə görə Yuxarı Noxudlu kənd tam orta məktəbin məzunu Ayşən Səfəralıyeva “Qızıl medal”a layiq görülmüşdür. Ali məktəblərə qəbul olmuş məzunlardan 26 nəfəri 600-dən yuxarı bal toplamış, Kürqaraqaşlı kənd tam orta məktəbin məzunu Elnur Qədirli Prezident təqaüdünə layiq görülmüşdür. Şəhər 4 saylı tam orta məktəb “İlin məktəbi”, həmin məktəbin tarix müəllimi Razıgül Dadaşova və 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin kimya-biologiya müəllimi Gülşən Piriyeva “İlin müəllimi” adına layiq görülmüş, Yuxarı Noxudlu kənd tam orta məktəbin direktoru İdris Əzizov “Tərəqqi” medalı ilə təltif edilmişdir.

İstedadlı uşaqlarla iş diqqət mərkəzində saxlanılmış, məktəblilərin fənn olimpiadasının Respublika turunda iştirak edən 5 şagirddən 3 nəfəri III yeri tutaraq diplomlarla təltif olunmuşlar.

Bu il rayon əhalisinin 62 mindən çoxu tibbi müayinədən,  36784 uşaq isə icbari dispanserizasiyadan keçmişdir. Tibbi müayinədən keçənlərin 8462, dispanserizasiyadan keçənlərin 4435 nəfərində xəstəlik aşkar edilmiş, onlardan müvafiq olaraq 197 və 143 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.

Rayon icra hakimiyyəti başçısının dəvəti ilə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyari həkim briqadası may ayının 8-9-da rayonda olmuş, 252 nəfər tibbi müayinədən keçmiş, 18 nəfər əməliyyat olunmuşdur. Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin səyyari tibbi briqadası noyabr ayının 21-də rayonda olmuş və 350 nəfər immunçatışmazlığı virusuna qarşı testdən keçmişdir.

2015-ci ildə rayonda dövlət, peşə bayramlarına, tarixi hadisələrə və yubileylərə həsr olunmuş  84 mədəni kütləvi tədbir keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilmiş, İrəvan Azərbaycan Dövlət Dram Teatrı kollektivinin ifasında ulu öndərə həsr edilmiş tamaşa göstərilmişdir. Bakı şəhərində keçirilən Novruz şənliklərində Rayon Mədəniyyət Evinin “Cəngi” ansamblı və  “Hünər” sirk xalq kollektivi çıxış etmiş, 27 adda Salyan məhsulu və qədim toxuma əl işləri nümayiş etdirilmişdir.

Rayonda məskunlaşmış, qaçqın və məcburi köçkünlərin sosial problemləri daim rayon icra hakimiyyətinin diqqətində saxlanılmış, ortaya çıxan problemlərin həlli üçün ardıcıl olaraq tədbirlər görülmüşdür.

İcra başçısı dedi: Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş dövlət hakimiyyəti idarəetməsinin mühüm istiqamətlərindən biri də vətəndaşların qəbulu, ərizə, şikayət və təkliflərində qaldırılan problemlərin öyrənilməsidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilmiş tövsiyələr xüsusi əhəmiyyət daşıyır. Məhz bu sahədə yaradılan ciddi intizamın nəticəsidir ki, 2015-ci ildə rayon icra hakimiyyəti başçısı aparatına vətəndaşlardan daxil olmuş ərizə, şikayət və təkliflərin sayında azalma müşahidə olunmuşdur. Cəmi 905 ərizə, şikayət və təklif daxil olmuşdur ki, bu da 2014-cü illə müqayisədə 25,1 faiz azalma deməkdir. Müraciətlərin böyük əksəriyyətini yenə də mənzil, əmək və əhalinin sosial müdafiəsi, sahibkarlığın inkişafı, ailə və məişət, kənd təsərrüfatı məsələləri və təbii, texnogen hadisələr və fövqəladə hallar təşkil etmişdir. Vətəndaşların müraciətləri dinlənilərək mümkün tədbirlər görülmüşdür. Daha ciddi araşdırma tələb edən müraciətlərlə əlaqədar olaraq vətəndaşlar rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. 2015-ci ildə rayon icra hakimiyyətində ümumilikdə 1987 nəfər qəbul olunmuşdur. RİH başçısının beşinci günlər keçirilən rəsmi qəbulunda 281 nəfər qəbul edilmiş və müraciətləri dinlənilmişdir. 2015-ci ildə 44 kənd və 2 qəsəbədə rayon icra hakimiyyəti başçısının səyyar görüş-qəbulları keçirilmişdir. Bu səyyar görüş-qəbullarda 5563  vətəndaş iştirak etmiş, 337 müraciət dinlənilmiş və müvafiq tədbirlər görülmüşdür.  Bundan sonra da Salyan rayonunun sosial-iqtisadi inkişafı naminə fəaliyyətimizi yorulmadan davam etdirəcək və möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı qətiyyətli və xalqın rifah halını daha da yaxşılaşdırmağa yönəldilmiş siyasətin ən yaxın dəstəkçiləri və iştirakçıları olacağıq- deyə Tahir Kərimov çıxışını tamamladı.

Sonra çıxış edən salyanlılar da rayonda görülmüş işləri müsbət qiymətləndirdilər. Bir şəhid anası rayonun son illər, doğrudan da, xeyli inkişaf etdiyini vurğuladı, rayon sakinlərinin yeni iş yerləri ilə təmin olunmasının vacibliyini bildirərək bu istiqamətdə müəyyən işlərin görülməsindən məmnun qaldığını bildirdi.

Millət vəkilləri Fəzail Ağamalı və Əliağa Hüseynov, Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev ölkənin tərəqqisi naminə görülən genişmiqyaslı abadlıq-quruculuq  işlərindən danışaraq Prezident İlham Əliyevin vətəndaşların sosial rifahını gücləndirmək üçün hər cür önəmli tədbiri həyata keçirməkdə qətiyyətli olduğunu xüsusi vurğuladılar.

Yığıncaq iştirakçıları adından dövlət başçısına müraciət ünvanlandı.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında