Qax: Qarşıya qoyulan vəzifələr uğurla icra edilir

“Prezidentin  “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında”  sərəncamından irəli gələn vəzifələrin icrası təmin olunub, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara ciddi əməl olunmaqla,  2007-ci ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına 7,1 milyon manat, o cümlədən 2015-ci ildə 914 min manat məbləğində yardımın verilməsi təmin edilib.

Nazirlər Kabinetinin müvafiq qərarının icrası ilə əlaqədar taxıl toxumçuluğu ilə məşğul olan təsərrüfatlara satdıqları yüksək reproduksiyalı toxumlara görə 701 min manat subsidiyanın verilməsi təmin olunub,  satılmış 1500 ton kondisiyalı toxuma görə 111 min manat subsidiyanın verilməsi üçün sənədlər respublika komissiyasına təqdim edilib və həmin vəsaitin fermerlərə çatdırılması təmin edilib”.

Bu fikirləri Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağındakı geniş hesabat məruzəsində səsləndirdi. Natiq qeyd etdi ki, 2015-ci ildə respublikamızın hər yerində  olduğu kimi rayonumuzda da müvafiq sahələrdə kifayət qədər  məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki,  Prezident İlham Əliyevin  sərəncamı ilə “ Kənd Təsərrüfatı” ili elan olunmuş hesabat ilində rayonda bitkiçilik və heyvandarlıq məhsulları istehsalının və emalının inkişaf etdirilməsi, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması sahəsində həlli vacib olan tədbirlər davam etdirilib. Nəticədə kifayət qədər uğurlara imza atılıb. Məsələn, ötən il  10 min 867 hektar payızlıq əkin sahələrindən 28 min 534 ton məhsul istehsal olunub ki, bunun da 15 min 700 tonunu buğda, 12 min 834 tonunu isə arpa məhsulu təşkil edir. Tələb olunan  aqrotexniki tədbirlərin  həyata keçirilməsinə daha ciddi yanaşıldığına görə  taxılçılıqda orta məhsuldarlıq 26,3 sentner təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 12,3 sentner çoxdur.

Hesabat ilində rayonuun iqtisadiyyatında mühüm rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə xüsusi diqqət verilib və aparılan məqsədyönlü tədbirlər nəticəsində mühüm uğurlar əldə olunub. Ona görə də ilin  sonunda  rayonda 23 min 603 baş iribuynuzlu mal-qara, 66 min 225 baş qoyun-keçi, 94 mın baş müxtəlif növ ev quşları, 8 mindən artıq arı ailəsinin olduğu barədə məlumat verilib.  Mövcud mal-qaranın yemə olan təlabatının ödənilməsi məqsədilə hər bir ərazidə örüş sahələrı ayrılıb, 31 nəfər qoyunçuluqla məşğul olan hüquqi və fiziki şəxsə təsərrüfatlarını saxlamaq üçün 13,1 min hektar qışlaq və 8,4 min hektar yaylaq sahəsi icarəyə verilib.  Mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulan epizootiya əleyhinə tədbirlər planının tam icrası təmin olunub.

Rayon rəhbəri ölkənin əsas turizm bölgələrindən olan Qaxın ekologiyasının qorunması məsələsinin  daim diqqət mərkəzində saxlanıldığını da qeyd etdi: “2015-ci ildə Qax Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi, İlisu Dövlət Təbiət Qoruğu tərəfindən mühafizə rejiminə əməl olunması, fauna və flora elementlərinin qorunması, qoruq ərazisində elmi müşahidələrin davam etdirilməsi “Təbiət salnaməsinin yazılması", ekoloji təbliğat aparılması, yeni meşəliklərin salınması, meşə ilə örtülü olmayan meşə massivlərinin bərpası, meşələrə kənar müdaxilələrin qarşısının alınması sahəsində kifayət qədər  məqsədyönlü işlər görülüb".

Məlumat üçün bildirək ki, hesabat ili ərzində rayonun florasının zənginləşdirilməsi, yaşıllıqların inkişaf etdirilməsi istiqamətində birbaşa rayon rəhbərliyinin təşəbbüsü ilə yeni inşa olunmuş Şəki-Qax avtomobil yolunun hər iki tərəfi ağac əkini məqsədilə hazirlanıb,  7 hektar ərazidə  7000 ədəd, magistral yol kənarlarında 2200 ədəd, həmçinin inzıbati ərazilərdə 2500 ədədə yaxın müxtəlif  növ agac tingləri əkilib. Bu istiqamətdə işlər cari ildə də daha geniş şəkildə davam etdirilir.

Musa müəllim qeyd etdi ki,  Prezidentin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamında ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı dövlət tərəfindən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Hazırda ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlət siyasətinin mühüm istiqaməti olaraq qalır: “Daxili bazarın qorunması, kənd təsərrüfatı məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin müxtəlif rayonlarında təşkil olunmuş yarmarkalarda rayonumuzun sahibkarlarının iştirakı artıq ənənə formasını alımışdır. 2008-ci ildən etibarən hər həftənin şənbə və bazar günlərində rayonumuzun sahibkarları həmin yarmarkalarda iştirak edirlər. Yarmarkalarda hər il orta hesabla 10 tona yaxın qərzəklilər, 4 ton bal və arıçılıq məhsulları, 3 ton süd, 2 ton ət, 1,5 ton konserv məhsulları, 10 ton meyvə, 8 ton tərəvəz məhsulları, 400 kiloqram miqdarında təbii dərman bitkilərinin satışı təşkil olunur. Belə yarmarkalar rayonun özündə də təşkil olunur”.

Xatırladaq ki, Qax bu gün eyni zamanda böyük tikinti-quruculuq və abadlıq işlərinin getdiyi bölgələrimizdəndir. Hesabatda bu məsələ xüsusilə vurğulanırdı: “Hesabat dövründə Kənd Təsərrüfatı Nazirliyinin Qax rayonu üzrə inzibati binasının tikintisi başa çatdırılıb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin tikintisi davam etdirilib,  Qaşqaçay kəndində Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evinin tikintisinə başlanılıb, Qax şəhərində və Əmbərçay kəndində Qarabağ müharibəsi əlillərinə yeni inşa edilən 2 ədəd fərdi yaşayış evində isə son tamamlama işləri aparılır. Bundan başqa, şəhərin giriş hissəsində ”Bayraq meydanı"nın tikintisi üçün 3 hektar ərazi ayrılıb ki, burada artıq hazırlıq işlərinə başlanılıb. Ümumiyyətlə, il ərzində rayonda 152 ədəd fərdi yaşayış evi və 14 ədəd sahibkarlıq obyekti olmaqla, ümumilikdə 166 fərdi tikinti aparılıb".

Rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması, eləcə də  yeni iş yerlərinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2015-ci ildə 24 sahibkara 1 milyon 298 min manat dövlət güzəştli kreditləri verilib. Verilmiş kreditlərin hesabına 61 yeni iş yerinin yaradılması imkanı yaranmışdır. Ümumilikdə isə ötən il rayonda 339 yeni iş yeri yaradılıb.

Hesabatda xüsusilə vurğulandı ki, 2014-2015-ci tədris ilində rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 438  məzundan 276 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Qəbulun nəticələrinə görə 175 nəfər tələbə adını qazanıb. Onlardan 11 nəfəri 600-dən çox, 36 nəfəri isə 500-700 arası bal toplayıb. Bundan başqa, ölkə başçısının sərəncamı ilə şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Mədinə Mahmudova “Əməkdar müəllim” fəxri adına layiq görülüb, şəhər 2 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Ayna Məsimova “Qabaqcıl təhsil işçisi” döş nişanı, şəhər 4 saylı tam orta məktəbin kimya müəllimi Məryət Bayramova isə Təhsil Nazirliynin fəxri fərmanı ilə təltif olunublar. Ölkə Prezidentinin digər sərəncamı ilə şəhər 5 nömrəli tam orta məktəb “Ən yaxşı ümumtəhsil məktəbi”, şəhər 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rübail Əfəndiyeva isə “Ən yaxşı müəllim” adına layiq görülüb.

Məruzədə  qeyd olunurdu ki, Prezidentin tapşırığına əsasən ötən il fevralın 2-dən may ayının 1-dək rayon sakinlərinin 18 yaşdan yuxarı 40812 nəfərindən 38410 nəfərinin tibbi müayinədən keçirilməsi təmin edilib. Rayon Mədəniyyət və Turizm şöbəsi Baki şəhəri Dənizkənarı Milli Parkda keçirilən “Novruz” şənliklərində, eləcə də Şəki şəhərində keçirilən “Şirniyyat” festifalında iştirak edib.  Mədəniyyət və turizm nazirinin  əmrinə əsasən  Qax rayonu ötən il  “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib, həmçinin  bu rayon aprel ayında keçirilən “Azərbaycanın mədəni irsinin mühafizəsi, abidələrinin bərpası və istifadəsində xidmətlərinə görə” nominasiyasında  “Milli irs-2015" mükafatına layiq görülüb.

Rayonun  “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan olunması ilə əlaqədar  hazırlanmış tədbirlər planına əsasən Qum kəndində “Tut bayramı”, İlisu kəndində isə “Qax mətbəxi-İlisu yeməkləri” adlı tədbir və respublika əhəmiyyətli “Ulu dad” festifalı keçirilib. Festifalda plov, şirniyyat, dolma, xəmir yeməklərinin nümunələri və arıçılıq məhsulları yerli kulinarlarla yanaşı Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının təmsilçiləri tərəfindən nümayiş etdirilib.

İl ərzində rayonda turizmin inkişafı istiqamətində də lazım olan bütün işlər görülüb. Turistlərin rayonun tarixi və gəzməli-görməli yerlərinə ekskursiyalarını təşkil etmək üçün 6 marşrut hazırlanıb. Hesabat ilində əvvəlki  illə müqayisədə rayona gələn turistlərin sayı xeyli artıb. Belə ki, 2014-cü ildə rayonda 23 min 600 nəfər, 2015-ci ildə isə 24 100 nəfər turist istirahət edib.

Hesabatda eyni zamanda rayon əhalisinə göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən də əhatəli söz açıldı. Rayon Elektrik Şəbəkəsi, Zaqatala Regional Qaz İstismar İdarəsinin Qax sahəsi, eləcə də, Qax Sukanal İdarəsinin həyata keçirdiyi çoxsaylı layihələrdən danışıldı. Rayon rəhbəri sonda qeyd etdi ki,  qaxlılar   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı proqram xarakterli çıxışından irəli gələn vəzifələri yerinə yetirmək üçün rayonun bütün potensial imkanlarından səmərəli istifadə edərək 2016-cı ili də uğurla başa vuracaqdır.

Yığıncağın işində Prezident Administrasiyasının məsul əməkdaşı Rüfət Əliyev çıxış edib.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında