Astara: Uğurlar daha da artırılacaq

Ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı Astarada işgüzar şəraitdə keçib.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev hesabat məruzəsində qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprel ayında rayona növbəti səfəri ilin ən yaddaqalan hadisəsi olmuşdur. Səfər zamanı dövlətimizin başçısı 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun açılışını etmiş, müasir tələblər səviyyəsində qurulan, şəhərə xüsusi yaraşıq verən dənizkənarı park-bulvar kompleksi və “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olmuş, ictimaiyyət nümayəndələri ilə səmimi görüş keçirmişdir.

Cənab Prezident rayona tarixi səfərindən sonra Astara şəhər 2 saylı tam orta məktəbin əsaslı təmiri və 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi məqsədilə sərəncam imzalamışdır. İctimaiyyət nümayəndələrinin müraciəti nəzərə alınaraq ölkə rəhbərinin digər sərəncamı ilə rayonun böyük yaşayış məntəqələrindən biri olan “Telman” kəndinin adı “Çayoba” adı ilə əvəzlənmiş, tarixi həqiqət bərpa edilmişdir. Bütün bunlar Astara və astaralılara unudulmaz təsir bağışlamışdır.  

Hesabat ilində Astarada tikinti-abadlıq və quruculuq sahəsində də xeyli iş görülüb. 360 şagird yerlik Artupa kənd tam orta məktəbinin tikintisi başa çatdırılıb, 860 şagird yerlik Astara şəhər 2 saylı tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəb üçün yeni binanın tikintisi davam etdirilir.

Rayon ərazisindəki avtomobil yollarının abadlaşdırılması il ərzində davam edib. Ucqar dağlıq əraziləri əhatə edən, mürəkkəb relyefdə yerləşən Taxtanakəran-Toradi avtomobil yolunun tikintisinə başlanılıb. Kijəbə-Burzuband yoluna, Siyaku və  Rüdəkənar kənd daxili yollarına asfalt çəkilib. Azərbaycan  Kənd İnvestisiya Layihəsi çərçivəsində Siyaku-Marzəsəy, Sığəkəran və Siyakeş kənd avtomobil yollarına çınqıl materialı döşənib, kəndlərarası yollarda hamarlama işləri aparılıb. Pensər çayının Şəmətük kəndindən keçən hissəsində 18 metr, Şiyəkəran kəndindən keçən hissəsində isə 45 metr uzunluğunda avtomobil körpüləri tikilib.   

Astara şəhərinin küçələrində tikinti-abadlıq işləri aparılıb, yol nişanları quraşdırılıb, binalarının fasad və dam örtüklərində təmir işləri görülüb.  İllərdən bəri sakinləri narahat edən problemlərdən biri də Astara şəhərinin içməli su ilə təminatı idi. 2015-ci Dövlət Proqramı çərçivəsində Xanbulançay su anbarından şəhərə içməli su xəttinin çəkilməsinə başlanılıb. Magistral su xəttinin 8 kilometrlik hissəsində işlər tamamlanıb, hazırda burada tikinti davam etdirilir.  Rayonda ümumi məhsul istehsalı və xidmətlərin həcmi 175 milyon 558 min manata  çatıb. Orta hesabla bir nəfərə düşən ümumi məhsulun həcmi  1680 manat təşkil edib. İnşaat işlərinin aparılması üçün 2015-ci il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 48 milyon 827 min manat məbləğində vəsait  yönəldilib. Əvvəlki illə  müqayisədə bu vəsaitin həcmi 25 faiz artıb. Rayonda 766 yeni iş yeri açılıb.

Astaranın qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam edib, Çayoba və Tüləküvan kəndlərinə “mavi yanacaq” verilib. İl ərzində rayon üzrə ümumilikdə 1424 ev qazlaşdırılıb. Rayonun elektrik xətt təsərrüfatının yaxşılaşdırılması yönündə işlər davam edib.  

Hesabat ilində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4 min 620 ailə üzvünü əhatə edən 923 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilib. Hər bir ailəyə düşən orta aylıq məbləğ 157 manat olub. Amma bu sahədə hələ tam qayda yaradılmayıb. Təhsil, səhiyyə və mədəniyyət sahələrində də müəyyən uğurlar qazanılıb. Əhalinin tibbi müayinəsi ilə əlaqədar keçirilən humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının və Respublika Diaqnostika Mərkəzinin həkim briqadası tərəfindən Astaranın tarixində ilk dəfə böyrək transplantasiyası icra olunub və əməliyyat uğurla nəticələnib.           Ötən il Astara idmançıları müxtəlif miqyaslı yarışlarda 132 medal qazanıblar ki, bunun da 62-si qızıl əyarlı medal olub. Astara Olimpiya İdman Kompleksində ağır atletika üzrə dünya kuboku yarışı keçirilib. Turizm potensialına malik olan rayonda bu sahənin inkişafı üçün geniş imkanlar açılıb. Yeni park-bulvar, dağ kəndlərinə çəkilən yollar  turistlərin daha yaxşı istirahətinə imkanlar yaradır.

 Kənd təsərrüfatı ili ilə əlaqədar Astarada aqrar sahənin inkişafına diqqət artırılıb.   Fermerlərə və fiziki  şəxslərə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 253 min manat dəyərində güzəştli kreditlər verilib. 765 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısı ümumilikdə 105 min manat subsidiya alıb, əkinçilərə 501 ton mineral gübrə güzəştli şərtlərlə satılıb. 

Rayonda yaradılan çayçılıq təsərrüfatlarının ərazisi 343 hektara çatdırılıb.   Ümumilikdə 421 ton yaşıl çay yarpağı yığılıb. 65 hektar sahədə çəltik əkini aparılıb, 254 ton məhsul əldə edilib. Bundan başqa, 86 hektar buğda, 517 hektar paxlalı bitkilər, 234 hektar  qarğıdalı, 1351 hektar kartof, 2727 hektar faraş tərəvəz, 916 hektar dənli bitkilər, 539 hektar  bostan bitkiləri, 1124 hektar sahədə yonca əkilib.

 Müzakirələrdə iştirak edənlər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə inkişaf etməsindən qürur duyduqlarını vurğulayıb,  daha gözəl günlər naminə ölkə rəhbəri ətrafında hər an sıx birləşdiklərini söyləyiblər. 

 Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov və Milli Məclisin deputatı Rəşad Mahmudov çıxış ediblər. Qeyd olunub ki, keçən il, bütövlükdə, ölkəmiz üçün uğurlu olub, dinamik inkişaf təmin edilib. Qəbul edilmiş dövlət proqramları üzrə ardıcıl həyata keçirilən layihələr, şəhər, qəsəbə və kəndlərimizin abadlaşması ilə nəticələnib. H.Əzənmədov son aylar əhalinin sosial rifahının yaxşılaşdırılması üçün həyata keçirilən əməli tədbirlərdən konkret faktlar əsasında bəhs edib. Qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında