Şərur rayonunun Oğlanqala kəndində müasir infrastruktur yaradılmışdır

Muxtar respublikanın qədim yaşayış məntəqələrindən biri də Şərur rayonunun Oğlanqala kəndidir. Əcdadlarımızın yaratdığı qədim mədəniyyətin izlərini və zəngin tarixi özündə yaşadan Oğlanqala kəndi bu gün həm də müasir görkəmi ilə diqqəti cəlb edir. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar bu kəndi də əhatə etmiş, aparılan geniş quruculuq işləri və tikilən müasir sosial obyektlər kəndin minillik tarixində yeni inkişaf dövrünün əsasını qoymuş, Oğlanqala muxtar respublikanın şəhərləşən kəndlərinin sırasına daxil olmuşdur.

 

Oğlanqalada yeni məktəb binası istifadəyə verilmişdir

 

Fevralın 15-də Oğlanqala kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri Şərur rayonunu da əhatə etmişdir. Ötən il Şərur şəhərində Aviakassa binası, Cəlilkənd,  Püsyan, Kürçülü, Axaməd, Kürkənd və Yuxarı Yaycı kəndlərində yeni sosial obyektlər, Yengicə kəndində sosial qayğıya ehtiyacı olan sakin üçün fərdi ev tikilərək istifadəyə verilmiş, 21,2 kilometr kənd yollarına asfalt örtük salınaraq yenidən qurulmuşdur. Bu dövrdə rayon ərazisində 5 yeni artezian quyusu qazılmış, 7 artezian quyusu isə bərpa edilmişdir. Bu gün Oğlanqala kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının istifadəyə verilməsi də muxtar respublikada kəndlərin inkişafına göstərilən qayğının ifadəsidir. İbrahim Məmmədov yaradılan şəraitə görə rayon əhalisi adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Oğlanqala kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə müəllim və şagirdləri təbrik edərək demişdir: Məktəb işi hər bir ölkədə vacib sahə hesab olunur. Çünki ölkənin gələcəyi məktəblərdə hazırlanır. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərindən başlayaraq məktəb işinə göstərdiyi diqqət və qayğı bu gün ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizin hər yerində yeni məktəb binaları tikilir, müəllim əməyi qiymətləndirilir, onların əməkhaqılarının artırılması üçün  diaqnostik qiymətləndirmə aparılır.

Ali Məclisin sədri demişdir: Məktəbdə təhsil alan hər bir gənc gələcəkdə mütləq bir peşə sahibi olmalıdır. Bu səbəbdən də məktəblərdə müasir tədris şəraiti yaradılmalıdır. Oğlanqala kənd tam orta məktəbində yaradılan şərait imkan verəcəkdir ki, burada təhsil alan gənclər gələcəkdə ölkəmizdə və xaricdə istənilən ali məktəbdə təhsillərini davam etdirsin, eyni zamanda, bir peşə sahibi olsunlar. Bütün bunlar kollektivin üzərinə mühüm vəzifələr qoyur. Əgər məktəbdə müasir tədris şəraiti yaradılıbsa, yeni innovasiyaların tətbiqi və onlardan istifadə də mütləq qaydada həyata keçirilməli, gənclər müasir dövrün tələblərinə uyğun hazırlanmalıdır. Müəllimlər bilməlidirlər ki, onlar ölkənin gələcəyini hazırlayırlar. Şagirdlər isə bilməlidirlər ki, onlar ölkəmizin gələcəyidirlər. Ona görə də müəllimlər gənclərə təhsil verməklə yanaşı, həm də onları müstəqil həyata hazırlamalıdırlar. Gənclər isə yaxşı oxumalı, yaradılan şəraitdən istifadə edərək ölkəmiz üçün yararlı vətəndaş kimi yetişməlidirlər.

Ötən tədris ilində qazanılan nailiyyətlərə görə Oğlanqala kənd tam orta məktəbinin kollektivinə təşəkkür edən Ali Məclisin sədri bu nailiyyətlərin daha da artırılacağına, məktəbin muxtar respublikanın qabaqcıl məktəbləri, eləcə də ölkəmizdə keçirilən “Ən yaxşı ümumi təhsil məktəbi” müsabiqəsinin qalibləri sırasında olacağına əminliyini bildirmiş, kollektivə tədrisdə uğurlar arzulamışdır.

Sonra Ali Məclisin sədri məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, 576 şagird yerlik 3 mərtəbəli məktəb binasında 4-ü elektron lövhəli olmaqla 32 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, müəllimlər otağı, 2 şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları yaradılmışdır. Məktəbin kitabxana fondunda 7357 kitab vardır.

Ali Məclisin sədrinə məlumat verilmişdir ki, məktəbin yeni binası və müasir tədris bazası dərslərin səmərəli keçirilməsinə imkan verir. 2015-2016-cı tədris ilində Oğlanqala kənd tam orta məktəbində birinci sinfə 43 şagird qəbul olunmuşdur. Məktəbdə internetə çıxışı olan 38 kompüter quraşdırılmışdır. Həmçinin elektron lövhələrdə internetə çıxış imkanının yaradılması distant təhsilin tətbiqinə imkan verir. Oğlanqala kənd tam orta məktəbinin şagirdləri muxtar respublikanın 206 təhsil müəssisəsi ilə eyni vaxtda Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən distant dərsi izləmişlər.

Ali Məclisin sədri Oğlanqala kəndinin tarixi ilə bağlı məlumatların məktəbin tədris proqramına daxil edilməsi və şagirdlərə öyrədilməsi barədə tapşırıqlar vermişdir. 

Gənclərin fiziki sağlamlığı və vətənpərvər böyüdülməsi  vacib amildir. Bu səbəbdən də məktəbdə çağırışaqədərki hərbi hazırlıq fənninin və idman dərslərinin tədrisinə xüsusi diqqət yetirilir. Müasir hərbi kabinə və geniş idman zalı şagirdlərin istifadəsinə verilmişdir.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin sədri demişdir ki, Oğlanqala kənd tam orta məktəbi bu gün ən inkişaf etmiş ölkələrdəki məktəblər səviyyəsində qurulub. Şagirdlərin təlim-tərbiyəsi, yaxşı oxuması, həyata hazırlanması müəllim əməyinin bəhrəsidir. Şagird yaxşı hazırlanıbsa, onun müəlliminin əməyinin bəhrəsi də uğurludur. Buna görə də məktəblərimizdə müasir şəraitin yaradılması ilə yanaşı, məsuliyyət də dəyişilməlidir. Ölkənin gələcəyi və cəmiyyətin sağlam inkişafı məktəbdə gənclərin düzgün hazırlanmasından başlayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Məktəb təhsil verməklə yanaşı, eyni zamanda gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır”.

Müəllim Gülnar Seyidova kollektiv adından minnətdarlıq edərək demişdir ki, bu gün Oğlanqala kəndində hər cür avadanlıqlarla təchiz olunmuş yeni məktəb binasının istifadəyə verilməsi müəllim və şagirdlərə, ümumiyyətlə təhsilin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bütün bunların müqabilində işimizə daha məsuliyyətlə yanaşacaq, qarşımıza qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, məktəbdə savadlı və vətənpərvər gənclər yetişdirəcəyik.

 

Dövlət qurumları üçün müasir şərait yaradılmışdır

 

Fevralın 15-də Oğlanqalada Kənd mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.

Ali Məclisin sədri tədbirdə çıxış edərək demişdir: Oğlanqala kəndi müasir yaşayış məntəqəsinə çevrilib. Kənddə geniş quruculuq işləri aparılıb. Bütün bunlar insanların rahat yaşamasına imkan verəcəkdir. Eyni zamanda, həyata keçirilən tədbirlər kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına xidmət edir.

Ali Məclisin sədri demişdir: Oğlanqala kəndi qədim yaşayış məntəqəsidir. Aparılan kompleks quruculuq işlərindən sonra Oğlanqala kəndi həm də müasir yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə istifadəyə verilən yol, müasir məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası ölkəmizin inkişafının, eyni zamanda, bir kəndin timsalında dövlətimizin vətəndaşlara göstərdiyi qayğının nümunəsidir. Bütün bunlar Azərbaycan dövlətinin bugünkü simasıdır. Hər bir kənd, hər bir rayon öz inkişafı ilə ölkəmizin inkişafına pay verir. Kəndlərin, rayonların, şəhərlərin abadlaşması, müasirliyə qovuşması ümumilikdə Azərbaycanın inkişafına və daha da möhkəmlənməsinə xidmət edir.

Qeyd olunmuşdur ki, Oğlanqala kəndinin məhsuldar torpaqları və zəhmətkeş insanları vardır. Bu da imkan verir ki, qurulanlardan və yaradılan şəraitdən səmərəli istifadə olunsun, kənd daha da inkişaf etsin, nailiyyətləri artsın. Nailiyyətlərin artması isə ümumilikdə ölkəmizin nailiyyətlərinin artması deməkdir. İnsanlar qurulanlara, yaradılan şəraitə ölkəmizin inkişafı yolunda göstərdikləri xidmətləri ilə cavab verməlidirlər. Hər kəs çalışdığı sahədə öz üzərinə düşən vəzifəni məsuliyyətlə və keyfiyyətlə yerinə yetirməlidir.

Ali Məclisin sədri demişdir: Bu gün Oğlanqala kəndi qədimliyi və müasirliyi təcəssüm etdirir. Kəndin qürurverici tarixi vardır. Qədim yaşayış məntəqəsi olan Oğlanqala və Qız qalası haqqında Fransa və Amerika mətbuatında yazılar dərc olunur. Kəndə gələn və bu ərazidə tədqiqat işləri aparan xarici mütəxəssislər qədimliklə müasirliyin vəhdət təşkil etdiyini görməlidirlər. Ona görə də tikilənlər, qurulanlar, yaradılan abadlıq işləri qorunub saxlanılmalı, kənd bundan sonra daha da inkişaf etdirilməlidir.

Sakin Hüseyn Orucov minnətdarlıq edərək demişdir: Oğlanqala kəndində şəhər rahatlığı yaradılmışdır. Kənddə bütün növ kommunal xidmətlərlə təmin olunmuşuq. Bu günlərdə kənddə istifadəyə verilən artezian quyusu sakinlərin içməli suya olan tələbatını ödəyir. Bu gün istifadəyə verilən məktəb, kənd və xidmət mərkəzləri, müasir xəstəxanadan fərqlənməyən həkim ambulatoriyası kənd sakinlərinə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Bir sözlə, kənd sakinlərinin bütün qayğıları öz həllini tapıb. Dövlətimizin diqqətini daim öz üzərində hiss edən sakinlər vaxtını təsərrüfatla məşğul olmağa sərf edir. Fərdi təsərrüfatları inkişaf etdirmək üçün götürülən kreditlərin manatın köhnə məzənnəsi ilə qaytarılması sakinlər tərəfindən razılıqla qarşılanır. Bütün bunlar isə təsərrüfat sahələrinin daha da genişləndirilməsinə, bol məhsul istehsalına rəvac verir. Bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edəcək, məhsul istehsalını artırmaqla ölkəmizin inkişafına öz töhfəmizi verəcəyik.

Ali Məclisin sədri açılışı bildirən lenti kəsmiş, mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur.

Binanın birinci mərtəbəsində rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri vardır. Baytarlıq məntəqəsində lazımi şərait yaradılmış, soyuducu qoyulmuşdur. Məlumat verilmişdir ki, hazırda Oğlanqala kəndində 3 min başdan artıq iribuynuzlu və xırdabuynuzlu heyvan, 500-dən artıq arı ailəsi saxlanılır. Fərdi təsərrüfatlar vaxtlı-vaxtında dezinfeksiya olunur, süni mayalanma tədbirlərinə geniş yer verilir.

Kitabxana fondunda oxucuların istifadəsinə 12 mindən artıq ədəbiyyat verilmişdir. Rabitə evində 384 nömrəlik ATS quraşdırılmış, genişzolaqlı və sürətli internetdən istifadə imkanları yaradılmışdır. Hazırda kənddə 320 telefon və 64 internet istifadəçisi vardır. Rabitə evində yeni poçt bölməsi yaradılmış, burada kompüter və POS-terminal qoyulmuş, kommunal ödənişlərin poçt vasitəsilə qəbuluna başlanılmışdır.

Binanın ikinci mərtəbəsində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası Oğlanqala kənd ərazi ilk təşkilatı və 74 yerlik iclas zalı vardır. Yeni Azərbaycan Partiyası Oğlanqala kənd ərazi ilk təşkilatının 285 üzvü vardır ki, onlardan da 122-si gənclər, 59-u isə qadınlardır.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Arzuman Mehdiyev məlumat vermişdir ki, kəndin əlverişli yerdə yerləşməsi burada heyvandarlığın və əkinçiliyin inkişafına geniş imkanlar açır. Suvarma suyu ilə təminat, torpaq mülkiyyətçilərinə və fermerlərə dövlət dəstəyinin artırılması, subsidiyaların verilməsi və texniki təminat imkan verir ki, sahələrdən bol məhsul götürülsün.

Ali Məclisin sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, kənddə heyvandarlığın və əkinçiliyin inkişaf etdirilməsi, tikilənlərin, qurulanların qorunub saxlanılması və nizam-intizama əməl edilməsi barədə tapşırıqlar vermişdir.

 

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlmişdir

 

Muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarından Oğlanqala kəndinə də pay düşmüşdür.

Fevralın 15-də Oğlanqala kənd həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, ikimərtəbəli həkim ambulatoriyası xəstəxana tiplidir. Binada baş həkim, qeydiyyat, tibb bacısı, doğuş, peyvənd, mama, manipulyasiya, sanitar otaqları, palata, stomatoloji kabinə, laboratoriya və aptek olmaqla 12 otaq vardır. Otaqların hər biri təyinatına uyğun müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Həkim və tibb işçiləri yaradılan şəraitdən və öhdəliklərində olan müasir tibb avadanlıqlarından səmərəli istifadə edərək əhalinin sağlamlığı qayğısına qalırlar. Kənddə profilaktik tədbirlərin təşkilinə, xüsusilə hamilə qadınların və uşaqların vaxtlı-vaxtında müayinəsinə ciddi diqqət yetirilir.

Ali Məclisin sədri kənddə səhiyyə xidmətinin günün tələblərinə uyğun təşkilinin vacibliyini qeyd etmişdir.

 

Xidmət mərkəzi sakinlərin gündəlik tələbatını ödəyəcəkdir

 

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Oğlanqala kəndində Xidmət mərkəzinin də açılışını etmişdir.

Məlumat verilmişdir ki, mərkəzdə 2 yerlik bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Xidmət mərkəzində 6 nəfər işlə təmin olunmuşdur. Kənd sakinləri gündəlik ərzaq və təsərrüfat mallarını bir ünvandan əldə etməklə yanaşı, həm də istehsal etdikləri kənd təsərrüfatı məhsullarını burada satışa çıxaracaqlar.

 

*   *   *

 

Kompleks quruculuq işləri zamanı kənddaxili avtomobil yollarına 1300 metr məsafədə asfalt örtük, 4200 metr məsafədə çınqıl qatı verilmiş, yolboyu 11 su keçidi və 745 metr beton kanal tikilmişdir. Müasir rabitə xidmətinin təşkili məqsədilə 2400 metr məsafədə fiber-optik xətt, həmçinin 4 kilometr yeni elektrik xətti və 1350 metr uzunluğunda qaz xətti çəkilmişdir.

 

Şərur rayonunun Xanlıqlar kəndindəki  “İmamzadə” bərpa olunmuşdur

 

Muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər görülür, dini-tarixi abidələrimiz bərpa olunur. Şərur rayonunun Xanlıqlar kəndindəki orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan “İmamzadə”nin bərpası da bu sahədə görülən işlərin davamıdır.

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Xanlıqlar kəndinə gəlmiş, “İmamzadə”də aparılan bərpa işləri ilə tanış olmuşdur.

Ali Məclisin sədri çıxış edərək demişdir: Bu gün həm tarixi abidə, həm də ziyarətgah bərpa olunaraq sakinlərin istifadəsinə verilir. XVI əsrdə İmam ailələrinə aid qəbirlər üzərində tikilmiş türbələrdən biri də “Parçı İmamzadəsi” deyilən bu İmamzadədir. İmamzadə yeddinci İmam Musa Kazımın oğlu Şahzadə İbrahimin məzarı üstündə tikilmiş, uzun illər ziyarətgah və inanc yeri olmuşdur.

Ali Məclisin sədri demişdir: Ziyarətgahların ərazisi abad və səliqəli olmalıdır. Ona görə də Xanlıqlar kəndindəki “İmamzadə” bərpa olunaraq ona ikinci həyat verildi, türbənin yerləşdiyi ərazi abadlaşdırıldı. Həyata keçirilən bu tədbirlər tarixi-mədəni irsimizə göstərilən qayğı olmaqla yanaşı, eyni zamanda, türbədə məzarı olan Şahzadə İbrahimə, onun ailəsinə və dinimizə hörmətin daha bir ifadəsidir. Ziyarətgaha gələn insanlar da bu amili diqqətdə saxlamalı, təmizliyə riayət etməlidirlər.

Sonra “Qurani-Kərim”dən ayələr oxunmuşdur.

Məlumat verilmişdir ki, “İmamzadə” giriş, salon və otaqlardan ibarətdir. Aşağı hissəsi kvadrat şəklində inşa edilən binanın tavanı tağvari günbəzlə örtülmüşdür. Bərpa işləri zamanı “İmamzadə”nin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılmışdır. Abidənin həyətində də geniş abadlıq işləri aparılmışdır.

Ali Məclisin sədri “İmamzadə”nin tarixi abidə kimi əhəmiyyətini qeyd etmiş, abidə haqqında bələdçi mətninin hazırlanması, tanıdılması və təbliği barədə tapşırıqlar vermişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında