Füzuli: dövlət proqramlarının uğurla gerçəkləşdirilməsi problemlərin həllini sürətləndirmişdir

Füzuli rayonunda keçirilən illik hesabat konfransında 2015-ci ilin sosial-iqtisadi göstəricilərinə yekun vuruldu, qarşıda duran vəzifələr geniş müzakirə edildi. Hesabat məruzəsi ilə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin  başçısı Alı Alıyev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin illik iclasında və sonrakı ümumrespublika toplantılarında səsləndirdiyi mülahizələr fonunda ötən il rayonun inkişafında əldə olunmuş başlıca nailiyyətləri geniş təhlil etdi, 2016-cı ilin hədəflərinə nəzər saldı.

Natiq bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət proqramları həyatın bütün sahələrində inkişafı təmin etmiş, mövcud problemlərin aradan qaldırılmasını sürətləndirmişdir. Son dövrdə ölkə rəhbərliyinin müəyyən etdiyi fəal antiböhran tədbirləri, həyata keçirilən cari islahatlar növbəti ildə də önəmli layihələrin uğurla davam etdirilməsinə imkan yaradacaq, əhalinin güzəranını yaxşılaşdırmağa xidmət edəcək.

Rayonun ötənilki sosial-iqtisadi inkişafının yekunlarından söz açan  başçı qeyd etdi ki,  2015-ci il bütün sahələrdə inkişafla, iqtisadi artımla müşayiət olunmuş, əhalinin həyat səviyyəsi yüksəlmiş, uğurlar artmışdır. Ümumən, qarşıya qoyulmuş məqsədlərə nail olunmuş, kənd təsərrüfatı, sənaye-tikinti, abadlıq-quruculuq, sosial xidmət sahələrindəki inkişaf dinamikası davam etdirilmişdir. Bütün bunlar isə Prezident İlham Əliyevin Füzuliyə və füzulililərə göstərdiyi yüksək diqqət və qayğının nəticəsində mümkün olmuşdur.

Keçən il rayonda ümumi məhsul buraxılışının həcmi 105,5 milyon manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1,8 faiz, 2003-cü ilə nisbətən isə 5,6 faiz çoxdur. Ümumdaxili məhsulun adambaşına düşən həcmi 831,3 manat təşkil etmişdir ki, bu da 0,3 faiz çoxdur. Rayonda ümumi məhsul həcminin 71,2 milyon manatı, (74 faiz) iqtisadiyyatın, 53,4 milyon manatı (26 faiz) isə xidmət sahələrinin payına düşmüşdür.

Ümumi məhsul buraxılışının 9,1 milyon manatı sənayenin, 62,1 milyon manatı kənd təsərrüfatının, 18,2 milyon manatı tikintinin, 1,3 milyon manatı nəqliyyat və rabitənin, 13,4 milyon manatı isə pərakəndə ticarət dövriyyəsinin payına düşmüşdür. Ümumi məhsul buraxılışının əsasını sənaye, kənd təsərrüfatı və investisiyalar təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi və əhaliyyə göstərilən pullu xidmətlərin həcmi 43762,4 min manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox olmuşdur. İqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına qoyulan vəsaitin məbləği 6,9 milyon manat təşkil etmişdir. Bunun da 6,5 milyon manatı və ya 94,2 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir.

Ötən il orta aylıq əməkhaqqı 258,08 manat təşkil etmişdir. Bu əvvəlki illə müqayisədə 1,05 faiz artım deməkdir. 2015-ci ildə rayon üzrə məşğul əhalinin sayı 66857 nəfər olmuşdur ki, bu da ümumi əhalinin 54,7 faizini təşkil edir. Dövlət proqramına uyğun olaraq, 2015-ci il ərzində rayonda 450 yeni iş yeri açılmışdır. Bunlardan 21-i yeni yaradılan müəssisələr hesabına, 22 nəfəri mövcud müəssisə və təşkilatlarda, 407-i isə fiziki şəxslər hesabına yaradılmışdır.

Natiq daha sonra qeyd etdi ki,  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Füzuli rayonu üçün nəzərdə tutulmuş tədbirlər iki ildir ki, uğurla həyata keçirilir. Proqramda rayonda cins heyvandarlıq, taxılçılıq, üzümçülük, tərəvəzçilik, meyvəçilik, toxumçuluq, tingçilik sahələrinin inkişafı, iri taxılçılıq təsərrüfatlarının yaradılması, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi kimi önəmli tədbirlər nəzərdə tutulur.

Məruzəçi söylədi ki, artıq beşinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tonçu rayonları sırasındadır və taxılçılar bu rəqəmi də son hədd hesab etmirlər. Ötən il 32,8 min hektar sahənin məhsulu çox qısa müddətdə biçilmiş, 111,2 min tondan çox taxıl əldə edilmişdir. Hər hektarın məhsuldarlığı 34 sentnerə yaxın olmuşdur. Buğda istehsalında isə hər hektardan 36 sentner məhsul götürülmüşdür. Dövlətimizin iqtisadi qüdrətinin artırılmasında mühüm ərzaq məhsulu sayılan taxılçılığın inkişafı gələcəkdə də diqqət mərkəzində saxlanacaqdır. Yaxın gələcəkdə füzulililər taxılçılığı özləri yetişdirdikləri elit toxum hesabına inkişaf etdirəcək və ötənilki 111,2 min ton nəticəni 130-150 min ton səviyyəsinə yüksəldəcəklər. Fermerlər bu mövsüm üçün 37000 hektarda taxıl əkmişlər ki, bu da müvafiq olaraq əvvəlki ildən 3000 hektar artıqdır.

Rayonda heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Hazırda rayonda 33515 baş iri mal, o cümlədən 15513 baş inək və camış, 133223 baş qoyun-keçi, 485 min baş ev quşları vardır. 2015-ci ildə rayonda 2921 ton ət, o cümlədən 525 ton quş əti, 20321 ton süd, 6490 milyon ədəd yumurta, 160 ton yun istehsal edilmişdir. Bunlar isə öz növbəsində əvvəlki illə müqayisədə xeyli çoxdur.

Hesabat dövründə rayonda 1640 ton kartof, 4500 ton şəkər çuğunduru, 5940 ton tərəvəz, 4928 ton bostan məhsulları, 33372 ton çoxillik bitkilər, 800 ton üzüm istehsal olunmuşdur. Sevindirici haldır ki, əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir və respublika bazarlarına da bir sıra kənd təsərrüfatı məhsulları çıxarılır.

Hesabatda bildirildi ki, rayonda sahibkarlığın inkişafına ciddi fikir verilir. Prezident İlham Əliyevin sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması ilə bağlı gerçəkləşdirdiyi əsaslı tədbirlər Füzulidə də bu sahənin sürətli inkişafı üçün ciddi təminatlar yaradır. Sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, yüzlərlə şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edir. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.

Son 5 ildə iş adamlarına yaradılmış şərait nəticəsində Əhmədbəyli kəndi ərazisində 5 min ton kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar kompleksi, ildə 2,5-3 min ton quş əti istehsal edən “Qarabağ-Broyler” MMC fəaliyyətə başlamış, bu istiqamətdə səmərəli fəaliyyət göstərir. 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 98 nəfər sahibkara 764 min manat güzəştli kredit verilmişdir.

Bildirildi ki, qarşıdakı dövrdə rayonda özəl sektorun xüsusi çəkisi artırılmalıdır. Xüsusilə əhalinin ərzaq səbətinə daxil olan kənd təsərrüfatı məhsullarının rayonun daxili imkanları hesabına istehsal olunması təmin edilməlidir. Heyvandarlığın aparıcı sahə olduğunu nəzərə alaraq ölkə başçısının tapşırıqlarına uyğun olaraq iş adamları rayonun Haramı adlanan hissəsində 5000 baş ətlik və südlük istiqamətində heyvandarlıq kompleksi və sutkada ilk növbədə 10 ton süd qəbul edəcək zavodun tikintisi başa çatdırmaq üzrədir.

Başçı fərəhlə bildirdi ki, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına və dövlət proqramına uyğun olaraq rayona təbii qaz çəkilişi tam başa çatmışdır. Füzuli respublikada 100 faiz qazlaşdırılmış rayonlardandır. Rayonun 39 yaşayış məntəqəsinin hər birində əhali təbii qazdan istifadə edir. Əhali göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirir.

Ölkə başçısının sərəncamı ilə 25 min nəfər əhalinin yaşadığı 8 məntəqəni birləşdirən 31,7 kilometrlik Əhmədbəyli-Alxanlı-Zobucuq, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər avtomobil yolları yenidən qurulmuşdur. Rayon ərazisində ümumilikdə 60 km-ə yaxın yolların bərpası işləri başa çatdırılmışdır. Hazırda 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kmdən artıq olan yolun tikintisi sürətlə davam etdirilir.

Dövlət proqramının tələblərinə uyğun olaraq rayon ərazisindəki Fin quraşdırma evlərində şəraitsiz vəziyyətdə yaşayanlar üçün 400 ailəlik yeni qəsəbənin salınmasına başlanmışdır. 2016-cı ilin sonuna kimi həmin ailələr də müasir tələblərə cavab verən şəraitli daş evlərə köçürüləcəkdir. Bildirildi ki, son illər aparılmış tikinti-quruculuq işləri nəticəsində rayonun, xüsusilə Horadiz şəhərinin görkəmi daha da gözəlləşdirilmişdir. Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 6 küçə yenidən bərpa olunaraq istifadəyə verilmişdir. Yeni salınmış Gənclər Prospekti daha da genişləndirilmiş, şəhərdə geniş yaşıllıq zolaqları salınmış, həmişəyaşıl ağaclar əkilmiş, park və xiyabanlar salınmışdır.

Hazırda Horadiz şəhərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün inzibati binanın tikintisi davam edir, Statistika və Kənd Təsərrüfatı idarələrinin inzibati binalarının tikintisi başa çatmışdır. Əhmədbəyli kəndində kənd xəstəxanası əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.

Əvvəllər yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatında ciddi nöqsan və problemlər olurdu. İşıqlar tez-tez sönür, xətlərdə nasazlıqlar baş verirdi. Həyata keçirilmiş tədbirlər nəticəsində bu mühüm sahədə əsaslı işlər görülmüşdür. İçməli su təchizatının yaxşılaşdırılması istiqamətində də əsaslı işlər görülmüşdür.

Rayonda ən vacib xidmət sahələri olan təhsil, mədəniyyət və səhiyyə işinin getdikcə təkmilləşdirilməsi prosesi davam etdirilir. Dövlət proqramında bu sahədə nəzərdə tutulan tədbirlər ardıcıllıqla öz həllini tapmaqdadır. Ərazidəki 46 ümumtəhsil müəssisəsinin hamısı, tibb müəssisələrinin əksəriyyəti yenidən tikilmiş və ya əsaslı bərpa olunmuş binalarda yerləşir. 2015-ci ildə rayonun təhsillə bağlı göstəriciləri də uğurlu olmuşdur. Ali məktəblərə sənəd verən 544 şagirddən 326 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə, 92 şagird isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Ali məktəblərə sənəd verən abituriyentlərin ümumilikdə 418-i (76 faizi) ali və orta ixtisas məktəblərinə daxil olmuşdur.

2015-ci ildə rayon Mərkəzi Xəstəxanasına iki ədəd təcili tibbi yardım maşını verilmişdir.Ölkə başçısının tapşırığından sonra dərman pereparatlarının vahid qiymət cədvəli tərtib edilib, qiyməti aşağı salınıb. Bütün bunlar rayon sakinləri tərəfindən məmnuniyyətlə qarşılanır. Mədəniyyət sahəsində də müəyyən irəliləyişlər vardır. Dövlət Dram Teatrının fəaliyyətini yaxşılaşdırmaq üçün ayrıca bina verilmişdir. Əhali, haqqında söhbət gedən xidmət sahələrindən çox iş gözləyir.

Məruzəçi daha sonra bildirdi ki, Prezident İlham Əliyev  son toplantılarda respublikada korrupsiya və rüşvətxorluğa qarşı mübarizə işinin daha ciddi aparılmasını tapşırmışdır. Rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları bütün sahələrdə neqativ faktları, rüşvətxorluq, korrupsiya hallarını, yol verilən nöqsanları araşdırmalı və aradan qaldırmalıdırlar.

Füzuli RİH-in başçısı Alı Alıyev məruzəsini bu sözlərlə bitirdi:

– Qarşımızda dayanan vəzifələrin sferası daha böyükdür. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında əfraflı danışmışdır. Rayon icra hakimiyyəti adından ölkə başçısını əmin etmək istəyirik ki, bundan sonra da fəaliyyətimizi möhtərəm dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən irəli gələn tələblər səviyyəsində qurmaqla 2016-cı ildə rayonun qarşısında dayanan bütün tapşırıqların həllini layiqincə təmin edəcəyik.

Müzakirələrdə çıxış edən təhsil şöbəsinin müdiri Ramella Məmmədova, Mərkəzi Xəstəxananın baş həkimi Soltan Əliyev, Əhalinin Sosial Müdafiə Mərkəzinin müdiri Adil Həziyev, Kənd Təsərrüfatı İdarəsinin rəisi Hüseyn Abbasov, Maliyyə şöbəsinin rəisi Zaur Aslanov ayrı- ayrı sahələrdə qazanılmış uğurlardan, ilin qarşıda duran məsul vəzifələrindən danışdılar.

Hesabat yığıncağında Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev geniş çıxış etdilər.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olundu. 

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında