Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fevralın 10-da Cəlilabad rayonunda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən keçirilən son müşavirələrdə, o cümlədən regionların sosial-iqtisadi inkişafı ilə bağlı konfransda verilən tapşırıqlar, Cəlilabad rayonunun inkişafı və bu il həyata keçiriləcək tədbirlər barədə məlumat verilib.
Qeyd olunub ki, ötən il dünyada baş verən iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməsə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmizin dayanıqlı iqtisadi inkişafı təmin edilir. Belə ki, 2015-ci ildə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Kənd təsərrüfatı sahəsində 6,6 faiz artım olub. Son 12 ildə Azərbaycana 200 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da yarısı xarici investisiyadır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri çəkilib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi yekunlaşmaq üzrədir. Azərbaycanda qazlaşdırma 90 faizə çatıb, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb.
Komitə sədri qeyd edib ki, qarşıya qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neft asılılığından azad edilməsi kimi mühüm vəzifələr qoyulub. Bu sahədə dövlətimizin başçısı tərəfindən dövlət qurumları və aidiyyəti təşkilatlara konkret tapşırıqlar verib. Prezident İlham Əliyevin vurğuladığı kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq.
2015-ci ildə nəzərdə tutulan bütün sosial proqramların icra olunduğunu vurğulayan K.Həsənov diqqətə çatdırıb ki, bu müddətdə 84 mini daimi olmaqla, 100 mindən çox yeni iş yeri açılıb. Cari ildə maaşlar, pensiyalar və müavinətlər artırılıb. Yaranmış iqtisadi şəraitdə sahibkarlığı inkişaf etdirmək, iş adamlarına əlverişli şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülür. Daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi istiqamətində işlər aparılır.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının yaradılması barədə fərmanın imzalanması sahibkarlara, fiziki və hüquqi şəxslərə göstərilən diqqətin növbəti təzahürüdür və iş adamlarının hüquq və mənafelərinin daha yüksək səviyyədə qorunmasına yönəlib.
Hazırda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla reallaşdırılmaqdadır. Cəlilabadda da bir çox sahələrdə sürətli inkişafa nail olunub, geniş quruculuq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib. Rayonda sahibkarlığın, kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, sahibkarlara, fermerlərə dəstək göstərilir.
Komitə sədri qeyd edib ki, dövlətimizin başçısı Cəlilabad rayonuna 7 dəfə səfər edib. Bu səfərlər zamanı 2 məktəb, 2 uşaq bağçası, 2 tibb müəssisəsi, 12 sosial obyekt, 8 istehsal müəssisəsi və bir neçə avtomobil yolu istifadəyə verilib. Son 12 ildə Cəlilabad rayonunda, ümumilikdə, 27 məktəb, 10 dövlət və özəl qurumların filialı, şəhid ailələri və əlillər üçün 2 yaşayış binası, yaradıcılıq və istirahət mərkəzləri, park və olimpiya idman kompleksi tikilib. Həmçinin rayonda şərab zavodu, xalçaçılıq kombinatı və tikiş müəssisəsi, kənd təsərrüfatı məhsullarının konservləşdirilməsi ilə məşğul olan “Kristal” MMC, taxıl anbar kompleksi, un dəyirmanı, soyuducu kameralar, taxıl toxumçuluğu üzrə təsərrüfat yaradılıb.
Görüşdə ötən il Cəlilabadda aqrar sektorda əldə olunan nəticələrdən də danışılıb. Bildirilib ki, məhsul istehsalçıları 188,7 min ton dənli və dənli paxlalılar, o cümlədən 55 min ton taxıl, 24 min ton arpa, 1,1 min ton tərəvəz, 254 ton bostan, 1,4 min ton meyvə, 4 min ton qarğıdalı, 1,1 min ton günəbaxan tədarük ediblər. Rayonda kartofçuluğun və çiyələk istehsalının artırılması üçün əlverişli şərait yaradılıb. 2015-ci ildə kartof istehsalı 85,6 min tona çatdırılıb. Çiyələk əkini sahələri 195 hektaradək genişləndirilib. Tədarük olunan 2150 ton yüksək keyfiyyətli çiyələk respublika bazarlarında satışa çıxarılıb.
Çıxış edən ictimaiyyət nümayəndələri, iş adamları və fermerlər Cəlilabad rayonunda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, bu sahəyə dəstəyin artırılması barədə fikir və təkliflərini bildiriblər.
Görüşdə rayonda sahibkarlığın inkişafı, məhsul istehsalının artırılması, sosial-iqtisadi sahədə yeni layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.