Məcburi köçkünlər doğma yurda qayıtmaq arzusu ilə yaşayırlar

Qubadlı rayonunun əhalisi 23 ilə yaxındır ki, məcburi köçkün həyatı yaşayır. İllər ötdükcə, onların doğma yurda dönmək, bu torpağın isti nəfəsini duymaq, erməni cəlladlarının xarabazara çevirdikləri kənd və qəsəbələri yenidən canlandırmaq həvəsi artmaqda davam edir. Bu gün ölkəmizin müxtəlif regionlarında məskunlaşan bu insanlar yaşadıqları yerin təsərrüfat və mədəni həyatında yaxından iştirak edir, dövlətimizin qüdrətlənməsi üçün əllərindən gələni əsirgəmirlər. Ötən il qazanılmış nailiyyətlər bunu bir daha təsdiq edir.

Qubadlı Rayon İcra Hakimiyyətinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı bəhs olunmuşdur. İclasda rayon icra hakimiyyətinin başçısı Malik İsaqov geniş məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirilən iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışında dünyada baş verən proseslər ətraflı təhlil edilmiş və qeyd olunmuşdur ki, ötən ildə dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın nəticələri daha da dərinləşmiş, qanlı toqquşmalar davam etmişdir. İcra başçısı cənab Prezidentin çıxışındakı əsas istiqamətləri toplantı iştirakçılarının diqqətinə çatdırmış və qeyd etmışdir ki, bu, ölkənin gələcək inkişafı üçün proqram xarakteri daşımışdır.

Qeyd olunmuşdur ki, demoqrafik təhlilin nəticələrinə görə, hesabat ilində rayon əhalisi 36 min 700 nəfər olaraq respublikanın 42 şəhər və rayonunda məskunlaşmışdır. Ötən ildə rayon icra hakimiyyətinin əsas fəaliyyət istiqamətlərindən biri köçkünlərin yaşayış şəraitlərinin yaxşıladırılması olmuş, əhalinin məskunlaşdığı mənzillərin təmir edilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Beyləqan rayonunda məskunlaşan 1 ailə, Saatlı rayonunda 5 ailə, Mingəçevir şəhərində 4 ailə, Bərdə rayonunda 4 ailə, Bakı şəhərində 1 ailə yeni mənzillə təmin edilmişdir. Əvvəllər Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin yerləşdiyi binada mənzil şəraiti ağır olan 5 ailə, “Şəfa” sanatoriyasında isə 6 ailə mənzillə təmin edilmişdir. Ümumiyyətlə, 2015-ci ildə 26 ailənin mənzil şəraiti yaxşılaşdırılmışdır.

İcra hakimiyyəti binasının qarşısındakı istirahət parkında əsaslı yenidənqurma işləri aparılaraq, yeni fəvvarə quraşdırılmış, abadlıq işləri görülmüşdür.

Malik müəllim əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də məlumat vermişdir. Bildirmişdir ki, əhalinin aztəminatlı hissəsi ötən il də diqqətdə saxlanılmışdır. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına 2015-ci il ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, bayram tədbirlərinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə daxili imkanlar hesabına 79 min manat yardım edilmiş, “Novruz bayramı” münasibətilə 600 aztəminatlı ailəyə ərzaq bağlaması, şəhid ailələrinə il ərzində dörd dəfə ərzaq yardımı edilmışdır. Ötən ilin may ayında rayon icra hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə tədbir keçirilmiş, müharibə iştirakçılarının şərəfinə bayram süfrəsi təşkil edilmişbir. Qubadlıdan olan 16 müharibə veteranının hər birinə 200 manat olmaqla, ümümilikdə 3200 manat yardım göstərilmişdir. Bunlardan əlavə, Qurban bayramı ilə əlaqədar rayondan olan 800 aztəminatlı ailəyə bayram sovqatı paylanmışdır.

2015-ci ildə rayonun idarə, müəssisə və təşkilatları da qarşılarına qoyulmuş vəzifələrin həlli istiqamətində səmərəli tədbirlər həyata keçirmişlər. Bildirilmişdir ki, rayon vergilər şöbəsi üzrə 1781 vergi ödəyicisi qeydiyyatda olsa da, hazırda rayon üzrə faktiki fəaliyyət göstərən 833 vergi ödəyicisi vardır. Rayon vergilər şöbəsinin ötən il üçün proqnoz tapşırığı 2 milyon 962 min manat nəzərdə tutulsa da, 2 milyon 995 min 400 manat vəsait toplanaraq tapşırığa 101,1 faiz əməl edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi və rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində birlikdə 7 min 827 nəfər pensiyaçı qeydiyyatda olmuşdur. İl ərzində 227 nəfərə əmək pensiyası təyin edilmiş, rayon üzrə pensiyaların orta məbləği 166 manat təşkil etmişdir.

Qubadlı rayonunun Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən ötən ildə 341 ailəyə ünvanlı sosial yardım ödənilmişdir. Şöbə tərəfindən 355 tənha-ahıl və əlil qocaya xidmət göstərilmiş, 5 nəfər Qarabağ müharibəsi, 2 nəfər Böyük Vətən müharibəsi əlili, 1 nəfər Çernobıl əlili avtomaşın ilə təmin edilmiş, 64 nəfər əlil sanator-kurort və istirahət mərkəzlərinə göndərilmişdir.

İcra başçısı onu da bildirmişdir ki, ötən il 181 yeni iş yeri yaradılmış, özlərindən asılı olmadan iş yerlərini itirən 1034 nəfərə orta aylıq əmək haqqı ödənilmişdir.

Aparılmış təhlillər göstərir ki, ötən ildə yalnız fərdi təsərrüfatlarda saxlanılan qoyun-keçilərin sayında və arıçılıqda nəzərə çarpacaq artım olmuşdur.

İcra hakimiyyəti başçısı təhsil məsələlərinə də toxunmuşdur. Qeyd etmişdir ki, rayon üzrə 31 tam və 1 ümumi orta məktəbdə 7 min 598 nəfər şagird təhsil almışdır. 2015-ci ildə 400 məzundan 196 nəfəri ali məktəblərə qəbul olaraq tələbə adını qazanmışdır. Aşağı Mollu məktəbinin məzunu Nihad Abbasov maksimum nəticə hesab olunan 700 balı toplamış, Qəziyan kənd tam orta məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Rayon məktəblərinin maddi-texniki bazanın yaxşılaşması istiqamətində də işlər aparılmışdır. Xanlıq ümumi orta məktəbi üçün yeni binanın tikintisi davam etdirilmiş, Muradxanlı, Qubadlı şəhər – 3 nömrəli məktəblərdə cari təmir işləri görülmüş, Dəmirçilər və şəhər – 3 saylı məktəblərində istilik sistemləri quraşdırılmış, Çardaqlı tam orta məktəbində idman meydançası istifadəyə verilmişdır. 5 məktəbdə qaz sayğacları, 15 məktəbdə su sayğacları yenisi ilə əvəz edilmiş, 38 min 565 manat dəyərində inventar alınaraq məktəblərə verilmişdir.

İclasda rayonda ötən il səhiyyə xidməti, mədəniyyət və idman sahəsində qazanılmış uğurlardan da bəhs olunmuşdur. Bildirilmişdir ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən əhalinin kütləvi profilaktik tibbi müayinədən keçməsi işi uğurla həyata keçirilmişdir. Rayon üzrə müayinədən keçən 32 min 542 nəfərdən 22 min 849 nəfəri bilavasitə rayon icra hakimiyyətinin köməkliyi ilə tikilmiş poliklinikanın xidmətindən yararlanmışdır. Bunlardan əlavə poliklinikada iki tibb məntəqəsi ilə birlikdə 22 min 688 ambulator xəstə qəbulu həyata keçirilmişdir.

Rayonun mədəniyyət və turizm idarəsi də öz işini müvafiq planına uyğun qurmağa çalışmış, 2015-ci il ərzində şöbə tərəfindən ümumilikdə 149 tədbir keçirilmiş, tədbirlərə 7 mindən artıq tamaşaçı cəlb edilmişdir. Ötən ilin idman nailiyyətləri də uğurlu olmuşdur. İdmançılardan İslam Abbasov, Ramal Əhmədli, Ruslan Həsənov, Saleh Məmmədov, Saday Qasımzadə dünya çempionatlarında və digər beynəlxalq yarışlarda güləş, uşu-sando və budo döyüş növləri üzrə çempion olmuşlar. Ruslan Rüstəmov boks üzrə ikinci dəfə gənclər arasında Avropa birinciliyinin qalibi olmuşdur.

Rayonun hüquq-mühafizə orqanları xidməti vəzifələrin yerinə yetirilməsini təmin etmişlər.

İcra başçısı son olaraq bildirmişdir ki, həmişə dövlətçilik ənənələrinə sadiq olan rayonumuzun sakinləri bundan sonra da ölkə Prezidenti cənab İlham Əliyevin apardığı düşünülmüş, uğurlu siyasəti dəstəkləyərək, hər bir sahədə ona yardımçı olmaqla, ölkəmizin inkişafında əllərindən gələni əsirgəməyəcəklər.

İclasda rayon təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva, DSMF rayon şöbəsinin müdiri Cəlaləddin Məmmədov, Məşğulluq Mərkəzinin direktoru Əkbər Qurbanəliyev, rayon əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Fazil Nərimanov, mədəniyyət və turizm şöbəsinin müdiri İlham Əhmədov, Maliyyə şöbəsinin rəisi Kəmaləddin Rüstəmov, Vergilər şöbəsinin rəisi Əhliman Qasımov, Mərkəzi Xəstəxananın baş həkimi Nüsrət Əhmədov, Dondarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Səbuhi Abbasov çıxış edərək ötən il həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Tədbirdə, həmçinin Prezident Administrasiyasının məsul işçisi Ağaəli Əhmədov və Milli Məclisin deputatı İmamverdi İsmayılov geniş nitq söylədilər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında