Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı 2015-ci ildə bütün sosial proqramların icra edildiyini diqqətə çatdırdı, ölkənin maliyyə vəziyyətinin əvvəlki illərdəki kimi olmadığına baxmayaraq, bir dənə də olsun sosial proqramın ixtisar edilməyəcəyini bildirdi. Xüsusi olaraq, bu il maaşların, pensiyaların, sosial müavinətlərin qaldırıldığını qeyd etdi və bunun da sosial siyasətimizin əsasını təşkil etdiyini vurğuladı.

Prezident keçən ilin ölkəmiz üçün uğurlu olduğunu, neftin qiymətinin dörd dəfə azalması səbəbindən  dünya iqtisadiyyatının stress vəziyyətinə düşdüyünü bildirdi: “Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə azalması və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək”. Ölkə başçısı bazar iqtisadiyyatı şəraitində yaşadığımıza görə milli valyutamızı süni şəkildə istədiyimiz səviyyədə saxlaya bilmək imkanımızın olmadığını da qeyd etdi. Bildirdi ki, görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması dövlətə bu vəziyyətdən uğurla çıxmağa kömək edəcək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır: “Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik”.

Dövlət başçısı qeyd edir ki, islahatlar apararkən hər zaman sosial məsələləri yadda saxlamalıyıq və unutmamalıyıq ki, biz xalq üçün çalışırıq, onun problemlərini də biz həll etməliyik. “Ona görə, Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş şəkildə icra ediləcək. ...İlk növbədə demək istəyirəm ki, bütün sosial proqramlar tam icra ediləcək”.

Dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə bütün sosial proqramlar vaxtında reallaşdırılır, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının baza hissəsinin  artırılması haqqında” 16 yanvar 2016-cı il tarixli sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Sərəncamın icrası ilə bağlı  Dövlət Sosial Müdafiə Fondu tərəfindən Azərbaycanın Milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanması təmin edilib.

Ölkəmizdə 1 milyon 296 min pensiyaçı var. Prezidentin əmək pensiyalarının baza hissəsinin artırılmasına dair sərəncamı təxminən 1 milyon 223 min pensiyaçıya şamil olunacaq. Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 73 min nəfərdir. Onların pensiyaları isə “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq fərqli qaydada artırılır. Pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 169 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaqdır. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar (I qrup gözdən əlillər istisna olmaqla – 17 min nəfər) üzrə artım 13 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə (I qrup gözdən əlillər – 8700 nəfər) isə 21 manat təşkil edəcəkdir. Şəhid ailəsi üçün Prezident təqaüdünün məbləği

20 manat (10 faiz) artırılaraq 220 manata çatdırılıb. Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (BVM iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat artırılıb. Böyük Vətən müharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 19 manat, I qrup BVM əlillərinin pensiyası 25 manat, II qrup BVM əlillərinin pensiyası 21 manat, III qrup BVM əlillərinin pensiyası isə 19 manat artırılır. Onu da deyək ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 140 milyon manat əlavə vəsait yönəldiləcəkdir.

Dövlət başçısının 16 yanvar 2016-cı il tarixli fərmanı 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən təqaüdün məbləğinin artırılmasını nəzərdə tutur. Fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə aylıq Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manatdan 165 manata, II qrup əlillər üçün 130 manatdan 143 manata, III qrup əlillər üçün isə 100 manatdan 110 manata qaldırılıb. Bu artımlar 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş 317 nəfər şəxsə şamil olunacaqdır. Onlardan 18 nəfəri I qrup, 190 nəfəri II qrup, 109 nəfəri isə III qrup əlildir. “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” 16 yanvar 2016-cı il tarixli sərəncam isə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2016-cı il fevralın 1-dən 10 faiz artırılmasını nəzərdə tutur. Sərəncam 566 min nəfər məcburi köçkünə şamil olunacaq və onlara yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin artırılmasının maliyyələşdirilməsinə ilin sonunadək 11,3 milyon manata yaxın əlavə büdcə vəsaiti sərf olunacaqdır.

Bu gün 20 Yanvar əlilləri və şəhid ailələri bütün sahələrdə Prezidentin yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Azərbaycan Prezidentinin 2006-cı il 19 yanvar tarixli fərmanı ilə 20 Yanvar şəhidi fəxri adı almış insanların ailə üzvləri ayda 300 manat Prezident təqaüdü ilə təmin olunurlar. Habelə 20 Yanvar əlillərinə aylıq sosial müavinətlə və ya əlilliyə görə əmək pensiyası ilə bərabər, aylıq Prezident təqaüdü də ödənilir. Dövlət başçısının 16 yanvar 2016-cı il tarixli fərmanı ilə həmin təqaüdlərin məbləği qaldırılıb. Digər tərəfdən, əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanır. 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə, 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinətlər də verilir.

Müvafiq kateqoriyalardan olanlar sırasında 20 Yanvar əlillərinin və şəhidlərinin də respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. ƏƏSMN tərəfindən 65 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 82 nəfər 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib. Bu təbəqədən olan insanların bütün sahələrdə təminatlarının gücləndirilməsi, 20 Yanvar əlillərinin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, asudə vaxtlarının təşkili və s. daim diqqətdə saxlanılır. Bununla yanaşı, hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım ayrılıb.

Dövlət başçısı yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlərdən söz açmışdır. Son 12 il ərzində Azərbaycanda 70 mindən çox müəssisə yaradıldığını qeyd etmişdir: “Onların içində əlbəttə ki, böyük və kiçik müəssisələr var. Ancaq hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri insanları ixtisar etməsələr onlar ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir. Bu, bizim ümumi işimizdir”. Prezidentin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Məşğulluq Konsepsiyası layihəsinin hazırlanması ilə bağlı işçi qrup toplanıb, layihədə  əsas məqsəd və  vəzifələrin müəyyən olunmasında ölkənin mövcud sosial-iqtisadi inkişaf meyllərinin, demoqrafik amillərin nəzərə alınmasının vacibliyini xüsusi vurğulayıblar. İclasda əmək bazarında mövcud vəziyyət, gənclərin məşğulluğunun artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, əmək bazarında tələb və təklifin uyğunlaşdırılması, peşəyönümü sisteminin təkmilləşdirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Prezident demişdir: “Məşğulluq idarələrinə müraciət edən insanları işlə təmin etmək üçün dövlət şirkətlərində yeni vakansiyalar açılmalıdır... Ancaq hesab edirəm ki, müvəqqəti, yaxud da ki, daimi iş yerlərinin açılması prosesi mütləq başlamalıdır. Bakıda və bütün bölgələrdə dövlət şirkətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə nümunə göstərməlidirlər. İşi itirən insanlar o idarələrə müraciət etsinlər və əminəm ki, onları işlə təmin etmək üçün bizdə imkanlar olacaqdır. Ona görə, ilk növbədə, dövlət şirkətləri bunu etməlidirlər. Özəl sektor bu amili nəzərə alsın. Xüsusilə, nəzərə alsaq ki, dövlət sahibkarlığın inkişafına bu qədər kömək göstərir, həm siyasi, həm metodoloji dəstək verir. İqtisadiyyat Nazirliyi bütün layihələr üzrə biznes planlar hazırlayır, maliyyə dəstəyi verir. Son 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilmişdir. Bu ili nəzərə alsaq 2 milyard manat edir. Yəni, bu, dövlət dəstəyidir. Ona görə, sahibkarlar da həm iş yerləri yaratmalıdırlar, öz istehsal sahələrini genişləndirməlidirlər, həm də fəaliyyət göstərdikləri bölgələrdə sosial məsuliyyəti hiss etməlidirlər”.

Dövlət başçısının fərmanının icrası olaraq ƏƏSMN tərəfindən ünvanlı dövlət sosial yardımı sistemi üzrə yaradılmış Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) Bakının Binəqədi və Yasamal rayonlarında sınaq işlərinə başlanılıb. Bu sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımın alınması üçün elektron formada müraciət etmək imkanı verir. Yeni sistem aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təminatı sahəsində məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, həmin ailələrin bu yardım növü üzrə sürətli, rahat və şəffaf xidmətlərə çıxışına imkan yaradacaq.

Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla ölkənin aztəminatlı təbəqəsinin, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, əmək pensiyaçılarının, məcburi köçkünlərin, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin, şəhid ailələrinin  sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm və önəmli sosial addımlardır. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, sonra ölkə başçısının yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə, daha sonra regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti qlobal iqtisadi böhranın, manatın məzənnəsinin devalvasiyaya uğramasının milli iqtisadiyyata və əhalinin sosial rifah halına mənfi təsirlərinin aradan qaldırılması məqsədilə dövlət orqanlarına verdiyi tapşırıqların icrasına başlanması, ilk növbədə, devalvasiyanın minimum istehlak səbətinə təsirlərinin öyrənilməsi, istehlak qiymətlərinin çox ciddi nəzarətə götürülməsi bir daha onu sübut edir ki, Azərbaycan Prezidenti, ilk növbədə, ölkə əhalisinin qayğısına qalır. Bütün xalq görür ki, dövlət başçısının öz vətəndaşına, ölkənin aztəminatlı təbəqəsinə diqqəti, qayğısı daimidir və bu hər kəsi sabaha daha inamla baxmağa səsləyir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında