Fevralın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 10 illik fəaliyyətinə həsr olunmuş “Azərbaycanda ailə, qadın və uşaq siyasətinin inkişafı: 2006-2016-cı illər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan qadınlar, Milli Məclisin deputatları, QHT-lərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə Komitə tərəfindən hazırlanmış sərgi ilə tanışlıq olub. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hesabat məruzəsi ilə çıxış edərək ailə, qadın və uşaq siyasəti sahəsində əldə edilən nailiyyətlərdən və gələcəkdə nəzərdə tutulan layihələrdən danışıb.
Bir sıra əməkdaşları müxtəlif fəxri adlarla təltif etdiyinə görə kollektiv adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən Hicran Hüseynova vurğulayıb ki, bu, bütövlükdə dövlət ailə, qadın və uşaq siyasətinə, onun həyata keçirilməsinə və Komitənin fəaliyyətinə verilən yüksək qiymətin nümunəsidir. O qeyd edib ki, Azərbaycan hökuməti ailələrin rifahını, qadın və uşaqların hüquqlarının qorunmasını daim nəzərində saxlayır, bu isə ölkəmizin daha da güclənməsinə gətirib çıxarır.
“Tarix üçün 10 il çox qısadır, amma biz keçmişdə ölkəmizin keçdiyi yola və bu sahədə Azərbaycanda əldə olunan nailiyyətlərə nəzər salaraq görürük ki, nə qədər böyük işlər görülüb. 1993-cü ildə, tariximizin həlledici dövründə Heydər Əliyevin xalqın tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycanı vətəndaş müharibəsindən, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai-siyasi stabillik dövlət siyasətinin bütün sahələri kimi, bu istiqamətlərin də inkişafına güclü stimul verdi. Böyük siyasi iradə tələb edən məsələlərdən biri də bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun olması idi. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycan Respublikası Prezidentinin ”Azərbaycanda qadınların rolunun artırılması", “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür. Azərbaycan qadınları təşkilatlanaraq problemləri müzakirə edir, bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırdılar. Bu baxımdan 1998-ci, 2003-cü, 2008-ci və 2013-cü illərdə keçirilmiş Azərbaycan qadınlarının qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Zaman keçdikcə ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb edirdi. Prezident İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Mən xüsusilə qeyd etmək istəyirəm ki, o dövrdə MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var idi", - deyə Hicran Hüseynova bildirib.
Bildirilib ki, öz müstəqilliyini elan etdikdən sonra respublikamız bir sıra konvensiyalara qoşulub. Keçən dövr ərzində davamlı olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib.
Azərbaycanda hər bir ailənin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirildiyini qeyd edən Hicran Hüseynova deyib ki, bu sahədə qəbul olunmuş bir sıra dövlət proqramları hər bir vətəndaşımızın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması istiqamətində bütün imkanları təmin edir.
Məlumat verilib ki, keçən müddət ərzində Komitənin nəzdində fəaliyyət göstərən 11 uşaq və ailələrə dəstək mərkəzinin xətti ilə 57 mindən çox vətəndaşa psixoloji, hüquqi və tibbi yardım olunub. 2008-ci ildən etibarən keçirilən “Ailə bayramı”nda Azərbaycanın bütün rayonlarından 100-ə yaxın ailə iştirak edir. 2009-cu ildən başlayaraq Komitə tərəfindən Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” adlı film festivalı uğurla həyata keçirilir. Məişət zorakılığı halları ilə əlaqədar sistematik məlumatın toplanılmasına başlanılıb.
Qeyd olunub ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılıb, nəticələr araşdırılıb. Erkən nikah hallarının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və aparılan maarifləndirmə tədbirləri belə nikahların azalmasına səbəb olub.
Komitə sədri deyib ki, bu gün aktual məsələlərdən biri də kənd və rayonlarda yaşayan qadınların fəallığının artırılmasıdır. Bu məqsədlə Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə ikiillik “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirir. Artıq Sabirabad, Neftçala və Masallıda qadın resurs mərkəzləri yaradılıb. Xüsusilə aztəminatlı, əlil, qaçqın və məcburi köçkün qadınların sahibkarlıqla məşğul olmasında belə layihələr mühüm əhəmiyyətə malikdir. Son illərdə paytaxtda və regionlarda qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir.
Komitə sədri ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində dövlət qurumları ilə birgə işin aparılmasının çox effektiv nəticələr verdiyini də diqqətə çatdırıb: “Nümunə üçün deyə bilərəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə memorandum imzalanıb. Biz qadınlarla bağlı bır sıra məsələlərin həyata keçirilməsində QHT-lərlə möhkəm əməkdaşlıq əlaqələri qurmuşuq. Mən bu sahədə, xüsusilə Yeni Azərbaycan Partiyasının və onun Qadınlar Şurasının fəaliyyətini qeyd etmək istərdim”, - deyə Hicran Hüseynova bildirib. Vurğulanıb ki, Komitə yaranandan güclü dövlət dəstəyini daim hiss edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz qarşıda duran vəzifələrin uğurlu həlli üçün zəruri imkanlar yaradıb. Komitənin kollektivi də öz növbəsində dövlətin yaratdığı şəraitdən istifadə edərək bundan sonra da öz missiyasını layiqincə yerinə yetirməyə çalışacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova və digər çıxış edənlər ailə dəyərlərinin qorunmasında Komitənin fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Komitə tərəfindən ötən 10 il ərzində şəhər və rayonlarda gender bərabərliyinin təmin edilməsi, insan alveri, narkomaniya, məişət zorakılığı, erkən nikah və selektiv abortlarla mübarizə, uşaqların təhsildən yayınması və digər sahələr üzrə digər qurumlarla birgə maarifləndirici tədbirlər həyata keçirilib.
Tədbirdə ailə, qadın və uşaq siyasətini və Komitənin 10 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonda Komitənin əməkdaşları və tərəfdaşlıq etdiyi dövlət orqanlarının, QHT-lərin və beynəlxalq təşkilatların nümayəndələri təltif ediliblər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.