Cənub bölgəsinin gözəl diyarı sayılan Masallıda son illər sürətli sosial-iqtisadi inkişafa nail olunub. Dövlət tərəfindən rayona hərtərəfli qayğı göstərilir. Elə rayonun camaatı da son dərəcə işgüzar, zəhmətsevərdir. Qurub-yaratmaq eşqilə yaşayan adamlar doğma yurdun çiçəklənməsi, güzəranın günbəgün yaxşılaşması üçün əllərindən gələni edirlər. Yanvar ayında qəsəbə və kəndlərdə keçirilmiş illik hesabat yığıncaqlarının yekunu bu qənaəti daha da gücləndirib.
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Masallı şəhər, həmçinin Boradigah və Ərkivan qəsəbələri üzrə ərazi nümayəndəliklərinin hesabatlarında iştirak edib, görülən işləri dəyərləndirməklə yanaşı, qarşıda duran vəzifələri diqqətə çatdırıb. O deyib ki, dünyanı bürüyən hazırkı iqtisadi böhran şəraitində Azərbaycan rəhbərliyi sosial yönümlü siyasət yürütməkdə davam edir, pensiya və müavinətlər, büdcədən maliyyələşən sahələrdə çalışanların əməkhaqları artırılır. Yerlərdə süni qiymət artımına yol verilməməsi üçün hökumət tərəfindən ciddi tədbirlər həyata keçirilir.
Buradaca qeyd edək ki, yanvarın sonunda Masallıda təşkil olunan kənd təsərrüfatı və ərzaq mallarının satış-yarmarkası rayon rəhbərinin söylədiklərinin və hesabat yığıncaqlarında vurğulanan fikirlərin gerçəkliyini bir daha təsdiqləmiş oldu. Şəhərdəki “Xan çinar” ticarət mərkəzinin (təzə bazar) yaxınlığındakı meydanda süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilmiş satış-yarmarkada fermerlər tərəfindən 20 tondan çox müxtəlif növ yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarıldı. Dekabrın son üç günündə olduğu kimi, bu dəfə də alıcılara təklif edilən un, düyü, şirniyyat, meyvə, süd məhsulları, yumurta, balıq, cücə, ət və sair orta bazar qiymətlərindən 20-30 faiz ucuz satıldı. Minlərlə ailə yaradılan fürsətdən yetərincə bəhrələndi. İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri isə gün ərzində satış-yarmarkaya çeşidli məhsulların keyfiyyətini, qiymətini ciddi nəzarətdə saxladılar və hər kəsin istədiyi qədər alış-veriş etməsinə real şərait yaratdılar. Sakinlər yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən məmnunluqlarını ifadə edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər...
İndi də hesabat yığıncaqları barədə. Masallı şəhər inzibati ərazi dairəsinin nümayəndəsi Kamal Mazanov məruzəsində bildirib ki, son illərdə rayon mərkəzində geniş abadlıq, quruculuq işləri, dövlət layihələri həyata keçirilib. Rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə şəhər yolları genişləndirilib, böyük əhəmiyyət daşıyan gözəl binalar inşa olunub. Şəhərdə su və kanalizasiya xətlərinin çəkilməsi, Viləş Park Bulvar kompleksinin, region üçün həyati əhəmiyyət daşıyan “Asan Həyat” kompleksinin, Masallı Rayon Məhkəməsinin yeni binasının tikilməsi bu qəbildəndir.
Ötən il sakinlərin müraciətlərinə əsasən bir çox küçələrdə səliqə-sahman yaradılıb, şəhərin İsgəndərli və Digah ərazilərində həyətyanı sahələr intensiv yağan yağış sularından təmizlənib, uçma təhlükəsi olan hasarlar bərpa edilib. Qurtuluş küçəsində uzun müddət istismar olunduğundan və fiziki köhnəlmədən qəzalı vəziyyətə düşmüş evlə bağlı akt tərtib edilib və Fövqəladə Hallar Komissiyasına göndərilib. Şəhərin Nizami Gəncəvi küçəsi böyük bir məsafədə genişləndirilib, küçənin sağ və sol hissələrinə 2500 metr təzə səki daşları düzülüb. Piyada səkiləri qaydaya salınıb, hasarlar dekorativ daşlarla bəzədilib. Küçənin işıqlandırılmasından ötrü 40 ədəd iki tərəfli müasir işıq dirəkləri quraşdırılıb və kabel xətti çəkilib. Əraziyə 570 ədəd feyxoa ağacı, 235 ədəd eldar şamı, 100 ədəd yapon əzgili və 4500 ədəd müxtəlif gül kolları əkilib. Bayraq meydanı üçün ayrılmış ərazidə 60 metr hündürlükdə bayraq dirəyi quraşdırılıb, Bayraq muzeyinin binasında tikinti işləri demək olar ki, sona çatdırılıb. Burada daş hasarlar ağlay üzlük materialı ilə üzlənib, yaşıllıq zolaqları salınıb. Şəhərin N.Gəncəvi küçəsində “Asan həyat” kompleksinin inşası üçün ayılmış torpaq sahəsində 4 mərtəbəli inzibati binanın tikintisinə də ötən il başlanıb. KTN Masallı rayon İnzibati-laboratoriya binasında inşaat işləri sürətlə davam etdirilir. Mühafizə polisi üçün binanın inşası tamamlanıb.
Masallı şəhərində mərkəzi su-kanalizasiya xətlərinin “Eser” podratçı şirkəti tərəfindən quraşdırılması zamanı yerli əhəmiyyətli bir sıra yollar yararsız hala salınmışdı. Bununla əlaqədar bərpa işləri reallaşdırılıb. Şəhərin H.Aslanov, Qurtuluş, Digah, M.Sabir, M.Talışxanov, Ş.İ.Xətai, M.Şəhriyar və R.Abbasov küçələrinə asfalt örtüyü vurulub.
Şəhər ərazisində 2013-cü ildə əsasları qoyulmuş Masallı Tarix-diyarşünaslıq muzeyi və uşaq incəsənət məktəbi tikintisinin əsas işləri görülüb. Binaların daxilində suvaq, boyaq, elektrik və sair işlər görülür. Hər iki obyektin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Park-bulvar kompleksində ilkin olaraq mühafizə beton sədlərinin 2280 poqonmetrlik hissəsi yekunlaşıb. Ələt-Astara magistral yolunun Masallı ərazisindən keçən hissəsində, Seybətin dairəsində memarlıq görünüşünə xələl gətirən müxtəlif formalı dəmir konstruksiyalar sökülüb. Prospektin giriş hissəsində yol zolağını ayırmaq məqsədilə müxtəlif ölçüdə sədlər, həmçinin müasir tipli 4 rəqəmsal işıqfor quraşdırılıb. Şəhərin Digah küçəsində 4 saylı məktəbin qarşı tərəfindən Ələt-Astara magistral yoluna qədər olan sahə asfaltlaşdırılıb. Şəhər ərazisində küçə ticarətinin aradan qaldırılması üçün nəzarət gücləndirilib, qanunsuz tikililərin qarşısı alınıb. Hazırda Z.Əliyev küçəsində 60 yerlik, R.Abbasov küçəsində 100 yerlik uşaq bağçasının tikintisi, demək olar ki, başa çatır.
Boradigah qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Ələkbər Cəfərov hesabat məruzəsində bildirib ki, ötən il sakinlərin bir sıra sosial məsələsi həll edilib. Qəsəbədə fəaliyyət göstərən 15 çarpayılıq xəstəxana 32 yaşayış məntəqəsinə xidmət edir. Burada doğuş, terapiya, USM, laboratoriya, rentgen şöbələri fəaliyyət göstərir. İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 1 mədəniyyət evi, 1 klub və 2 kitabxana var. 172 sahibkarlıq obyekti - 2 şadlıq evi, 2 taxta satışı məntəqəsi, 2 yanacaqdoldurma və 1 qazdoldurma məntəqələri, 4 restoran, 1 mebel evi, elektron ATS, postamt da işləyir. Keçən il 2 sahibkarlıq obyekti açılıb və 12 nəfər işlə təmin olunub.
Nümayəndəlikdə hər il ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş ənənəvi mini-futbol turniri keçirilir. Qaliblərə fəxri fərmanlar və pul mükafatları verilir. Bütün kütləvi tədbirlərdə gənclərin milli-mənəvi dəyərlərə yiyələnməsindən ötrü təbliğat işləri aparılır. Nümayəndəliyin bələdiyyə ilə birgə işi nəticəsində qəsəbə üçün böyük bir tullantı poliqonu yaradılıb, istirahət mərkəzi tikilib, suötürücü kanalların təmizlənməsi və yolların təmiri həyata keçirilib. 2015-ci ildə Boradigah-Qumbaşı yolunun kənarında yaşıllıqlar salınıb və ağacların qorunması üçün dəmir məftillər çəkilib. Babaser kəndində 1000 metr uzunluğunda küçə asfaltlaşdırılıb, qaz və elektrik təsərrüfatında təmir işləri aparılıb. Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə həmin kənddə 4250 metr ara yol təmir olunub, qəsəbənin S.Vurğun, S.Zülfüqarov və C.Cabbarlı küçələrində təmir işləri aparılıb, Boradigah qəsəbə, Mollaoba və Babaser kəndlərində rayon icra hakimiyyəti tərəfindən verilmiş texnika ilə suötürücü kanallar təmizlənib.
Ərkivan qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi İsrail Tağıyev hesabat məruzəsində bildirib ki, qəsəbə əhalisinin sayı 17847 nəfərdir. Burada təsərrüfatların sayı 4402 olmaqla 2728 fərdi ev və 48 ailə üçün iki ümumi yaşayış binası var. Qəsəbədəki 6 məktəbdə 2249 nəfər şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 219 nəfər müəllim məşğul olur. Dörd qrupdan ibarət 90 yerlik uşaq bağçası var. Sağlamlıq mərkəzində stomatologiya, ginekologiya, peyvənd, manipulyasiya, terapevt, pediatr və USM otaqları fəaliyyət göstərir. Qəsəbədə yerləşən Mədəniyyət evi ötən əsrin əvvələrində inşa edilib, təmirə ehtiyacı var. Sənətkarlıq evində rəqs dərnəkləri və güləş bölməsi fəaliyyət göstərir. Qəsəbədə 5 futbol, 3 voleybol meydançası , 2 uyğunlaşdırılmış güləş zalı sağlam həyat tərzinə xidmət edir. Qəsəbənin idmançıları rayon və respublika yarışlarında uğur qazanırlar. Hər ilin dekabrında yunan-Roma güləşi üzrə Əməkdar məşqçi, SSRİ idman ustası Nadir Ağayevin xatirəsinə həsr edilmiş ənənəvi respublika turniri keçirilir. Turnirdə 20 rayon və təşkilatların idman cəmiyyətlərini təmsil edən 200-dən çox idmançı iştirak edir. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri daim diqqət mərkəzində olur, tarixi gün və bayramlarda onlara baş çəkilir, sovqatlar verilir.
Ərazidə əhali əkinçilik və maldarlıqla məşğul olur, sahibkarlıq fəaliyyəti üstünlük təşkil edir. Əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması vətəndaşların iş yerləri ilə təmin olunmasında qəsəbədə fəaliyyət göstərən 2 kərpic zavodu, 3 yanacaqdoldurma məntəqəsi, 9 plastik pəncərə sexi və 70 yaxın digər ticarət , istehsal sahələri xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, sakinlər el sənətlərini də yaşadır, dulusçuluq, sandıqçılıq , xarratlıq və başqa sənətkarlıq növləri ilə məşğul olurlar. Qəsəbədəki 955 hektar pay və icarə torpaq sahələrində ötən il xeyli buğda , arpa, vələmir əkilmişdir ki, bu da əvvəlki illərə nisbətən çoxdur. Tərəvəz əkinində də irəliləyişlər nəzərə çarpır. Bundan başqa, 2 hektar sahədə kivi, 2 hektar sahədə isə feyxoa yetişdirilir.
Ötən il də ərazidə gedən abadlıq işlərində, qanunsuz tikililərin və torpaqların zəbt edilməsinin qarşısının alınmasında, yaşıllaşdırma işlərinin aparılmasında , torpaq və əmlak vergilərinin yığılmasında, sel və daşqınlar nəticəsində təsərrüfatlara ziyan dəyməməsi üçün suötürücü kanalların təmizlənməsində bələdiyyə ilə birgə fəaliyyət səmərə verib. Komunal xidmətlər təşkil edilib. Qəsəbədə 61 kilometrlik kanalizasiya xətti və 61,5 kilometrlik içməli su xətti çəkilir. Cari ilin aprel-may aylarında işlərin tamamilə başa çatdırılması nəzərdə tutulur. Qəsəbənin Ramazanlı,Həsənəküçə, Qızlaküçə, Zeynoba küçələrində sudaşıyıcı arxlar təmizlənib. Keçən il büdcə xərcləri hesabına qəsəbənin əsas yollarına xeyli asfalt-beton örtüyü döşənib, 1,8 kilometrlik ara yollarına isə qum-çınqıl tökülərək təmir edilib. Qəsəbənin işıq və təbii qazla təminatı normaldır. Bəzi küçələrdə qaz təchizatının yaxşılaşdırılması məqsədilə müasir tipli borularla xətlərin dəyişdirilməsi davam edir. Qəsəbədə yerli qüvvə hesabına güləş idman kompleksinin tikilməsi üçün ərkivanlı iş adamları və idman təşkilatının nümayəndələri ilə söhbətlər aparılır.
Rayonun bütün ərazilərində hesabat yığıncaqları işgüzar şəraitdə keçirib, uğurlar göstərilməklə bərabər, yaxın perspektivə də nəzər salınıb.
Rayonun Çaxırlı ərazisinin 4 kəndi tam qazlaşdırılıb, 700 abonent “mavi yanacaq”dan istifadə edir. Hazırda Bala Təkləyə qaz çəkilir. İşıq təchizatı da problemsizdir. Təzə Alvadı üzrə ərazi nümayəndəliyində Milli Qəhrəman Elşad Əhədovun xatirə kompleksində bələdiyyə ilə birgə daxili imkanlar hesabına büst təmir edilib, ərazi hasara salınıb. Kompleksdə abadlıq işlərinin görülməsi üçün tədbirlər davam edir. Ərazidə pensiyaçılara xidməti yaxşılaşdırmaq məqsədilə bankomat fəaliyyət göstərir. Əhmədli kəndində 2 yerdə uzunluğu 18 metr olan suötürücü borular quraşdırılıb. Nümayəndəliyin yollarına çınqıl döşənib.
Öncəqalada da abadlıq-quruculuq işləri vüsətlə davam etdirilib. Burada qazlaşdırma sona çatır. 16 hektarda meyvə ağacları əkilib. Yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyə ilə birgə fəaliyyət müsbət nəticələr verir.
Keçən il Şərəfə kəndində 5 hektar ərazidə müasir istixana təsərrüfatı yaradılıb. Hazırda 11 hektarlıq istixana təsərrüfatları fəaliyyət göstərir. “Azərsun Holdinq” şirkətinin bələdiyyə torpqlarından uzunmüddətli icarəyə götürdüyü 100 hektar sahədə tərəvəz əkinləri uğurla həyata keçirilir. Burada müasir texnologiyalar tətbiq olunur, ətraf kəndlərin 300 nəfərdən çox sakini işlə təmin edilib. Kolatan ərazisində çayçılığın inkişafı fərəh doğurur. Bu məqsədlə “Azərsun Holdinq” tərəfindən 100 hektar torpaq sahəsi icarəyə götürülüb və çay əkilib. Plantasiyalara 14 kilometr uzunluğunda yolun çəkilişi başa çatdırılıb. Yaxın gələcəkdə çay sahələrinin 1400 hektara çatdırılması, 7 min yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ərazidə çayçılığın inkişafı nəticəsində yeni iş yerləri açılmaqla yanaşı, torpaqla bağlı olan insanların maddi rifah halı da yaxşılaşacaq.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.