“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.
İclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2015-ci ildə Azərbaycanda dinamik inkişaf davam etmişdir. Qeyd olunmuşdur ki, qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, il ərzində sosial və infrastruktur layihələrinin icrasının uğur davam etdirilmiş, içməli su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilmiş, istehlakçılara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır.
Natiq bildirmişdir ki, dövlət başçısı İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2015-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın 29 şəhər və rayon mərkəzində və kəndlərdə layihələr icra edilmişdir. Görülmüş tədbirlər nəticəsində ölkə üzrə 200 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmış, 186 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunmuş, 102 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilmişdir. Bununla da ölkə üzrə fasiləsiz rejimdə su ilə təmin olunan əhalinin xüsusi çəkisi 64,5 faizə, Bakı şəhəri üzrə 79,2 faizə yüksəlmişdir.
Ötən il möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışını “Azərsu” ASC üçün ən əlamətdar hadisə olduğunu xatırladan Q. Hüseynov yeni kompleksin istismara verilməsindən sonra Türkan və Zirə qəsəbələrinə içməli suyun verilməsinə başlanıldığını, sakinlərin bu mənbə hesabına daha keyfiyyətli su ilə təmin olunduğunu diqqətə çatdırmışdır.
Bununla yanaşı, 2015-ci ildə Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin icrası başa çatmış, Badamdar və Nardaran qəsəbələrində yeni layihələrin icrasına başlanılmışdır. Hesabat ilində 14 kilometrlik Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya tuneli tikilmiş, Lökbatan çirkab su təmizləyici qurğular kompleksinin ərazisində yeni nasos stansiyası quraşdırılmışdır. I Avropa Oyunları ilə əlaqədar Böyükşor gölünün, Su idman sarayının ətrafında və digər ərazilərdə, həmçinin Mingəçevir şəhərində su və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması işləri həyata keçirilmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq regionlarda yeni layihələr həyata keçirildiyini diqqətə çatdıran natiq 2015-ci ildə Astara, Daşkəsən, Tərtər və Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, ötən il Ucar şəhərində yeni su təchizatı, Göyçay şəhərində isə su təchizatı və kanalizasiya sistemləri istismara verilmiş, Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 55 min kubmetr olan sutəmizləyici qurğunun inşası başa çatdırılmışdır. Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 16,5 kilometr uzunluğunda Şəmkirçay-Şəmkir magistral su kəməri tikilib istismara verilmiş, Kürdəmir, Ucar, Yevlax, Yardımlı, Zaqatala, Füzuli, Tovuz, Quba, Şəmkir, Şəki, Beyləqan rayonlarının 66 min nəfər sakini olan 29 kəndində içməli su təchizatı yaxşılaşdırılmışdır.
Bütövlükdə isə hesabat ilində 866 kilometr içməli su, 285 kilometr kanalizasiya xətləri çəkilmiş, 35 su anbarı və 12 su və kanalizasiya nasos stansiyası tikilmiş, 6 subartezian quyusu qazılmış, 52 mini smart tipli olmaqla 80 mindən çox su sayğacı quraşdırılmışdır. İl ərzində istehlakçılara 289 milyon kubmetr su satılmış, 192 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilmişdir. Göstərilən xidmətlər üzrə yığım səviyyəsi 2,4 faiz artaraq 93,6 faizə yüksəlmiş, abonent sayı 56 min artaraq 1 milyon 377 minə çatmışdır.
“Azərsu” ASC-nin sədri, həmçinin təlim-tədris mərkəzinin, suölçən cihazların sınağı və kalibrlənməsi laboratoriyasının fəaliyyətə başlaması, mərkəzi laboratoriyanın akkreditasiya sertifikatı alması ilin əlamətdar hadisələri kimi qeyd etmişdir. Yola saldığımız 2015-ci ildə “Azərsu” ASC Böyük Britaniyanın Biwater və onun yerli tərəfdaşı Nobel Oil şirkətləri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq sazişləri imzalamışdır. 2015-ci ildə Koreyada keçirilmiş VII Dünya Su Forumunda “Azərsu” ASC nümayəndə heyətinin iştirakı və Dünya Su Şurası İdarə Heyətinə üzvlük beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əlamətdar olmuşdur.
Daha sonra “Azərsu” ASC sədrinin istismar üzrə müavini Köçərli Həsənov, iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov, tikinti üzrə müavini Seymur Seyidov, informasiya-kommunikasiya texnologiyaları departamentinin rəisi Emil Əhmədov, texnoloji proseslərə nəzarət və ekologiya şöbəsinin rəis müavini Zahid Qasımov, Suraxanı Rayon Sukanal İdarəsinin rəisi Əbülfəz Kərimzadə çıxış edərək müvafiq sahələr üzrə 2015-ci ildə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermişlər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq cəmiyyətin 2015-ci il üzrə fəaliyyətini qənaətbəxş hesab etmiş, 2016-cı ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını vermişdir. Cari ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən səhmdar cəmiyyətin sədri tikinti-quraşdırma işlərinin qısa müddətdə və keyfiyyətlə aparılmalı olduğunu diqqətə çatdırmışdır.
Natiq su itkilərinin azaldılması məqsədilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, istismar, əməyin mühafizəsinin təşkili və ekologiya sahəsində tədbirlərin davam etdirilməsi barədə ciddi tapşırıqlar vermişdir. Qeyd olunmuşdur ki, rayon sukanal idarələrində müştəri informasiya sistemlərinin yaradılması müsbət nəticələr verir və bu sistemin tətbiqi digər rayonlarda da həyata keçiriləcəkdir.
“Azərsu” ASC-nin sədri idarə müəssisələrin təsərrüfat-maliyyə göstəriciləri barədə ümumi məlumat vermiş, ayrı-ayrı sahələr üzrə irəliləyişlərə və nöqsanlara toxunmuşdur. İclasda fəaliyyətində nöqsanlara yol vermiş idarə və müəssisə rəhbərlərinə ciddi xəbərdarlıqlar edilmiş, enerji, material və nəqliyyat vasitələrindən səmərəli istifadə olunması, əmək məhsuldarlığının və təşəbbüskarlığın artırılması ilə bağlı göstərişlər verilmişdir.
Qeyd olunmuşdur ki, 2016-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışları, Dünya şahmat olimpiadası və digər beynəlxalq tədbirlərlə əlaqədar “Azərsu” ASC üzərinə düşən vəzifələrin icrasını təmin edəcək, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunmasını diqqətdə saxlayacaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.