Elçin BABAYEV: Elm, təhsil və innovasiya gənclik üçün gələcəyə açılan geniş qapılardır

Azərbaycanda son illər elmin inkişafına, yeni texnologiyaların, kosmik sənayenin inkişafına böyük diqqət yetirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, intellektual inkişafın təkanverici amili olan həmin sahələr xüsusən gənclərlə bağlıdır. Yəni burada təhsil və bilik ön plandadır. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qarşıda duran bu ümdə vəzifələrin reallaşdırılması, gənc alimlərin müasir dövrün çağırışlarına cavab verən tədqiqatlarının stimullaşdırılması istiqamətində mütəmadi iş aparır. AZƏRTAC fondun icraçı direktoru Elçin Babayevin bununla bağlı qeydlərini təqdim edir.

Elm, təhsil və innovasiyalar - bilik, savad, müasirlik gənclik üçün gələcəyə açılan geniş qapılar və müstəqilliyin zəmanəti deməkdir. Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın yeni və mürəkkəb mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolunu məhz bu sahələrin inkişafında, onların müasir tələblər səviyyəsinə çatdırılmasında və həmin proseslərdə gənclərin böyük potensialından rasional istifadədə görür. Azərbaycanın innovasiyalı inkişaf strategiyası qlobal rəqabət şəraitində ölkənin elmi potensialının davamlı şəkildə yüksəldilməsini, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum şəkildə istifadə olunmasını zəruri edir.

Təsadüfi deyil ki, Azərbaycan gəncləri daim dövlətin diqqət mərkəzindədir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə sıx əlaqədədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla, yeni çalarlarla davam etdirilir.

Dövlətin gənclər siyasəti – yeni nəslin öz bilik və bacarıqlarının, potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını, cəmiyyətə xidmətini təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən kompleks tədbirlər sistemidir. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək dövlətin bu gün qarşıya qoyduğu əsas prioritetlər sırasında yer alır.

Gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları və digər müasir texnologiyaları dərindən mənimsəmiş yeni alimlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amil kimi müəyyənləşdirilməsi hazırda ölkədə elmin inkişafı üzrə strategiyanın qarşısında dayanan əsas vəzifələrdən biridir.

Dövlətimizin başçısı İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas aparıcı qüvvəsi kimi çıxış edəcək. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ixtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insanın formalaşmasına qoyulan investisiya sayılır. Müasir dövrdə bu növ investisiyalar rəqabətdə üstün olmağın həlledici amilidir. Məhz bu hədəfin reallaşdırılması məqsədilə son illərdə gənclərin elmə daha çox cəlb olunmasına, onların xarici ölkələrdə ali təhsil almasına və təcrübə keçməsinə,  yəni yüksək ixtisaslı kadr kimi formalaşmasına, sosial problemlərinin həllinə imkan yaradan mühüm dövlət proqramları hazırlanıb, onlarla sərəncam və fərman imzalanıb.

Son illər ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında gənclərin fəal iştirakı, yeni uşaq, tələbə və gənclər təşkilatlarının formalaşması və onların inkişafı üçün hər cür şəraitin yaradılması, gənclərin sosial problemlərinin həlli, beynəlxalq əməkdaşlıq sahəsində layihələrinin həyata keçirilməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması, Azərbaycanda bununla bağlı mötəbər tədbirlərin, forumların keçirilməsi, daşıyıcısı gənclər olan mədəniyyətlərarası dialoqun təşkili  istiqamətində qətiyyətli addımlar atılıb, mühüm qərarlar qəbul edilib. Həmçinin, Gənclər Fondu yaradılıb, Prezident mükafatı təsis edilib.

Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı, elmi, intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.

Bu mənada, Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış gənclər, könüllülər, sahibkarlar, gənc alimlər, tələbələr və müxtəlif gənclər təşkilatlarının nümayəndələri ilə keçirdiyi mütəmadi görüşlər, qəbullar xüsusi əhəmiyyət kəsb edir. Bu görüşlər zamanı dövlətimizin başçısı gənclərin arzu və istəklərini dinləyir, ideyaları ilə tanış olur, lazımi tapşırıqlar verir, tövsiyələrini çatdırır. 2016-cı il yanvarın 29-da Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə keçirdiyi səmimi görüş, gəncliklə bağlı proqram xarakterli çıxışı böyük maraq və rezonans doğurub. Prezident müasir dövrdə təhsilin və elmin ölkənin inkişafında həlledici rolunu diqqətə çatdıraraq deyib: “Elmin, təhsilin inkişafı, infrastruktur layihələrinin icrası – bütün bunlar ölkəmizi gücləndirir... Əlbəttə, mən çox istərdim ki, Azərbaycanda alimlər ixtiralar ortaya qoysunlar, dünya elminə töhfələr versinlər. Əminəm ki, bu, olacaq. Amma indiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Bu gün artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi dəyişir. O qədər də böyük orduya malik olmayan ölkələr bəlkə də hərbi cəhətdən ən güclü ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir. Xüsusilə bu, gənclərə aiddir. Burada təhsil, bilik ön plandadır...”.

Prezident İlham Əliyev tərəfindən 2009-cu ildə yaradılmış Elmin İnkişafı Fondu dövlət əhəmiyyətli elmi layihələrin və digər tədbirlərin həyata keçirilməsini dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlər, fiziki şəxslər və yaradıcı elmi kollektivlərin, akademiya və təhsil sistemlərində fəaliyyət göstərən və digər dövlət və qeyri-hökumət təşkilatlarında elmi fəaliyyətlə məşğul olan elmi qurumların fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanları yaratmaq kimi vəzifələri yerinə yetirərkən məhz bu inkişaf strategiyasını rəhbər tutur, prioritetlərin reallaşdırılması üçün səylər göstərir.

Elmin İnkişafı Fondu fəaliyyətə başladığı ilk gündən etibarən qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda elmi tədqiqatlarla bağlı maddi-texniki cihaz və avadanlıq bazasını ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, gənc kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirləri təşkil etmək, alimlərin xaricdə təcrübə artırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləmək və başqa bu kimi məsələlərin həllini bir məqsəd kimi müəyyənləşdirib. Bu zaman fond ölkədə elmin inkişafına əlavə və effektiv stimul, çeviklik, yeni yanaşma gətirən bir qurum kimi akademik və təhsil sistemlərində və digər qurumlarda çalışan gənc alimlərin bir araya gəlməsinə, əməkdaşlıq etməsinə xüsusi şərait yaradır.

Prezident İlham Əliyev 2012-ci il yanvarın16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində fondun işini müsbət qiymətləndirərək deyib: “Qeyd etməliyəm ki, hazırda fəaliyyət göstərən Elmin İnkişafı Fondunun təcrübəsi də çox müsbətdir. Yəni, bu fondun xətti ilə müxtəlif proqramların icrasında, o cümlədən gənclər, gənc alimlər də çox fəal iştirak edirlər. Gənclər Fondu da fəaliyyətini bu səpkidə, yəni, bu istiqamətdə aparmalıdır”.

Dövlətimizin başçısının 2015-ci il noyabrın 9-da AMEA-nın 70 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışından da bir sitat gətirmək yerinə düşər: “Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu Fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir”

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu proqramın həyata keçirilməsi üzrə tədbirlər planının 6.3.2 bəndinə əsasən, Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislər üçün müntəzəm olaraq qrant müsabiqələri keçirib və bu ənənə gələcəkdə də davam etdiriləcək. Ölkənin gənc alimləri qrant müsabiqələrində iştirakla yanaşı, fondun digər müsabiqələrində də yaşlı və təcrübəli həmkarları ilə birlikdə - layihə üzrə yaradıcı kollektivlərin tərkibində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində xüsusi fəallıq göstərirlər. Xaricdə elmi tədbirlərdə və təcrübəkeçmədə iştirakı - kadr hazırlığını nəzərdə tutan “Mobillik qrantı” müsabiqələrinin qalibləri sırasında gənclərin xüsusi çəkisi də böyükdür. Fondun qrant layihələri çərçivəsində gənc alimlərə əlavə stimullaşdırıcı əməkhaqqı verilir, xarici ölkələrdəki tanınmış elmi qurumlara ezamiyyətlər (elmi müzakirələr, analizlər aparmaq, elmi cihazla işləməyi öyrənmək və s. məqsədlərlə) təşkil edilir, elmi tədqiqatlar üçün cihaz, avadanlıq, məmulatlar, İKT avadanlığı alınır, gənc alimlərin beynəlxalq konfransları təşkil edilir.  

Xatırlatmaq istərdim ki, 2011-ci il noyabrın 10-da - Ümumdünya Elm Günündə fond tərəfindən ölkə tarixində ilk dəfə olaraq gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi (35 yaşadək olan alim və mütəxəssislərin iştirakı ilə) elan edilmişdi. Müsabiqədən əvvəl bir qrup gənc alim və mütəxəssislə Elmin İnkişafı Fondunun icraçı direksiyasında keçirilmiş görüş və müzakirələrin nəticələri müsabiqənin elmi prioritetlərinin təyinində və müsabiqə şərtlərinin müəyyənləşdirilməsində həlledici rol oynamışdı.

Gənc alim və mütəxəssislərin ilk qrant müsabiqəsi çərçivəsində ümumi maliyyələşdirilmə həcmi 496 min manat olmaqla 25 layihə qalib gəlmişdi. 2-ci müsabiqə 2013-cü il  fevralın 2-də - Gənclər Günündə elan edilmiş, bu müsabiqə çərçivəsində qalib gəlmiş 24 layihənin yerinə yetirilməsi üçün 494 min manat məbləğində vəsait ayrılması qərara alınmışdı. Nəhayət, nəticələri 2015-ci ilin oktyabrda açıqlanmış 3-cü müsabiqədə isə ümumi maliyyələşdirilmə həcmi 480 min manat olmaqla, 23 layihə qalib gəlib.

Bu layihələr üzrə ən müxtəlif qurumlardan gənc alim və mütəxəssislər müvəqqəti yaradıcı kollektivlər şəklində elmi tədqiqatlarla məşğul olub və bir sıra elmi proqramları reallaşdırıblar. Üçüncü müsabiqə üzrə layihələr davam edir. Gənc alimlərin aldıqları elmi nəticələr nüfuzlu elmi jurnallarda dərc olunur, beynəlxalq konfrans və simpoziumlarda məruzə edilir. Gənclər son zamanlar multidissiplinar tədqiqatlara da xüsusi maraq göstərirlər.

Müsabiqədə qalib gələn layihə rəhbərləri və icraçıları müxtəlif dövlət qurumlarını, ali təhsil müəssisələrini, qeyri-hökumət təşkilatlarını, özəl qurumları təmsil edirlər. Fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, kimya elmləri, humanitar və ictimai elmlər üzrə qalib layihələr sırasında fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat, ekspedisiya və çöl işləri, Azərbaycanda elmi tədbirin təşkili və keçirilməsi və xaricdə qısamüddətli təcrübəkeçmə xarakterli layihələr olub. Birinci müsabiqə üzrə layihə rəhbərləri və icraçıları arasında gender bərabərliyi müşahidə edilsə də (1-ci müsabiqədə “kişi/qadın” sayı 37/35), sonuncu iki müsabiqədə üstünlük qadınların tərəfinə keçib (18/43 və 19/30).

Layihələr Bakı şəhəri ilə yanaşı, Naxçıvan və Gəncə şəhərlərində də icra olunur. Sevindirici haldır ki, Fondun qrantlarından bəhrələnən gənc alimlər sırasında Prezident mükafatçısı, Gənclər və İdman Nazirliyinin, AMEA-nın yüksək təltiflərini almış şəxslər də var. Maraqlıdır ki, gənc alim və mütəxəssislərin qrant müsabiqəsində “uğur dərəcəsi” (daxil olan və qalib olan layihələrin nisbəti) yüksəlir, bir qayda olaraq 30-50 faiz arasında dəyişir. Ənənəvi müsabiqələr üçün bu rəqəm daha aşağı olur.  

Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə keçirilmiş görüşündə “startup” layihələri, texnologiyaların transferi kimi məsələlər qaldırılıb. Elmin İnkişafı Fondunun bu sahədə də müəyyən təcrübəsi formalaşıb. Dövlətimizin başçısının 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 29-cu bəndinə əsasən, “İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 3 qrant müsabiqəsi keçirib, 2-ci İKT müsabiqəsi üzrə gənclərin də iştirak etdiyi bir sıra “startup” layihələrini dəstəkləyib.

Fondun maliyyələşdirdiyi “Elmi-tədqiqat işlərinin kommersiyalaşdırılmasının səmərəliliyinin artırılması məqsədi ilə innovativ texnologiyaların işlənilməsi və tətbiqi” adlı beynəlxalq layihə çərçivəsində ukraynalı mütəxəssislərlə birlikdə Azərbaycan Texniki Universitetində və hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində texnologiyaların transferi, biznes inkubatorları, innovasiyalar və elmi nəticələrin kommersiyalaşdırılması üzrə Ukrayna, İsrail və digər ölkələrdən olan beynəlxalq statuslu trenerlərin köməyi ilə keçirilən xüsusi kurslarda kifayət qədər gənc iştirak edib, sertifikat alıb.     

Qeyd etmək lazımdır ki, Elmin İnkişafı Fondunun icraçı direksiyası gənc qrant iddiaçılarına kömək məqsədilə məsləhət seminarları da təşkil edir. Müsabiqəyə daxil olmuş layihələrin ideyalarının obyektiv formada orijinal ifadəsi (elektron və kağız daşıyıcılarda) və layihələrin əqli nəticələrinin müəlliflik hüququ qorunmaq məqsədilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilir. Layihələrin texniki və elmi ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər, həmçinin xarici ekspertlər cəlb olunur.

Digər tərəfdən, istedadlı gənc alimlər özləri müstəqil elmi ekspertlər qismində (əməkhaqqı ödənilməklə) fondun elmi ekspertiza fəaliyyətinə cəlb olunurlar. Bu da onlar üçün əlavə maddi və mənəvi stimuldur.

Fond gənc alimlərin qrantlar yolu ilə dəstəklənməsi prosesində AMEA və Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edir. 

Tədbirlər planının 6.3.1 bəndinə əsasən, Elmin İnkişafı Fondu tərəfindən Azərbaycanda çalışan ən fəal gənc alim və mütəxəssislər haqqında elektron məlumat bankı yaradılıb. Bu məlumat bankında gənc alim və mütəxəssislər haqqında zəruri bioqrafik informasiya ilə yanaşı, onların elmi fəaliyyət və fəallıq dərəcəsini əks etdirən məlumatlar da öz əksini tapır. Avropa standartlarına uyğun məlumat bankından qanunvericilik çərçivəsində həm ölkə daxilində, həm də xaricdə istifadə oluna bilər. Elektron məlumat bankı daim zənginləşdirilir, dəqiqləşdirmələr aparılır. Hazırda xaricdə fəaliyyət göstərən gənc azərbaycanlı alimlər haqqında da müvafiq məlumat bankının yaradılması işinə başlanılıb.

Yaxın zamanlarda yaradılacaq xüsusi elektron idarəetmə proqramı (e-Qrant – Qrant Layihələrinin Elektron İdarəolunması Sistemi) imkan verəcək ki, müsabiqə müddətində qrant iddiaçıları ilə fondun icraçı direksiyası arasında təmaslar yalnız internet vasitəsilə baş tutsun və müsabiqədə iştirak müasir İKT sistemlərindən istifadə olunmaqla həllini tapsın. Bu, həmçinin məsuliyyəti və operativliyi də artırar. Hesab edirik ki, bu yenilik gənc alimlərin xüsusi marağına səbəb olacaq və gənclərin təklifləri sistemi daha da təkmilləşdirməyə imkan verəcək. 

Son illərdə dövlət səviyyəsində görülən işlər deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan elm sahəsində daha böyük nailiyyətlərə imza atılacaq. Gənclərə gəldikdə isə, bu gün əkilən cavan ağac öz bəhrəsini tezliklə verəcək. Hər bir alim, mütəxəssis, elm və təhsil təşkilatçısı, ümumiyyətlə, ziyalılar elm və təhsil qarşısında duran, xalqın gələcək taleyini müəyyənləşdirən bu məsələlərə biganə qalmamalı, bütün potensialını elmin və təhsilin inkişafına sərf etməlidirlər. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir”.

Ölkəmizdə elm və təhsilin sürətli inkişaf tempi imkan verəcək ki, tez bir zamanda Azərbaycan ixtira olunan elmi nailiyyətlərin istifadəçisi yox, müəllifinə çevrilsin. Bu məsələdə isə gənc alimlərin potensialı kimi, məsuliyyəti də böyükdür. Azərbaycan alimlərinin elmi-tədqiqat layihələrinin uğurla həyata keçirilməsi, elm sahəsində dünya miqyaslı və rəqabət apara biləcək elmi nəticələrin alınmasının reallaşdırılması və bu nəticələrin tezliklə iqtisadiyyatda, həyatda öz tətbiqini tapmasına yüksək səviyyədə xidmət yolunda gənc alimlərə uğurlar diləyirik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında