Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin doğru qurulması həmin dövlətin gələcəyinin sığortasıdır. Belə ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan, gənclərə münasibət həmin dövlətin öz gələcəyinə münasibətidir, gənclərə göstərilən dəstək, həm də dövlətin firavan gələcəyinə yatırımıdır.
Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək perspektivində onların iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədi ilə ümummilli liderin təşəbbüsü və iştirakı ilə keçirilmiş müstəqil Azərbaycan gənclərinin ilk forumundan artıq 20 il ötür. Məhz bu əlamətdar hadisənin keçirildiyi 2 fevral günü 1997-ci ildən başlayaraq Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu tarix ümummilli lider Heydər Əliyevin gənclərə olan hədiyyəsidir.
Əsası Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni-yeni elementlərlə zənginləşdirilərək davam etdirilən uğurlu gənclər siyasəti fərdi qaydada hər bir gəncə cəmiyyətdə özünü təsdiq etməsi, yüksək bilik və bacarıqlar qazanması, dövlətinin dəyərli vətəndaşına çevrilməsi üçün əlverişli zəmin və şərait yaradıb. Həyata keçirilən gənclər siyasətinin leytmotivini Azərbaycan Respublikasının daha da inkişaf etməsi, dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi istiqamətində gənclərin potensialından geniş və səmərəli istifadə edilməsi, bunun üçün, hər şeydən öncə, yüksək intellektli, bacarıqlı və ali mənəvi dəyərlərə malik Azərbaycan gəncliyinin formalaşdırılması təşkil edir.
Bu yöndə aparılan konkret fəaliyyətin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Çünki hazırda ölkəmizdə gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şərait yaranmışdır.
Azərbaycanda dövlət gənclər siyasətinin nəzərəçarpan xüsusiyyətlərindən biri odur ki, həyata keçirilən tədbirlər mövsümi xarakter daşımır, mütəmadi olaraq, sistemli şəkildə həyata keçirilir. Gənclərlə bağlı proqramların, strategiyaların bir-birini əvəz etməsi bu fikri təsdiqləyir. Bu baxımdan cənab Prezidentin ötən il imzaladığı “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” böyük əhəmiyyət kəsb edir. Strategiya ölkə gəncliyinin bütün hədəf qruplarını əhatə etməklə, Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan dövlətimizin mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq məqsədi daşıyır. Bu hədəf qruplarından biri kimi dövlət qulluqçuları və seçkili orqanlarda təmsil olunan gənclərin müəyyən edilməsi diqqətəlayiq haldır.
Ümumiyyətlə, əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı və əmək resursudur. Hazırda ölkəmizdə gənclərin potensialından ölkənin mənafeyi naminə maksimum və düzgün istifadə olunmasına, onların faydalı məşğulluğunun təmin edilməsinə, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsinə xüsusi önəm verilir. Bu gün gənclər artıq müşahidəçi qismindən birbaşa proseslərin iştirakçısına çevriliblər.
Əgər Heydər Əliyev sovet Azərbaycanına rəhbəriyi dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Ulu öndərimiz deyirdi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.
Ümummilli liderimizin bu konsepsiyası Ədliyyə Nazirliyində də uğurla tətbiq olunur. Bunun nəticəsidir ki, hazırda ədliyyə işçilərinin təxminən yarısını gənclər təşkil edir, onlar ədliyyənin bütün sahələrində əzmlə və həvəslə çalışırlar. Gənclər mütəmadi olaraq tam şəffaf və obyektiv əsaslarla keçirilən müsabiqədə iştirak edərək ədliyyə orqanlarında işlə təmin olunurlar. Ədliyyə orqanlarına qulluğa qəbulun əsas meyarları gənclərin yüksək biliyi, bacarığı və mənəvi saflığıdır.
Ədliyyə Nazirliyində yeni nəsil kadrların layiqli vətəndaş və dövlət qulluqçusu kimi formalaşdırılması, bilik, bacarıq və potensialından səmərəli istifadə olunması istiqamətində daim məqsədyönlü işlər görülür, gənclərə xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğı ədliyyə orqanlarına qulluğa qəbulun ən ilk mərhələlərində belə nəzərə çarpır.
Belə ki, ədliyyə orqanlarında qulluğa qəbulla bağlı müsabiqədə iştirakdan əvvəl namizədlərin müsabiqəyə mükəmməl hazırlaşmalarına köməklik məqsədi ilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında təşkil olunmuş hazırlıq kursu keçirilir. Müsabiqədə müvəffəqiyyət qazanmış şəxslərin uzunmüddətli icbari təlimində isə gənclərin yalnız peşə biliklərinin və bacarıqlarının inkişafına deyil, həm də gənc nəslin milli ruhda tərbiyə olunması, onlarda milli-mənəvi dəyərlərimizə sadiqliyin aşılanması istiqamətində də tədbirlər görülür.
Nazirlikdə həmçinin gənc ədliyyə qulluqçularının əməyinin stimullaşdırılmasına, qulluqda fərqlənən gənclərin həvəsləndirilməsinə, vəzifədə irəli çəkilmələrinə də xüsusi diqqət yetirilir.
Sonda ümummilli liderimizin 1999-cu il Gənclərin II Forumunda gənclərə xitabən dediyi bu sözləri vurğulamaq istərdim: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”.
Həqiqətən də biz gənclər hazır olmalıyıq — bizim üçün yaradılan bu geniş imkanlardan layiqincə yararlanıb, həm öz inkişafımızı təmin etməli, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıyıq.
Fəridə MUSAYEVA,
Ədliyyə Nazirliyinin əməkdaşı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.