Fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Quba şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Bəşir Səfəroğlu adına Mədəniyyət Evində təşkil olunan tədbirdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı İlham Əliyevin nitqindən irəli gələn vəzifələr müzakirə edilib.
Görüşdə Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə keçirilən son müşavirələrdə dünyada, o cümlədən regionda cərəyan edən geosiyasi hadisələr, iqtisadi, maliyyə və digər vacib məsələlər hərtərəfli təhlil olunub, ölkə iqtisadiyyatına mənfi təsir edən bir sıra amillər müəyyən edilib, hökumət qarşısında yeni vəzifələr, tələblər qoyulub, fəaliyyət istiqamətləri dəqiqləşdirilib, ciddi tapşırıq və göstərişlər verilib.
Əli Həsənov deyib ki, son 12 ildə Azərbaycana 200 milyard dollardan artıq sərmayə cəlb olunub. Bunun 100 milyardı Azərbaycanın özünün sərmayəsidir. Digər 100 milyardı isə xarici investorlar tərəfindən Azərbaycana yatırılıbdır. Bu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu neft strategiyasının bəhrələridir. Prezident İlham Əliyev 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində xüsusi qeyd etdi ki, biz ötən illərdə neftdən gələn böyük pullardan istifadə edərək Azərbaycanda nə mümkündürsə və gələcək inkişafımız üçün nə lazımdırsa, onları təmin etmişik.
Bildiyiniz kimi, 2015-ci ildə dünyada ciddi böhran yaşandı. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində Azərbaycan da bunun təsirini hiss etdi. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı böhran ilində 1,1 faiz artdı, qeyri-neft sektoru 8,4 faiz inkişaf etdi. Bu, o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatının dayanıqlılığını, davamlı inkişaf dinamikasını və iqtisadi-sosial resursların, daxili resursların istifadə strategiyasını düzgün müəyyən edib. Odur ki, biz bundan sonrakı dövrdə də Azərbaycanın iqtisadiyyatının əsas resursları olan enerji ehtiyatlarından istifadə edəcəyik. Neftin qiymətinin hansı səviyyəyə düşməsindən asılı olmayaraq, bu, Azərbaycanın Qərblə, dünya ilə əlaqələrinin şah damarını təşkil edir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən bir ölkə kimi, keçən müddətdə nəqliyyat tranzit imkanlarının genişləndirilməsi sahəsində mühüm işlər görüb. Cənab Prezident müşavirədə bu barədə ətraflı söhbət açıb.
Bakı-Tbilisi-Qars və Azərbaycan və İran Astaraları arasında dəmir yolları işə düşdükdən sonra Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tam şəkildə istifadəyə hazır olacaq. Bunun nəticəsində Azərbaycan tranzit ölkə kimi böyük dividendlər əldə edəcək. Hazırda Azərbaycanın təşəbbüsü ilə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə vahid tarif sisteminin tətbiqi məsələsi nəzərdən keçirilir. Artıq Çindən Azərbaycana bu dəhlizlə ilk konteyner qatarı da göndərilib. Görülən işlərin miqyası tranzit mərkəzi kimi Azərbaycanın potensialını tam realizə etməyə və böyük gəlirlər götürməyə əlverişli şərait yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, biz enerji və nəqliyyat-tranzit resurslarından əldə olunan gəlirlər hesabına neftin qiymətlərinin ucuzlaşması səbəbindən itirdiyimiz maliyyə vəsaitinin böyük bir hissəsini kompensasiya edəcəyik, – deyən Əli Həsənov bildirib ki, neftin qiymətlərinin kəskin şəkildə azalması təbii proses deyil, bəzi qüvvələrin siyasi oyunlarının nəticəsidir. Azərbaycan ötən müddətdə neftdən əldə etdiyi gəlirləri ölkənin sosial-iqtisadi inkişafına yönəldib. Siz bunu Quba rayonunun timsalında da aydın görürsünüz.
Ötən 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi 70 faizə çatıb. Qeyri-neft sektorunda sürətli inkişaf davam edir. Cənab Prezident müşavirədə qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bütün yaşayış məntəqələrinin siması dəyişib, əhalinin rifah halı yüksəlib, bölgələrdə müasir sosial və iqtisadi infrastruktur formalaşdırılıb.
Əhalinin təbii qaz, elektrik enerjisi və su təchizatı da daxil olmaqla, kommunal sahələrdə bütün problemləri demək olar ki, həll olunub. Azərbaycanda işsizlik və yoxsulluq beş faizə qədər aşağı salınıb. Maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb, 1 milyon 500 min yeni iş yeri yaradılıb ki, onların da təxminən 1 milyondan çoxu daimi iş yeridir. Ötən dövrdə 89 köçkün qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb, ölkə üzrə bütün çadır şəhərcikləri ləğv olunub. Azərbaycanda 70 mindən çox müəssisə yaradılıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri işə salınıb, Bakı-Tbilisi-Qars, İran və Azərbaycan Astaraları arasında dəmir yolu layihələrinin reallaşması başa çatmaqdadır. Ölkədə 25 yeni elektrik stansiyası, 6 yeni hava limanı, nəhəng dəniz ticarəti limanı tikilərək istifadəyə verilib. Azərbaycan üzrə qazlaşdırma 90 faizə çatıb, sovet dövründə qaz üzü görməyən ucqar yaşayış məntəqələrinə belə qaz çəkilib.
Son illərdə 12 min kilometr yol çəkilib, 3 min məktəb, yüzlərlə səhiyyə müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir olunub. Azərbaycanın mövcud idman infrastrukturu tamamilə yenilənib, yeni qurğular inşa olunub. Bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi tikilib ki, onlardan biri də Qubadadır. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib, iki peykimiz orbitə buraxılıb ki, bunlar da yaxın 5 ildə ölkəyə böyük gəlir gətirəcəkdir.
Ölkənin turizm potensialının inkişaf etdirilməsindən danışan Əli Həsənov vurğulayıb ki, yeni beynəlxalq səviyyəli istirahət mərkəzləri yaradılıb, dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlib, 300 yeni mehmanxana inşa olunub. Bütün bunları Azərbaycan neftdən gələn pullar hesabına həyata keçirib.
Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, artıq yeni dövr başlayır. Dövlətimizin başçısı bu dövrün vəzifələrini müəyyən edib. Azərbaycan demokratiya yolu ilə inkişafını bundan sonra da davam etdirəcək. Demokratiya insanların təşəbbüskarlığı, yaradıcı fəaliyyətidir. Dövlətin vəzifəsi həmin təşəbbüsləri təhlil etmək, onların ən dəyərlilərini, inkişaf üçün ən yararlılarını ümumiləşdirib dövlət proqramlarına çevirərək həyata keçirməkdən ibarətdir. İnsanlardan gələn təşəbbüslər ümumdövlət təşəbbüsün təməlində dayanır. İnsanlardan gələn dəstək ümumi dövlət siyasətinin gücünü və resursunu təşkil edir. İnsanların gücü, insanların bu sahədəki fəaliyyəti dövlətin də əsasını təşkil edir. Odur ki, dövlətin əsas vəzifəsi, əlbəttə, insanların problemini həll etməkdir. Bu problemlərin həllinin başlıca yolu dövlətin öz resurslarından istifadə etməsidir. Məhz Azərbaycan dövləti yeni dövrdə öz siyasətini bu amil üzərində qurub.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2016-cı ildə çox ciddi iqtisadi və siyasi islahatlar aparılacağını vurğulayan Əli Həsənov bildirib ki, bir-birini təkrarlayan, səmərəsiz fəaliyyət göstərən strukturlar yenilənəcək, bəziləri birləşdiriləcək, işinin həcmi həddən çox olan qurumlar isə bir neçə struktura ayrılacaq. Bundan məqsəd dövlət idarəçilik sisteminin tam modernləşdirilməsi və mövcud inkişafın tələblərinə uyğunlaşdırılması, daha çevik idarəetmə mexanizminin yaradılmasıdır. İqtisadi islahatlara gəlincə isə, hər bir region, hər bir rayon üzrə yeni diferensial yanaşma tələbi ortaya qoyulub.
Artıq hər bir təşəbbüsün, hər bir fəaliyyət istiqamətinin mərkəzdən gəlməsi prosesinə son qoyulmalıdır. Əsas təkliflər yerlərdən gəlməlidir. Yerli qurumlar, iş adamları, ictimaiyyətin nümayəndələri, yerli potensialı nəzərə alaraq mərkəzə təkliflər verməlidirlər. Məhz bunun sayəsində ölkə iqtisadiyyatının ümumi inkişaf meyillərinə uyğun olaraq, hər bir rayonun yerli potensialı işə salınmalıdır. Ancaq yerli potensial işə salınanda dövlətin əsas tələbləri nəzərə alınmalıdır. Bu tələblər hansılardır? Dövlətimizin başçısının ortaya qoyduğu əsas tələblər insan resurslarından səmərəli istifadədir, əhalinin sosial-iqtisadi problemlərinin həllidir. Çünki Azərbaycanın dövlət siyasətinin mərkəzində insan amili, Azərbaycan vətəndaşı durur. Azərbaycan dövləti bütün səylərini vətəndaşların həm ümumi, həm də fərdi problemlərinin həllinə yönəldib.
Azərbaycanın postneft dövrünə qədəm qoyduğunu və ötən illərdə neftdən gələn gəlirlərin ölkənin qeyri-neft sektorunun inkişafına, “qara qızıl”ın insan kapitalına yönəldildiyini vurğulayan Prezident Administrasiyasının rəsmisi deyib ki, bu siyasət artıq 10 ildir Azərbaycanda davam edir. Neftdən gələn gəlirlər hesabına Azərbaycan gənclərinin böyük bir hissəsi xaricdə təhsil alıb Vətənə qayıdır. Ölkə iqtisadiyyatının, idarəetmənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Ötən 10 ildə Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilib. Məsələn, biz qardaş Türkiyə iqtisadiyyatına kapital qoyuluşunu 20 milyard dollara çatdırmağı nəzərdə tuturuq. İndi Azərbaycanın qardaş Türkiyədə Petkim kimi müasir kimya kompleksi fəaliyyət göstərir. Bu müəssisədə Türkiyənin kimya sənayesi məhsulunun təqribən 75 faizi istehsal olunacaq. Azərbaycan bu yatırımdan neftdən gələn gəlirlərin 1/4-i qədər gəlir əldə edəcək. Azərbaycan Dövlət Neft Şirkəti bu gün dünyada əsas brendlərdən birinə çevrilməkdədir. Şirkət müxtəlif ölkələrdə yanacaqdoldurma stansiyaları və neftayırma müəssisələri yaradır. Bütün bunlar Azərbaycan büdcəsinə gəlirlər gətirəcək.
Azərbaycanın həm də böyük nəqliyyat-tranzit imkanlarına malik olduğunu diqqətə çatdıran Əli Həsənov bildirib ki, nəqliyyat layihələri postneft dövrü üçün nəzərdə tutulan və çox böyük uğurla reallaşdırılan transmilli layihələrdir. Azərbaycan enerji ixracı sayəsində ayrı-ayrı regionları birləşdirəcək potensiala malikdir. Ölkəmizin şaxələndirilmiş ixrac imkanları buna tam imkan verir. Azərbaycanın nəqliyyat dəhlizlərinin yaradılması ölkəyə çox böyük perspektivlər vəd edir.
Bütün bunların dövlətimizin uğurlu iqtisadi siyasətinin bəhrələri olduğunu vurğulayan Əli Həsənov qeyd edib ki, indi qarşıda duran başlıca vəzifə daxili resursları işə salmaqdır. Quba kimi işgüzar əhalisi, münbit torpağı, müasir infrastrukturu, abad yolları olan, dənizə yaxın məsafədə yerləşən bir rayon nə üçün dövlətin dotasiyası hesabına yaşamalıdır? Xaçmaz kimi böyük bir rayon nə vaxta qədər dövlətdən dotasiya almalıdır? Söhbət təkcə Quba, Xaçmazdan getmir. İndi mən bu bölgədə olduğum üçün bu rayonların adlarını çəkirəm. Bu gün Azərbaycan rayonlarının faktiki olaraq 90 faizi dövlətin dotasiyası hesabına yaşayır. Hər şey mərkəzdən gəlir. Nə vaxta qədər belə davam edə bilər? Buna son qoyulmalıdır. Hər rayonun potensialı nəzərə alınmalıdır. Quba rayonunun ümumi iqtisadi potensialının cəmi 50 faizi işə salınsa, bu rayonda bir dənə də olsun işsiz qalmaz. Rayonda təkcə bağçılıq məhsulları, meyvə-tərəvəz normal tədarük olunsa, yerində istehsala cəlb edilsə, son məhsul xarici bazarlara çıxarılsa, nəinki Quba özünün bütün maliyyə ehtiyaclarını təmin edə bilər, hətta gələcək nəsillər üçün milyonlarla manat vəsait ehtiyatı yarada bilər. Bunun üçün yerli hakimiyyət orqanları ictimaiyyətdən, iş adamlarından gələn təşəbbüsləri dəyərləndirməlidir. Bu təşəbbüslərin hansını yerlərdə icra etmək mümkündürsə, icra olunmalıdır, hansına kənardan dəstək göstərilməlidir, mərkəzə təkliflər verilməlidir.
Regional birliklər yaradılmalıdır. Nə vaxta qədər hərə özünün 15-20 sot torpağını çəpərləyib orada yalnız ailənin fərdi ehtiyacları üçün məhsul yetişdirəcəkdir?! İndi artıq iqtisadiyyatın təmərküzləşməsi dövrü başlayıb. İnsan ona daha çox gəlir gətirən məhsulları becərməlidir. Qubada hansı məhsul daha çox gəlir gətirə bilər? Statistikaya nəzər salsaq, görərik ki, 160 mindən artıq əhalisi olan Quba rayonuna son 10 ildə dövlət taxıl tədarükü üçün 10 milyon manatdan çox dotasiya verib. Həmçinin Sahibkarlığa Yardım Milli Fondu tərəfindən, o cümlədən kənd təsərrüfatının kreditləşdirilməsi çərçivəsində son 10 ildə Qubada fərdi təsərrüfatlara, sahibkarlara - yəni, real sektora 40 milyon manatdan artıq sərmayə yönəldilib. Amma bunun əvəzində normal bir təsərrüfat yaradılmayıb. İstənilən nəticə əldə edilməyib.
Münbit torpaqların böyük bir qismi becərmədən kənarda qalıb, meyvə bağlarının məhsuldarlığı azalıb. Dövriyyəyə cəlb edilməli çoxlu torpaq sahələri var. Ancaq meliorasiya və irriqasiya tədbirlərinə məhəl qoyulmur. Halbuki bu işlərə dövlət milyonlarla manat vəsait xərcləyib. Ən ağrılı məsələlərdən biri də torpaq sahələrindən təyinatı üzrə istifadə edilməməsidir.
Gənclərin məşğulluğu məsələsinə toxunan Əli Həsənov qeyd etdi ki, Azərbaycan Prezidenti müşavirədə qarşıya xüsusi bir vəzifə qoydu. Bu, sosial məsuliyyət vəzifəsidir. Sosial məsuliyyət məsələsi məmura da, iş adamına da, adi vətəndaşa da aiddir.
Sahibkarlar bu məsələyə daha həssas yanaşmalıdırlar. Onlar çalışıb işçiləri ixtisara salmamalıdırlar. Bu, sosial məsuliyyət məsələsidir. Cənab Prezidentin ortaya qoyduğu sosial məsuliyyət vəzifəsi bu deməkdir. Bu məsələdə hər bir imkandan istifadə olunmalıdır. Digər bir məsələ isə özəlləşdirmə ilə bağlıdır. Vaxtilə özəlləşdirilən, lakin indi işləməyən müəssisələr, yaxud icarəyə götürülüb istifadəsiz qalan torpaqlar var. Bank sektorunun sağlamlaşdırılması da qarşıda duran əsas vəzifələrdəndir. Bax, bu məsələlər barədə ciddi düşünmək lazımdır. Bir sözlə, cənab Prezidentin son müşavirələrdəki çıxışlarında qarşıya qoyduğu vəzifələr təkcə mərkəz üçün deyil, yerlərdə də dönmədən icra olunmalıdır. Yerli hakimiyyət orqanları, iş adamları rayonun xüsusiyyətlərini nəzərə alaraq “yol xəritəsi” tərtib etməlidirlər. Bu vəzifəni də cənab Prezident qarşıya qoyub.
Azərbaycanın son 10 ildə əldə etdiyi uğurları bir daha vurğulayan Əli Həsənov çıxışını bu sözlərlə bitirdi: “Azərbaycanın keçdiyi inkişaf yolu bu gün dünyada nümunə sayıla biləcək, çoxlarının qibtə etdiyi, çoxlarının nümunə kimi istifadə etdiyi bir inkişafdır. Amma bundan sonrakı dövrdə, əlbəttə, biz müəyyən qədər yeni resursları işə salmalıyıq və bu sahədə də biz sizə - vətəndaşlara, insanlarımıza güvənirik. Azərbaycan Prezidentinin siyasəti məhz bu hədəflərə istiqamətlənib”.
Daha sonra Milli Məclisin deputatı Vahid Əhmədov çıxış edərək hazırda dünya ölkələrinin əksəriyyətini bürüyən iqtisadi böhran, onun yaranma səbəbləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində gəlirləri və dövlət büdcəsi “qara qızıl”dan asılı olan bütün ölkələrə ciddi ziyan dəyib. Azərbaycan da neft ixrac edən ölkə olduğu üçün qiymətin dörd dəfəyədək aşağı düşməsi həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın gəlirlərinə müəyyən qədər təsir göstərib. Belə olan halda milli valyutanın devalvasiyası qaçılmaz idi.
V.Əhmədov qeyd edib ki, yaranmış vəziyyətdən uğurla çıxmaq üçün Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən irəli gələn vəzifələri tez bir zamanda yerinə yetirmək vacibdir. Neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar olaraq bir sıra iqtisadi islahatların aparılması zərurəti yaranıb. Hazırda həyata keçirilməkdə olan bu islahatların koordinasiyasına Prezident İlham Əliyev şəxsən rəhbərlik edir.
Yaxın zamanlarda ölkəmizdə sənaye və aqrar sektorun inkişafı ilə əlaqədar ixracyönümlü məhsulların istehsalına daha çox diqqət yetiriləcək. Dövlətimizin başçısının tapşırığına əsasən regionlarda 150-dək layihənin reallaşdırılması üçün 1,5 milyard manat vəsait ayrılıb. Həmin vəsait hesabına bölgələrdə istehsal, emal və digər müəssisələrin yaradılması planlaşdırılır. Bu rayonlar sırasında təbii ki, Azərbaycanın ən böyük meyvəçilik rayonlarından biri olan Quba da var. İlkin məlumata görə, burada iki emal müəssisəsinin qurulması planlaşdırılır. Bu da xeyli yerli sakinin işlə təmin olunması deməkdir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, hazırda prioritet məsələ qeyri-neft sektorunun inkişafıdır. Sənaye parklarının yaradılması, kənd təsərrüfatına əlavə investisiya qoyuluşu, insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində işlər daha da sürətləndirilməlidir.
Deputat qeyd edib ki, manatın ikinci devalvasiyasından sonra Prezident İlham Əliyev əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə 30-dək sərəncam imzalayıb. Bununla yanaşı, sahibkarlığın inkişafı, ölkəmizə investisiyaların cəlb olunması üçün də son günlər olduqca mühüm addımlar atılıb.
Banklarda dollarla krediti olan vətəndaşların müraciətləri ilə bağlı fikirlərə münasibət bildirən V.Əhmədov bu məsələnin də diqqət mərkəzində olduğunu vurğulayıb. Bank sisteminin özünün də ciddi problemlərlə üzləşdiyi, bununla belə, vəziyyətdən çıxmaq üçün real imkanlardan istifadə edildiyi diqqətə çatdırılıb.
Quba rayonundan seçilmiş Milli Məclisin digər deputatı Yevda Abramov da çıxışında ölkəmizin daha da inkişaf etdirilməsi üçün görülən işlərdən, aparılan islahatlardan danışıb. Bildirilib ki, son illər dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatına müəyyən təsir etsə də, Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi təxirəsalınmaz tədbirlər öz müsbət nəticəsini göstərməkdədir.
Y.Abramov Quba ictimaiyyətinin nümayəndələrinə müraciət edərək hazırkı vəziyyətdə daha fəal olmağa, iqtisadi böhrandan çıxmaq üçün səyləri birləşdirməyə çağırıb. Hazırda rayonda istifadəsiz qalan torpaqların tez bir zamanda monitorinqinin aparılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, aqrar sahənin inkişafı üçün fermer təsərrüfatlarının gücləndirilməsi və rəqabətə davamlı məhsulların istehsalında qarşıya çıxan çətinliklər dərhal aradan qaldırılmalıdır. Məşhur Quba almasının şöhrətinin özünə qaytarılması üçün rayondakı emal müəssisələri fəaliyyətini qısa müddətdə bərpa etməlidir. Rayondakı üç emal müəssisəsinin yalnız biri fəaliyyət göstərir. Həmin müəssisə də tam gücü ilə işləmək iqtidarında deyil. Bu səbəbdən də rayonda istehsal olunan meyvənin böyük bir hissəsi ya dəyərindən aşağı qiymətə satılır, ya da xarab olur. Bununla yanaşı, meyvənin xarici bazara çıxarılması üçün də sahibkarlara şərait yaradılmalı və müəyyən güzəştlər olunmalıdır.
Deputat torpaqları və digər imkanları olan iş adamlarını işgüzarlığa və fədakarlığa səsləyərək deyib ki, Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün mümkün tədbirləri görür. Maliyyə çətinliklərinə baxmayaraq, maaşlar, sosial müavinətlər, təqaüdlərin məbləği artırılıb. Amma vətəndaşlar və sahibkarlar da öz növbəsində daha çox gəlir əldə etmək, yeni iş yerləri yaratmaq üçün fəallıq göstərməlidirlər. İnsanlara sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün əlavə imkanlar yaradılır.
Daha sonra görüşdə iştirak edən ictimaiyyət nümayəndələrinə söz verilib.
“Qədim Quba” xalçaçılıq müəssisəsinin direktoru Humay Məmmədova regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda şəxsən iştirak etdiyini bildirib. Deyib ki, dövlətimizin başçısı İlham Əliyev nitqində onları narahat edən bütün məsələlərə toxunub. “Həmin konfransda qarşıya qoyulan vəzifələr icra olunarsa, biz iqtisadi böhrandan tez bir zamanda xilas ola bilərik. Cənab Prezident çıxışında milli-mənəvi dəyərlərimizin qorunması, o cümlədən xalçaçılığın inkişafı ilə bağlı da fikirlərini bildirdi. Bu, xalçaçılıqla məşğul olan sahibkarları daha həvəslə işləməyə sövq edir. Bizim müəssisədə vaxtilə 200-ə yaxın xalçaçı çalışırdı. Amma toxuduğumuz xalçaların satışında yaranan problem işçilərimizin ixtisarına səbəb olub. İstərdik ki, əllə toxunan, maddi mədəniyyət nümunələri sayılan xalçalarımızın satılması üçün dövlət tərəfindən müəyyən layihələr reallaşdırılsın. Satışla bağlı problem həll olunarsa, xalçaçılıqla məşğul olmaq, bu el sənətini yaşatmaq istəyən yüzlərlə vətəndaşımız üçün iş yeri açılar”, - deyə sahibkar qeyd edib.
Rayonun Zərdabi qəsəbəsində fermer təsərrüfatı quran Pərviz Süleymanov isə yetişdirdiyi meyvənin Rusiya bazarlarına çıxarılması ilə bağlı məsələlərdən söz açıb, təkliflər irəli sürüb.
Digər çıxış edən görüş iştirakçıları da dövlətimizin başçısının antiböhran tədbirlərini dəstəklədiklərini bildirib, ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün atılan addımları yüksək dəyərləndirdiklərini diqqətə çatdırıblar.
İctimaiyyət nümayəndələrinin çıxışlarından sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hər bir rəy, təklif və şikayətə fərdi şəkildə münasibət bildirib. Səsləndirilən fikirlərin müvafiq dövlət orqanları tərəfindən diqqətdə saxlanılması, vətəndaşların müraciətlərinə çevik reaksiya verilməsi tapşırılıb. Vurğulanıb ki, dünyada iqtisadi böhranın dərinləşməsinə baxmayaraq, ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramların icrası uğurla davam etdiriləcək.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.