Azərbaycan elminin inkişafında böyük xidmətləri olan görkəmli alimlər sırasında dünya şöhrətli seleksiyaçı alim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, ictimai-siyasi xadim, “İstiqlal” və “Şərəf” ordenlərinə, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”na layiq görülmüş akademik Cəlal Əliyevin xüsusi yeri var. Onu cəsarətlə Azərbaycan biologiya və seleksiya elminin zirvəsi adlandırmaq olar.
Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradılması və inkişafında mühüm xidmətləri olan görkəmli alimin uğurlu elmi fəaliyyətinin əhəmiyyətli hissəsi ölkəmizdə taxılçılığın inkişafına yönəlib. Onun fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Cəlal Əliyev elmi tədqiqatlarını 1951-ci ildən ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası və 1971-ci ildən paralel olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbələrində aparırdı.
Əkinçilik İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan bu böyük alimin seleksiyaçı intuisiyası, dərin nəzəri bilikləri, innovativ ideyaları, gərgin və məqsədyönlü əməyi yeni intensiv tipli taxıl sortlarının yaradılması ilə nəticələnib. Akademik Cəlal Əliyev yarım əsrdən artıq bir müddətdə fəal elmi yaradıcılığını kənd təsərrüfatı bitkilərinin, başlıca olaraq buğdanın fotosintetik məhsuldarlığının nəzəri və təcrübi əsaslarının tədqiqinə həsr edib. Onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. Akademik hələ ötən əsrin 70-ci illərindən başlayaraq buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla onu arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparıb. Bununla da, akademik Cəlal Əliyev tərəfindən Azərbaycanda biologiya sahəsinə tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın, gen biotexnologiyasının inkişafının əsası qoyulub. Görkəmli alimin rəhbərliyi altında aparılan molekulyar tədqiqatlar əsasında buğda bitkisinin genom kitabxanası yaradılıb, sintez olunan plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınıb. Həmçinin gen mühəndisliyindən istifadə edilməklə, kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanıb.
Hələ ötən əsrin 80-ci illərinin əvvəllərində akademik Cəlal Əliyevin işləyib hazırladığı “İdeal buğda” bitkisi modelinin testləri əsasında seleksiya materiallarının seçilməsi və qiymətli formalar yaradılması işi daha sürətlənib. Bunun nəticəsi olaraq, həmin illərdə bir çox qiymətli buğda hibridləri yaradılıb, respublikamızın müxtəlif regionlarındakı bölgə-təcrübə stansiyalarında ekoloji sınaqlardan keçirilib. Onların stabil, yüksək məhsuldar, keyfiyyətli formaları seçilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunub.
Cəlal müəllimin elmi-tədqiqat işlərinə böyük marağı, elmi nəticələri təcrübə sahələrində əyani görmək arzusu onu Əkinçilik İnstitutuna gətirib və tezliklə həmin institutun təkanverici qüvvəsinə çevirib. “İdeal” tipli sortların yaradılması, respublikamızda və onun hüdudlarından kənarda da rayonlaşdırılmış “Mirbəşir-50”, ”Qaraqılçıq-2”, “Şiraslan-23”, ”Tərtər-2”, “Vüqar” və başqa məhsuldar buğda sortları alimin çoxillik, intensiv fəaliyyətinin bəhrəsidir. Beynəlxalq mərkəzlərdən Azərbaycana gələn alimlər akademikin təqdim etdiyi “Qiymətli-2/17” yeni yumşaq buğda sortunu yüksək məhsuldarlığına (hektardan 100 sentner), əla keyfiyyətinə, şaxtaya və xəstəliklərə davamlılığına görə “möcüzə” adlandırıblar. 2008-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində akademik Cəlal Əliyevin rəhbərliyi altında tərəvəz və paxlalı bitkiləri yoluxduran virus xəstəliklərinin molekulyar diaqnostikası və identifikasiyası üzrə tədqiqat işləri aparılırdı.
Görkəmli alim biologiya elmində, sözün əsl mənasında, böyük bir məktəb yaradıb. Onun təşəbbüsü ilə 250-dən çox elmlər namizədi və elmlər doktoru hazırlanıb. Onların 80 nəfərinin elmi rəhbəri şəxsən Cəlal Əliyev özü olub. Hazırda görkəmli alimin yetirmələri onun etimadını doğruldaraq dünyanın bir sıra ölkələrində qabaqcıl elm mərkəzlərində fəaliyyət göstərir, öz müəllimlərindən öyrəndiklərini təcrübədə uğurla tətbiq edirlər.
Dünya şöhrətli seleksiyaçı alimin gərgin əməyi, beynəlxalq elmi əlaqələrin inkişafındakı xidmətləri digər ölkələrin də ali mükafatları ilə qiymətləndirilib. Onun elmi fəaliyyətini dərindən öyrənən Rusiya, Ukrayna, Belarus Kənd Təsərrüfatı Elmləri akademiyaları Cəlal Əliyevi fəxri üzv seçiblər. Akademikin 2003-cü ildə Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunması bu ölkənin elmi ictimaiyyəti və ziyalıları tərəfindən dərin razılıq hissi ilə qarşılanıb.
2014-cü ildə akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “İnfeksion və qeyri-infeksion xəstəliklər (İNİD)” jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib. Bununla bağlı jurnalın baş redaktoru, doktor Liza Broun azərbaycanlı alimə ünvanlandığı məktubunda yazırdı: “İnfeksion və qeyri-infeksion xəstəliklər (İNİD)” jurnalının redaksiya heyəti görkəmli alimlərdən təşkil olunub. Biz böyük məmnuniyyətlə Sizi də jurnalımızın redaksiya heyətinin üzvü olmağa dəvət edirik. Hesab edirik ki, Sizin kimi nüfuzlu alimin redaksiya heyətinin tərkibində olması bizim üçün fəxrdir və Sizin təcrübəniz və ekspert kimi yüksək professionallığınız elmi cəmiyyətlərin daha da inkişafına imkan yaradar".
Tanınmış alim və mütəxəssislər akademik Cəlal Əliyevin elmi fəaliyyətini yüksək qiymətləndiriblər. Dublin Universitet Kollecinin professoru Brus Osborn, ABŞ-ın Pensilvaniya Universitetinin professoru Lesli Daton, yaponiyalı alim Morio Murata və başqaları akademik Cəlal Əliyevin fotosintezin öyrənilməsi sahəsində böyük uğurlara imza atdığını bildiriblər. Kimya üzrə Nobel mükafatı laureatı, Kembric Universitetinin professoru Jon Uolker Azərbaycanın dünya şöhrətli akademikinin fotosintezin öyrənilməsi sahəsində əvəzsiz lider olduğunu vurğulayıb.
Akademik Cəlal Əliyev təcrübəsini daim alim və mütəxəssislərlə bölüşür, onlara faydalı məsləhətlər verirdi. Yerlərdə təşkil olunan səyyar elmi seminarlarda alim və aspirantların iştirakı ilə seleksiya proqramının müzakirəsini keçirirdi. Bu seminarlarda akademik Cəlal Əliyevin gərgin əməyinin bəhrəsi olan yeni buğda sortlarının regionlarda daha geniş istifadə edilməsinin məqsədəuyğunluğu bir daha təsdiqlənirdi. Xüsusilə fermer təsərrüfatlarında bu yeni sortların mütəşəkkil tətbiqi respublikamızda taxılçılığın inkişafının və ərzaq təhlükəsizliyinin əsas istiqaməti kimi diqqətə çatdırılırdı.
Görkəmli alim elmdə durğunluğu, ətaləti qəbul etmirdi. Gənc alim və tədqiqatçılarda görmək istədiyi ən vacib xüsusiyyətlər elmə sonsuz həvəs, yaradıcı axtarışlara maraq və zəhmətkeşlik idi. AZƏRTAC-a müsahibəsində akademik Cəlal Əliyev elmlə məşğul olan insanları daim irəliyə baxmağa, yeni ideyalar irəli sürməyə səsləyirdi. Bu barədə danışarkən deyirdi: “SSRİ dövründə Novosibirskdə elmi mərkəz fəaliyyət göstərirdi. Mənim təşəbbüsümlə oraya əsasən riyaziyyatçılar göndərilirdi. Bəzən belə deyənlər də olurdu ki, bu elmi mərkəz tanınmaya-tanınmaya Cəlal Əliyev buraya niyə bu qədər riyaziyyatçı tələbə göndərir? Həmin vaxt o qədər də tanınmayan bu elmi mərkəz sonra ən yaxşılardan biri oldu. Ona görə də elmlə məşğul olan dünəni, bu günü yox, sabahı, o biri günü görməlidir. O riyaziyyatçılar indi ABŞ, Almaniya, İngiltərə, Avstraliya, Kanada, Braziliya kimi bir çox xarici ölkələrdə uğurla işləyir və elmə töhfələr verirlər”.
Cəlal Əliyev elmi-təşkilati fəaliyyəti ilə yanaşı, görkəmli ictimai-siyasi xadim kimi də ölkənin həyatında fəal rol oynayır, prinsipiallığı ilə seçilirdi. Bir neçə çağırış Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdu.
Bir alim və bir insan ömrünü şərəflə yaşamış akademik Cəlal Əliyev elmdə qoyub getdiyi silinməz izlərlə daim ürəklərdə yaşayacaq, onun yetirmələri öz müəllimlərini fəxrlə xatırlayacaq, Azərbaycan xalqı isə görkəmli övladının xatirəsini daim uca tutacaq.
Kifayət ƏLİYEVA,
AZƏRTAC-ın müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.