Bu il bütün sosial proqramlar uğurla icra olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinin təmin edilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və əhalinin rifahının daha da yüksəlməsi nəticəsində son 12 ildə sosial sahədə müsbət  göstəricilərə   nail olunub.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan iqtisadiyyatında qazanılan uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət göstərdiyini bildirən  cənab İlham Əliyev   sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək demişdir: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılıb, uğurlar əldə edilib. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.

Ölkə rəhbəri respublikamızın iqtisadi uğurlarından bəhrələnməklə, ilk növbədə, xalqın həyat səviyyəsini yüksəltməyə,  onun güzəranını yaxşılaşdırmağa mühüm önəm  verir,  sosial məsələlərin həllinə böyük diqqət yetirir. Eyni zamanda, sosial ədalət prinsiplərini möhkəmləndirməyi qarşıya ciddi vəzifə kimi qoyur: “Dünyada gedən xoşagəlməz halların əsas səbəbi, əslində, sosial ədalətsizlikdir. İqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə tamamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi islahatlar insanlara əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial sahədə də çox ciddi proqramlarımız vardır və bu proqramlar icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılmışdır”. Bu baxımdan hazırda ölkə qarşısında duran bütün əsas vəzifələrin icra olunduğunu, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti sosial sahədə işlərin bundan sonra da uğurla aparılacağını deyib.

Son 12 ilin  reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.

Bu gün dünyada kəskinləşən böhran əksər ölkələrdə bir sıra sosial proqramların təxirə salınması ilə müşahidə olunduğu halda, Azərbaycan Prezidenti ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında da dövlət başçısı bu barədə ətraflı danışıb. Ölkə Prezidenti qeyd edib ki, yeni iş yerlərinin yaradılmasına ehtiyac var, çünki bəzi iş yerləri bağlanır. Son 12 ildə 1 milyon 500 min iş yeri yaradılıb, 1 milyon iş yeri daimidir. Digər tərəfdən, Azərbaycan əhalisi artıb, bu il Azərbaycan əhalisi 9,7 milyon nəfərdir. Əhalinin artması inkişafın əlamətidir. Əhalinin artması üstünlükdür, eyni zamanda, bizi daha fəal işləməyə çağırır. Mən əhalinin artmasına sevinirəm, ancaq infrastruktur, iş yerləri də buna uyğun artmalıdır. Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır...

Yazının sonunda deyilənləri yekunlaşdırıb belə qənaətə gəlmək olar ki, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu,  bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Cənab İlham Əliyev də bu reallığı daim önə çəkir, diqqət mərkəzində saxlayır.

Səbuhi ABBASOV,
Azərbaycan-Slavyan
Gəncləri Assosiasiyasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında