Tərtərin su problemi dövlətin fəal dəstəyi ilə aradan qaldırılır

Bu isə rayonda məhsul istehsalının ildən-ilə yüksəlməsinə kömək edir

Azərbaycan ötən ili bütün sahələrdə uğurlarla başa vursa da, dünyada davam edən və xarici güc mərkəzlərinin açıq- gizli təhdidləri ilə xeyli mürəkkəbləşən böhranın ölkəmizə də qaçılmaz təsiri son vaxtlar adi vətəndaşdan tutmuş, ayrı- ayrı kollektivlərə, sosial qruplara, əlaqədar hökumət qurumlarına və dövlət başçısına qədər hamını ciddi qayğılandırmışdır.

Prezident İlham Əliyevin xalqımıza Yeni il təbrikində, Nazirlər Kabinetinin illik iclasında, Beynəlxalq Davos Forumunda, üçüncü regional inkişaf  proqramının gedişinin müzakirə  olunduğu ənənəvi konfransda fəal, ciddi  antiböhran tədbirləri ilə bağlı səsləndirdiyi mülahizələr, qarşıya qoyduğu təxirəsalınmaz vəzifələr ölkədə “devalvasiya xofu”nu dağıtmış, cəmiyyətin inamını gücləndirməklə hamını bu cari beynəlxalq bəlanın zərərli təsirlərindən qorunmağa səfərbər etmişdir.

Adətən, belə hallarda deyildiyi kimi, artıq ayrı- ayrı sahələrdə antiböhran tədbirlərinin hədəfləri, mübarizə yolları bəllidir. İstehsal sferasında və onun inkişafını sürətləndirən qurumlarda tezliklə elə islahatlar gerçəkləşdirilməlidir ki, daxili bazarın idxaldan asılılığı minimuma endirilsin, üstəlik, ölkədən yüksək rəqabət qabiliyyətli malların ixracı artsın. Ənənəvi kənd təsərrüfatı ölkəsi olan Azərbaycanda bu baxımdan aqrar sahənin üzərinə ciddi vəzifələr düşür. Dövlət başçısının müəyyən etdiyi xətt ölkədə qeyri- neft sektorunun inkişaf etdirilməsi ilə bağlı strateji hədəflərin reallaşmasına kənd təsərrüfatının, eləcə də onun nailiyyətlərinə münbit şərait yaradan meliorasiya və su təsərrüfatına töhfəsini əsaslı surətdə artırmağa yeni meydan açır.

Prezident İlham Əliyevin söylədiyi kimi, ölkədə aqrar sektorun inkişaf etdirilməsi iqtisadiyyatın şaxələndirilməsinin prioritet istiqamətlərindən biridir. Həyata keçirilən dövlət dəstəyi tədbirləri, sahibkarlığın inkişafı, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisənin açılması öz nəticəsini vermiş, ölkənin  idxaldan asılılığının azalmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Belə layihələrə  ayrılan 213 milyon manata yaxın güzəştli kredit hesabına ölkədə 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksi, 39 intensiv bağçılıq təsərrüfatı, 53 logistik mərkəz və 22 taxıl anbarı, 16 meyvə-tərəvəz, 9 süd və 8 ət emalı müəssisəsi, 28 çörək zavodu, 46 istixana kompleksi, 6 yem zavodu və digər müasir müəssisələr fəaliyyətə başlamışdır. Əhalinin taxıla tələbatının ödənilməsində yerli istehsalın rolunun artırılması məqsədilə 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatı yaradılmışdır.

Ötən il həmin sahələrin hər hektarında məhsuldarlıq 58-60 sentner təşkil etmişdir. Yeri gəlmişkən, bu yüksək göstəricidə meliorasiya və su təsərrüfatının payı danılmazdır. Bütün bu tədbirlərin uğurla davam etdirilməsi aqrar sektorda ciddi dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Bunlar barədə bu yaxınlarda dövlət başçısına açıqlama verən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin bildirdiyi kimi, hazırda bu qurum ümumi su tutumu 21,5 milyard kubmetr olan 135 su anbarı, 16 hidroqovşaq, 52 min kilometr suvarma kanalı, 30 min kilometr kollektor-drenaj şəbəkəsi, ümumi gücü 712 meqavat olan 941 nasos stansiyası (o cümlədən 131 üzən), 7212 subartezian quyusu, 117 min müxtəlif hidrotexniki qurğu istismar edir.  İqtisadiyyatımızın bütün sahələrində olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsinə də Prezident İlham Əliyevin böyük diqqət və qayğısını biz daim hiss edirik.

Meliorasiya və su təsərrüfatı sahəsində təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bir çox layihələr ölkə rəhbərinin yaxından köməyi və diqqəti sayəsində başa çatdırılmış, bəzi layihələr və tədbirlər isə hazırda uğurla həyata keçirilir. Bütün bunlar melioratorları daha da ruhlandırır, üzərlərinə əlavə məsuliyyət qoyur və onları daha səylə çalışmağa həvəsləndirir. 

Azərbaycan Respublikası Prezdentinin müvafiq sərəncamları ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC- yə ayrılmış vəsait hesabına hər il əkin sahələrinin və həyətyanı sahələrin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün respublikamızda yaşayış məntəqələrində yüzlərlə yeni subartezian quyularının qazılması nəzərdə tutulur və icra edilir.

Bu tədbirlərin yeganə təbii suvarma mənbəyi olan Sərsəng su anbarının və Tərtərçay kanalının Ermənistan silahlı quldur dəstələrinin işğalı altında olan rayonumuz üçün müstəsna əhəmiyyəti var. 2013-cü ildə rayonda cəmisi 421 subartezian quyusu olmuşdur. Prezdentin müvafiq sərəncamlarına uyğun olaraq, 2013-cü ildə rayonumuzda 7, 2014-cü ildə 31 və ötən il 14 subartezian quyusu qazılaraq kənd əməkçilərinin istifadəsinə verilmişdir. Bunların  6- sı bilavasitə içməli su üçündür.

Hazırda idarəmizin istismarında 460 subartezian quyusu var ki, onlardan da 453- ü işlək vəziyyətdədir. Son üç ildə əlavə vəsait hesabına əvvəllər işləməyən 21 quyu təmir olunaraq istismara qaytarılmışdır. Mövcud subartezian quyularına lazımi texniki qulluq göstərmək və onların fasiləsiz işini təmin etmək üçün təxirəsalınmaz tədbirlər görülür. Belə ki, suvarma mövsümündə ikinövbəli iş rejimi təşkil olunmuş, mühəndis-texniki işçilərin növbətçiliyi təsdiqlənmiş, idarə üzrə xüsusi intizam komissiyası yaradılmışdır.

İdarənin balansında olan uzun müddət işləməyən 1 təmir aqreqatı işə salınmış və 1 nasos təmiri sexi yaradılmışdır. Düşmənlə təmas xəttində yerləşən Hüsənli və Qapanlı kəndlərində quyularda təmir-bərpa işləri gecə saatlarında hərbiçlərimizin mühafizəsi altında aparılmışdır. Görülmüş işlərin nəticəsi olaraq, Tərtər çayından suyun verilməməsi və görünməyən uzunmüddətli quraqlıq şəraitində nəzərdə tutulmuş 9610 hektar əvəzinə, 15749 hektar sahə bilavasitə subartezian quyularının hesabına suvarılmış, rayonun kənd əhalisinin suya ehtiyacı tam ödənilmisdir.

Təkcə 2015-ci ildə 193357 min manatlıq əsaslı, 380880 manatlıq cari təmir işləri aparılmışdır. 10 quyu əsaslı, 248 dərinlik nasosu və ya elektrik avadanlığı cari təmir olunmuşdur. İl ərzində 134474 min kubmetr su çıxarılmış və buna 52653 min kilovat-saat enerji sərf olunmuşdur. 2013-cü ildə 421 quyunun enerji sərfi bundan artıq – 580666 min kilovat-saat olmuşdu. Bunun müqabilində il ərzində 66320 manat su pulu toplanmışdır ki, bu da 2013-cü ildəkindən 2,1 dəfə çoxdur.

Ermənilər ötən ilin sonlarında sentyabr-dekabr ayında Tərtər çayına su buraxmadı. Buna baxmayaraq payızlıq əkinlərin hamsının subartezian quyularının hesabına suvarılması təmin edilmişdir. Əvvəlki illə müqayisədə 313 hektarda çuğundur, 55 hektarda tərəvəz- kartof və 619 hektarda yem bitkiləri artıq əkilmişdir. Suvarma suyunun vaxtında və fasiləsiz verilməsinin nəticəsidir ki, quraqlıq ilində 596 ton artıq taxıl, 7384 ton şəkər çuğunduru, 260 ton kartof, 174 ton tərəvəz , 599 ton meyvə və 47 ton üzüm istehsal edilmişdir. Heyvandarlıq üçün bol yem ehtiyatı toplanmışdır. Bu, ilk növbədə, məhsuldarlığın artımı hesabınadır: ötən il hər hektardan 2,7 sentner artıq taxıl, 25 sentner artıq çuğundur, 95 sentner artıq üzüm alınmışdır.

Kənd əməkçilərindən daxil olan ərizə- şikayət və müraciətlərə verilmiş operativ reaksiya, onların qəbulu və görülmüş tədbirlər öz bəhrəsini vermişdir. Şifahi müraciətlərin və idarə rəhbərliyinin qəbulunda olanların xüsusi qeydiyyatı aparılır, qaldırılan məsələlərin müsbət həlli üçün təxirəsalınmaz tədbirlər görülür. Bu isə təkrar müraciətlərin olmaması və ümumiyyətlə, şikayətlərin azalmasına səbəb olmuşdur.

Keçən il idarəmizin kollektivi rayonda aparılan tikinti-abadlıq işlərində də fəal iştirak etmişdir.Təkcə Tərtər- Bərdə şose yolunun kənarında öhdəmizə götürdüyümüz ərazidə İDEA hərəkatı çərçivəsində 100 Eldar şamı, 400 Krım gülü və 250 meyvə ağacı əkilmiş və aqrotexniki qulluq göstərilir. Ümumiyyətlə, il ərzində rayon mərkəzində və Tərtər–Ağdam yolunun kənarında yaşıllaşdırma, tikinti və təmizlik- abadlıq işlərinə nəqliyyat- texnika və işçi qüvvəsi ilə kömək edirik.

2015-ci ildə keçən əsrin 50- ci illərində inşa edilmiş inzibati idarə binası əsaslı təmir edilmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin qayğısı sahəsində iş otaqları lazımi avadanlıqlarla təmin olunmuş, normal iş şəraiti yaradılmışdır. Kollektiv cari ildə 60 subartezian quyusunun nasos aqreqatının idarəetmə şitinin yeni çəpərləmə daxilində quraşdırılmasını, nasos təmiri sexinin binasının və avtomaşın dayanacağının əsaslı təmirini nəzərdə tutmuşdur. İş həyətini də  daha da abadlaşdıracağıq. 

Bu il rayonun kəndlərində Prezidentin sərəncamına uyğun olaraq, 7 subartezian quyusunun qazılması təmin olunacaq və 10 quyu təmir-bərpa olunaraq istifadəyə veriləcək. Hazırda kollektivin bütün gücü dövlətin fəal dəstəyindən maksimum yararlanmaqla rayonun su problemini aradan qaldırmağa, indiki şəraitdə kənd təsərrüfatı məhsulları istehsalının əsaslı artımına təminat yaratmağa, qarşıda duran vəzifələri bütünlüklə yerinə yetirməyə səfərbər edilmişdir.

Əli ƏLİYEV,
Tərtər Subartezian
Quyularının İstismarı İdarəsinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında