Baş nazirin müavini Əli Həsənov Zəngilan, Qubadlı və Şuşa rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Yanvarın 29-da Binəqədi Rayon İcra Hakimiyyətinin konfrans zalında Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Zəngilan, Qubadlı və Şuşa rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşdə Əli Həsənov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirələrdə qarşıya qoyduğu vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən danışıb. Natiq regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrdən danışaraq bildirib ki, hazırda dünyada iqtisadi böhran daha da dərinləşib. Dünya iqtisadiyyatı hələ ki, bu böhrandan çıxa bilmir. Buna baxmayaraq, Azərbaycanda bir çox məsələlər öz həllini tapmaqdadır. Ölkəmizdə nəzərdə tutulan bütün proqramlar uğurla icra edilir. Bu gün mürəkkəb geosiyasi vəziyyəti və qlobal iqtisadi böhranı nəzərə alsaq, əlbəttə,   bunlar ölkəmizin böyük uğurudur. Dövlətimizin başçısı cənab İlham Əliyevin dediyi kimi, keçən il bütün sosial proqramlar  icra edilib və hazırda da uğurla davam etdirilir. Baxmayaraq ki, ölkəmizin maliyyə vəziyyəti əvvəlki illərdəki kimi deyil, amma bu il bütün sosial proqramlar icra olunacaq.

Baş nazirin müavini diqqətə çatdırıb ki, bu gün Azərbaycanda qeyri-neft sənayesi iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biridir. 2015-ci ildə bu sahədə 8,4 faiz artım müşahidə edilib. Ancaq potensial imkanlar daha genişdir.   Dövlətimizin başçısı sənaye sektorunda texnoparkların, sənaye klasterlərinin yaradılmasını, xüsusilə regionlarda sənaye zonalarının təşkil edilməsini mühüm vəzifə kimi qarşıya qoyub.

Əli Həsənov vurğulayıb ki, Azərbaycanın nəqliyyat-tranzit imkanlarının inkişaf etdirilməsi və ölkənin regionun tranzit mərkəzinə çevrilməsi postneft dövrü üçün nəzərdə tutulan və çox böyük uğurla reallaşdırılan transmilli layihədir. Azərbaycan enerji ixracı sahəsində ayrı-ayrı regionları birləşdirəcək potensiala malikdir. Respublikamızın ixrac imkanları buna tam imkan verir. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP layihəsi işə düşdükdən sonra bu imkan daha da genişlənəcək və digər region ölkələrindən əmtəələrin, enerji resurslarının Azərbaycan vasitəsilə Avropa bazarına çatdırılması və əks istiqamətdə hərəkəti daha da genişlənəcək. Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi məsələsində hazırda mərkəz rolunu oynamaq üçün məqsədyönlü siyasət həyata keçirir. Bakı-Tbilisi-Qars və Azərbaycan və İran Astaraları arasında dəmir yolları istismara verildikdən sonra Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tam şəkildə istifadəyə hazır olacaq. Bundan başqa, Azərbaycanda magistral yollar, kəndlərarası kommunikasiya ən müasir standartlara uyğun yenidən qurulub, Xəzərdə regionun ən böyük ticarət limanı tikilib, hava nəqliyyatı ən müasir standartlara uyğunlaşdırılıb. Hazırda Azərbaycanın təşəbbüsü ilə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə vahid tarif sisteminin tətbiqi məsələsi nəzərdən keçirilir. Artıq Çindən Azərbaycana bu dəhlizlə ilk konteyner qatarı da göndərilib. Fikrimcə, görülən işlərin miqyası tranzit mərkəzi kimi Azərbaycanın potensialını tam realizə etməyə və böyük gəlirlər götürməyə çox əlverişli şərait yaradıb.

Əli Həsənov, həmçinin bildirib ki, bu il maaşlar, pensiyalar, sosial müavinətlər artırılıb. Bu da ölkəmizin sosial siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq. Artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər olunub. Bu il bizim iqtisadiyyatımız daha da güclənəcək.

Əli Həsənov daha sonra xatırladıb ki, möhtərəm dövlət başçımız hakimiyyətə gəldiyi ilk gündən  iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi, enerji amilindən asılılığın aradan qaldırılması, müasir sosial və iqtisadi infrastrukturun formalaşdırılması, neft kapitalının insan kapitalına çevrilməsi və s. istiqamətlərin prioritet təşkil etdiyini qarşıya mühüm vəzifə kimi qoyub və bununla bağlı mühüm uğurlar əldə edilib. Statistikaya diqqət yetirsək görərik ki, son 12 ildə Azərbaycanda maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb, 3 min məktəb, 89 köçkün qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Bu illər ərzində sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib, ölkəyə 200 milyard dollar sərmayə qoyulubdur ki, bunun da 100 milyard dolları xarici sərmayədir. Əhalinin təbii yanacaq, elektrik enerjisi, içməli su problemi həll edilib. Ölkədə yeni, ən müasir standartlara cavab verən sosial və iqtisadi infrastruktur yaradılıb. Azərbaycanın dünyada nüfuzu artıb, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. On il bundan əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycan arasında fərqi təkcə biz yox, bütün dünya görür və bir nümunə kimi qeyd edir.

Baş nazirin müavini, eyni zamanda, bildirib ki, qiymətlərin süni surətdə qaldırılmasının qarşısını almağa yönəlmiş addımlar, bu məsələyə dövlət nəzarətinin gücləndirilməsi, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanılması, pensiya və müavinətlərin, dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlarda çalışanların əmək haqlarının artırılması Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Əli Həsənov çıxışında mühüm bir məqama da toxunub. O, qeyd edib ki, dövlətimizin başçısı tutduğu vəzifədən asılı olmayaraq, hər bir məmurdan  eyni nümunə sərgiləməsini-vətəndaşa həssas münasibət, insanlara qayğı göstərməsini tələb edir. Möhtərəm Prezidentimiz bildirir ki, bütün vəzifəli şəxslər, məmurlar insanlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməlidirlər.  Ona görə də cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında məmur məsuliyyəti və onun xalq qarşısında daşıdığı öhdəliklər mövzusuna  toxunması təsadüfi deyil: “Hər bir məmur, o cümlədən Prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.

Baş nazirin müavini xatırladıb ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev insanlarla təmasa, ünsiyyətə  daim önəm verir. Dövlət başçısı paytaxtda, eləcə də müxtəlif bölgələrdə keçirdiyi görüşlərdə insanların arzu və istəklərini diqqətlə dinləyir, problemlərin yerindəcə həlli üçün əlaqədar qurumlara müvafiq göstərişlərini verir.  Təbii ki, bu da hər bir vətəndaşın ölkə rəhbərinə  inamını, ümidini  artırır.

Görüşdə çıxış edən Şuşa rayonundan məcburi köçkün, rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Hacıyev, Qubadlı  rayonundan məcburi köçkün, müəllim Təranə Şahmuradova, Zəngilan rayonundan məcburi köçkün, təqaüdçü Xuduş İsgəndərov, Ağdam rayonundan məcburi köçkün Əkrəm Abdullayev, Füzuli rayonundan məcburi köçkün, idmançı Natiq Süleymanzadə dövlətimizin başçısının antiböhran tədbirlərini dəstəklədiklərini bildiriblər. Onlar əmək haqlarının, pensiya və müavinətlərin artırılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını  ifadə ediblər.

Baş nazirin müavini Əli Həsənov qeyd edilən rayonlardan olan məcburi köçkünlərin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında