Tarixin sınaqlarından çıxmağımızın yolu milli birliyimizdən keçir

1989-cu il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında minlərlə qardaş- bacımız Azərbaycan – İran sərhədində aksiya keçirərək dirəkləri və tikanlı məftilləri sökməyə başladı. Onilliklər ərzində bir-birindən ayrı düşmüş güneyli-quzeyli azərbaycanlılar Araz çayı boyunca bir-birinə qovuşdular. Bu hadisə Azərbaycanın ən yeni tarixinə soydaşlarımızın mənəvi birliyə və milli həmrəyliyə doğru atdığı tarixi addım, kütləvi aksiya kimi düşdü.

 Həmin tarixi gündə İstanbulda daha bir mühüm hadisə baş verdi: dünya azərbaycanlılarının ilk konqresi işə başladı. Bu, Azərbaycan diasporunun təşəkkül tapması istiqamətində ilk əlamətdar hadisə idi. Sonra 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəylik bayramı” kimi qeyd olunması barədə qərar qəbul edildi. Bu günün milli ideal timsalı olaraq qəbul olunması dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmlənməsinə, diaspor sahəsində təşkilatlanmasına təkan verdi.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və az sonra bütün ölkədə rəsmən qəbul olunmuş bu bayram hər bir azərbaycanlıda Vətəninə məhəbbət, xalqına sədaqət, tarixinə və mədəniyyətinə hörmət kimi nəcib hissləri gücləndirmiş, mənəvi-əxlaqi dəyərlərin sonrakı nəsillərə ötürülməsinə xidmət etmişdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsini, onların mütəşəkkil, çevik və təsirli qüvvəyə çevrilməsini daim diqqətdə saxlayır, dünya azərbaycanlılarının lideri kimi bu mühüm prosesə hərtərəfli dəstək verir. 

Diaspor quruculuğu sahəsində aparılan işlər artıq müsbət nəticələrini verməkdədir. Azərbaycan reallıqlarının dünyaya təqdim olunmasında, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğində, erməni millətçilərinin qərəzli ideoloji fəaliyyətinin qarşısının alınmasında diaspor təşkilatlarımızın artan rolu danılmazdır. Bu gün xaricdəki həmvətənlərimizin dost ölkələrin lobbi və diasporları ilə sıx əməkdaşlığının qurulmasına dövlətimiz ciddi önəm verir, bu sahədə irəli sürülən təşəbbüsləri, atılan addımları həmişə birmənalı şəkildə müdafiə edir.

Bu gün ölkəmizin qarşısında duran ən vacib problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Respublikamızın inkişafı yolunda əsas maneə olan bu problemin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimizin də qarşısında mühüm vəzifə kimi durur. Buna görə də ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər.

Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, diaspor təşkilatlarımız dünyadakı proseslərin nəbzini tutaraq öz çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat addımlar atmalıdırlar.

Bilirik ki, özünü tarixin bataqlığına salmış Ermənistanın pis- yaxşı mövcud olması, himayədarlarından dəstək alması, hətta daim xarici maliyyə yardımları alması erməni lobbisinin və diaspor təşkilatlarının canfəşanlığı hesabına mümkün olur. Onların neytrallaşdırılması, yaşadıqları ölkələrdə təsir imkanlarının azaldılması üçün Azərbaycan və türk xalqlarının diaspor təşkilatlarının fəaliyyətlərinin əlaqələndirilməsinə və genişləndirilməsi də günün tələbidir. Doğrudur, son illər Azərbaycan və Türkiyə diaspora təşkilatlarının ümummilli məsələlərdə birlik nümayiş etdirdiklərirlər. Bunları yetərli saymaq olmaz və diaspor təşkilatlarımız arasında mövcud olan fikir ayrılıqları, parçalanmalar aradan qaldırılmalıdır.

 Erməni lobbisinin dünyada uydurma “soyqırım”ı yalanlarını geniş təbliğ etdikləri bir məqamda belə, diaspora təşkilatlarımız ortaya konkret platforma qoymalıdır. Bunun üçün, ilk növbədə, beynəlxalq hüquq səviyyəsində Ermənistanın işğalçılıq faktını təsdiqləyən BMT-nin dörd qətnaməsinin icra edilməsi tələb olunmalıdır və bu məsələnin daim gündəmdə saxlanması üçün birgə fəaliyyət olmalıdır. Qondarma “erməni soyqırımı” iddialarının qarşısına tutarlı faktlar qoyulmalıdır ki, bu da ermənilərin tarixən bais olduqları qanlı faciələr və xüsusən, Xocalıda törətdikləri misilsiz soyqırımı ola bilər. Biz bununla ermənilərin soyqırıma məruz qalan deyil, məhz soyqırımı törədən bir xalq olduğunu dünyaya göstərməliyik.

Qondarma dediyimiz “erməni soyqırımı”nın, həqiqətən, uydurma olduğunu tarixi mənbələrdən də bilirik. Məhz bunu nəzərə alaraq biz önəmli addım kimi tarixi mənbələrin açılmasını vacib hesab edərək, Ermənistanını öz arxivlərini beynəlxalq araşdırmaçılar üçün açmasına məcbur etməliyik. Əslində, Türkiyə dövləti həmişə tarixi mənbələrin, arxivlərin açılmasına tərəfdar olduğunu bəyan edir. Biz də vətəndaş cəmiyyəti institutları, diaspor təşkilatları olaraq tarixi arxivlərin açılması təşəbbüsünü reallaşdırmaq üçün ermənilərin üzərinə getməliyik.

Təbii ki, ermənilər və Ermənistan dövləti “soyqırımı” iddiasının uydurma olduğunun üzə çıxacağından ehtiyatlanaraq, daim bu məsələdən yayınır. Azərbaycan, eləcə də bütün türk xalqlarının diaspor təşkilatları beynəlxalq miqyasda fəaliyyətini daha da aktivləşdirib tarixi arxivlərin açılmasına çalışmalıdır.

Nəhayət, Azərbaycan və türk diaspor təşkilatlarının daim birgə fəaliyyət göstərməsi zərurətə çevrilmişdir. Məlum olduğu kimi, zaman-zaman Türkiyənin  Ermənistanla sərhədləri açması ilə bağlı təşəbbüslər ortaya çıxır və bununla bağlı geniş konfranslar, tədbirlər keçirilir. Türkiyə ilə Ermənistan arasındakı sərhəddin açılmasına çalışan qüvvələr daim hərəkətdədirlər. Bütün diaspor təşkilatları bu cəhdlərin qarşısını almaq üçün Türkiyənin sərhəddi bağlanmasına səbəb olan üç əsas amili-Ermənistanın Azərbaycan ərzilərini işğal etməsini, Türkiyəyə qarşı ərazi iddiasını və uydurma “soyqırımı” tələbini  bütün dünyanın diqqətinə çatdırmalıdır.

Bu günə qədər Ermənistan həmin üç əsas səbəbi nəinki aradan qaldırmayıb, hətta o istiqamətə doğru yaxınlaşmaq belə istəməyib. Həmin səbəblər aradan qaldırılmayana qədər Ermənistanla sərhəddin açılması məsələsi gündəmə gəlməməlidir. Azərbaycan və türk diasporlarının birliyi yalnız tədbirlərdə səslənən şüarlar olmamalıdır. Eyni zamanda, əməli işdə də birliyimizi tam formalaşdırmalıyıq. Təbii ki, bütün bunlar türk xalqlarının diaspor təşkilatları ilə birgə strateji hədəflərimizdir.

Lakin bütün bunlarla yanaşı, Azərbaycan diaspor təşkilatlarının önəmli vəzifəsi sayı 50 milyondan çox olan Azərbaycan xalqının birlik və həmrəyliyinin təmin olunması, vahid ideologiya ətrafında sıx birləşməsidir. DAK-ın bir neçə yerə parçalanması yolverilməzdir və əsla qəbul oluna bilməz. Sıralarında 600-dən çox QHT-ni birləşdirən Milli QHT Forumu da diaspor təşkilatlarının həqiqi yaranmasına dəstəkçi olmağa hazırdır.

Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi Vətəni, ümid və istinad yeridir. Odur ki, Avropada, Amerikada, Asiyada və digər qitələrdə yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərindən kənarda qalmamaq, onların aradan qaldırılması işinə elliklə kömək göstərməkdir. Yalnız belə olarsa, tarixi torpaqlarımızı erməni işğalından azad edə bilərik.

Sonda dünyada yaşayan bütün soydaşlarımızı milli həmrəylik günü və Yeni ilin gəlişi münasibətilə ölkəmizin vətəndaş cəmiyyəti fəalları adından təbrik edir, xalqımıza tərəqqi, xoş günlər arzulayırıq. Unutmamalıyıq ki, tarixin qarşımıza qoyduğu çətin sınaqlardan yalnız milli birliyimizlə alnıaçıq çıxa bilərik.

Rauf ZEYNİ,
Milli QHT Forumunun prezidenti,
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında