Həmrəylik bir sevgidir

Dünya sonsuzdur. Onun tarixi də, yaşı da bitməz və tükənməzdir. İnsanlığın da yaşı az deyil. Amma bu sonsuz dünyanın şüurlu məxluqu olan insanın özünün həyatı “bir pəncərədən baxıb keçmək” qədər qısadır. O qədər qısa ki, biz onu illərə, aylara , günlərə, hətta saatlara və dəqiqələrə də bölməyi öyrənmişik. Zamanı niyə bölürük görəsən?

Yəqin ki, insan ona nəsib olan həyat parçasını bacardıqca düzgün və səmərəli dəyərləndirməyə çalışır. Ona görə də onu qısa fraqmentlərə bölərək təftiş edir, keçdiyi yoluna və əldə etdiyi həyat təcrübəsinə söykənərək növbəti mərhələnin planınını cızır, məqsədlərini müəyyənləşdirir. Beləcə insanlıq öz mövcudluğunu ibtidaidən aliyə və sadədən mürəkkəbə doğru təkamül etdirməklə, həyatın özünü də durmadan dəyişməkdə və inkişaf etdirməkdədir.

Biz də dəyişirik, biz də inkişaf edirik. Biz də özümüzün, cəmiyyətimizin və dövlətimizin həyatını zaman və məkan ölçülərində hissələrə bölürük, itirdiklərimizlə qazandıqlarımızı dəyərləndirməyə çalışırıq. Adətən, biz bunu bəlli zamanlarda və daha çox hər dəfə başa vurmaqda olduğumuz illərin sonunda edirik. Bu gün də illərin qovşağındayıq. Bir gündən sonra 2016-cı ilə qədəm qoysaq da, hələ bir müddət, adətən olduğu kimi, birillik  vərdişlə 2015 yazmaqda davam edəcəyik.  Nəhayət, yeni bir ildə yaşadığımız şüurumuza da, vərdişlərimizə də hakim kəsiləcək. Hamımımız daha bir il yaşlaşacaq və məntiqə görə, bir qədər də gör- götürlü olacağıq.

Bu il bizlərlə bərabər, müstəqil Azərbaycanımız da bir yaş böyüdü. Dövlətimiz bir qədər də möhkəmləndi. Bu il ərzində qazanılan uğurlar millətin fəxarətini bir daha artırdı. Bu ilin iyun ayında dünya idman tarixində ilk Avropa Oyunlarına Azərbaycanın evsahibliyi etməsi cəsarətli bir addım kimi tariximizə yazıldı. Avropa Oyunları kimi möhtəşəm bir beynəlxalq idman tədbirinin ilk məşəlinin Vətənimizdə alovlandırılması Azərbaycana unudulmaz hisslər yaşatdı.

12-28 iyunda keçirilmiş ilk Avropa Oyunlarına 50 Avropa ölkəsindən 6 minə yaxın idmançı qatıldı. Bakıda keçirilən ilk qitə yarışlarında özündə 30 idman fənnini birləşdirən, 20 idman növü üzrə mübarizə aparıldı və qazanılan medalların sayına görə idmançılarımız Avropada 2-ci oldular. Beləcə, ilk Avropa Oyunları xalqımız və dövlətimiz üçün 2015-ci ilin iftixar mənbəyinə çevrildi.

Bu il ölkəmizin ictimai-siyasi və həm də sosial- mənəvi həyatında baş verən əhəmiyyətli hadisələrdən biri də cəmiyyətimizin siyasi yetkinlik və vətəndaşlıq məsuliyyətinin ən dəqiq indikatoru sayıla bilən parlament seçkiləri oldu. Oktyabr ayından müxtəlif məzmunlu seçki şüarlarının təqdim olunması ilə başlayan, seçicilərə ünvanlanan siyasi çağırışlarla və get-gedə güclənən siyasi ehtiraslarla müşayiət olunan proseslər nəhayət, noyabrın 1-də özünün məntiqi sonuna çatdı. Bütün seçkiöncəsi prosesləri səbrlə, təmkinlə izləyən, öz dövlətini və millətini sevən, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə çalışan Azərbaycan seçiciləri öz qərarını Ana Yasamızda nəzərdə tutulduğu kimi, seçimləri ilə ifadə və təsdiq etdilər.

Bu seçkilər Azərbaycan vətəndaşlarının ölkənin və xalqın gələcəyini düşünmək baxımından siyasi yetkinliyini, yüksək məsuliyyət hissini göstərən növbəti bir sınaq oldu. Azərbaycan vətəndaşı özünün əsrlər boyu dəyişməz məziyyəti olan haqq və ədalət hisslərinə sadiq qalaraq, öz elçilərini ölkə parlamentinə üzv seçdilər. Beləcə, 2015- ci il daha bir seçim ili kimi yaddaşlara yazıldı və ölkəmiz daha böyük uğurlar əldə etmək üçün inkişafın yeni mərhələsinə qədəm qoydu.

Əvvəlki illərdə əsası qoyulmuş qlobal iqtisadi layihələrin həyata keçirilməsi 2015- ci ildə də uğurla davam etdirildi. Ümumi dəyəri 45 milyard ABŞ dolları həcmində qiymətləndirilən və dünyanın indiyə qədər gerçəkləşdirilmiş enerji layihələri arasında kapital tutumuna görə ən irihəcmlisi olan “Cənub qaz dəhlizi” Azərbaycan qazının qardaş Türkiyədən keçməklə, birbaşa Avropaya çatdırılmasını nəzərdə tutur. Layihə bu günə qədər beynəlxalq qurumlar tərəfindən təsdiq edilmiş 3 trilyon kubmetrdən çox qaz ehtiyatlarımızın, ən azı, 100 il ərzində Avropaya ixrac edilməsi üçün unikal şərait yaradacaq və Azərbaycanı dünyada həm neft, həm də qlobal qaz ixracatçısı kimi tanıtdıracaq.

Mərkəzi Asiyanın qardaş türk respublikalarının da gələcəkdə bu layihəyə qoşulması ehtimalı onun iqtisadi faydalılıq əmsalını dəfələrlə artıra bilər. İqtisadi əhəmiyəti qədər siyasi əhəmiyyəti də əvəzsiz olan bu layihə Xəzər bölgəsi ilə Avropa ölkələri arasında əməkdaşlığı yeni müstəviyə çıxaracaq və Azərbaycanın qlobal məkanda rolunu və nüfuzunu daha da artıracaqdır. Əgər 1994- cü ildə Azərbaycanda imzalanmış “Əsrin müqaviləsi” XX əsrin ən önəmli layihəsi hesab edilirdisə, bu gün tikintisi uğurla aparılan “Cənub qaz dəhlizi” həm ölkəmiz üçün, həm də bütövlükdə regionumuz üçün XXI əsrin ən nəhəng layihəsi hesab olunur. Bu layihənin Avropa ölkələri üçün müstəsna əhəmiyyət kəsb etməsi Azərbaycanı bu il ərzində də qlobal siyasi- iqtisadi məkanın diqqət mərkəzində saxlamış oldu. Bütün bunlarla yanaşı, il ərzində iqtisadiyyatımızın davamlı inkişafı, qeyri-neft sektorunda əldə edilən nailiyyətlər, təhsil, səhiyyə və sosial müdafiə sistemimizdə baş verən irəliləyişlər və nəhayət, hər bir azərbaycanlının daha təhlükəsiz,  təminatlı və əmin-amanlıq şəraitində yaşaması bu ilin ümumi mənzərəsinin digər nikbin çalarlarıdır.

İlin ən nikbin sonluğu isə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Yeni ilin gəlişi ilə bir yerdə ümumxalq təntənəsi kimi qeyd olunmasıdır. Yurdun həmrəylik çağırışına dünyanın hər tərəfindən gələn əks-sədalar xalqımızın doğma Vətənə sədaqətinin ən parlaq təcəssümüdür. İlin son günü - 31 dekabr böyük dünyanın harasında qərar tutmasından asılı olmayaraq hər bir azərbaycanlının öz nəzərlərini Vətənə yönəltdiyi milli həmrəylik günüdür. Həmrəylik  insanların əsrlər boyu arzuladığı, xəyallarında yaşatdığı və daim can atdıqları elə bir ictimai şüur səviyyəsidir ki, ona nail olan xalqlar xoşbəxt və firavan yaşamaq arzularına qovuşa bilirlər.

Sovetlər dövründə bayram etməyə alışdığımız “1 May dünya zəhmətkeşlərinin həmrəyliyi günü” son nəticədə o insanların heç də həmrəy olmadığını və əslində, belə bir həmrəylik üçün gerçək əsasın da olmadığını göstərmişdi. Milli idealın və bu ideal uğrunda çarpışan ideologiyamızın mövcud olmadığı bir zamanda biz nədə həmrəy ola bilərdik?! İndi dərk edirik ki, ortada hansısa konkret rəy olmadığından, əslində, hamımız bir şeydə – məhz “rəysizlik”də həmrəy idik. Bu isə həmrəylikdən daha çox həmrəngliyə bənzəyirdi.

İndi isə dünya azərbaycanlılarının həmrəyliyini bayram edirik və bu təntənənin əsasında bir çağırışla bölünmüş Vətənimizi parça- parça toparlayıb vahid bir gücə çevirməyə və Yer kürəsinin hər bir guşəsində qərar tutmuş soydaşlarımızı Azərbaycan amalı ətrafında səfərbər etməyə nail olmuş ümummilli lider Heydər Əliyev zəkası durur. Yalnız bu il yox, elə 1993-cü ildən başlayaraq taleyimizdə yaşanan dönüş və bu günə qədər davam edən yüksəliş də məhz milli həmrəyliyimizin bəhrəsidir.

Həmrəylik də bir mədəniyyətdir. Həmrəylik dinləmək, başqalarına məxsus olan dünyagörüşünü və baxış bucağını bölüşmək, milli mənafeyimiz naminə ümumxalq yolunu seçmək, Vətən üçün düşünmək, el üçün çalışmaq mədəniyyətidir. Həmrəylik elə bir idealdır ki, ona ancaq yüksək duyğularla və işıqlı əməllərlə qovuşmaq olur. Bu da tarixən az sayda insana nəsib olub. Amma bu “az”lar xalqın tarixi taleyində çox böyük rol oynayan “az”lardır. Hər bir soydaşımızın qəlbində və şüurunda özünə yer tapan bu “az”ların cəmindən böyük bir AZƏRBAYCAN sevgisi yaranır.

Deməli, həmrəylik həm də bir sevgidir. Millətə, xalqa, dövlətə, bayrağa və nəhayət, insanın insana və insanlığa olan sevgisidir həmrəylik. Bu sevgi ilə də soydaşlarımız ilin son günündə ən xoş arzularla dolu nəzərlərini Ana Vətənə yönəldir və Azərbaycanımızla fəxr edirlər. Beləcə həyatımızın daha bir ilini başa vurmaqda və Yeni ilə addımlamaq ərəfəsindəyik. Ən xoş diləklərin və niyyətlərin bir-birinə qovuşduğu bir zamanda Azərbaycanımıza və dünyanın bütün azərbaycanlılarına sevgi dolu həmrəylik, Yeni ildə isə yeni uğurlar, cansağlığı və səadət arzuları ilə,

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında