Bizi daha uğurlu gələcək gözləyir

Azərbaycan Respublikasının  suverenlik əldə etməsinin ən çətin dövründə ölkəmizin dünya xəritəsindən silinmə təhlükəsi yarandığı bir şəraitdə bu müdhiş təhlükənin qarşısının alınmasının yeganə yolu el gücünün birləşdirilməsi, mənfur düşmənlərə qarşı birgə mübarizə  yolu idi. Bu yolun əsas istiqaməti dünya azərbaycanlılarının  vəhdətinin, həmrəyliyinin yaradılmasından keçirdi.

Belə bir həmrəyliyi öz nadir təxəyyül süzgəcindən keçirərək reallaşdıran,  beynəlxalq aləmdə  söz və nüfuz sahibi olan, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyev oldu. Ulu öndərin Azərbaycanın müstəqilliyinin bərpa olunmasını gözü götürməyənlərə qarşı apardığı çoxcəhətli mübarizəsinin prioritet istiqamətlərindən birinin – 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün  yaradılması hamının ürəyincə oldu. Ümummilli liderimiz  hər sahədə  olduğu kimi, bu sahənin də bacarıqlı memarı olmaq missiyasının şərəfli yükünü öz çiyinləri üzərinə götürdü və bunu gələcəyə hesablanmış bir müdrikliklə həyata keçirdi. Bunun sayəsində müxtəlif səbəblərdən dünyanın bütün nöqtələrinə səpələnmiş Azərbaycanın vətənsevər oğul və qızlarının Həmrəylik Günü  təsis edildi. Bununla Azərbaycanı özünə dayaq, doğma Vətən hesab edənlərin xarici ölkələrdə yaratdıqları diaspor təşkilatçılığının möhkəm bünövrəsi qoyuldu.

Artıq 25 ilə yaxındır ki, xalqımız,  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramını hər il  təntənə ilə qeyd edir. Bu müddət ərzində  vətənimizin paytaxtında  dünya azərbaycanlılarının birliyinin, xalqla dövlət arasındakı yenilməz  vəhdətinin daha da möhkəmləndirilməsi, hamının eyni amal uğrunda çalışmasının perspektiv layihələrinin, direktivlərinin hazırlanmasına və həyata keçirilməsinə həsr olunmuş üç möhtəşəm qurultayın keçirilməsi xalqımızın  əhval-ruhiyyəsini yaxşılaşdırmaqla yanaşı, onun özünə olan inamını, torpaqlarımızın erməni işğalından azad  ediləcəyinə əminliyini birə-beş artırıb. Heç bir tərəddüdsüz deyə bilərik ki, “güc birlikdədir!” atalar məsəlinin motivləri və cənab Prezidentin rəhbərliyi altında bir-birimizə dayaq olaraq istədiklərimizə nail ola bilirik və gələcəkdə də belə olacaqdır.

Dediklərimizi, yola saldığımız 2015-ci ilin yekunları da praktiki dəlillərlə sübuta yetirdi. Belə ki, 2015-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun  və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə yüksək səviyyədə baş tutan, tarixin səhifəsinə qızıl hərflərlə  həkk olunan I Avropa Oyunlarının Azərbaycanın  paytaxtatında keçirilməsi qürur mənbəyimizə çevrildi. Dünyada misli görünməmiş belə bir  möhtəşəm tədbir  ilk növbədə xalqımızın birliyinin, xalqla dövlətin ayrılmaz vəhdətinin bariz nümunəsini dünyaya nümayiş etdirdi, eşitdirdi.

2015-ci il həm bütövlükdə ölkəmiz üçün, həm də hər birimiz üçün unudulmaz, hadisələrlə zəngin oldu. Hamı yəqinliklə əmin oldu ki,  Vətən sənin arxandır, dayağındır, bütün hüquqlarını qoruyandır, ətrafındakı tikanlı məftilləri qırıb atandır, əməyini yetərincə  düzgün qiymətləndirən, səni ucaldandır. Vətən səni illərlə böyüdür, ucaldır ki, sən də bütün  varlığınla Vətəni ucalda biləsən, ona layiq övlad olasan.

Bu baxımdan gündən-günə qüdrətlənən ölkəmizin sürətli inkişaf tempi bəzi sahələr üzrə hətta dünyanın  ən inkişaf etmiş ölkələrini  belə  üstələyə bildi. Təəssüflər olsun ki, bundan heyrətlənənlər, qorxuya düşənlər, eləcə də bunu gözü götürməyənlər də oldu.

Bir ziyalı kimi əminliklə deyə bilərəm ki, ölkəmizin sosial-iqtisadi inkişaf tempi  fonunda Azərbaycanın elm və təhsil sahələri, Azərbaycan səhiyyəsi dövlət qayğısı sayəsində daha qabarıq şəkildə inkişaf edərək ən arzuolunan  standartlara uyğun  maddi-texnika bazaya malikdir, ən müasir texnologiyalarla təchiz edilib. Beynəlxalq əlaqələri durmadan genişləndirən,  iş prosesini təkmilləşdirən, yeni layihələr üzrə fəaliyyət göstərən elm, təhsil, səhiyyə işçiləri onlara göstərilən diqqət və qayğıya cavab olaraq Azərbaycan övladlarının elmi  biliklərə dərindən yiyələnmələri,  sağlam böyümələri, vətənpərvər övlad kimi yetişmələri üçün bütün potensiallarının  səfərbər olunması yolu ilə əllərindən gələni etməyə çalışırlar.

Yola saldığımız 2015-ci il elm, təhsil, səhiyyə, incəsənət, mədəniyyət, ədəbiyyat işçiləri üçün də əlamətdar illərdən birinə çevrildi və möhtəşəm yubileylər ili kimi xatirələrdə qaldı. Biz məhz 2015-ci ildə ölkə Prezidentinin sərəncamları əsasında elm məbədgahımız olan Azərbaycan Milli Elmlər Akademiyasının  70, həmçinin AMEA-nın ilk həqiqi üzvlərindən olan böyük bəstəkar  Üzeyir bəy Hacıbəylinin  130 və  böyük  həkim  Mustafa bəy Topçubaşovun 120 illik şərəfli yubileylərinin təntənə ilə qeyd  edilməsinin şahidi olduq. Bu təntənələr zamanı səslənən məruzə və  çıxışları bir növ Azərbaycan elminin çoxillik  fəaliyyətinin dövlət  qarşısında,  millət qarşısında verdiyi hesabatı kimi səslənirdi. Bu gün fəxrlə deyə bilərik ki, həm  dövlətimizin, həm də xalqımızın bu hesabatı  məmnunluqla qəbul etmələri, onu yüksək dəyərləndirmələri  həmin sahələrdə  çalışan zəka sahiblərini nikbin  notlara köklədi və onların Vətənimiz, xalqımız naminə yeni nailiyyətlər əldə etmələrinə  stimul verdi.

Dövlətçiliyimizin əbədiliyinə, müstəqilliyimizin dönməzliyinə xidmət edən elm, təhsil və səhiyyə işçiləri özlərinin fədakar əməkləri,  məhsuldar işləri, maarifləndirici peşələri ilə daim Prezidenti,  onun daxili və xarici siyasətini ürəkdən dəstəkləyirlər. Azərbaycan  xalqının ziyalı nümayəndələri kimi elm, təhsil və səhiyyə işçiləri 2016-cı ilə böyük ümidlərlə qədəm qoyur, Yeni ilə xoşgəldin deyir.

Fürsətdən istifadə edərək, vahid  və müstəqil Azərbaycan Respublikasının Prezidenti başda olmaqla xalqımızın, millətimizin hər bir nümayəndəsini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı və Yeni-2016-cı ilin mübarək qədəmli gəlişi  münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik, sülh, səadət,  aydın səma, ailələrinizə firəvan həyat diləyir, gələcək mükəmməl  yaradıcılıq, quruculuq işlərinizdə  yeni nailiyyətlər arzulayıram.

Bayramınız mübarək olsun, əziz həmvətənlər!

Əhliman  ƏMİRASLANOV,
Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik,
SSRİ Dövlət Mükafatı laureatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında