Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.     

Heydər Əliyev Fondunun təşkil etdiyi şənlik xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən Buta sarayında keçirilib. Bu il də balacaları sevindirmək üçün Buta sarayında nağıllar aləmindəki kimi ab-hava yaradılıb.

 Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər, Azərbaycanda fəaliyyət göstərən yerli uşaq təşkilatlarının kollektivləri üçün şənlik təşkil edilir.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başladı.

Şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib. Bu proqram əsasında sarayda qurulan əlvan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrə heyran qalan uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanıb. Bayram şənliyində uşaqların təbəssümü bu hədiyyəni onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın birinci xanımı uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət etdi.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış etdilər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl hisslər doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.

2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist insani dəyərlərə əsaslanaraq, əsas fəaliyyət istiqamətlərindən biri kimi cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafını seçib. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri digər qurumlar üçün örnək sayıla bilər. Fondun xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız olaraq xeyirxah əməllər təşkil edir. Azərbaycanın birinci xanımı “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” fikrini dəfələrlə vurğulayıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi fond valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət ayırır, “Uşaq evlərinin və internat məktəblərin inkişafı” Proqramı çərçivəsində respublikada uşaq müəssisələrini əsaslı təmir edərək, yeni avadanlıqlarla təchiz edir. Xeyirxahlıq, mərhəmət və humanizm insanlığın zinətinə çevrilən ali dəyərlərdən sayılır. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla reallaşdıran Heydər Əliyev Fondunun 11 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir. 

Bayram şənliyində çıxış edən Azərbaycanın birinci xanımı Mehriban 

ƏLİYEVA dedi:

- Hörmətli valideynlər, çox hörmətli müəllimlər, əziz və doğma uşaqlar!

Mən sizin hamınızı salamlayıram. Bu gün sizinlə birlikdə olmaq mənim üçün xoşdur. Biz il ərzində müxtəlif tədbirlərdə, bayramlarda, şənliklərdə bir yerdə olmuşuq. Çox şadam ki, ilin sonunda da sizinlə birlikdə 2015-ci ilə əlvida deyirik.

2015-ci il ölkəmizin tarixində yeni nailiyyətlərlə, yeni qələbələrlə qalacaq. Bununla yanaşı, 2015-ci ildə ölkəmiz, xalqımız ağır anlarla da üzləşmişdir. Mayın 19-da faciəli yanğın zamanı həlak olmuş vətəndaşlarımız, dekabrın 4-də “Günəşli” yatağında dünyasını dəyişmiş neftçilərimiz, cəbhə xəttində Vətən qarşısında öz borcunu yerinə yetirərkən həyatlarını itirmiş əsgərlərimiz, bütün bu hadisələr hər bir azərbaycanlının ürəyində kədərlə və ağrı ilə qarşılanmışdır.

Gəlin dünyasını dəyişmiş vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin! 

Qoy Tanrı Azərbaycanı və Azərbaycan xalqını hər zaman qorusun! Faciələrdən və bəd hadisələrdən qorusun! 

Əziz dostlar, başa çatmaqda olan ilə nəzər salanda əlbəttə, bu ilin ən yaddaqalan hadisələrindən biri ölkəmizdə Avropa Olimpiya Hərəkatının tarixində ilk dəfə Azərbaycanda, Bakıda keçirilmiş ilk Avropa Oyunları oldu. Siz bilirsiniz ki, biz bu Oyunları çox qısa zamanda hazırladıq və ən yüksək səviyyədə keçirdik. Azərbaycan xalqı yenə də bütün dünyaya öz birliyini, öz qonaqpərvərliyini nümayiş etdirdi. Mən bu fürsətdən istifadə edərək bütün Azərbaycan xalqına Oyunlar zamanı hər bir idmançıya verdiyi dəstəyə, hər bir qonağa göstərdiyi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, biz hamımız yığma komandamıza, idmançılarımıza dəstək olmağa çalışırdıq. Bizim idmançılarımız cəsarət, güc göstərdilər və nəticədə yığma komandamız 50 ölkə arasında ikinci yeri tutmağa nail oldu. Bu, əlbəttə ki, böyük qələbədir. Mən əminəm ki, sizin aranızda gələcək Olimpiya, dünya və Avropa çempionları var. Ona görə, mən sizi idmanla məşğul olmağa çağırıram. Mən sizi yaxşı oxumağa, təhsil almağa çağırıram. Mən bu sözləri hər il deyirəm, bu, artıq aydındır ki, Azərbaycanın gələcəyi sizin əlinizdə olacaq. Ona görə, bu gün gözəl təhsil almaq, savadlı olmaq, bilikli olmaq sizin ən vacib, ən böyük vəzifənizdir.

Bilirəm ki, bugünkü uşaqlar daha çox kompyuterə maraq göstərirlər və bu da çox gözəldir. İnternet vasitəsilə siz bütün informasiyanı əldə edirsiniz. Amma bu gün üzümü sizə tutub xahiş edirəm ki, kitab oxuyasınız. Çünki kitablar, yəni bədii ədəbiyyat, həm Azərbaycanın bədii ədəbiyyatı, həm dünya xəzinəsinin bədii ədəbiyyatı həyatınızda sizə çox lazım olacaq və heç bir kompüter kitabı əvəz edə bilməz. Ona görə, nə qədər mümkündürsə çox kitab oxuyun, tanış olun. Siz özünüz üçün tamamilə yeni bir aləm aşkar edəcəksiniz. Əlbəttə, mən sizə ilk növbədə cansağlığı arzulayıram. Mən istəyirəm ki, siz sağlam, savadlı, təhsilli böyüyəsiniz. Öz valideynlərinizi, müəllimlərinizi, bizim hamımızı, böyükləri yalnız və yalnız şad edəsiniz.

Əziz dostlar, mən bu bayram ərəfəsində bir daha sizin hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Biz 2015-ci ilə birgə əlvida deyirik, 2016-cı ili qarşılayırıq. Əminəm ki, 2016-cı il ölkəmiz üçün yeni uğurlar, yeni nailiyyətlər gətirəcək. Bu gün ölkəmiz yeni çağırışlarla üzləşir. Hər zaman olduğu kimi, Azərbaycan xalqının müdrikliyi, birliyi bizə bütün çətinliklərin öhdəsindən gəlməyə imkan yaradacaq. Bir daha sizi təbrik edirəm, bağrıma basıram, öpürəm. Çox sağ olun.

 

*   *   *

 

Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bayram şənliyi yüzlərlə uşağı sevindirdi.

Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olundu. Fondun balacalara hədiyyə etdiyi bu qış nağılı isə uşaqların yaddaşında silinməz iz qoydu.

Üç gün davam edən bayram şənliyində iki mindən çox uşaq və məktəbli iştirak edib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında