Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın həyata keçirdiyi prioritet vəzifələrdəndir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, hüquqi, siyasi, iqtisadi sahələrlə yanaşı, cəmiyyət həyatının bütün sferalarını əhatə edir.
İnsan hüquq və azadlıqlarının qorunması ölkəmizdə həyata keçirilən siyasi kursun ana xəttini təşkil edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılan insan hüquq və azadlıqlarının qorunması istiqamətində bir-birindən əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ölkəmizin demokratik proseslərin inkişafına xüsusi önəm verdiyini təsdiqləyir. Dövlətimizin başçısının siyasi-strateji kursunun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi əsas vəzifələrdən biridir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı sayca 60-cı əvf sərəncamı da uğurlu humanizm siyasətinin möhtəşəm davamıdır.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 28-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının ölkə rəhbərinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.
Bu zəruri sənədə əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 198 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 3 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 9 nəfər isə cərimə cəzasından azad olunub. Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində imzalanmış bu sərəncam 210 ailəyə və onların yaxınlarına ikiqat bayram sevinci bəxş etmişdir. Onu da qeyd edək ki, son illər verilmiş əfv sərəncamları içərisində sonuncu, azadlığa buraxılanların sayının çoxluğu ilə diqqəti cəlb etmişdir.
Azərbaycan Respublikasının Penitensiar Xidmətinin əməkdaşlarının iştirakı ilə əfv sərəncamının icrasını müşahidə etmək məqsədilə Qaradağ rayonu ərazisində yerləçən 12, 13 və 14 saylı cəzaçəmə müəssiələrində olduq.
12 saylı cəzaçəkmə müəssisəsində iki məhbus əfv olunmuşdu: Bərdə rayonundan olan Eyvazov Samir Əziz oğli və cəlilabadlı Hüseynov Samiq Əkbərağa oğlu. Samiqin cəzası daha ağır olmuşdu. Özünün dediyinə görə, 10 illik cəzasının 4 il 5 ayını çəkmişdi. Hələ qarşıda 5il 5ay 5 gün qalırdı. Deyir ki, axşam televiziyada Prezidentimizin əvf sərəncamı barədə məlumat eşitdim. Sonra öyrəndim ki, mən də əvf olunmuşam. Sevincimdən səhərə qədər yata bilmədim. Bilirdim ki, sabah yolumu gözləyən ailəmə, 3 azyaşlı uşağıma qovuşacağam. Bundan böyük sevincli günüm ola bilməzdi: “Mən ömrüm boyu Prezidentimizə duaçı olacağam. Kim bilir, qarşıdakı 5 ildə başıma nələr gələcəkdi. Uşaqlarımın taleyi necə olacaqdı? Artıq bu axşam onlarla bir yerdə olacağam, Yeni ili birlikdə keçirəcəyik. Mən bir daha səhv etmərəm. Dünyada azadlıqdan şirin şey yoxdur”.
Onunla birlikdə əfv olunan Samir Eyvazov da azadlığa qovuşduğuna görə dövlətimizin başçısına sonsuz minnətdarlığını bildirdi.
Penitensiar Xidmət rəisinin müavini, ədliyyə polkovniki Rafiq Ramazanov əfv olunanları təbrik edərək, onlara həmin andan azad olunmaları barədə sənəd təqdim etdi.
13 saylı cəzaçəkmə müəssisəsində əfv olunanların sayı 28 nəfər idi. Əksəriyyəti gənclər olan keçmiş məhkumlar arasında iki xarici ölkə vətəndaşı olduğunu öyrəndik. Nigeriyadan olan Belle Aşmi Yaqub dedi ki, cəzaçəkmə müəssisəsəndə olduğu 7 il müddətində Azərbaycan dilini əməlli-başlı öyrənib. Bizimlə Azərbaycan dilində danışan Aşmi Yaqub dedi ki, nə vaxtsa əfv olunacağıma böyük ümidim var idi. Çünki Azərbaycan Prezidenti hər bayram ərəfəsində yüzlərlə ailəyə sevinc bəxş edir. Inanırdım ki, hansısa bayramların birində yolumu səbirsizliklə gözləyən valideynlərim də sevinəcək. Budur, artıq həmin gün gəlib çatdı və mən əfv olundum. Azadlığa çıxan kimi öz Vətənimə – valideynlərimlə görüşə gedəcəyəm.
Gürcüstan vətəndaşı Rasim Xanbulatov da əfv olunduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Əfv olunanların valideynləri də cəzaçəkmə müəssisəsinə dəvət olunmuşdular. Cəlilabad rayonundan gəlmiş Sərdar Abdullayev sevincindən göz yaşlarını saxlaya bilmədi. Dedi ki, onun 5 övladı var. Bu gün əfv olunan oğlu Rüstəm 4-cü övladıdır. Onun azadlığa çıxmasına hələ ilyarım qalmışdı. Dünən axşam eşitdik ki, Prezidentimiz oğlumu da əfv edib. İndi özünüz bizim ailəmizdəki sevincin hədd-hüdudunu fikirləşin. Gözlərimə inana bilmirəm ki, oğluma əfv olunması barədə sənəd verdilər. Biz cəzaçəkmə müəssisəsindən onunla qoşa çıxacağıq. Bircə görəydiniz ki, cəzaçəkmə müəssisəsinin qarşısında nə qədər qohum-əqraba bu sevinci bölüşməyə gəlib.
Quba rayonundan Ramiz Əmirayev oğlu Rafiqin, Xızıdan Müslüm Qədirov oğlu Xaliqin, Bakıdan Tofiq Qasımov qardaşı Faiqin əfv olunmalarına görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, bir neçə saatdan sonra onların ailələrində bayram-bayrama qovuşacaq.
14 saylı cəzaçəkmə müəssisəsi ilk baxışdan səliqə-sahmanı, yaşıl örtüklü futbol meydançası, zəngin klubu ilə diqqəti cəlb edir. Müəssisənin rəhbəri Əli İbrahimov dedi: “Söz yox ki, bura cəzaçəkmə müəssisədir. Hər halda, burada cəza çəkənlər insanlardır. Onlara idmanla, mədəni kütləvi işlərlə məşğul olmaq, habelə maarifləndirmə məqsədilə digər tədbirlərdə iştirak etmək üçün şərait yaradılmalıdır”.
Əfv olunmuş 8 nəfər sevinclərini gizlədə bilmir. Onlar digər məhkumlara da “Allah qapınızı açsın!” – deyə ürək-dirək verirlər. Əfv olunanlar arasında Pakistan vətəndaşı Xanəli Əhməd Mahmudovla söhbətləşdik. Dedi ki, hələ cəzasının 1il 6 ayı qalırdı. Eşidəndə ki, Prezident məni də əfv edib, bütün günü ona dua etmişəm.
Əfv olunanlar bir-birinin ardınca cəzaçəkmə müəssisəsindən çıxırlar. Onları gözləyənlər arasında ata-ana, baba, azyaşlı uşaqlar var. Hamısı sevincdən göz yaşı axıda-axıda bir-birinə sarışırlar. Xızı rayonundan olan 82 yaşlı Cəlal Tağıyev (el arasında ona Molla Cəlal deyirlər) nəvəsi Rəsul Tağızadəni qarşılamağa gəlib. Cəzaçəkmə müəssisəsinin qarşısına toplaşan valideynlər adından minnətdarlığını bildirən ağsaqqal dedi: “Atalar əbəs yerə deməyib ki, ot kökü üstə bitər. Daim insanlara qayğı göstərən, ömrünün qalan hissəsini də xalqına bağışlayan qüdrətli şəxsiyyət Heydər Əliyevin Prezident İlham Əliyev kimi humanist, qədirbilən, xalqına, millətinə canıyanan oğlu olmalıdır. Bizə bayram ərəfəsində belə sevinc bəxş etmiş Prezidentimizə “çox sağ ol!” – deyirəm. Allah onu qorusun!”
Sonra Penitensiar Xidmət rəisinin müavini, ədliyyə polkovniki Rafiq Ramazanov jurnalistlərin suallarını cavablandırdı. Dedi ki, bu əfv sərəncamı 210 nəfərə şamil olunub: “Ümumiyyətlə, 1995-ci ildən bu günə qədər 6 min 324 nəfər Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən əfv sərəncamı ilə azadlığa buraxılıb. Hər il ölkəmizdə bayramlar ərəfəsində belə əfv sərəncamlarının imzalanması artıq ənənə halını alıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində daha bir hümanist qərarın şahidi olduq. Möhtərəm Prezidentimiz yüzlərlə ailəyə ikiqat sevinc bəxş etdi. Bütün bunlar təsdiqləyir ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması cənab Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı ən zəruri sahələrdən biridir”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.