Mil düzündə qışın oğlan çağında belə gün çıxdımı yer- yurd isinir, sanki, ətrafa ilıq yaz havası yayılır. Axşamtərəfi gün əyilən kimi birdən- birə sazaq yenidən iliyə işləyir, adamlar ocaq başına tələsirlər. Sağda Arazın o biri tərəfindən Savalanın, solda Kürün bu biri səmtindən Böyük Qafqazın, Qarabağ düzünün arxasından isə Kiçik Qafqazın qarlı zirvələrindən enib gələn hava axınının buz nəfəsi bu çöllərdə bir- birinə qovuşur, gecələr nəhəng bir soyuducu kimi yeri- göyü buza döndərir.
Vaxtilə qışlaqlı- yaylaqlı bir ömür sürmüş, o dağları qarış- qarış dolaşmış qocalar zarafatla deyirlər ki, Beyləqanın qışı o qarlı zirvələrdəkindən də soyuq olur. Odur ki, bu düzlərdə dədə- babadan qışa ikiqat artıq hazırlıq görülür. Necə deyərlər, gərək qış boyu ocağın sönməyə, çörək təknən dolu ola, növbəti mövsümün qazancınadək pulun tükənməyə. Gündəlik ruzi mənbəyi mal- qaranın da yeri rahat, axuru dolu ola...
Beyləqanlılar yüz illərdir ki, qışa məhz belə bir hazırlıqla gəlmək ənənəsinə pozulmaz həyat düsturu kimi əməl edirlər. Son illərin iqtisadi yüksəliş, geniş quruculuq- abadlıq prosesi isə onların sosial- iqtisadi uğurlarının hüdudlarını genişləndirmiş, qışı daha yüksək hazırlıqla keçirmək imkanlarını artırmışdır. Rayonda həlli vacib problemlər diqqət mərkəzində olmuş, dövlət proqramlarının müddəalarına, ölkə rəhbərinin sərəncam, tapşırıq və göstərərişlərinə dəqiq əməl olunması nəticəsində əhalinin güzəranı əsaslı surətdə yaxşılaşmışdır. Bu baxımdan yola salmağa hazırlaşdığımız 2015- ci il rayonun həyatında ən yüksək göstəricilərlə əlamətdar olmuşdur.
Beyləqana ilin belə bir vədəsində, təqvim dili ilə desək, illərin ayrıcında gəlmişdik. Əslində, zamanın ömrümüzdə- günümüzdə seçilən mənası olan bu məqamına el arasında “ilqovuşan” da deyirlər. Yəni il ilə, arzu arzuya, əməl əmələ qovuşur. Biz eyni bir anlamda, lakin başqa bir niyyətlə ona görə “illər ayrıcı” deyirik ki, iş- əməl adamları bu günlərdə başa çatan ilin haqq-hesabını ayrıca aparırlar. Astanasında dayandığımız ilin arzu- istəkləri, hədəf- ümidləri ayrıca nəzərdən keçirilir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Adullayevlə söhbətimiz də məhz “illər ayırıcı” övqatı üstündə baş tutdu. Rayon rəhbəri həm də təkcə cari ilin uğurlarından deyil, bütövlükdə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi yeniləşmə, yüksəliş dövrünün ürəkaçan nailiyyətlərindən söz açdı. Və əlbəttə, müsahibim öz açıqlamasında bu tərəqqinin baş memarı olan Prezident İlham Əliyevin Beyləqanın hərtərəfli inkişafına göstərdiyi müstəsna diqqət və qayğını önə çəkdi:
—Möhtərəm dövlət başçısı ölkədə gedən genişmiqyaslı quruculuq prosesində rayonumuzun da fəal iştirakını təmin etmək, buradakı problemlərin həllini sürətləndirmək üçün son dövrdə davamlı tədbirlər həyata keçirmişdir. Son bir neçə ildə Prezident İlham Əliyev 3 dəfə Beyləqana səfər etmiş, rayonun sosial- iqtisadi inkişaf məsələləri ilə bağlı bir sıra sərəncamlar imzalamış, onun diqqət və qayğısı nəticəsində dövlət büdcəsindən rayona dəfələrlə əlavə vəsait verilmişdir.
Belə ki, 2008 və 2012- ci illərdə rayonda zəruri abadlıq-quruculuq işlərinin aparılması məqsədilə Prezidentin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə, ümumilikdə, 4 milyon manat vəsait ayrılmışdır. 2010- cu ildə Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni xəstəxanaların tikintisi və təmiri məqsədi ilə Səhiyyə Nazirliyinə 5 milyon manat verilmişdir. 2014-cü ildə ölkə rəhbəri rayonumuzun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan RİH-ə növbəti dəfə 2 milyon manat ayırmışdır.
Dövlət başçısının köməyi ilə son illərdə kənd yollarında əsaslı təmir işləri aparılmışdır. Nəzərə alsaq ki, sovet dövründə çəkilmiş və tamamilə dağılmış bu yollarda adamların kənar yerlərə gediş- gəlişi əzablı və dözülməz idi, onda bilavasitə Prezidentin köməyi ilə bu sahədə görülmüş işlərin kənd sakinləri üçün önəmi bir daha aydın olar. 2012-ci ildə ölkədaxili yolların təmiri və çəkilişi proqramına uyğun olaraq, 20 min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən 35 kilometrlik Beyləqan— Kəbirli— Baharabad avtomobil yolunun çəkilişinə dövlət büdcəsindən 6 milyon manat xərclənmişdir.
Möhtərəm Prezidentimizin rayonumuzun yol probleminin həllinə qayğısı davamlı olmuş, bir il sonra o, RİH- ə növbəti dəfə 4 milyon manat ayırmışdır. Bundan əlavə, 2014- cü ildə ölkə büdcəsindən, əlavə olaraq, rayona 5,457 milyon manat pul verilməsi təmin edilmiş, bu vəsaitlə 25 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən, 39,4 kilomerrlik Birinci Şahsevən— Əhmədli— Dünyamalılar avtomobil yolunun tikintisi başa çatdırılmışdır.
Rayonda Olimpiya İdman Kompleksinin tikintisinə başlamaq üçün ötən il Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılmışdır. Son illərdə respublikanın bir sıra yaşayış məntəqəsində subartezian quyularının qazılması məqsədi ilə Prezidentin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı ASC-ə ayrılan vəsaitlə rayonumuzda 15 belə quyunun istismara verilməsi nəzərdə tutulmuşdu. Artıq 10 quyusu qazılmış, 5- i ilə bağlı işlər davam etdirilir.
Göründüyü kimi, cənab Prezidentin rayonumuza göstərdiyi qayğı ilbəil artmış, dövlət proqramlarında nəzərdə tutulmuş sistemli tədbirlərlə birlikdə Beyləqanda genişmiqyaslı quruculuq işləri aparılmışdır. Nəticədə, rayonun sosial-iqtisadi göstəriciləri də davamlı olaraq yüksəlmiş, hərtərəfli yeniləşmə prosesi sürətlənmiş, adamların həyat şəraiti əsaslı surətdə yaxşılaşmışdır. Gəlin konkret fakt və rəqəmlərə nəzər salaq.
Ümumi məhsul buraxılışı 10 il əvvələ nisbətən 2014-cü ildə 2,9 dəfə çoxalmışdır. Sənaye istehsalının həcmi 1,1 dəfə artmışdır. Kənd təsərrüfatının ümumi məhsulu 1,5 dəfə yüksəlmişdir. Son 7 ildə kənd təsərrüfatı istehsalçılarına, ümumilikdə, 22,6 milyon manat, ilin əvvəlindən isə 492 min manat subsidiya verilmişdir. 2003- cü ildən bəri tikinti- abadlıq sahəsində əvvəllər görünməmiş yüksəliş əldə edilmiş, əsas kapitala yönəldilmiş vəsait 178,4 dəfə, o cümlədən inşaat- quraşdırma işləri 1166 dəfə artmışdır.
Bu müddətdə Sahibkarlığa Kömək Milli Fondu 1259 sahibkara 20,6 milyon manat güzəştli kredit vermişdir. İlin əvvəlindən 132 sahibkar aldığı 10,3 milyon manat güzəştli kreditlə 396 yeni iş yeri yaratmışdır. 2003- cü ildən rayonda 9569-i daimi olmaqla, 12665 yeni iş yeri açılmışdır.
Ötən illərdə Beyləqan şəhərinin siması tamamilə dəyişmiş, bir sıra yeni memarlıq nümunəsi ərsəyə gətirilmişdir. Onların sırasında yaraşıqlı Heydər Əliyev Mərkəzi xüsusi yer tutur. Ümummilli liderin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulmuş və burada ulu öndərin əzəmətli abidəsi ucaldılmışdır. Bayraq Meydanı, rayon icra hakimiyyətinin inzibati binası, Mədəniyyət Sarayı, 140 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası, Gənclər Mərkəzi, Mərkəzi Stadion, Şahmat Məktəbi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 100 yerlik körpələr evi-uşaq bağçası, 2 istirahət parkı, əlil və şəhid ailələri üçün 24 mənzilli yaşayış binası yeniləşən, böyüyən Beyləqanı daha da gözəlləşdirmişdir. Bunlardan əlavə, son illərdə təbii fəlakətdən zərər çəkmiş ailələr üçün 50 fərdi ev tikilmişdir. 4 yaşayış məntəqəsində sudurulducu qurğu quraşdırılmış, 6,5 min tonluq logistik mərkəz yaradılmışdır. Ümumi tutumu 40 min ton olan 2 taxıl anbarı, illik istehsal gücü 6 min ton olan süd zavodu istifadəyə verilmişdir. “CTS” AQRO MMC-nin pambıq emalı zavodu və Aqrotexservis yaradılmışdır.
İlin əvvəlindən rayon mərkəzindəki Şəhidlər xiyabanı , Veteranlar parkı, Birinci Şahsevən kəndi ərazisində yerləşən Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyi tamamilə yenidən qurulmuşdur. E.Əliyev, R.Axundov və A.Əkbərov küçələrinə 8500 kvadratmetr, bütövlükdə, şəhərdaxili küçələrə 62,3 min kvadratmetr asfalt örtük salınmışdır. Sevil Qaziyeva küçəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikintisi nəzərdə tutulmuş 240 şagird yerlik tam orta məktəbdə tamamlama işləri aparılır. Əlil və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının inşası davam etdirilir. Hazırda rayonda illik istehsal gücü 5 min ton olan iri taxılçılıq təsərrüfatının yaradılır. Bu
günədək rayon mərkəzi də daxil olmaqla, 21 yaşayış məntəqəsi (62 faiz ) qazlaşdırılmışdır. Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış sazişə əsasən, Beyləqan şəhərinin su- kanalizasiya sisteminin yenidən qurulması məqsədilə planlaşdırılmış işlərin 90 faizi yerinə yetirilmişdir. Söhbət açılan dövrdə rayonda 2900 şagird yerlik 14 məktəb tikilmiş, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 620 şagird yerlik 3 məktəb binası və 135 yerlik 2 uşaq bağçası inşa edilmişdir. 2537 şagird yerlik 4 məktəb binası əsaslı təmir olunmuşdur. Hazırda 500 şagird yerlik 3 yeni məktəb binasının tikintisində işlər davam etdirilir və 120 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmışdır.
Uğurlarla yanaşı, həllini gözləyən məsələlərdən də söz açan Vaqif Abdullayev söhbətin davamında bildirdi:
—Rayonumuzda 54 ümumtəhsil məktəbindən 15-i uyğunlaşdırılmış və 19-u təmirsiz binalarda yerləşir. Yeni məktəblər tikintisini qarşıdakı illərdə də sürətlə və geniş miqyasda davam etdirməliyik. Ötən illərdə əkinlərin hədsiz istismarı nəticəsində 44 min hektar şoranlaşmış torpaq sahələrində meliorativ tədbirlərin aparılmasına ciddi ehtiyac var. Bu məsələni əlaqədar qurumlar qarşısında qaldırmışıq və özümüz də problemin həllinə yarımçı olmağa hazırıq. Son illərdə rayondaxili yollarda əsaslı işlər görülsə də, hələ bərbad hala düşmüş yollar qalır. 20 min nəfər əhalinin yaşadığı, 8 yaşayış məntəqəsini birləşdirən 35 kilometrlik Təzəkənd – Eyvazalılar – Birinci Aşıqlı – Əlinəzərli avtomobil yolunun yenidən qurulması da zəruridir. 26 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsində su şəbəkəsinin olmaması və ya tələbatı ödəməməsi səbəbindən bu zonadakı sakinlərin ehtiyacı daşınma su ilə təmin edilir. Bu insanların çəkdikləri əziyyətə son qoymaq üçün hazırlıq işləri görülür. Beyləqan Şəhər Bələdiyyəsinin fondunda perspektiv inkişaf fondu üçün torpaq sahəsinin olmaması da təbii çətinliklər yaradır. Bu məsələnin də həlli yollarını arayırıq.
Beyləqan Rayon İcra Hakimiyyəti diqqət və səylərini hazırda tikintisi davam etdirilən aşağıdakı obyektlərin üzərində cəmləmişdir. Beyləqan şəhərində inşa olunan 240 şagird yerlik tam orta məktəbin və 120 yerlik körpələr evi- uşaq bağçasının vaxtında istifadəyə verilməsini ciddi nəzarətdə saxlayırıq. İmamverdilər kəndi 180 yerlik tam orta məktəbin, Haramı kəndində 80 yerlik ümumi orta məktəbin tikintisinə də lazımi kömək göstəririk.
Beyləqan şəhərində mərkəzləşdirilmiş kanalizasiya və içməli su təchizatının tikintisini başa çatdırmaq üçün də zəruri tədbirlər həyata keçirilir. Birinci Şahsevən – Əhmədli – Dünyamalılar avtomobil yolunun ikinci mərhələsinin çəkilişi, kənd təsərüfatı idarəsinin inzibati binasının, Beyləqan şəhərində Bayraq Muzeyinin tikintisi, kanalizasiya və içməli su çəklişi başa çatmış küçələrin asfaltlaşdırılması, 10 kənd yaşayış məntəqəsində təbi qazın çəkilişi davam etdirilir. İnanırıq ki, son illətdə götürdüyümüz sürət və miqyasları növbəti illərdə də qoruyub saxlayacaq, həyatımızın artan tələbatını vaxtında və dolğun şəkildə cavablandıracağıq.
Rayonda olarkən öyrəndik ki, regionların sosial-iqtisadi inkişafının yeni mərhələsinin tələblərinə uyğun olaraq. Beyləqan rayonunda kənd təsərrüfatının və sənayenin inkişafı, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat- yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərinin yaxşılaşdırılması, aqrar sektorun meliorasiya- irriqasiya və digər infrastruktur təminatının yaradılması, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin inkişafı və yeniləşməsi kimi həllivacib tədbirlər il boyu uğurla davam etdirilmişdir.
Həmin tədbirlərin icrası istiqamətində görülən işlər sayəsində bu il rayonun sosial-iqtisadi inkişafında müəyyən irəliləyişlərə nail olunmuşdur. İlin ötən dövründə ümumi məhsul buraxılışı 124 milyon manat, sənaye məhsullarının həcmi 2,9 milyon manat, kənd təsərrüfatı istehsalı 69,8 milyon manat o, cümlədən bitkiçilik məhsulları 32,3 milyon manat, heyvandarlıq istehsalı 37,5 milyon manat olmuşdur. 9 ay ərzində əsas kapitala yönəldilmiş investisiyalar 20,7 milyon manat, tikinti-quraşdırma işləri 19,7 milyon manat təşkil etmişdir.
İlin əvvəlindən ümumi sahəsi 12970 kvadratmetr olan 128 yaşayış evi o, cümlədən 101 ev əhalinin şəxsi vəsaiti hesabına istifadəyə verilmiş, məcburi köçkünlər üçün 27 ev tikilmişdir. Bu dövrdə şəhərin magistral küçəsində yerləşən şəhidlər abidəsi tamamilə yenidən qurulmuşdur
Yola saldığımız kənd təsərrüfatı ilində Beyləqan rayonu aqrar sahə də inkişaf etmiş, o cümlədən heyvandarlıq sektorunda artım meyilləri müşahidə olunmuşdur. Belə ki, iri malın sayı 434 baş artaraq 57619-a, qoyun-keçilərin sayı 1059 baş artaraq 296588-ə çatmışdır. Ət istehsalı əvvəlki dövrə nisbətən 38 ton artaraq 6282, süd istehsalı 90 ton artaraq 30 min ton, yumurta istehsalı 5 min ədəd artaraq 14318 min ədəd olmuşdur. Taxılın məhsuldarlığı hər hektardan 32,6 sentner olmaqla 2014-cü illə müqayisədə 0,3 sentner artıq olmuşdur.
Beyləqan rayonu Suvarma Sistemləri İdarəsi əhalinin suvarma suyu ilə təmin olunması məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq kənd yaşayış məntəqələrindən Əlinəzərli, Birinci Şahsevən, Əhmədli, Örənqala, İkinci Şahsevən, Bahar, Allahyarlı, Kəbirli, İmamverdili, Əmirzeyidli, Çəmənli, Qəhrəmanlı, Şəfəq, Dünyamalılar və s. kəndlərdə 316 kilometr suvarma kanalları lildən təmizlənmişdir. Meliorasiya idarəsi isə şəhərdaxili, Eyvazalılar, Birinci Aşıqlı, Mayak, Şərq, Sarı su, Türklər, Dünyamalılar, İkinci Aşıqlı, Bolsulu, Yuxarı Aran, Şəfəq, Allahyarlı, Bünyadlı, Əlinəzərli, Əhmədli, Tatalılar və Təzəkənd, Qəhrəmanlı kənd və qəsəbələrində müvafiq işlər görmüş, ümumilikdə, rayon ərazisində meliorasiya-irriqasiya tədbirlərinə uyğun olaraq dren-kollektorların 235 kilometrlik hissəsi lildən təmizlənmiş və torpaq hamarlama işləri görülmüş, 143 kilpmetr uzunluqda kollektor-dren şəbəkəsi təmir edilmişdir. Bu dövrdə əhalinin fasiləsiz enerji, təbii qaz və içməli su ilə təmin olunması məqsədi ilə bir sıra tədbirlər görülmüşdür. Rayon ərazisində yanıb sıradan çıxmış müxtəlif güclərdə 151 elektrik transformatorları cari, 16 transformator isə əsaslı təmir olunmuşdur. 10 kv-lıq hava xətlərində 6371 metr istismara yararsız naqillər yenisi ilə əvəz edilmiş, 125 istismara yararsız ağac dayaqlar dəmir beton dayaqla əvəz olunmuşdur.
Asiya İnkişaf Bankı tərəfindən rayon mərkəzində 82,8 kilometr su, 81,5 kilometr kanalizasiya xətti çəkilmişdir. Bu işlərin davamı olaraq yeni nasosxana binası tikilmiş, su anbarının yamacları torpaqlanmışdır. Qaz İstismar Sahəsində abonentlərin sayı 11039 nəfərə çatmışdır. Örənqala, Baharabad, Günəşli, Yuxarı Kəbirli, Allahyarlı, Yeni Mil, Qəhrəmanlı kənd və qəsəbələri təbii qazla təmin olunmuşdur. Qaradağlı, Gödəklər, Bünyadlı, Qaralılar, İmamverdili, Əhmədli, Sarı su, Kəbirli, Yuxarı Aran, Mayak, Milabad və Birinci Şahsevən kənd və qəsəbələrində təbii qazın çəkilişi davam etdirilir. Digər kənd və qəsəbələrimizdə qaz çəkilişi mərhələli şəkildə həyata keçiriləcəkdir.
Beyləqan Telekommunikasiya Qovşağı üzrə 10870 telefon, 2585 genişzolaqlı internet xəttindən istifadə olunur. Bu il 170 telefon xətti, 871 ədəd genişzolaqlı internet xətləri vətəndaşların istifadəsinə verilmişdir. Rabitənin və İnformasiya xidmətlərinin keyfiyyətlərinin yaxşılaşdırılması məqsədi ilə Birinci Şahsevən, İkinci Şahsevən, Dünyamalılar, Xalac, Təzəkənd, Şərq kənd EATS-lərinin xətt şəbəkəsində təmir işləri aparılmışdır. 300 abonentin abunə xətləri təmir olunaraq yeni xətlər çəkilmişdir.
2015-ci ilin doqquz ayı ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkişafında və xidmətə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Poçt filialı qarşısında duran əsas vəzifələr, maliyyə-iqtisadi, texniki və istismar göstəricilərinin icra vəziyyəti normativlərdən yüksək olmuşdur.
Hazırda rayonda 54 ümumtəhsil məktəbi fəaliyyət göstərir və bu məktəblərdə təhsil alan 12504 nəfər şagirdin təlim tərbiyəsi ilə 1838 nəfər müəllim məşğul olur. Ötən müddət ərzində rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəb binalarının təmiri sayəsində xeyli iş görülmüşdür. Builki məzunlardan 532 nəfəri ali məktəblərə sənəd vermiş, 222 abituriyenttələbə adı qazanmışdır. 500-dən yuxarı bal toplayan məzunlara rayon icra hakimiyyətinin hədiyyələri verilmişdir.
Bu il mədəniyyət müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi sahəsində də bir çox məqsədyönlü işlər görülmüşdür. Mədəniyyət evinə və Mərkəzləşdirilmiş Kitabxana Sisteminə yeni avadanlıq verilmişdir. Mədəniyyət və Turizm Şöbəsinin kollektivləri digər tədbirlərlə yanaşı, 32 dəfə cəbhə bölgəsində və sərhəd zastavasında olmuş, əsgər və zabitlər qarşısında konsert proqramları ilə çıxışlar etmişdir.
Beyləqan Rayon Mərkəzi Xəstəxanası tabeçiliyində olan tibb müəssisələrində bir sıra təmir və abadlıq işləri aparmışdır. Təzəkənd sahə xəstəxanası əsaslı təmir edilmişdir.
Beyləqanda ayrı- ayrı kollektivlərdə də olduq, əhalinin müxtəlif sosial qruplarının nümayəndələri ilə görüşdük. Hər yerdə hamıdan quruculuq və yüksəliş prosesindən doğan ümumi razılığı ifadə edən xoş sözlər eşitdik. Beyləqanlılar hərtərəfli inkişaf yolunda daha bir uğurlu ili başa vurur, ümumi nailiyyətlərin davamı olaraq, növbəti quruculuq ilinə daha böyük arzularla və dərin inamla üz tutublar.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.